Təhsil Nazirliyində "Azərbaycan
Milli Valideyn-Müəllim
Assosiasiyasının strateji
inkişafı" mövzusunda
konfrans keçirilib
Dekabrın 19-da Təhsil
Nazirliyində nazirlik,
Milli Valideyn-Müəllim
Assosiasiyası, YUNİSEF və
"ümidli gələcək"
Gənclər Təşkilatının
"Azərbaycan Milli
Valideyn-Müəllim Assosiasiyasının
strateji inkişafı"
mövzusunda birgə konfransı keçirilib.
Konfransı giriş
sözü ilə açan təhsil naziri Misir Mərdanov
qonaqları və toplantı iştirakçılarını
salamladıqdan sonra tədbirin əlaqədar təşkilatlarla birgə
keçirilməsinin vacibliyini
və bunun ümumi işə
xeyir gətirəcəyini
diqqətə çatdırıb.
Son zamanlar silsilə
tədbirlərin keçirildiyini
və bu konfransın da həmin tədbirlər sırasında olduğunu
vurğulayan nazir bütün bunların Azərbaycan təhsilinin inkişafına xidmət etdiyini bildirib.
Müstəqil Azərbaycan Respublikasına
layiq gənclərin yetişməsi və tərbiyə olunması üçün beynəxalq
təcrübələri öyrənmək
məqsədilə Azərbaycanın
təhsil işçilərinin
dünyanın inkişaf
etmiş ölkələrinin
öyrətmə kurslarında
iştirak etdiyini qeyd edən nazir, bununla dünyada gedən prosesləri görmək və yaxşı nəticə çıxararaq
onları Azərbaycanda
tətbiq etmək məqsədinin güdüldüyünü
diqqətə çatdırıb. Beynəlxalq təcrübələrdən
daha önəmlisi sayılan Valideyn-Müəllim
Assosiasiyalarının yaradılması
hələ 2000-ci ildən
məqsəd kimi qarşıya qoyulsa da, müəyyən səbəblər üzündən
prosesin ləngiməsini
qeyd edən Misir Mərdanov VMA-nın təhsilə gətirəcəyi xeyiri tədbir iştirakçılarına
açıqlayıb. O, tədrisin keyfiyyətini yüksəldən əsas
şərtlərdən birinin
valideynlərin təhsilə
marağını artırmaqdan
ibarət olduğunu bildirib. Həmçinin valideyn-müəllim münasibətinin
tənzimlənməsinin təhsildə
keyfiyyətin təmin
edilməsində əsas
amillərdən biri olduğunu qeyd edən nazir deyib:
Son illərin
təcrübəsi göstərir
ki, harada valideynlərin məktəbin
idarəolunmasında iştirakı,
təhsilin məzmununa
müdaxiləsi, məktəbin
rəhbərliyi və
müəllimlə sıx
əlaqəsi varsa, həmin təhsil ocağında tədris yüksək səviyyədə
aparılır, şagirdlərin
mənimsəmə faizi
artır, təhsil inkişaf edir, heç bir söz-söhbətə, neqativ
hallara yer qalmır.
Bu baxımdan bu gün konfransına yığışdığımız Milli VMA-nın əhəmiyyəti böyükdür. Biz bu işə Təhsil Nazirliyi ilə
YUNİSEF-in birgə layihəsi
əsasında başlamış
və YUNİSEF-in o zamankı
rəhbərliyinin bizə
ayırdığı maliyyə
hesabına bu işə marağı olan insanları müxtəlif ölkələrin
təlim kurslarına göndərmiş və nəhayət, az sayda olsa da,
məktəblərdə belə
birlikləri yaratmağa
müyəssər olmuşuq.
Natiq ötən
müddət ərzində
1000-ə qədər məktəbin
Milli Valideyn-Müəllim
Assosiasiyasına üzv
olduğunu və təhsil ocağında
VMA-nı yaratdığını
qeyd edib, bunu son 4-5 il
ərzində görülən
işlərin ən ciddi nəticəsi kimi qiymətləndirib. Bu
sayın respublikada fəaliyyət göstərən
məktəblərin 25 faizini
təşkil etdiyini və qalan məktəblərin
də VMA-nın işinə qoşulacağına
əminliyini bildirən
nazir, yaxın zamanda ali
və orta ixtisas təhsili ocaqlarının müəllimlərinin
də bu xeyirxah işdə yaxından iştirak edəcəklərinə ümidvar
olduğunu bildirib.
Qarşıdan gələn
"31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü" və
Yeni il münasibətilə
qonaqları və konfrans iştirakçılarını
təbrik edən Misir Mərdanov Milli VMA-nın təqdimatı ilə qurumun fəaliyyətində
yaxından iştirak edən fəal təhsil işçilərindən
7 nəfərə Təhsil
Nazirliyinin Fəxri fərmanını, 13 nəfərə
isə "Qabaqcıl
təhsil işçisi"
döş nişanını
təqdim edib.
Konfransda çıxış edən
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Mark Herevart övladlarından
birinin hazırda Bakı şəhər orta məktəblərinin
birində təhsil aldığını və
bu təhsil ocağında, ümumiyyətlə
Azərbaycanda təhsilin
inkişafına verilən
önəmdən razı
qaldığını bildirib. O, həmçinin
Azərbaycanda Milli
VMA-nın daha geniş yayılacağını
və inkişaf edəcəyinə əmin
olduğunu qeyd edib.
Tədbirdə qurumun işindən və gələcək planlarından
məlumat verən Milli VMA-nın icraçı direktoru Təranə Şərifova
onunla birgə dəyərli iş fəaliyyəti quran təhsil işçilərindən
Quba şəhər 1
nömrəli orta məktəbin direktoru Yavər Musayevanın, Masallı rayonunun Musaküçə kənd
orta məktəbinin müəllimi Firuzə Babayevanın, Bakı şəhərindəki 28 və
46 nömrəli orta məktəblərin direktorları
Gülarə Verdiyevanın,
Sevinc Budaqovanın və başqalarının
işindən razılıq
edib, göstərilən
köməkliyə görə
şəxsən təhsil
naziri Misir Mərdanova təşəkkürünü
bildirib.
"Ümidli gələcək"
Gənclər Təşkilatın prezidenti Nabil Seyidov monitor vasitəsilə Milli
VMA-nın həyata keçirdiyi işləri və gələcək
planları haqqında konfrans iştirakçılarını
məlumatlandırıb.
Tədbirdə
çıxış edən digər natiqlər Milli
VMA-nın təhsilin inkişafında mühüm rol
oynayacağından danışıb, qurumun fəaliyyətinə
lazımi köməkliyin göstərilməsinin vacibliyini
vurğulayıblar.
Təhsil Nazirliyi ilə
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının
birgə fəaliyyəti barədə memorandum imzalanıb. Memorandumu
təhsil naziri Misir Mərdanov və Milli VMA-nın
icraçı direktoru Təranə Şərifova
imzalayıblar.
Nizami MİRZƏ
Azərbaycan müəllimi.-2009.-25 dekabr.-S.2.