Şirməmməd Hüseynov - 85
Azərbaycan jurnalistikasının canlı korifeyi
Hər yerdə və hər
şəraitdə danışıqla işin, sözlə əməlin
vəhdəti, zəruri, qırılmaz əlaqəsi barəsində
belə bir kəlam var:
- Ya olduğun kimi
görün, ya göründüyün kimi ol.
Ümumi mənada bu
fikrin doğruluğuna, böyük bir mətləb və mənanı,
həyat həqiqətini əks etdirməsinə şübhə
edən, təbii ki, tapılmaz. Bəs ona layiqincə əməl
edənlər necə, belələri həyatda istənilən,
arzu edilən qədərdimi? Təəssüf ki, həmin
suala müsbət cavab vermək mümkün deyil.
çünki ülvi keyfiyyətləri yalnız istək və
arzu ilə, ötəri təşəbbüslə əxz etmək,
özündə formalaşdırmaq imkan xaricindədir.
İstisnasız olaraq hamı yaxşı görünməyə,
ətrafındakılara xoş təsir
bağışlamağa çalışır. Lakin bunun
üçün istək, həvəs azdır, onu doğuran,
əsaslandıran əlamət, əməl də
olmalıdır. Obrazlı ifadə ilə demiş olsaq,
binanın davamlılığı, möhkəmliyi
bünövrədən, təməl daşlarından
asılı olduğu kimi, insanın da yüksək mənəvi-əxlaqi
keyfiyyətləri ana südündən, ata öyüdündən,
ailədə, bağçada, məktəbdə
aldığı tərbiyədən başlayır. Bəli,
gələcək layiqli vətəndaşı məhz bu kimi
amillər formalaşdırır, mətinləşdirir,
ölkəsinə, xalqına, mənsub olduğu cəmiyyətə
xidmət ruhunda tərbiyələndirir.
Bu əlamətlər
Şirməmməd Hüseynov üçün son dərəcə
səciyyəvidir. Ancaq onu fərqləndirən başqa
keyfiyyətlər də var. Hər şeydən əvvəl,
sabitliyi sevən adamdır. Elələri var ki, işini, əmək
sahəsini, sənət və ya peşəsini tez-tez dəyişməyi
özünə adət edib, bir və ya bir neçə il
eyni yerdə, eyni kollektivdə çalışmaq ona darıxdırıcı,
yorucu görünür, nəticədə iş yerlərinin
sadalanmasına bir əmək kitabçası da bəs etmir. Şirməmməd müəllim
isə ilk gənclik dövründə "Şəki fəhləsi"
qəzetində əmək fəaliyyətinə
başladığı jurnalist peşəsinə sədaqəti
ilə seçilib. Sonralar fizika-riyaziyyat ixtisası üzrə
Şəki Şəhər İkiillik Müəllimlər
İnstitutunu bitirsə də, jurnalistika sahəsi yenə onu
özünə ahənrüba kimi cəlb edib və bu minvalla
"Niyyətin hara, mənzilin ora" prinsipini əldə rəhbər
tutaraq indiki Bakı Dövlət Universitetində jurnalist ixtisası
üzrə təhsil alıb, oranın həmin ixtisas üzrə ilk məzunlarından
olub. Sonra Moskva Dövlət Universitetinin aspiranturasında həmin
ixtisas üzrə təhsilini davam etdirib, müdafiə etdikdən
sonra yenidən doğma universitetimizə qayıdıb. O
zamandan keçən illər, on illər səmərəsiz
ötüşməyib, hər birisi xəyalda, xatirədə
naxış qoyub, iz salıb.
Şirməmməd
müəllim bütün enerjisini, qüvvə və
bacarığını kütləvi informasiya vasitələri
üçün qabiliyyətli, işgüzar kadrların
yetişdirilməsinə, Azərbaycan jurnalistikası tarixinin
dərinliyi ilə, mükəmməl şəkildə
öyrənilməsinə sərf edib və etməkdədir.
Bizim kimi yüzlərlə, minlərlə keçmiş, həmçinin
indiki tələbələrinə narahat, məsuliyyətli
peşənin sirlərini öyrədib, Vətənə,
xalqa sədaqətlə xidmət etməyin yollarını
göstərib. Həm də sözlə yox, işlə, əməllə.
Onu tanıyanlar
yaxşı bilirlər ki, dostunun, tanışının
xahişini nəzərə almaya bilər, amma ürəkdən
inandığı haqq, ədalət yolundan əsla dönməz.
Bayramla bağlı
bağışlanacağıma bel bağlayıb deməliyəm
ki, onun həddindən artıq mənəvi təmizlik və
tələbkarlığının bəzən
ziyanını da çəkməli oluruq. Məsələn,
imtahan günlərində, xüsusən buraxılış,
dissertasiya işlərinin müdafiəsi zamanı masa
üstünə nəinki mer-meyvənin, hətta, mineral suyun
belə qoyulmasına imkan vermir, bu minvalla sorğu-sualla taleyi
müəyyənləşdiriləcək tələbələr
kimi bizim də boğazımızı saatlarla qurutmuş
olur...
