"Biliklər cəmiyyəti"ndə
təhsil paradiqması
Təhsil anlayışı öz fəlsəfi missiyası ilə "biliklər iqtisadiyyatı" meydana gəlməzdən əvvəl də sosium üçün vacib fundament olub. Adətən qeyd olunur ki, "biliklər iqtisadiyyatı" dövründə beynəlxalq rəqabətlilik istedad axtarışı üzərində qurulub. Hansı ölkələr ki, öz kadrlarına ən çox lazım olan bilikləri verir və daha güclü istedad yetişdirir, həmin ölkələr digərləri ilə rəqabətdə daha öndədir. Bu baxımdan bütün dünyada artıq diqqət universitetlərə yönəlib. Obrazlı desək, indi var-dövlət və zənginlik yaratmaq üçün bədənin boğazdan yuxarı hissəsini işlətmək lazımdır. Hansı ölkələrin ki, təhsili akademik mükəmməllik üzərində qurulub həmin ölkələr yeni nəsil hazırlaya bilir və həmin insanlar beynəlxalq rəqabətlə ayaqlaşa bilir, birbaşa xarici investisiyalar cəlb etmək gücünə malik olur. Təhsil mükəmməl olduğu qədər də münasib olmalı və ölkənin ehtiyacı olduğu sahələri əhatə etməlidir. Sürətli inkişaf cərəyanları ilə baş-başa qaldığımız müasir dövrdə cəmiyyətlər - sosial, siyasi, mədəni, iqtisadi və başqa istiqamətlərdə müxtəlif təsirlərə məruz qalırlar.Heç şübhəsiz ki, bu təsirlərdən ən çox məruz qalan sahələrdən biri də təhsildir.
Qədim çağlardan indiyədək bəşər övladı insanın fizioloji ehtiyaclarını təmin etməklə yanaşı, ətrafı tanımaq, kəşf etmək, anlamaq kimi zəruri ehtiyaclarını da təmin etməyə çalışmışdır. Bu istiqamətdə bilik istehsalı, onun inkişaf etdirilməsi və gələcəyə çatdırılması üçün insanlar çox böyük səy göstərmiş və bu gün də bunu davam etdirirlər. Beləliklə, insanların uzunmüddətli axtarışları nəticəsində informasiyanın daha funksional bir vəziyyətə gətirmək cəhdləri yeni elm sahələrinin yaranmasına, təhsilin isə sosial elmlərin bir tətbiq sahəsi olaraq inkişafına səbəb olmuşdur.
"Biliklər cəmiyyəti"ndə təhsil - biliyin istər əldə edilməsi, istərsə də yayılması ilə zəruri olan dəyişiklik və inkişaf yollarının əsas vasitəsi kimi xarakterizə olunur. Bu baxımdan təhsil dəyəryaradıcı keyfiyyəti ilə mühüm əhəmiyyət daşıyır. Dəyər- bir sosial qrupun və ya cəmiyyətin ortaq duyğu və düşüncə, məqsəd və mənfəətini əks etdirən ümumiləşdirilmiş təməl əxlaqi prinsip və inanclara deyilir.
Dəyərlər davranışların mənbəyi sayılır və onların haqqında fikir yürütməyə imkan verən bir anlayış kimi qəbul olunur. Bundan əlavə, dəyərlər fərdlərin nələrə əhəmiyyət verdiklərini müəyyənləşdirərək istəkləri, seçimləri, arzuedilən və edilməyən vəziyyətləri göstərir. Bununla yanaşı, dəyərlər daşıdıqları mənalardan asılı olaraq öz aralarında çərçivələnirlər. Sıralanmış müəyyən dəyərlər toplusu dəyər üstünlüklərini müəyyənləşdirən bir sistem yaradır.
Mədəniyyətlər və fərdlər nümayiş etdirdikləri dəyər üstünlüyü sistemləriylə təsvir oluna bilirlər. Əlavə olaraq, dəyərlərin inkişafa açıq məfhum olduğunu da qeyd etməyimiz lazımdır.Xüsusilə, müəyyən bir zaman ərzində meydana çıxan ehtiyacların qarşılanması üçün dəyərlər yeni keyfiyyət çalarları ilə zənginləşə bilər.
Bu mənada yuxarıda da ifadə olunduğu kimi, təhsili cəmiyyətin digər sahələrindəki (sosial, siyasi, iqtisadi) alt elementlərdən ayrı düşünmək doğru deyildir. Bilik cəmiyyətində hakim olan istehsal paradiqması elmi əsaslanmanı dəyişdirdiyi kimi, təhsilli insan anlayışını da dəyişir.
Məktəblərin fəaliyyətinin yenidən müəyyənləşdirilməsində yaranan çətinliklərin təməlində ictimai sferadakı "inanc, dəyər və texniki vasitələrin dəyişməsi" dayanır. Bu dəyişmələr yeni paradiqmalar yaradır.
