Azərbaycanlı müəllimlər Kent Universitetində təcrübə keçiblər

 

Hazırda Azərbaycan İngilis dili Müəllimləri Cəmiyyətində (Azerbaijan English Teachers Association - AZETA) respublikanın 800-ə yaxın ən peşəkar pedaqoqları toplaşıb. Bu cəmiyyət ingilis dili müəllimlərinin təkmilləşməsində, Azərbaycanda bu dilin keyfiyyətli tədrisi məqsədilə müəllimlərin qabaqcıl təcrübələrə yiyələnməsində mühüm rol oynayır.

Belə ki, AZETA müəllimlərin beynəlxalq və regional  konfranslarda, layihələrdə iştirakını təmin edir və müxtəlif təkmilləşdirmə kursları təşkil edir.

AZETA-nın 2008-ci ildə keçirdiyi V beynəlxalq konfransa bir sıra xarici ölkələrdən gəlmiş nümayəndələr arasında İngiltərənin Kent Universitetinin Pilqrims müəllimləri təkmilləşdirmə kursunun rəhbəri Cim Rayt və Pilqrims-in dünya şöhrətli müəllimi Mario Rinvolukri də olmuşdur. Məhz həmin səfər zamanı onlar Azərbaycanın ingilis dili müəllimlərini İngiltərəyə, Kent Universitetinin Pilqrims  kursuna dəvət etmişlər.

Bir müddət öncə 17 nəfərlik qrup İngiltərədə səfərdə olmuş və Azərbaycandan ilk dəfə olaraq Kent Universitetinin Pilqrims kursunda təcrübə keçmişdir.

Ölkəmizin orta ümumtəhsil və aparıcı ali məktəblərində ingilis dilini tədris edən müəllimlər Böyük Britaniyada olduqları 2 həftə ərzində kursun müxtəlif bölmələri üzrə məşğələlərdə fəal iştirak etmiş və təqdim olunan yeni interaktiv metodlarla təcrübə dərsləri keçmişlər. Onlar indi öyrəndikləri qabaqcıl təcrübəni tədris prosesində uğurla tətbiq edirlər.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2009.- 25 dekabr.- S.2