Qürurunu qoruması, nəfsinin
toxluğu ən böyük məziyyətlərindəndir.
Uzun illərdən bəri bu keyfiyyətlərdən bizə də
pay düşüb. Bu gün bir yerdə çiyin-çiyinə
çalışsaq da, yenə də özümüzü tələbə
kimi hiss edir, hərəkətlərimizi
özlüyümüzdə götür-qoy edir, hər
hansı məsələyə onun mövqeyindən qiymət
verməyə çalışırıq.
Şirməmməd
müəllimin xalqı, Vətəni, oxucuları...
qarşısında xidməti isə daha böyük, daha əzəmətlidir.
Onun gündəlik tədqiqatları sayəsində Azərbaycan
jurnalistikası tarixi get-gedə bir az da zənginləşir,
qaranlıq mətləblərə aydınlıq gətirilir.
Biz bu barədə, ilk növbədə, mətbuatdan xəbər
tutur, qəzet və jurnallarda imzasına tez-tez rast gəlirik.
Yaşadığımız
günlərin təzadlı mənzərələrindən
biri də elə məhz mətbuatın özüdür:
sayı artdıqca ona maraq azalıb. Xüsusən
keçmişini görən yaşlı nəslin əksər
nümayəndələri indi yazmağa çətinlik
çəkirlər. Bu, təkcə qonorar sisteminin, az qala,
bütünlüklə ləğvi ilə deyil, həm də
bir sıra mənəvi amillərlə bağlıdır.
Keçmişdə çoxminli oxucuların göz
önünə gətirilməsi məsuliyyət hissini
artırır, bizi yazmağa, həm də qələm məhsullarımız
üzərində dönə-dönə işləməyə
vadar edirdi. İndi isə arada bir boşluq yaranıb.
Ancaq həmin məsələlərin
Şirməmməd müəllimə sanki heç bir aidiyyəti
yoxdur, yenə də əvvəlki gənclik şövqü və
həvəsi ilə yazıb-yaradır, mətbuatla sıx əlaqə
saxlayır. Şirməmməd müəllimin imzasına
dövri mətbuatda tez-tez rast gəlirik. Hamımız
növbəti məqaləsində hansı məsələdən
bəhs edəcəyini, hansı problemlərdən söz
açacağını gözləyirik. Məqalələrin isə nə sayı var, nə
hesabı. Həmçinin bu da maraqlıdır ki, onlar
"bir günlük" ömrü olan qəzetlərdən
sonra ayrı-ayrı kitablarında daha uzun ömür, bəlkə
də əbədi yaşamaq haqqı qazanır. Məsələn,
"Mənəvi irsimiz və gerçəkliyimiz"
adlı 500 səhifəyə yaxın kitabına yalnız
2001-2004-cü illərdə "Günay" qəzetində
çap etdirdiyi materialları daxil edilib. Həmçinin
"Mətbu irsimizdən səhifələr",
"Müstəqilliyin çətin yolu"E kimi
kitablarında da mətbu materiallarına xeyli yer
ayrılıb.
Bütün bunlar müəllifin
şəxsi istək və arzusundan daha çox həmin
yazıların məzmun və məna dəyərindən,
mövzuların aktuallıq və əhəmiyyətindən
irəli gəlir.
Həmçinin diqqəti
cəlb edən başqa bir əlamət də var. Bu, müəllifin
öz imkanları daxilində humanizmi, xeyirxahlığı ilə
bağlıdır: kitablarının əksəriyyətini
mütəxəssislərə, bu işin xiridarlarına pulsuz
paylayır.
Şirməmməd
müəllimin tədqiqatlarının xeyli hissəsi Azərbaycan
Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun
yaradıcısı Məmməd Əmin Rəsulzadə
irsinin, o zamankı mətbuat orqanlarının tədqiqinə
həsr olunub. Təsadüfi deyil ki, bu məsələlərdən
söz düşəndə Şirməmməd Hüseynov,
onun bu barədəki dəyərli araşdırmaları dərhal
yada salınır.
Tədqiqatçının
fəaliyyəti bütünlüklə jurnalistikamızın
yaranması, təşəkkülü, inkişaf
dövrünün bütün mərhələlərini əhatə
edir. Bu mənada onun əməyi ayrı-ayrı dahi
yaradıcı şəxsiyyətlərin mədəni
irsinin layiqincə öyrənilməsi
sahəsində də xüsusi əhəmiyyət kəsb
edir, vaxtilə hakim ideologiyanın marağı, dövrün
tələbləri nəticəsində gizlədilmiş həqiqətlərin üstündən pərdəni qaldırır.