Tomas Kun "Elmi inqilabların strukturu" adlı əsərində (1962) paradiqmanı müəyyən bir cəmiyyətin üzvləri tərəfindən bölüşdürülən inancların, dəyərlərin, texniki vasitələrin tamı olaraq müəyyənləşdirmişdir.
Elm istehsalı ənənəsində mövcud olan paradiqmatik dəyişmə və bununla əlaqədar məlumatın təbiəti ilə bağlı yeni dəyərlər, öyrənmə və öyrətmə müddətlərində dəyişikliklər meydana gətirmişdir. Bu sahədə başlıca dəyişikliklər təhsil və tədris müddətlərində maraq mərkəzinin öyrənməyə doğru meyillənməsidir. çünki müasir təhsil və elm anlayışı heç nəyə laqeyd qalmır, onun üçün hər şey elmi maraq kəsb edir.
Öyrənmə ilə bağlı yeni metodlar, öyrənmənin barmaq izlərinin fərdiliyində olduğu kimi, insana məxsus bir hal olduğunu, təhsil üçün uyğun olan şərait təmin olunduqda nəyi isə öyrənməyi bacarmayan insanın olmadığını aşkar etmişdir. Təhsildə maraq mərkəzinin öyrənməyə doğru meyillənməsində ictimai quruluşda meydana gələn dəyişikliklərin də mühüm rolu var. Demokratiya və insan haqları sahəsində inkişaf prosesləri təhsilin də demokratikləşməsinə, alternativ təhsil proqramları və modellərinin artmasına və təhsilin fərdiləşməsinə şərait yaradır.
Bu dəyişikliklər tədris proqramlarının məzmun və təqdimatına da təsir edir. Yeni dəyərlərin məzmun üzərindəki təsirləri təhsil proqramlarının təfərrüatına köklü dəyişikliklər edilməsini qabaqcadan nəzərə alır. Yeni dəyərlər dərs sayı və növünün yenidən müəyyənləşdirilməsini, buna paralel olaraq kontentlərin yeni dəyərlərə uyğun nizamlanmasını məcburi edir. Bu istiqamətiylə, yeni təhsil paradiqması və bununla əlaqədar olaraq elmin mahiyyətində (təbiətində) olan yeniliklərlə bağlı inkişaf proseslərini aşağıdakı şəkildə göstərə bilərik:
Mövcud təhsil proqramları o qədər də
effektiv deyil
Konkret Azərbaycan
timsalında götürsək bizim orta məktəblərdə
tətbiq olunan təhsil proqramı və dəyərləndirmə
vasitələrimiz oxuma - yazma, əzbərləmə, söz
xəzinəsi, ümumi anlayış, qəlib şəkildə
mənimsəmə və s. qabiliyyətləri inkişaf
etdirməyə hədəfləndirilmişdir. Bir çox
hallarda qrup halında
çalışmaq, intuisiya, hissiyyatlılıq, mühakimə,
yaradıcılıq,təxəyyül imkanları nə
proqramlarda yer tutur, nə də test vasitələriylə
müəyyənləşdirilir. Halbuki, müasir
dövrümüzdə bu kompetensiyalar xüsusi dəyər
qazanır. Təsadüfi deyil ki, hazırlanan yeni kurikulumlarda
bu kompetensiyaların şagirdlərə aşılanması əsas
vəzifələrdən biri kimi nəzərdə
tutlmuşdur. Doğrudur, bəzən bu sual da tez-tez səslənir
ki, təhsil sistemini güclü edən nədir? Cavabları
müxtəlif tərzdə təsnif etmək olar. Ancaq fikrimcə,
bizim məktəblərimizin keyfiyyət
ölçüsü yerləşdiyi yaraşıqlı
binalar, siniflərdəki şagirdlərin sayı, kurikulum
deyil, müəllimlərin keyfiyyətidir.
