BDU-da təlim kursunun müdavimlərinə
sertifikatlar təqdim olundu
Dekabrın 22-də Bakı Dövlət Universitetində BDU və Rusiya Elmlər Akademiyasının Rentgenstruktur Analiz Mərkəzi arasında təsdiqlənmiş layihə çərçivəsində təşkil olunmuş təlim kursunun müdavimlərinə sertifikatların təqdim olunma mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə BDU-nun rektoru Abel Məhərrəmov açaraq bildirdi ki, bu layihə Azərbaycanda kristal qrafiya elminin inkişafı üçün tarixi bir layihədir. Layihə çərçivəsində BDU-da milli gənc kadrların hazırlanması əsas məqsəd kimi qarşıya qoyulmuşdu.Kimya fakültəsində rentgenstruktur analiz laboratoriyası yaradılmış və Rusiyadan da bura tanınmış mütəxəssislər cəlb olunmuşdur.Nəticədə elmin bu sahəsində böyük uğur əldə edən 12 nəfər gənc BDU-da RSA tədqiqatları apara bilir.
Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov BDU ilə Rusiya Elmlər Akademiyasının Rengenstruktur Analiz Mərkəzi arasında təsdiqlənmiş layihəni xüsusi qiymətləndirdi və bu gün BDU -da yaradılmış "Rentgenstruktur analiz" laboratoriyasında olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Elm sahəsində bu cür uğurlar qazanılmasının ölkə başçısının diqqət və qayğısı nəticəsində mümkün olduğunu deyən təhsil naziri Misir Mərdanov elmi əməkdaşlığa görə Rusiya Elmlər Akademiyasının mütəxəssislərinə öz təşəkkürünü bildirdi.
Sonda təhsil naziri Misir Mərdanov və AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə tərəfindən təlim kursunun 12 müdaviminə sertifikatlar təqdim olundu.
Azərbaycan müəllimi.-2009.-25 dekabr.-S.2.