Summativ qiymətləndirmənin
tətbiqi ilə aparılan bilik yarışı
Son illər təhsilimizdə
aparılan islahatların bir istiqaməti də şagirdlərin
biliklərinin qiymətləndirilməsini əhatə edir. Hazırlanmış
yeni qiymətləndirmə mexanizmi indi dərsdə şagirdlərin
hər hansı mövzuya cavabını deyil, bütün dərsdəki
fəaliyyətini, onun təlimdə əldə etdiyi
bütün nailiyyəti özündə əks etdirir.
Yeni mexanizmə əsasən
tətbiq olunan qiymətləndirmənin 3 növündən
biri olan summativ qiymətləndirmədən təcrübəmdə
geniş istifadə edirəm.
Məlum olduğu kimi,
summativ qiymətləndirmə şagirdlərin təlimin
müəyyən mərhələlərində standartlar
üzrə əldə etdikləri nailiyyət səviyyəsinin
qiymətləndirilməsidir. Summativ qiymətləndirmənin
ən mühüm cəhəti şagirdlərin əldə
etdikləri biliklərin tətbiqinə hansı səviyyədə
nail olunduğunu aşkar etməkdən ibarətdir.
Summativ qiymətləndirmənin
iki növündən təcrübədə daha çox
istifadə olunur. Onlardan biri olan kiçik summativ qiymətləndirmə
bölmə və bəhslərin sonunda, ikincisi - böyük
summativ qiymətləndirmə isə yarımilin sonunda
aparılır.
Qiymətləndirmənin
bu növünü şagirdlər arasında keçirilən
bilik yarışlarında da tətbiq etmək
mümkündür. Bunu nəzərə alaraq ikinci sinif
ingilis dili kitabında 4-6 unit-dən sonra "Test Yourself"ə
əsaslanaraq ikinci siniflər arasında "Uşaqlara sevinc
bəxş edək" layihəsi əsasında "Xoşbəxt
uşaqlar" adı altında tədbir keçirdik. Tədbir
əslində Bakı şəhəri 31 (müəllim-Vüsalə),
60 (müəllim-Nüşabə Baxşıyeva), 150 (müəllim-Qəmər
Rüstəmova), 164 (müəllim Gülsüm Axundova), 35
(müəllim Pərvanə Talıbova), 46 nömrəli
(müəllim-Dilarə Bünyatova) məktəblər
arasında hər sinifdən 5 şagird olmaqla ikinci sinif
şagirdləri ilə keçirilən yarış idi. Yarışın
məqsədi şagirdlərin biliyini aşkara
çıxarmaq və onları ruhlandırmaq, ingilis dilinə maraqlarını artırmaq idi. Tədbir
46 nömrəli orta məktəbdə keçirildi. Məktəbin
direktoru Sevinc Budaqova qonaqları salamladı və uşaqlara
uğurlar arzuladı. Tədbir "Uşaq ili"nə,
Uşaq Hüquqları Haqqında Konvensiyanın 20 illiyinə
həsr olunmuşdu. Layihənin ideya rəhbəri AMB sədri
Məlahət Mürşüdlü, maliyyə dəstəyi
İREX direktoru Andrea Kalan, British Council və USA Embassy idi.
Tədbirin sonunda
bütün uşaqların nailiyyətləri summativ qiymətləndirilərək
onlara sertifikat və kitablar hədiyyə olundu. Yer tutan
şagirdlərə xüsusi hədiyyələr, həmin məktəbin
müəllimlərinə isə əyani vəsait və
kitablar, disklər verildi.
Uşaqların biliyini "Test Yourself" prinsipinə
əsaslanaraq qiymətləndirdik.
Xüsusi cədvəl
üzrə aparılan
qiymətləndirmənin nəticələrinə
əsasən 164 nömrəli
məktəbin komandası
I, 31 və 150 nömrəli
məktəblərin komandaları
II, 35, 46 və 60 nömrəli
məktəblər isə
III yeri tutdular.
Yeri gəlmişkən qeyd edək ki, müəllimlər
şagirdlərn şifahi
nitqini summativ qiymətləndirmək məqsədi
ilə eyni tipli deyil, rəngarəng
çalışma növlərindən
istifadə etsələr
yaxşı olar. Belə çalışmalar
dərsi daha maraqlı və intensiv edir.
Xarici təşkilatlar tədbiri
bəyəndilər, dəstəklədilər,
tövsiyələrini verdilər
və ona digər məktəblərin
də qoşulmasını
təklif etdilər.
Gülsüm AXUNDOVA,
Dilarə BÜNYATOVA
Azərbaycan müəllimi.-2009.-25 dekabr.-S.5.