Bizim hamımız məktəbdə
onun şahidi olmuşuq ki, şagirdi ruhlandıran həmişə
müəllimlərimizin sözləri olub və sonrakı həyat
fəaliyyətimizdə bunun təsirini daim hiss etmişik. Onu
da qeyd edək ki, təhsildə yüksək göstəricilərə
malik olan Sinqapur, Cənubi Koreya, Kanada, Finlandiya kimi ölkələr
müəllim hazırlığı sahəsində çox
effektiv tədbirlər görüblər. Məsələn,həmin
ölkələrin təcrübəsində əgər
növbəti dərs ili üçün məktəblərdə
vakant yerlərin sayı 600-dirsə, onlar 700 nəfəri
işə qəbul edirlər. Belə olanda, yerlərin
sayı o qədər məhdud olur ki, müəllim olmaq
üçün güclü rəqabət başlayır. Bu
artıq həqiqətdir ki, belə sərt mexanizmlə onlar
müəllimlik peşəsini ən seçilmiş peşəyə
çeviriblər.Ancaq təhsildə müəllim
anlayışı nə qədər mühüm olsa da belə,
Azərbaycan təhsilində genişhəcmli kurikulum
islahatlarına böyük ehtiyac var. Həqiqət naminə
qeyd edək ki, hazırda bu istiqamətdə ölkəmizdə
geniş iş aparılır, kurikulum islahatları adı
altında təhsilin məzmununun yeniləşdirilməsi sahəsində
ciddi addımlar atılır. "Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulumu)" qəbul edilmiş, həmin konseptual sənədə
əsaslanılmaqla ibtidai siniflərin fənn kurikulumları
işlənib hazırlanmış və tətbiqinə
başlanmışdır. Yuxarı siniflər
üçün fənn kurikulumlarının layihələri
yazılaraq pedaqoji ictimaiyyətin müzakirəsinə verilir.
İstər Milli Kurikulum sənədi, istərsə də fənn
kurikulumları yetişən nəslə təkcə hər
hansı bilik sahəsi üzrə məzmun standartları
deyil, həm də həyati keyfiyyətlərin
formalaşmasını nəzərdə tutur. Bu baxımdan məşhur
təhsilşünas alim Con Dyünin fikirləri tamamilə
yerinə düşür: "Təhsil zəkanı fasiləsiz
olaraq inkişaf etdirməlidir, həyatı aramsız şəkildə
işıqlandırmalıdır. Məktəblər isə
bizə mental inkişafın yalnız müəyyən mənada
alətlərini verə bilər, qalan hər bir şey təcrübənin
necə şərh olunmasından asılıdır".
Bugünkü təhsil proqramları düşünməyə
əngəl yaradır
Düşünmə -
müşahidə, təcrübə, intuisiya, mühakimə
yürütmək və digər vasitələrlə əldə
edilən məlimatları konseptuallaşdırma, tətbiq etmə,
analiz və dəyərləndirmənin predmet edilmiş şəklidir.
Düşünmə mövcud biliklərdən başqa, məchula
çatmaq və əldə olunan biliklərdən kənara çıxmaq şəklində
də xarakterizə oluna bilər. Ən çox
yayılmış düşünmə formaları arasında tənqidi
düşüncə, problemi həll etmək, elmi
düşüncə, analitik düşüncə, hökm
çıxarmağa yönəldilmiş induksiya
(bütünə varma), deduksiya (bütündən gələn)
düşünmə və əlaqəli düşünmə
sayıla bilər.
Dərsin təşkili
texnologiyası məzmunu və çatdırılması
şagirdlərə tənqidi düşünmə fəlsəfəsini
öyrətməyi aşılayan şəkildə təşkil
oluna bilər. Lisey təhsilini tamamlayan fərd əvvəlcədən
hökm vermə, fikir formalaşdırma və verilən məlumatın
aktuallığı mövzusu ilə bağlı qiymətləndirmə
bacarığına sahib olmalıdır. Lisey məzunu olan fərdlər
fakt ilə baxış və ya şəxsi nöqteyi-nəzəri
ayırdetmə, əsassız təxminlərin aşkar
olunması, öncədən yaranmış fikir və ya təbliğatın
müəyyən olunması, məntiqli çıxış
yolları tapmaq və mümkün nəticələri əvvəlcədən
müəyyənləşdirmək kimi bacarıqları məktəb
illərindən əldə etmiş olmalıdırlar.
Şagird mövzunun özünü qavramalıdır
Bir çox hallarda
şagirdlər arasında hansı biliyin öyrədilməsinin
lazımlılığı ilə
bağlı olduqca gərgin mübahisələr meydana
çıxır. Biliklər cəmiyyətində isə təhsil
proqramlarının səthi biliklər əvəzinə,
mövzuların dərinliklərinə nüfuz edilərək
işlənilməsi, nizamlanması prinsipi müdafiə
olunur. Yəni dərslər, mövzuları və hadisələri
dərindən başa düşməyi və tənqidi
düşüncənin formalaşdırılmasını əsas
götürməlidir. çünki informasiya həddindən artıq çoxdur
və bunların tam olaraq mənimsənilməsi mümkün
deyildir.
