Azərbaycan təhsili:
yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
(Əvvəli
qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə
müstəqillik illərində ölkəmizin ümumtəhsil
məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi
sahəsində həyata keçirilən tədbirlər,
qarşılaşdığımız çətinliklər
və onların həlli istiqamətində görülən
işlər barədə fikirlərimi diqqətinizə
çatdırmaq istəyirəm.
Ötən məqalədə
də qeyd olunduğu kimi, çox təəssüf ki, 80 ildən artıq müddətdə bütün keçmiş
Sovetlər Birliyində,
o cümlədən Azərbaycanda da təhsil sistemində qiymətləndirməyə
ciddi yanaşılmamış,
bu vacib məsələyə
ötəri münasibət
bəslənilmişdir. İctimaiyyətdə belə bir yanlış təsəvvür
formalaşmışdı ki, təhsil sistemində qiymətləndirmə
dedikdə, bu, yalnız dərsə cavablarına görə
şagirdlərin qiymətləndirilməsi prosesidir.
Uzun illər təhsil
sahəsində, auditoriyada çalışan bir müəllim
kimi, deyə bilərəm ki, o zamanlar "biz təhsilalanları
nə üçün qiymətləndiririk", "qiymətləndirmənin
məqsədi nədir" sualları heç vaxt gündəmdə
olmamış, heç kimi narahat etməmişdir. Təəssüflə
onu da qeyd etməliyəm ki, o zamanlar biz xarici ölkələrdəki
təcrübəni də öyrənmək imkanlarından məhrum
idik.
Həyatda hər bir fəaliyyət
sahəsinin, prosesin öz fəlsəfəsi olduğu kimi, təhsil
sahəsində qiymətləndirmə də mahiyyət
etibarilə öz fəlsəfi məna tutumuna malikdir. Nədir
qiymətləndirmənin fəlsəfəsi? Heç
şübhəsiz, qiymətləndirmənin fəlsəfəsi
özündə keyfiyyətin idarəolunmasında
başlıca amil kimi çıxış etməsini, keyfiyyətin
yüksəldilməsi ilə əlaqədar ən zəruri qərarların
qəbul edilməsi üçün etibarlı mənbə
olmasını ehtiva edir.
Məlum məsələdir
ki, qiymətləndirmənin mərkəzində təhsilalanların
nailiyyətləri dayanır. Təhsilalanların nailiyyətlərinin
qiymətləndirilməsinin nəticələri isə daha ətraflı
təhlillər aparmağa, qiymətləndirilənlərin əhatə
dairəsinin genişləndirilməsinə etibarlı zəmin
yaradır. Bu fikir daha aydın olsun deyə, qısa bir
açıqlama verək. Təsəvvür edək ki, hər
hansı bir məktəbin məzunlarının nəticəsi
keyfiyyət baxımından qeyri-qənaətbəxş hesab
olunmuşdur. Biz bunu yalnız təhsilalanlara şamil etməklə
kifayətlənə bilərikmi? Əlbəttə yox. Məhz
şagirdin orta təhsil üzrə nəticələri, eyni
zamanda onlara dərs deyən müəllimlərin, məktəb
rəhbərlərinin, yerli təhsili idarəetmə
orqanının fəaliyyətinin qiymətləndirilməsində
indikator rolunu oynayır. Geniş mənada götürsək,
həmin nəticələr şagirdlərin əhatə
olunduğu mövcud təhsil infrastrukturunun, kurikulumların, dərsliklərin,
maliyyələşdirilmənin qiymətləndirilməsində
də əsas götürülə bilər.
