ADU-da elmi-praktik konfrans

 

Dekabrın 19-da Azərbaycan Dillər Universitetində alman dili fakültəsinin müstəqil fəaliyyətinin 60 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi.

Konfransın plenar iclasında ADU-nun professor-müəllim heyəti, Türkiyənin Mərmərə və Samsun universitetlərinin, Almaniyanın Frayburq Universitetinin, Alman dili və ədəbiyyatı İnstitutunun və digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər.

Konfransda çıxış edən ADU-nun rektoru, professor Səməd Seyidov 60 il öncə Azərbaycanda alman dilinin akademik səviyyədə tədrisinə başlandığını və bu dövr ərzində almanşünaslığın tədrisi sahəsində böyük işlər görüldüyünü qeyd etdi.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor  Vaqif Arzumanlı, Türkiyənin Mərmərə Universitetinin alman dili və ədəbiyyatı fənn bölümünün müdiri, professor Acar Sevim və AAM-in (DAAD) Azərbaycandakı rəhbəri Andrey Götze çıxış edərək ADU-nun və alman dili fakültəsinin əməkdaşlarını yubiley münasibəti ilə təbrik etdilər.

Sonra konfransda "Alman dili və ədəbiyyatının innovativ tədrisi təcrübəsi", "Alman dili və ədəbiyyatının praktik-nəzəri məsələləri", "Alman ədəbiyyatının tərcümə problemləri" və "Müəllim hazırlığında pedaqoji təcrübənin rolu" mövzularında bölmələr üzrə məruzələr dinlənildi.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-25 dekabr.-S.2.