Elektron Tədris
Resurslarının Qiymətləndirilməsi
Şurasının yaradılması barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
"2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş
tədbirlərin icrasını təmin etmək
üçün elektron tədris resurslarının beynəlxalq
standartlara əsaslanaraq qiymətləndirilməsi, həmin resursların
təhsil portalına yerləşdirilməsi və onların daha
effektiv formada tətbiqi üçün zəruri olan metodiki materialların
və tövsiyələrin təsdiq edilməsi ilə əlaqədar
ƏMR EDİRƏM
1. Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası yaradılsın, şuranın sədri və tərkibi təsdiq edilsin.
2. Şuranın Əsasnaməsi təsdiq edilsin.
3. "Elektron tədris resurslarının ekspertizası və onlara Təhsil Nazirliyinin qrifinin verilməsi Qaydaları" təsdiq edilsin. Təsdiq edilmiş Qaydaları qeydiyyata almaq məqsədi ilə Ədliyyə Nazirliyinə təqdim olunsun.
4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə tapşırılsın ki, Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası tərəfindən qəbul olunmuş resurslar təhsil nazirinin müvafiq əmri ilə təhsil portalında yerləşdirilsin və təhsil müəssisələrinə yayılsın.
5. Qiymətləndirilməyə verilmiş elektron resursların məzmununun ekspertizasının aparılması üçün Dərslikləri Qiymətləndirmə Şurasının ekspert komissiyasına təqdim edilsin və Milli Kurikuluma uyğunluğu müəyyənləşdirilsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, nazirliyin "Təhsil xəbərləri" məcmuəsində və Təhsil Nazirliyinin rəsmi İnternet saytında dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
21 dekabr 2009-cu il
Azərbaycan müəllimi.-2009.-25 dekabr.-S.3.