Beləliklə,
ümumiləşdirmə aparsaq, qiymətləndirmənin
mahiyyətini və xarakterini aşağıdakı kimi
qruplaşdırmaq olar:
-idarəedici - təhlil
vasitəsilə əldə edilən nəticələr əsasında
yeni keyfiyyət səviyyəsinin müəyyənləşdirilməsi;
-səfərbəredici
- təhsilin keyfiyyətinin təmin olunmasında təhsilverənlərin,
təhsilalanların, valideynlərin, məktəb rəhbərlərinin,
təhsili idarəetmə orqanlarının səylərinin
birləşdirilməsi və məsuliyyətinin
artırılması;
-inkişafetdirici - qiymətləndirmənin
nəticələrinə görə keyfiyyət dəyişikliklərinin
aparılması prosesində təhsilalanların, təhsilverənlərin,
idarəedənlərin inkişafı;
-perspektivlilik - mövcud
nəticələrə görə gələcək fəaliyyət
istiqamətlərinin və təhsil siyasətinin müəyyənləşdirilməsi;
-proqnostik - təhsilin
keyfiyyətinin bugünkü inkişaf səviyyəsi
baxımından növbəti mərhələlər
üçün hədəflərin real təsəvvür
edilməsi.
Obyektiv
aparılmış qiymətləndirmə, hər şeydən
əvvəl, real vəziyyətin aşkara
çıxarılmasında mühüm vasitədir. Məhz
real vəziyyətin təhlili nəticəsində
buraxılan nöqsanlar müəyyən edilir, onların
aradan qaldırılması yolları dəqiqləşdirilir
və gələcək üçün proqnozlaşdırma
aparılır.
Qiymətləndirmənin
nəticələrinə görə perspektiv fəaliyyətlər
planlaşdırılarkən, ilk növbədə, hansı
inkişaf pilləsində qərarlaşmanı müəyyənləşdirmək
mühüm əhəmiyyət kəsb edir. Bu mənada,
açıq etiraf etmək lazımdır ki, təhsil sahəsində
bir sıra yeni məsələlərin, o cümlədən
ümumi təhsil müəssisələrində qiymətləndirmə
sahəsində dünyada sınaqdan çıxmış
müasir mexanizmlərin öyrənilməsi və tətbiqinə
son bir neçə ildə başlanmışdır.
Yaxın keçmişə
nəzər salsaq, 1992-ci ildən etibarən Azərbaycanda ali
məktəblərə tələbə qəbulunun mərkəzləşdirilmiş
qaydada test üsulu ilə aparılması ümumtəhsil məktəblərində
də şagirdlərin yekun attestasiyasının uyğun model
əsasında həyata keçirilməsini zəruri etdi. Ona
görə də ictimai rəy öyrənildikdən sonra
ümumtəhsil məktəblərində də
buraxılış imtahanlarının test
tapşırıqları vasitəsilə aparılması qərarına
gəldik. 1999-2000-ci dərs ilindən başlayaraq XI siniflərdə
4 fənn üzrə buraxılış imtahanlarının Təhsil
Nazirliyi tərəfindən hazırlanmış test
sualları əsasında keçirilməsinə
başlandı. Dövrünə görə imtahanların bu
qaydada aparılması mühüm yenilik idi. Baxmayaraq ki,
sonrakı bir neçə ilin yekunlarına görə test
tapşırıqları əsasında imtahanların
ayrı-ayrı məktəblərdə keçirilməsinin
gözlədiyimiz nəticələri vermədiyinin şahidi
olduq, lakin etiraf etmək lazımdır ki, o zamanlar həmin
addımı atmasaydıq, bu gün uğurla tətbiq edilən
mərkəzləşdirilmiş buraxılış imtahan
modelinə keçə bilməzdik.
