Təhsil naziri "açıq dərs"də iştirak etdi

 

Dekabrın 18-də 6 nömrəli məktəb-liseydə "Müasir təhsil, müasir məktəb, müasir yanaşmalar" mövzusunda konfrans keçirildi. Tədbirdə Təhsil Nazirliyinin rəhbərliyi, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, nazirliyin müvafiq şöbələrinin və struktur bölmələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, nazirliyə birbaşa tabe olan ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak edirdilər.

 Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını salamlayaraq onları burada görməsindən məmnun olduğunu bildirdi.

Tədbirin keçirildiyi yeni yaradılan konfrans zalının müasir tələblərə uyğun olduğunu deyən nazir bunu təhsil müəssisəsinin növbəti uğuru kimi dəyərləndirdi.

Misir Mərdanov 6 nömrəli məktəb-liseydə bir sıra mütərəqqi ənənələrin formalaşdığını və təhsil sahəsinin ən aktual məsələlərinə həsr olunmuş belə tədbirlərin tez-tez keçirildiyini qeyd etdi.

Sonra tədbir iştirakçıları cədvəldən iştirak etmək istədikləri müasir təlim texnologiyaları və fəal təlim metodlarının tətbiqi ilə tədris olunan "açıq dərs"i seçdilər və həmin dərslərin keçildiyi otaqlara dəvət olundular. "Açıq dərs"lər Azərbaycan və rus bölmələrinin həm ibtidai, həm də yuxarı siniflərində təşkil edilmişdi. Təhsil naziri Misir Mərdanov müəllim Gülşən Orucovanın Azərbaycan bölməsinin II sinfində keçdiyi ana dili və Səidə Nəcəfquluzadənin rus bölməsinin I sinfində keçdiyi ingilis dili dərslərində iştirak etdi.

Nazir və digər rəsmi şəxslər, eyni zamanda başqa sinif otaqlarında aparılan tədris prosesi ilə də maraqlandılar və beşyaşlıların Azərbaycan və rus bölmələri üzrə məktəbə hazırlıq qruplarında oldular.

Qonaqlar məktəbin foyesində hazırlanmış fotostendlərlə tanış olduqdan sonra hamı yenidən konfrans zalına toplaşdı.

Məktəb-liseyin direktoru Ceyran Kuliyeva təhsil müəssisəsinin fəaliyyətindən bəhs edən təqdimatla çıxış etdi. Təqdimatda 85 ilə yaxın yaşı olan təhsil ocağının tarixi, son illər ölkədə uğurla həyata keçirilən təhsil islahatlarında iştirakı, əldə olunmuş nailiyyətlər, ən məşhur məzunlar, liseydə yaradılmış Heydər Əliyev muzeyində həyata keçirilmiş əhəmiyyətli tədbirlər, qarşıya qoyulmuş məqsəd, perspektivdə nəzərdə tutulmuş vəzifələr və s. haqqında ətraflı məlumat verildi.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.-2009.-25 dekabr.-S.2.