Təhsil naziri Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

 

 Dekabrın 17-də təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanın Fransa ilə digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində əlaqələrə xüsusi önəm verdiyini bildirib. Ulu öndər Heydər Əliyevin Fransa ilə qarşılıqlı dostluğa əməkdaşlığa əsaslanan siyasətinə diqqət çəkən Misir Mərdanov bu kursun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, bu baxımdan dövlət rəhbərinin dekabrın əvvəllərində Fransaya rəsmi səfərinin əhəmiyyətli olduğunu qeyd edib.

Fransanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Qabriel Keller səmimi qəbula görə təhsil nazirinə minnətdarlığını bildirib, Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri zamanı digər məsələlərlə yanaşı, təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə diqqət yetirildiyini nəzərə çatdırıb. Dövlət başçılarının görüşü zamanı Fransa Prezidentinin Azərbaycanda fransız məktəbinin açılması təşəbbüsü ilə çıxış etdiyini, bu barədə ümumi fikir mübadiləsi aparıldığını söyləyən səfir deyib ki, Azərbaycanda müxtəlif sahələrdə çalışan fransızların, fransızdilli ölkələrin diplomatik korpuslarının təmsilçilərinin övladlarının təhsil almaları üçün belə bir məktəbə ehtiyac duyulur. Sonra səfir Qabriel Keller 2010-cu il ərzində bununla bağlı müvafiq razılığın əldə olunmasını arzuladıqlarını nəzərə çatdırıb.

İki ölkə arasında təhsil sənədlərinin qarşılıqlı tanınması məsələlərinə toxunan səfir "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı gənclərin əsasən kənd təsərrüfatı, memarlıq, aeronavtika, ekologiya ixtisasları üzrə Fransanın nüfuzlu ali məktəblərində təhsil almalarına maraq göstərdiklərini qeyd edib.

Azərbaycanla təhsil sahəsində əlaqələrin inkişafına yetirdikləri diqqətə görə səfirə təşəkkür edən təhsil naziri Misir Mərdanov respublikamızda bir sıra ölkələrin dövlət qeyri-dövlət tədris ocaqlarının fəaliyyət göstərdiyini nəzərə çatdırıb. Misir Mərdanov Təhsil Nazirliyinin əməkdaşları ilə Fransanın Azərbaycandakı səfirliyinin təmsilçilərinin məsləhətləşmələr aparmaları, irəli sürülən ideyanın gerçəkləşdirilməsi üçün hüquqi əsasların hazırlanması, qaldırılan məsələnin hərtərəfli müzakirə edilməsi Bakıda fransız məktəbinin açılması üçün mümkün olan variantlar haqqında fikirlərini bildirib.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Fransanın ali məktəblərinə indiyə qədər 58 tələbənin göndərildiyini vurğulayan təhsil naziri gələcəkdə bu göstəricinin daha da artacağına, Fransanın digər nüfuzlu universitetlərində azərbaycanlı tələbələrin təhsil almasının mümkünlüyünə diqqət çəkib. Təhsil Nazirliyi ilə Fransanın KNOUS təşkilatı arasında səmərəli əməkdaşlığın mövcud olduğunu söyləyən nazir ölkələrimizin təhsil sahəsindəki əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə inkişaf edəcəyinə əminliyini ifadə edib.

 

 

Azərbaycan müəllimi.-2009.-18 dekabr.-S.2.