Əlbəttə,
imtahanlar şagird nailiyyətlərinin qiymətləndirilməsinin
bir formasıdır, məktəbdaxili qiymətləndirmənin
sonuncu mərhələsidir. Yekun qiymətləndirməyədək
şagirdlər digər qiymətləndirmə mərhələlərindən,
o cümlədən diaqnostik, formativ və summativ qiymətləndirmə
mərhələlərindən keçirlər. Bütün
bu məsələlər, eləcə də şagird nailiyyətlərinin
qiymətləndirilməsinə yeni yanaşma 2006-cı ildə
hökumət tərəfindən təsdiq edilmiş "Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulumu)" sənədində öz əksini
tapmışdı. Həmin sənəddə şagird nailiyyətlərinin
qiymətləndirilməsi təlim fəaliyyətinin
ayrılmaz tərkib hissəsi kimi təqdim olunur, təhsilin
keyfiyyətinin dəyərləndirilməsinə və nəticə
etibarilə onun yüksəlməsinə xidmət etməsi
xüsusi vurğulanır.
Həmin sənədin
qiymətləndirmə ilə bağlı müddəaları
əsas tutularaq Təhsil Nazirliyi onların həyata
keçirilməsi istiqamətində əməli tədbirlərə
başladı. İlk olaraq 2006-2007-ci dərs ilində pilot
kimi müəyyənləşdirilən 4 məktəbdə
(6 nömrəli məktəb-lisey, Elitar gimnaziya, Sumqayıt
şəhər 18 nömrəli və Abşeron rayonu
Novxanı kənd məktəbi) cari qiymətləndirmədən
imtina olunaraq summativ qiymətləndirmə modeli tətbiq
edildi. Bu eksperiment V və VIII siniflərdə ana dili və
riyaziyyat fənlərini əhatə edirdi. Eksperimentin səmərəliliyinin
təmin edilməsi məqsədilə göstərilən
siniflərdə dərs deyən fənn müəllimləri
treninqlərdən keçirildi, xüsusi formada sinif
jurnalları tərtib olundu. Eksperimentin nəticələri
sonrakı mərhələlərdə məktəbdaxili qiymətləndirmə
mexanizmlərinin hazırlanmasında faydalı oldu.
Yeni qiymətləndirmə
sisteminin yaradılması ilə bağlı aktual məsələlər
çox olsa da, bütün ictimaiyyəti daha çox
maraqlandırdığı üçün və prinsipial əhəmiyyət
kəsb etdiyindən buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada aparılması diqqət mərkəzinə çəkilən
ilk tədbirlərdən oldu. Bu addımı atarkən 2000-ci
ildən etibarən buraxılış imtahanlarının test
tapşırıqları əsasında keçirilməsi təcrübəsi
də nəzərə alınmışdı. Əlbəttə,
bu prosesə bütün ölkə üzrə birdən-birə
keçmək mümkün olmazdı, bu ideyanın səmərəliliyinə,
optimallığına əmin olmaq üçün eksperiment
aparmağı qərara aldıq və 2005-2006-cı dərs
ilində İmişli və Bakı şəhərinin Xətai
rayonlarının ümumtəhsil məktəblərində təhsil
alan 6 min XI sinif şagirdi əhatə olunmaqla mərkəzləşdirilmiş
imtahan keçirdik.
Onu da qeyd edim ki, təhsil
tariximizdə ilk dəfə keçirdiyimiz bu tipli imtahanlara
ciddi hazırlaşmışdıq. Nazirliyin əməkdaşları
hər iki rayonun məktəblərində müəllimlərlə,
şagirdlərlə və valideynlərlə izahat işləri
aparmışdı. Buraxılış imtahanına
hazırlığı təmin etmək məqsədilə
üç dəfə sınaq yoxlama imtahanları aparıb nəticələri
müzakirə etmişdik. Mərkəzləşdirilmiş
imtahanın nəticələrinin qiymətləndirilməsi
üçün meyarlar hazırlanıb təsdiq edilmişdi.