Uzun müddət bizə
elə gəlib ki, dahi üzeyir Hacıbəyovun
yazıb-yaratdıqları bütünlüklə ortaya
çıxarılıb, oxucuların,
tamaşaçıların mühakiməsinə verilib. Lakin
bu günlərdə Şirməmməd müəllim onun diqqətdən
yayındırılmış, kənara qoyulmuş qələm
məhsullarından ibarət yeni bir kitabı nəşr
etdirib. Nəticədə böyük mütəfəkkirin Azərbaycan
xalqı qarşısında xidməti, dövrünün təzadlı,
antihumanist meyil və maraqları ilə
barışmazlığı daha aydın görünüb.
Odur ki, bu istiqamətdə çox maraqlı, həddindən
ziyadə tədqiqatların aparılması və
tapıntıların kitab şəklində nəşri, az
qala, üzeyir Hacıbəyovun yenidən heykəlinin
qoyulmasına bərabərdir...
Şirməmməd
müəllimin ömrü-günü çox zaman arxivlərdə,
kitabxanalarda, Əlyazmalar İnstitutunda keçir. Əgər
sabit adam olmasının bir əlaməti tələbələrin
nəzərində ən yaxşı metodist müəllim
kimi qalmasıdırsa, başqa bir əlaməti, irəlidə
xatırlatdığımız kimi, ömrünün bu
çağında da şövq və həvəslə
işləməsidir.
Elm təşnəsi
olan mötəbər alim etimad göstərdiyi adamların da
fikrinə yazı prosesində istinad etməz. O, ancaq
gözü ilə gördüklərinə, oxuduqlarına
inanır. Yəqin elə bu səbəbdəndir ki, fikir və
mühakimələri heç yerdə ikimənalı şəkildə
başa düşülmür, labüd həqiqət kimi qəbul
olunur. Doğrusu, hərdən adamın ağlına elə gəlir
ki, xələf haradasa sələflərini də üstələyib.
Bir-birindən qiymətli, ciddi ictimai dəyərə malik
faktları Salman Mümtaz şövqü və həvəsi,
Əziz Şərif əzmkarlığı, Qulam Məmmədli
səyi, inadı ilə ortaya çıxarması belə bir
qənaətin hasilə gəlməsinə səbəb olur.
Bu qədər zəngin faktları tapıb aşkarlaması,
kağıza, yazıya, bir çoxunu, hətta
yaddaşına həkk etməsi, söhbət, mükalimə
əsasında onlardan təkzibolunmaz həqiqət kimi
yerli-yerində istifadə etməsi, həqiqətən də,
heyrətamizdir.
Bir, hətta yarım səhifədə
olan mətnin üzünü köçürməyə
güclə hövsələm çatır, az qala, təngnəfəs
oluram. Şirməmməd müəllimin isə
saysız-hesabsız qovluqları arasındakı
materialların heç də hamısı müxtəlif sənədlərin
kserokopiya edilmiş surətləri deyil. Yüzlərlə, bəlkə
də, kim bilir, minlərlə vərəqə müvafiq
materialları əli ilə, səliqə-sahmanla
köçürmüş və yenə köçürməkdədir.
özü canlı ensiklopediya, fəaliyyəti, sözün əsl
mənasında, fenomen hadisə, inanılmaz həqiqət,
möcüzə sayıla bilər. Həm də yaxşı
ki, meydanda tək deyil, tədqiqatçılıq sahəsində,
az da olsa, yetirmələri, ardıcılları var. Lakin elə
buradaca qeyd edək ki, sayca bu azlığın hələlik
çoxluğa çevrilməməsi qətiyyən Şirməmməd
müəllimin səyinin, təşəbbüsünün,
qayğısının guya kifayət qədər olmaması
mənasında başa düşülə bilməz. Əksinə,
o, bu işə, necə deyərlər, can qoyur, bütün həyatını
verir. Deməli, bu azlığın səbəbini sahənin
ağırlığında, tədqiqat işinin çox məsuliyyətli,
son dərəcə ciddi, vaxt aparan iş olmasında görmək
lazım gəlir.
Şirməmməd
müəllimi son dərəcə gərəkli, məsuliyyətli
tədqiqatçılıq fəaliyyətinin müasir şəraitdə
bayraqdarı hesab etmək olar. Həmçinin haqqında
yazılmış məqalələrdə onu Azərbaycan
jurnalistikasının ağsaqqalı, canlı korifeyi,
patriarxıE adlandırıblar. Bunların hamısının
ürəkdən söylənilməsi və həqiqəti əks
etdirməsi heç kimdə şübhə doğurmur.
Mahmud MAHMUDOV
Azərbaycan müəllimi.-2009.-18 dekabr.-S.5.