İlk peşə təhsili
müəssisəsinə
şagird qəbulu qaydaları
1. Azərbaycan
Respublikasının ilk peşə təhsili müəssisəsinə
müxtəlif yaş və təhsil səviyyəli şəxslər
qəbul oluna bilərlər.
2. İlk peşə təhsili
müəssisəsində tədris qrupları komplektləşdirilərkən
qəbul olmaq istəyənlərin yaş və təhsil səviyyələrindəki
fərq nəzərə alınır.
3. İlk peşə təhsili
müəssisələrinə bir qayda olaraq əsas və orta
təhsil sənədi olan şəxslər təhsil müddəti
1-3 il olan və qısamüddətli kurslara qəbul edilirlər.
4. Peşə öyrənmək
istəyən müxtəlif istehsal və xidmət sahələrində
işləyən peşə hazırlığını təkmilləşdirmək,
peşəsini dəyişmək arzusunda olan digər yaş və
təhsil səviyyəli şəxslər üçün
ayrı və ya qarışıq qruplar təşkil olunur. Həmin
şəxslər təhsil müddəti 1-2 il olan və yaxud
qısamüddətli kurslarda peşə təhsili ala bilərlər.
5. İlk peşə təhsili
müəssisələrinə şagird qəbulu
aşağıdakı formalarda həyata keçirilə bilər:
* seçilən peşə
üzrə müsahibə yolu ilə ilkin biliklərin müəyyən
edilməsi;
* ana dili və riyaziyyat fənləri
üzrə biliklərin yazılı şəkildə
yoxlanılması;
* ilkin peşə
bacarıqlarının qiymətləndirilməsi vasitəsilə;
* seçilən ixtisasa
uyğun olan ümumtəhsil fənlərindən zəruri
minimum bilik və bacarıqların müsahibə yolu ilə
yoxlanılması.
6. İlk peşə təhsili
müəssisəsinə sənəd qəbulu sentyabr
ayının 1-nə kimi davam edir.
7. Şagird qəbulunun təşkili
və aparılması məqsədi ilə ilk peşə təhsili
müəssisəsində qəbul komissiyası
yaradılır. Qəbul komissiyasının tərkibinə
direktor, direktor müavinləri, həmkarlar ittifaqının sədri,
işəgötürənlərin nümayəndələri
daxil edilir. Komissiya üzvlərindən biri sədr
seçilir, sonra yeni tərkibə pedaqoji şurada
baxılır və direktor tərəfindən təsdiq
olunur. üzvlərdən biri komissiyanın katibi təyin
edilir.
8. Qəbul
komissiyasının vəzifələri:
8.1.
Peşəyönümü işinin təşkil
olunmasını, kütləvi informasiya vasitələrində
ilk peşə təhsili müəssisəsinə şagird qəbulu
barədə elan verilməsini təmin edir;
Qəbul
olmaq istəyənlərlə peşənin seçilməsi,
istehsalatda işləmək və təhsil şərtləri
haqqında söhbət aparır;
8.2.
Qəbul olunmaq haqqında ərizəyə və ona əlavə
edilmiş sənədlərə baxır, sənəd qəbulunu
həyata keçirir və sənədlərin qəbul
olması barədə vahid formada arayış verir;
8.3.
Şagird qəbulunun keçirilmə formasını müəyyən
edir;
8.4.
Şagird qəbulu prosesinin sentyabr ayının 1-dən 10-a qədər
keçirilməsini təşkil edir;
8.5.
Şagird qəbulunu həyata keçirir və qəbulun nəticələrinin
rəsmiləşdirilməsini təmin edir.
9. Şagirdlər
seçim mərhələsinin nəticələrinə əsasən
ilk peşə təhsili müəssisəsinə qəbul
olunurlar.
10. Qəbul zamanı eyni nəticə
göstərənlərə aşağıdakı
ardıcıllıqla üstünlük verilir:
* təhsil sənədində
(şəhadətnamə və attestat) göstərilən
qiymətlərin orta balına əsasən;
* İşəgötürənlər
tərəfindən göndərişlə gələnlərə;
* ixtisası üzrə
iş stajı olanlara;
* şəhid ailələrinin
və Qarabağ müharibəsi veteranlarının
övladlarına, əlillərə, yetim və valideyn himayəsindən
məhrum olanlara.
11. Qısamüddətli
kurslara qəbul tədris ili ərzində ilk peşə təhsili
müəssisəsi tərəfindən elan edilir və
aparılır.
12. İlk peşə təhsili
müəssisəsinə qəbul olmaq üçün
seçilmiş ixtisasa uyğun sağlamlıq və fiziki
inkişafı özündə əks etdirən müvafiq
formalı tibbi arayış təqdim olunur.
13. İlk peşə təhsili
müəssisəsinə qəbul olmaq istəyənlər
aşağıdakı sənədləri təqdim edirlər:
seçilən
peşənin adı göstərilməklə direktorun
adına ərizə;
təhsil
haqqında sənədin əsli;
müvafiq
formada tibbi arayış;
şəxsiyyət
vəsiqəsi və ya yaşayış yerindən
arayış;
3
x 4 sm. ölçüdə dörd ədəd fotoşəkil.
Şəxsiyyət
vəsiqəsi (doğum haqqında şəhadətnamə),
hərbi mükəlləfiyyət barədə sənəd
şəxsən təqdim olunur. Bu sənədlər əsasında
müvafiq qeydlər aparıldıqdan sonra onlar sahibinə
qaytarılır.
14. Azərbaycan
Respublikasında yaşayan xarici vətəndaşlar və vətəndaşlığı
olmayan şəxslər ilk peşə təhsili müəssisəsinə
bu qaydalara uyğun olaraq ödənişli əsaslarla qəbul
olunurlar.
15. Şagird qəbulu barədə
əmr sentyabr ayının 14-dən gec olmayaraq verilir.
16. İlk peşə təhsili
müəssisəsinə qəbul olunanlar 10 gün müddətində
dərsə gəlmədikdə (üzrsüz səbəbdən)
təhsil müəssisəsindən xaric olunurlar.
17. İlk peşə təhsili
müəssisəsinə qəbul olmayan şəxslərin sənədləri
5 gün müddətində geri qaytarılır.
18. İlk peşə təhsili
müəssisəsinə şagird qəbulu ilə əlaqədar
şikayətlərə sentyabr ayının 30-dək Təhsil
Nazirliyində baxılır.
Azərbaycan müəllimi.-2009.-21
avqust.-S.2.