Bu prosesdə məni həmişə
düşündürən bir problemi də aradan
qaldırdıq. Məsələ bundadır ki, mövcud
qaydalara əsasən şagirdlərin yekun qiymətləri
çıxarılarkən yalnız illik və imtahan qiyməti
nəzərə alınırdı. İndi isə yekun qiymət
hesablanarkən illik və imtahan qiymətləri ilə
yanaşı, sınaq yoxlamalarının nəticələri
və əvvəlki sinifdəki illik qiymət nəzərə
alınır. Düşünürəm ki, yekun qiymətin bu
düsturla hesablanması bilavasitə şagirdin mənafeyinə
xidmət etməklə məktəbin, müəllimin və
şagirdin yalnız son sinifdə deyil, əvvəlki siniflərdə
də məsuliyyətini xeyli artırır.
Növbəti illərdə
mərkəzləşdirilmiş buraxılış
imtahanlarının miqyası daha da genişləndirildi,
artıq bütün ölkəni əhatə edir. Cari dərs
ilindən IX siniflər üzrə buraxılış
imtahanları da mərkəzləşdirilmiş qaydada təşkil
olunacaqdır.
Hazırda qiymətləndirmə
sahəsində diqqətimiz məktəbdaxili qiymətləndirmənin
ilk iki növünə (diaqnostik və formativ) yönəlmişdir.
Onu da diqqətinizə çatdırım ki, həm məktəbdaxili
qiymətləndirmə növləri, eləcə də milli
və beynəlxalq qiymətləndirmə 2009-cu ildə Azərbaycan
hökuməti tərəfindən təsdiq olunmuş "Azərbaycan
Respublikasında ümumi təhsil sistemində qiymətləndirmə
Konsepsiyası"nda öz geniş əksini
tapmışdır.
Diaqnostik qiymətləndirmə
konkret bir mərhələdə təhsilalanın nailiyyətlərinin
səviyyəsini müəyyən etmək üçün
aparılır. Diaqnostik qiymətləndirmə şəraitə
görə təlim məqsədləri və
strategiyalarında çevik dəyişikliklər
aparılmasını təmin edir, şagirdlərin maraq dairəsi,
dünyagörüşü, yaşadığı mühit
haqqında məlumatlar almağa imkan yaradır. Bu qiymətləndirmə
növünü ilkin səviyyənin qiymətləndirilməsi
də adlandırırlar. Xüsusi qeyd edim ki, diaqnostik qiymətləndirmə
olduqca məsuliyyətli mərhələdir və
böyük diqqət tələb edir. çünki şagird
bu ilkin mərhələdə düzgün qiymətləndirilməzsə
onun sonrakı inkişaf istiqamətlərini optimal müəyyənləşdirmək
qeyri-mümkün olar.
Formativ qiymətləndirmə
təlim prosesinin hər hansı bir mərhələsi
üçün müəyyən olunmuş nəticələr
əsasında şagirdlərin bilik və
bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir.
Bu qiymətləndirmə tədris prosesinin düzgün
istiqamətləndirilməsini və səmərəliliyini,
şagirdlərin təlim sahəsində irəliləyişlərinin
izlənilməsini təmin edir, onların təlim
ehtiyaclarının öyrənilməsinə lazımi şərait
yaradır.
Summativ qiymətləndirmə
təhsilin hər hansı bir mərhələsində (tədris
vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə
etdikləri nailiyyətlərin qiymətləndirilməsidir.
Bu qiymətləndirmə məzmun standartlarının mənimsənilmə
səviyyəsinin etibarlı göstəricisidir.
Şagird nailiyyətlərinin
qiymətləndirilməsi sahəsində vacib istiqamətlərdən
biri təhsilalanların təlim fəaliyyətinin, nəticələrinin
dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsidir.
Başqa sözlə, bu proses kurikulum üzrə qiymətləndirmə
də adlandırılır.