Şagirdlər sinif divarlarından kənara çıxmağı
bacarmalıdırlar
Şagirdlərə
yalnız attestat almaq üçün deyil, real həyatda mənalı
ola bilməsi üçün dərslərin və məzmunların
həyat ilə əlaqələndirilməsi vacibdir. Bunun
üçün müəllimin tədris etdiyi
mövzuların həyatdakı inikaslarını şagirdə
göstərməsi lazımdır. Dərsin
mövzuları-kitab səhifələri və sinfin
divarları ilə məhdudlaşmamalı, öyrənilən
məzmun real həyat ilə əlaqələndirilərək
şagirdin öyrəndiyi biliklərin faydasını görməsi
təmin olunmalıdır. Bu baxımdan Türkiyənin məşhur
təhsilşünas alimi İrfan Ərdoğan da haqlı
olaraq qeyd edir ki, "egitim və öyrətim təkcə məktəblə
sərhədlənməməli və məktəbdaxili
mühiti şagirdlərin məktəbdənkənar şəraitdə özlərini inkişaf etdirmələri
üçün potensial yaratmalıdır".
Təhsildə imkan bərabərliyi anlayışı
Təhsildə imkan
(fürsət) bərabərliyi anlayışı, yoxsul
insanlara təhsil imkanı yaratmaqdan əlavə, fərdlərə
qabiliyyət və istedadlarını optimal səviyyədə
inkişaf etdirmək məramını ehtiva edir.Biliklər cəmiyyətində
yeni texnologiyaların inkişafıyla bilik sektorunun, bilik
istehsalının və bilik sərmayəsinin, müsbət
keyfiyyətlərə malik insan faktorunun əhəmiyyət kəsb
etdiyi, "təhsilin davamlılığının ön
plana çıxdığı, informasiya texnologiyaları, məlumat
ötürücüləri, elektron ticarət ilə cəmiyyəti
iqtisadi, sosial, mədəni və siyasi baxımdan sənaye cəmiyyətinin
inkişafından yüksəyə doğru aparan bir
inkişaf mərhələsi olaraq xarakterizə oluna bilər".
Eyni zamanda "Bilik cəmiyyəti"
biliyin əsas güc qaynağı olaraq ictimai həyatın
bütün mərhələlərini
istiqamətləndirən bir düşüncə tərzidir.
Bilik cəmiyyətinin təşəkkül tapa bilməsi əsasən
"bilik insanı və təsisatlarının
mövcudluğu"nu, bu da, öz növbəsində,
"öyrənən fərd" və "öyrənən
təsisatların"ın olmasını tələb edir. Beləliklə,
bilik cəmiyyətinin əsas xarakteristikası da "öyrənən
cəmiyyət" olaraq təsnif edilir.
Sənaye inqilabından
təxminən bir əsr sonra ilk nümunələrindən
istifadə edilməyə başlanılan kompüterlər
informasiya çağının
ilk carçısına çevrilmişdir.Bu sürətli dəyişikliklər
insanların həyatla bağlı vərdişlərinə
çox dərin təsir etmişdir.
Bəs onda sual oluna bilər:
sənaye cəmiyyətindən fərqli olaraq bilik cəmiyyətində
nələr dəyişməkdədir? Bilik cəmiyyətinin
yüksələn dəyərləri hansılardır?
Bütün dünyanı qısa bir zaman ərzində öz
təsiri altına alan bilik cəmiyyətinin əsas
xüsusiyyətlərini sənaye cəmiyyətinin
xüsusiyyətləri ilə müqayisəli şəkildə
bu tərzdə qruplaşdıra bilərik:
* Sənaye cəmiyyətindəki
maddi sərmayənin yerini bilik cəmiyyətində bilik və
insan sərmayəsi tutur.
* Sənaye cəmiyyətində
mal və xidmətlərin istehsalında inkişafın
başlanğıcı sayılan buxar maşınının
yerini bilik cəmiyyətində kompüterlər tutur.
* Sənaye cəmiyyətində
qol gücünün yerinə bilik cəmiyyətində beyin
gücü alternativdir.
* Sənaye cəmiyyətində
insan sərmayəsinin istehsala cəlb olunması əsas
götürülürsə, bilik cəmiyyətində hər
hansı deyil, yüksək təhsil almış keyfiyyətli
insan sərmayəsinin istehsala cəlb olunması vacib
sayılir.
* Sənaye cəmiyyətində
sənaye mallarının və xidmətlərin istehsalı həyata
keçirilir.Bilik cəmiyyətində isə bilik və
texnologiyanın istehsalı reallaşmaqda və bilik sektorunun məhsulu
olaraq kompüter, rabitə və elektron vasitələri,
elektron xəbərləşmə, robotlar, yeni inkişaf
etmiş əmtəə texnologiyaları gündəmə gəlir.
* Sənaye cəmiyyətindəki
fabriklərin yerini bilik cəmiyyətində bilik tətbiqini
ehtiva edən bilik şəbəkəsi və məlumat
ötürücü banklar (kommunukasiya şəbəkə sistemləri)
tutur. İnformasiya dünyanın hər tərəfində
istehsal olunmaqda və kommunikasiya texnologiyaları vasitəsilə
hər tərəfə yayılmaqdadır.
