Boks üzrə açıq
respublika birinciliyi
Dekabrın 15-də "Təhsil"
respublika idman mərkəzinin yeni boks zalında 1994-1995-ci təvəllüdlü
yeniyetmələr arasında əməkdar məşqçi,
SSRİ idman ustası, fəxri bədən tərbiyəsi və
idman xadimi, beynəlxalq dərəcəli
hakim Süleyman Süleymanovun şərəfinə boks
üzrə açıq respublika birinciliyinin
açılışı olmuşdur.
Yarışda Ağdaş, Biləsuvar, Neftçala, Siyəzən, Şirvan, Sumqayıt, Hacıqabul və digər uşaq idman məktəblərinin 13 komandası iştirak edir. Onlar 13 çəki dərəcələrində 111 idmançı ilə təmsil olunmuşlar.
Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə "Təhsil" respublika idman mərkəzinin direktoru Cəfər Hümbətov açaraq son illərdə rəhbərlik etdiyi idman mərkəzinin uğurlarından, ölkə idmanında qazandıqları qələbələrdən və keçirilən yarışdan danışdı. Sonra söz təhsil nazirinin müavini Elmar Qasımova verildi.
İlk öncə idmançıları və qonaqları salamlayan nazir müavini idmanın müxtəlif növləri üzrə keçirilən yarışlarda Azərbaycan nümayəndələrinin qələbələrindən söz açdı. Bildirdi ki, ölkəmizdə bədən tərbiyəsi və idman daim inkişaf edir, bölgələrdə yeni olimpiya mərkəzləri, idman meydançaları və idman qurğuları inşa edilir. Respublika Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu olimpiya mərkəzlərində gənc nəslin idmanın müxtəlif növlərində məşğul olmaları üçün hər cür şərait vardır. İndi bu mərkəzlərdə hər cür idman yarışları keçirilir.
E.Qasımov daha sonra qeyd etdi ki, indi məktəblərin demək olar hamısında idman zalları, meydançaları və sadə idman qurğuları fəaliyyət göstərir. Məhz elə buna görədir
ki, idmançılarımız respublika, dünya və
olimpiya yarışlarında böyük uğurla iştirak
edirlər. Arzu edək ki, Azərbaycanın bayrağı
bütün idman yarışlarında qaldırılsın.
Yarışların birinci
günü 46, 48, 50, 52, 57, 60 kq çəki dərəcələrində
gənc idmançılar mübarizəyə
başladılar. Yarışlar dekabrın 20-dək davam edəcəkdir.
M.NOVRUZOV
Azərbaycan müəllimi.-2009.-18 dekabr.-S.7.