Məlum olduğu kimi,
2007-ci ildə təsdiq olunmuş fənn kurikulumları
2008-2009-cu dərs ilindən etibarən ölkənin ümumtəhsil
məktəblərində tətbiq olunmağa
başlanmışdır. Hazırda I və II siniflərdə
tədris həmin kurikulumlar əsasında
hazırlanmış dərslik komplektləri ilə
aparılır. Əlbəttə, kurikulumların, dərsliklərin
hazırlanması işin bir tərəfidir, ciddi əhəmiyyət
kəsb edən məsələlərdən biri kurikulumlarda təsbit
edilmiş dövlət standartlarının dövrün tələbinə
görə hansı səviyyədə tərtib olunması,
eləcə də bu standartların şagirdlər tərəfindən
mənimsənilməsi vəziyyətinin müəyyənləşdirilməsidir.
Ona görə də nəzərdə tuturuq ki, ibtidai təhsil
pilləsində hər sinfin sonunda kurikulumların monitorinqi
aparılsın və nəticələrdən asılı
olaraq kurikulumlarda zəruri dəyişikliklər
aparılsın. Onu da diqqətə çatdırmaq istərdim
ki, ibtidai təhsil kurikulumlarının geniş miqyasda
monitorinqi ibtidai təhsilin sonunda aparılacaqdır. Eyni qiymətləndirmə
gələcəkdə ümumi orta və tam orta təhsil
üzrə də həyata keçiriləcəkdir.
Hörmətli oxucular,
bugünkü qiymətləndirmə siyasətində milli
qiymətləndirmənin möhkəm yer tutması müstəqillik
illərində Azərbaycan təhsilinin inkişaf etmiş
ölkələrin təhsil sistemlərinə məqsədyönlü
inteqrasiyasının nəticəsidir. Nəzərinizə
çatdırım ki, keçmiş Sovetlər Birliyində əsas
və orta təhsil pilləsi üzrə şagird nailiyyətlərinin
ölkə üzrə qiymətləndirilməsi aparılsa
da, bu, nəticələrə görə təhlillər
aparıb təhsilin keyfiyyətinin
yaxşılaşdırılması ilə bağlı
inkişafyönümlü tədbirlərin müəyyənləşdirilməsinə
deyil, yalnız şagirdlərin bir pillədən digərinə
keçirilməsinə və təhsil sənədi
almasına xidmət edirdi. Hazırda isə məktəbdaxili
qiymətləndirmə ilə yanaşı, ölkə
üzrə qiymətləndirməyə də yanaşma dəyişmişdir.
Yanaşmanın dəyişməsi bu qiymətləndirmənin
adından da məlum olur.
Qiymətləndirmə
Konsepsiyasında milli qiymətləndirmənin məqsədləri
aşağıdakı kimi təsbit olunmuşdur:
-şagirdlərin təlim
nəticələrində zəif və güclü tərəfləri
aşkar etməklə, ümumi mənimsəmə səviyyəsini
və onun dinamikasını müəyyənləşdirmək;
-şagirdlərin təlim
nəticələrinə təsir edən mümkün amilləri
təsvir etmək və nəticələr arasındakı fərqləri
müqayisə etmək üçün şagirdlərin,
onların ailələrinin, təhsil müəssisələri
və tədris prosesinin xüsusiyyətlərini öyrənmək;
-ölkədə təhsil
siyasətini müəyyənləşdirmək
üçün təhsilin vəziyyəti haqqında
müvafiq məlumat toplamaq, öyrənilməsi və
müzakirəsi tələb olunan problemləri və təhsilin
inkişafının prioritet istiqamətlərini təyin etmək;
-şagirdin təlim nəticələrinin
və irəliləyişlərinin dəyərləndirilməsi
vasitəsilə təhsilin dövlət standartlarının
monitorinqini aparmaq, təhsil sisteminin məqsədlərinin
müvafiqliyini və səmərəliliyini tənzimləmək,
sistemin təsir dairəsini genişləndirmək;
-təhsil siyasətini
müəyyən edənlərin cavabdehlik səviyyəsini
artırmaq;
-ölkədə təhsilin
məzmunu üzrə əsas prioritetlərin ictimaiyyət tərəfindən
geniş müzakirəsini təşkil etmək.