* Biliklər cəmiyyəti
işçi qüvvəsinə qənaət etməyi təmin
edir, bu isə qısamüddətli bir mərhələdə
işsizlik, uzunmüddətli bir mərhələdə isə
yeni texnologiyaların qlobal təsirlərini ortaya
çıxarır.
* Sənaye cəmiyyətindəki
ümumi təhsilin, öyrənmənin yerini bilik cəmiyyətində
təhsilin fərdiləşməsi və
davamlılığın artması tutur.
* Sənaye cəmiyyətində
ilkin, ikinci, üçüncü dərəcəli sənaye,kənd
təsərrüfatı, sənaye və xidmətlər, bilik
cəmiyyətində isə ilkin, birinci, ikinci və
üçüncü sektorlarla yanaşı
,dördüncü sektor olan bilik sektoru da meydana
çıxır.
* Sənaye cəmiyyətindəki
xüsusi və ictimai iqtisadi quruluşlardan fərqli olaraq,
bilik (informasiya, məlumat) cəmiyyətində
könüllü quruluşların əhəmiyyət kəsb
etdiyini müşahidə edirik.
* Sənaye cəmiyyətində
başlıca istehsal amilləri əmək, sərmayə,
sahibkar olduğu halda, bilik cəmiyyətində bu istehsal
faktorları mövcud olmaqla yanaşı, sıralama ilə
beşinci istehsal faktoru kimi texniki "bilik" ön plana
çıxır.
* Sənaye cəmiyyətində
istehsal edilən mal və xidmətlərin
qıtlığı əsas problem kimi qarşıda durursa,
bilik cəmiyyətində məlumat, bilik
qıtlığı anlayışı yoxdur. Bilik sürətlə
artmaqdadır və yüksələn rentabellilik xüsusiyyətləri
əxz edir.
* Sənaye cəmiyyətində
istehsal olunan mal və xidmətlərin bir yerdən başqa
yerə daşınmasına məsafənin
uzaqlığı və sərf olunan maliyyə əhəmiyyətli
olduğu halda, bilik sferasında bilik, məlumat
ötürücüləri vasitəsi ilə
istehlakçı ilə bilik arasındakı məsafə
amili get-gedə öz əhəmiyyətini itirir və sərf
olunan maliyyə xərcləri minimuma enir.
* Sənaye cəmiyyətində
istehlakçı tələblərinin yerinə yetirilməsində
mal və xidmətlərin mobilizasiyası (intensivliliyi) olduqca
zəifdir, bilik, məlumat sferasında isə informasiyanın
mobilizasiya edilməsi asandır.
Bu vəziyyət
informasiyanın sərhəd tanımadan bir istehlakçı
tərəfindən istehlak olunması və yenilikləri təşviq
etməsinə şərait yaradır.Sənaye cəmiyyətində
əsas biliklər, fizika, kimya sahəsindəki biliklər,
informasiya cəmiyyətində isə kvant elektronikası,
molekulyar biologiya və ekologiya elmləri kimi yeni tədqiqat sahələri
formalaşır.
Sənaye cəmiyyətində
siyasi sistem nümunəsi demokratiya olduğu halda, elm cəmiyyətində
iştirakçı demokratiya anlayışının daha
aydın bir əhəmiyyət kəsb edəcəyi
düşünülür.İnformasiya
texnologiyalarının inkişafı nəticəsində
"teledemokratiya" adlandırılan dəyişikliyin gələcəkdə
mövcud olacağı təxmin olunur. Burada biliklər cəmiyyətində
"teledemokratiya" elektron səsvermə, evdə səsvermə
kimi kommunikasiyada tamamilə yeni keyfiyyət meyarlarını
ehtiva edir.
Bilik cəmiyyətinin
yeni istehsal dinamikası (tempi) ictimai həyatın ənənəvi
anlayışlarını dəyişdirdiyi kimi, təhsil
anlayışında da dəyişiklikləri labüd edir. Bu
prosesdə təhsilin yeni tərifi belə ifadə oluna bilər.
"Biliklər cəmiyyəti"ndə təhsil insanda öz öyrənmə
profili haqqında fikir yaradılması yolu ilə, daha
qabarıq üstün zehni qabiliyyətlərini inkişaf
etdirməsi, bacarıq və davranışlarını
ardıcıl olaraq aktuallaşdıra bilməsi
üçün uyğun tədris şəraitinin
yaradılması prosesidir.
"Biliklər cəmiyyəti"ndə məktəb
Təhsil
qurumlarının əsas atributları olan proqram, sinif, dərs
otağı, dərs kitabı, tədris üsulları hələ
orta əsrlərdə formalaşmışdır.Sənaye
inqilabından sonra onlara laboratoriya, imtahan və iş yeri
(müəssisə) əlavə olunmuşdur. İbtidai məktəblər
və universitetlər orta əsrlərin, orta məktəb və
texniki peşə təhsili məktəbləri sənaye
inqilabının məhsuludur.