Göründüyü
kimi, bu məqsədlərin mərkəzində nəticələrin
ciddi təhlili vasitəsilə ölkənin təhsil siyasətində
inkişafyönümlü köklü dəyişikliklərin
edilməsi dayanır.
İndi isə milli qiymətləndirmə
sahəsində görülən işləri diqqətinizə
çatdırmaq istəyirəm. ölkəmizdə ilk dəfə
2003-cü ildə Hollandiyanın CİTO qrupunun texniki dəstəyi
ilə 20 məktəbdə IV sinif, 2006-cı ildə 70 məktəbdə
IV və IX sinif şagirdləri əhatə olunmaqla milli qiymətləndirmə
keçirilmişdir. 2009-cu ilin may ayında respublikanın 52
rayon və şəhərinin 216 məktəbində 12500
şagird əhatə olunmaqla milli qiymətləndirmənin tədqiqat
mərhələsi aparılmışdır. Sorğularda 216
məktəb direktoru, 600-dək ana dili və riyaziyyat müəllimi,
3 minədək valideyn iştirak etmişdir. Hazırda milli
qiymətləndirmənin nəticələrinin təhlili
aparılır və ilin sonunda ictimaiyyətə elan ediləcək.
2011-ci ildə milli qiymətləndirmənin əsas mərhələsi
keçiriləcək. 2013-cü ildə isə bütün
ölkə üzrə milli qiymətləndirmənin
aparılması nəzərdə tutulmuşdur.
Milli qiymətləndirmə
ölkə səviyyəsində təhsilalanların nailiyyətlərinin
səviyyəsini müəyyənləşdirməyə əsas
verirsə, beynəlxalq qiymətləndirmə konkret bir
ölkədə təhsil səviyyəsinin digər ölkələrlə
müqayisəli təhlilini aparmağa imkan yaradır. Əslinə
qalsa, hər iki qiymətləndirmə bir-biri ilə sıx
qarşılıqlı əlaqədədir. Belə ki, biz
yalnız milli qiymətləndirmə apamaqla kifayətlənsək,
bu zaman beynəlxalq aləmdə mövcud olan inkişaf səviyyəsindən
geri qalmış olarıq. Məhz beynəlxalq qiymətləndirmənin
nəticələri fəaliyyətimizə tənqidi nəzər
yetirməyimizə, boşluqları müəyyənləşdirməyə,
perspektivləri dəqiqləşdirməyə etibarlı zəmin
yaradır. Bu mənada ölkəmizin beynəlxalq qiymətləndirmə
proqramlarına qoşulması ciddi əhəmiyyət kəsb
edir və təhsilimizin inkişafına təkanverici amil hesab
olunur. Beynəlxalq qiymətləndirmədə əsas məqsəd
nədən ibarətdir? Bunları, əsasən,
aşağıdakı kimi qruplaşdırmaq olar:
-ölkədə təhsilin
vəziyyəti haqqında müvafiq məlumat əldə etmək,
beynəlxalq səviyyəli müqayisələr aparmaq,
öyrənilməsi və müzakirəsi tələb olunan
problemləri, təhsilin inkişafının prioritet istiqamətlərini
təyin etmək;
-təhsilin məzmununun
müəyyənləşdirilməsi və nəticəyönümlü
yeni kurikulumun hazırlanması üçün əsas təlim
məqsədlərini təyin etmək, kompetensiyalara əsaslanan
yanaşmanın məqsədəuyğunluğu istiqamətində
tədqiqatlar aparmaq, gözlənilən və nail olunan təlim
nəticələrini müqayisə etmək;
-pedaqoji ölçmə
nəzəriyyəsinin gündəlik təcrübədə
istifadə olunan nəzəri və praktiki məsələlərini
öyrənmək;
-müasir qiymətləndirmə
vasitələrinin hazırlanmasını, nəticələrin
təhlili üsullarını və hesabatlar
hazırlanması qaydalarını öyrənmək;
-ölkədə təhsilin
keyfiyyətinin qiymətləndirilməsi sisteminin qurulması
istiqamətində ümumi orta təhsilin məzmunu üzrə
əsas prioritetlərin ictimaiyyət tərəfindən
geniş müzakirəsini təşkil etmək.