Bu gün biliklər cəmiyyətinin
inkişaf trendlərinə hələ cavab verməyən məktəbin
yeni bir simaya ehtiyacı vardır. Bilik cəmiyyətinin ən
böyük sərmayəsi olan təhsilli insanı
formalaşdıracaq təşkilat kimi məktəbin
funksiyaları, məzmun və məqsədləri yenidən
düşünülməlidir.
Biliklər cəmiyyətində
məktəblərin səmərəsi və məsuliyyəti
artıq yeni biçimdə diqqət mərkəzinə gəlir.
Hələ ki, bunun üçün məqbul sayılan
heç bir standartı müəyyənləşməsə
də, məşhur sosioloq Druker bu mövzu ilə
bağlı aşağıdakı qənaətləri
bölüşür:
* Bilik cəmiyyətinin
ehtiyacı olan məktəb, yüksək səviyyədə
savadlılıq təmin etmək məcburiyyətindədir.
* Hər səviyyədə
və hər yaşdakı şagirdlərə öyrənmə
motivləri, tədrisi davam etdirmək intizamı
aşılanmalıdır.
* Məktəb həm
yüksək səviyyədə təhsil almış
insanlara, həm də hər hansı bir səbəbdən erkən
yaşlarda təhsil ala bilməmiş insanlara açıq
olmalıdır.
* Elmi həm məzmun, həm
də proses olaraq (həyata keçirən) ötürən məktəblərə
ehtiyac vardır.
Bu gün bilik
artıq hər yerdədir. Bu səbəbə görə məktəblərin
artıq bilik ötürən təşkilatlar olmaqdan elm
istehsal edə bilən və fərdlərə anlamaq, analiz
etmək və problemi həll etmək kimi bacarıqlar
aşılaya bilən təsisat olması vacibdir
"Biliklər cəmiyyəti"ndə təhsilli
insan
Bu günün
tələbləri baxımından təhsilli insan, yəni
oxumağı -yazmağı bacaran şəxs
anlayışı dəyişmişdir. O, artıq oxuyub - yazmağı
bilən, hesabı bilən şəxs deyil, ilkin kompüter
bacarıqlarına sahib olan şəxsdir. Bilik
dövrünün fərdləri özləriylə
bağlı inkişaf və mübahisələrdən kənarda
qalmamaq və fəal vətəndaşlar olmağı bacarmaq
üçün yeni texnologiyalardan fəal şəkildə
istifadə etmək məcburiyyətindədirlər. İnformasiya - kompüter şəbəkəsi təhsilini
reallaşdıran fərd zəngin bir məzmunla üz-üzədir.
Bəşəriyyət
insani dəyərləri yenidən kəşf etmək mərhələsinə
çatmışdır. çünki hər
şey insan üçündür. Yüksək
texnologiyanın avtomatlaşdırdığı insan bir
çıxış nöqtəsi
axtarışındadır. Bu
çıxış yolu bilik hədəfi və insani dəyərlərdir.
Bu səbəbdən, XXI əsr insanının
zehni potensialını işə salması lazımdır.
Beləliklə, biliklər cəmiyyətinin mərkəzində
insan anlayışı durur. Təhsilli
insan bilavasitə cəmiyyətin simvoludur, cəmiyyətin məhsuldarlıq
həcmini müəyyənləşdirəndir. Eyni zamanda cəmiyyətin dəyərlərini,
inanclarını, öhdəliklərini təmsil edəndir.
* Təhsilli insan
açıq və təsirli bir şəkildə
düşünməyi bacarmalı və
düşündüklərini yazmağı
bacarmalıdır.
* Kainat, cəmiyyət və
onu əhatə edən ətraf mühit ilə bağlı
bilik, informasiya əldə edə bilmək yolları
haqqında seçici bir anlayışa sahib olmalıdır.
* Fərdin həyatındakı
təcrübələr daha geniş bir miqyasda öyrənilməlidir.
Bilik cəmiyyətinin insanı dünyada baş verən inkişaf prosesindən xəbərsiz
olaraq "əyalət düşüncəli" və
"öz içinə qapanmış" vəziyyətdə
qala bilməz.
Bu yanaşmadan
çıxış etsək, müasir müəllimin
şagirdin önündə olması, yol göstərə
bilməsi, məsləhətçi rolunu oynaya bilməsi
üçün əvvəlcə özünün öyrənmə
və inkişaf etdirməyi bacarma məsuliyyətini
daşıya bilməsi lazımdır. Müəllim
öz bacarıq səviyyəsinin fərqində olmalı,
biliyin qüvvə olduğunu, bacarığın davamlı
öyrənmə prosesi ilə əldə olunduğunun
mümkünlüyünü,
bacarıqsızlığının isə cəmiyyət
üçün ziyanlı olacağını bilməlidir.
Bilik texnologiyaları müəllimin işini sadələşdirən,
adi öyrənmələrə sərf edəcəyi
vaxtın daha səmərəli istifadəsini təmin edən,
daha çox ona assistentlik vəzifəsini yerinə yetirə
biləcək, təhsili tamamlayan vasitələrdir. Müəllim hər şeydən öncə bu
texnologiyalara bələd olmalı və interakriv öyrənmə
şəraitini formalaşdıra bilməlidir. çünki gələcəyin (artıq gəlməyibmi
- C.V.) məktəbində
şagirdlər kompüter proqramlarını öz alətləri
kimi işlədəcəklər.
İnformasiya cəmiyyətində
müəllim və şagird arasındakı sədd aradan
qaldırılır. Bundan sonra müəllimlər mübahisəsiz
olaraq haqlı olması qəbul edilən şəxslər
olmayacaqlar. Onlardan gözlənilən
şeylər şagirddə maraq oyandırmaq, onu tədqiqata
yönəltmək və sistemlı
çalışmasına kömək etməkdən ibarətdir.
Postsənaye cəmiyyətində
müəllimlər şagirdlərə o qədər də əhəmiyyət
daşımayan hadisələri fokuslamaqdan daha çox qlobal
düşünməni, biliklərini genişləndirməyi, milli
və mədəni səviyyələrə qapanmaqdan kənar
daha maraqlı fərdlər olmağı öyrədəcəklər.
Şagirdlər bir hadisə ilə bağlı
hərtərəfli, geniş aspektdə düşünə
bilmə, bir problemi həll edərkən başqa sahədəki
biliklərini istifadə etmək bacarığını
formalaşdırmalıdırlar.
Bilik cəmiyyətində
şagirdlər bir qədər məhdud şəkildə olsa
da, müxtəlif fikirlərlə bağlı məlumat sahibi
olmalı və bunlara tənqidi şəkildə
yanaşmağı bacarmalıdır. Bir çox tədqiqatçıların
fikrincə, tənqidi düşüncənin bəzi
xüsusiyyətləri bu şəkildədir: mövzuya
doğru fokuslaşma, mübahisələri analiz etmək,
mövzunu açan suallar vermək və cavablandırmaq, mənbənin
etibarlı olduğunu araşdırmaq, məlumatlarla
bağlı mühakimə yürütmək və nəticə
çıxarmaq, təxminləri dəyərləndirmək və
başqaları ilə əlaqə yaratmaqdır.
Şagirdlər
fərqli fikirləri qarşı - qarşıya
qoymağı, müqayisə etməyi bacarmalıdırlar. çünki
müqayisə edilməyən bilik real bilik deyil. Ancaq müxtəlif baxış bucaqlarından
müşahidə olunan mövzu ilə bağlı daha
obyektiv fikir yürütmək olar.
"Biliklər cəmiyyəti"ndə tədris
metodları
Cəmiyyətin inkişafında ən
əhəmiyyətli faktorlardan biri olan təhsilin yalnız məzmununu
dəyişdirmək kifayət deyildir. Daha
çox tədris metodlarına təsir edən dəyişikliklər
etmək lazımdır.
Müəllimin
çox sayda şagirdə dərs dediyi və bir sıra
standart testlərlə mənimsəməni
aydınlaşdırmaq üçün yoxlama
apardığı vərdiş edilmiş metodların dəyişdirilməsinə
də ehtiyac vardır. İnformasiya cəmiyyətində ənənəvi
təhsil tədricən həyata keçən və
bahalı bir təhsildir. Kompüter
texnologiyası və xüsusilə interaktiv multimedia təhsil
prosesinə daxil edilməlidir. Kompüter
texnologiyası tətbiq olunaraq təhsildə inkişafa
çatmaq üçün müəllimləri öyrətmək
və yeni tədris modelləri tapmaq lazımdır. Şagirdlərin məlumatı sadəcə tapmaq
deyil, analiz edərək biliyə çevirmək
üçün öz metodlarını öyrənmələrinə
kömək edən və müəllimin bir məsləhətçi
olduğu tədris metodlarına ehtiyac vardır. Kompüter texnologiyası müəllimin əsas rol
aldığı ənənəvi tədris formalarında
öyrədənə assistentlik edərək
tamamlayıcı bir vəzifə daşımaqdadır.