Hazırda ölkəmiz
üç beynəlxalq qiymətləndirmə proqramına
(PİSA, TİMSS, PİRLS) qoşulmuşdur. Azərbaycan 15
yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət
fənləri üzrə bacarıqlarının səviyyəsini
müəyyənləşdirən, 3-4 ildən bir aparılan
PİSA (şagirdlərin qiymətləndirilməsi üzrə
beynəlxalq proqram) proqramının iki layihəsində
iştirak edir. 2006-cı ildə Azərbaycanda 72 ümumtəhsil
məktəbinin 6500 şagirdi əhatə olunmaqla beynəlxalq
qiymətləndirmə (PİSA-2006) keçirilmiş, nəticələr
2008-ci ildə elan olunmuşdur. Azərbaycan şagirdləri
riyaziyyatdan nəzəri qabiliyyətlər üzrə reytinq cədvəlində
57 ölkə arasında 4-cü yeri tutmuş, təbiət fənləri
və oxu bacarıqları üzrə isə zəif nəticələr
göstərmişlər. "PİSA-2006"-nın nəticələrinə
əsasən reytinq cədvəlində ən yüksək
göstəricilər Finlandiya, Cənubi Koreya, Kanada, Honq-Konq
(çin) şagirdlərinə məxsus olmuşdur. Cari ilin
aprel-may aylarında respublikanın 162 məktəbinin 15
yaşlı 4716 şagirdi əhatə olunmaqla "PİSA -
2009"-un əsas mərhələsi keçirilmişdir. Nəticələr
2010-cu ildə elan ediləcəkdir.
2010-cu ilin fevralında
seçim yolu ilə ölkənin 150-160 məktəbində
TİMSS proqramının (riyaziyyat və təbiət elmlərini
öyrənmə meyilləri üzrə beynəlxalq tədqiqatlar)
sınaq mərhələsi keçiriləcək. 2012-ci ildə
IV siniflərdə TİMSS, eyni zamanda oxu bacarıqları
üzrə PİRLS beynəlxalq qiymətləndirmələri
aparılacaq.
Qiymətləndirmə
üzrə fəaliyyətə başlayıb bir sıra
işlər həyata keçirsək də, etiraf etməliyik
ki, bu sahədə kifayət qədər təcrübəyə
malik deyilik. Bununla əlaqədar yaxın gələcək
üçün fəaliyyətlərimizi planlaşdırarkən
aşağıdakıların nəzərə
alınmasını vacib hesab edirik:
-qiymətləndirmə
sahəsində mütərəqqi beynəlxalq təcrübənin
öyrənilməsi işinin davam etdirilməsi;
-qiymətləndirmə
sahəsində tanınmış beynəlxalq mütəxəssislərin
iştirakı ilə öyrədici təlimlərin təşkili;
-qiymətləndirmə
üzrə elmi-pedaqoji tədqiqatların istiqamətlərinin
müəyyənləşdirilməsi və onların səmərəli
aparılması üçün lazımi şəraitin
yaradılması;
-qiymətləndirmə
üzrə institusional tədbirlərin həyata keçirilməsi;
-qiymətləndirmə
sahəsində tədbirlərin səmərəli həyata
keçirilməsinə imkan verən etibarlı
normativ-hüquqi bazanın yaradılması;
-pedaqoji işçilər
üçün dövri olaraq qiymətləndirmə üzrə
öyrədici təlim kurslarının təşkili və
metodik tövsiyələrin hazırlanması;
-qiymətləndirmə
nəticələrinin təhlili və nəticələr əsasında
inkişafyönümlü təkliflərin
hazırlanması.
(Ardı
var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.-2009.-25
dekabr.-S.3.