Bilik cəmiyyətində
genişhəcmli bir təhsil programı müəyyənləşdirmək
getdikcə çətinləşir, çünki həm elmi
inqilab yeni və əhəmiyyətli elmləri məktəb
arenasına gətirir, həm də şagirdlərin
ehtiyacları daima dəyişir. Müəllimlər
mümkün detallı dərs proqramlarından uzaqlaşaraq
daha çox ümumi məqsədlərə mərkəzləşəcəklər. Bu baxımdan proqramların müəyyənləşdirilməsində
şagirdlərin də demokratik iştirakı təmin
olunmalıdır. Təhsil hər bir kəsin
öz surətinə görə, zor tətbiq etmədən,
müstəqil olduğu qədər işbirliyinə əsaslanan
metodlarla insan ağlını gücləndirən bir keyfiyyətə
sahib olmağı bacarmalıdır.
Bilik cəmiyyətində
təhsil sistemində kütlə təhsilindən fərdiləşmiş
tədrisə, tək tədrisdən, çoxluğun
üstünlük təşkil etdiyi tədrisə, sərt
proqramlarından elastik proqramlara, asılı məzmundan
müstəqil məzmuna keçid təmin olunmalıdır. Bilik cəmiyyətində təhsil
metodlarında fərdilik ön plana çıxmalı,kompetensiyalar çevik olmalı, fərdin
öz bacarıq və potensialını kəşf etməsini
və maraq duyduğu sahələrə yönəlməsini təmin
edən proqramlar inkişaf etdirilməli və qrup halında
çalışmalar və fərdi çalışmalarla gələcəyə
hazırlanmalıdır.
Artıq yeni
dövrdə insanların haraya gedəcəklərini özləri
deyil, onların xaricindəki kənar qüvvələr təyin
edəcəklər. Ona istinadən bu gün qloballaşma kimi
tanınan hadisənin arxasında innovasiyanın
dayandığı və bunun istehsal proseslərini,
çalışma şərtlərini, fəaliyyət dairəsini
böyük miqyasda dəyişdirdiyi müşahidə
olunmaqdadır.
Təhsilin
qloballaşması deyildikdə, ümumiyyətlə, təhsil,
metod, proses və idarəetmədə inkişaf etmiş
ölkələrə inteqrasiya başa düşülür.
Ancaq təhsildə bu inteqrasiya prosesi
qloballaşmanın gətirdiyi problemlərin həlli
üçün kifayət deyildir. Təhsil,
sadəcə qloballaşmaya uyğunlaşma və ya inteqrasiya
problemi üçün deyil, eyni zamanda qloballaşmanın
yaratdığı problemləri aşmaq üçün bir
vasitədir. Bu baxımdan cəmiyyətin
və fərdlərin, qloballaşmanın doğura biləcəyi
mümkün nəticələrə qarşı tədbir
görə biləcək və dəyişikliklərdən
fayda əldə edə biləcək bacarıqlara sahib
olmaları lazımdır. Qloballaşmanın
təhsil sistemlərində böyük dəyişikliklərə
yol açması və gələcəkdə də yol
açacağı şübhəsiz ki, bir həqiqətdir.
Nəticə
Bilik cəmiyyəti
yaşadığımız bu günlərdə hər sahədə
olduğu kimi, təhsil sahəsində də innovasiyaya əsaslanaraq
müxtəlif növlü dəyişmələri labüd
edir. Təhsilin hədəfi və məktəblərin
funksiyalarının yenidən müəyyənləşdirilməsi
bir zərurət halına çevrilmişdir. Bunun təməlində
də ictimai sferada
"inanc, dəyər və texnologiyaların"
dəyişməsi durur. Bu dəyişmələr
yeni paradiqmalar yaratmışdır.
Hər sahədə məsafənin
daha az əhəmiyyət daşıyaraq
siyasi, iqtisadi, sosial və mədəni sahələrdə
dünyanın daha çox bütünləşməsi kimi
xarakterizə olunan qloballaşma bilik cəmiyətində
yüksələn əsas dəyərlərdəndir. Bununla yanaşı, təhsildə qlobal
yaxınlaşma bir tamdır. Fənlərarası
tədqiqat araşdırmaları qloballaşan təhsilin metodlarındandır.
XXI əsrdə
kompleks biliklər arasından lazım olanı seçməyi
bacaran, hissələri bir yerə yığa bilən,
intuisiya, hissiyyatlılıq, anlayış formalaşdıran
sosial, inkişaf etmiş fərdlərə ehtiyac vardır.
Bilik cəmiyyətinin
sürətli inkişafı cəmiyyətin fonunda bilik səviyyəsində
olan artımı həm tələb etməkdə, həm də
sadələşdirməkdədir. Bununla əlaqədar
olaraq, təhsilin davamlılığı və gərəkliliyinə
inanan fərdlərə ehtiyac vardır.
Nəticə
olaraq qarşıdakı illərdə təhsil sistemləri,
məktəblər, müəllimlər, şagirdlər və
tədris metodları sürətli bir dəyişmə və
inkişaf prosesindən keçmiş olacaqlar.
Cəsarət VALEHOV
Azərbaycan müəllimi.-2009.-25 dekabr.-S.8.