Təhsil Nazirliyi ilə
"Azərsun Holdinq"
arasında niyyət protokolu imzalandı
Dekabrın 26-da Təhsil
Nazirliyində bu qurumla "Azərsun Holdinq" şirkətlər
qrupu arasında "Təhsil müəssisələri
ilə əməkdaşlıq"
layihəsi çərçivəsində
görüləcək işlərə
dair niyyət protokolu imzalandı.
İmzalanma mərasimini
giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Azərbaycanda çoxdan fəaliyyət göstərən
və yaxşı tanınan, möhtərəm
Prezidentimizin regionların
sosial-iqtisadi inkişafı
siyasətinin həyata
keçirilməsində önəmli
rol oynayan "Azərsun Holdinq" şirkəti ilə belə bir sənədin
imzalanmasını Azərbaycan
təhsili üçün
ən yaddaqalan və böyük əhəmiyyəti olan hadisə kimi qiymətləndirdi. Nazir bildirdi
ki, niyyət protokolunun imzalanmasında məqsəd Biləsuvar rayonunda fəaliyyət göstərən peşə
liseyinin inkişafının
birlikdə təmin edilməsidir.
Üzərində uzun
müddət iş gedən layihənin mahiyyəti barədə
mərasim iştirakçılarına məlumat verən təhsil
naziri Misir Mərdanov qeyd etdi ki, "Təhsil müəssisələri
ilə əməkdaşlıq" layihəsi çərçivəsində
peşə təhsili üzrə müəllim və
şagirdlərin bilik və bacarıqlarının
artırılması, onların elmi-texniki yeniliklərə yiyələnməsi
üçün tədbirlər həyata keçirməklə
əmək bazarı ehtiyaclarına uyğun kadrların
hazırlanmasının tənzimlənməsi istiqamətində
birgə fəaliyyət nəzərdə tutulur.
Sənədə əsasən
peşə liseyinin təmirinə, avadanlıqlarla, dərslik
və dərs vəsaitləri ilə təminatına, ola bilər,
həm də genişlənməsinə Təhsil Nazirliyi
kömək edəcək. "Azərsun Holdinq" şirkəti
isə peşə liseyini bitirən gəncləri
özünün Muğan bölgəsində fəaliyyət
göstərən böyük istehsalat müəssisələrində
işlə təmin olunmasına şərait yaradacaq. Bu isə
ölkəmizin həmin bölgəsində işsizliyin
azalmasına gətirib çıxaracaq. Nazirin bildirdiyinə
görə, layihə çərçivəsində ən
mühüm və ciddi məsələlərdən biri də
Biləsuvar peşə liseyində təhsil alan şagirdlərin
"Azərsun Holdinq" şirkətlər qrupunun Muğan
bölgəsindəki istehsalat müəssisələrində
təcrübə keçmələrinə şəraitin
yaradılması olacaq. Nazir, eyni zamanda layihədə peşə
liseyində çalışan mühəndis-pedaqoji heyətin
ixtisas səviyyəsinin artırılması üçün
də tədbirlərin nəzərdə tutulduğunu diqqətə
çatdırdı və ümumən layihənin ölkə
Prezidenti tərəfindən təsdiq olunmuş peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramının həyata
keçirilməsi istiqamətində atılmış
çox ciddi addımlardan biri olduğunu vurğuladı. Nazir
əmin olduğunu söylədi ki, "Azərsun Holdinq"lə
Təhsil Nazirliyinin işbirliyi təkcə bu layihə ilə
kifayətlənməyib, daha da inkişaf edəcək, gələcəkdə
ola bilər, ölkənin digər yerlərində yerləşən
peşə liseylərini, təhsilin digər pillələrini
də əhatə edəcək.
Sonra Misir Mərdanov
"Azərsun Holdinq"in prezidenti Abdolbari Goozal da öz
növbəsində imzalanacaq sənədin həqiqətən
çox vacib məsələyə həsr olunduğunu, Təhsil
Nazirliyi ilə rəhbərlik etdiyi holdinqin arasında əməkdaşlığın
inkişafında mühüm rol oynadığını
bildirdi. "Azərsun Holdinq"in Azərbaycandakı fəaliyyətindən,
tikdikləri istehsal müəssisələrindən söz
açan şirkətin prezidenti texnoloji məsələlərin
təkcə sənayedə deyil, kənd təsərrüfatında
da böyük önəm kəsb etdiyini, bu sahə
üçün yeni müəssisələr açmaqla
yanaşı, onlarda çalışacaq kadrların
yetişdirilməsini də özlərinin vacib missiyası
saydıqlarını diqqətə çatdırdı.
Sonra layihənin təqdimatı
keçirildi. Təqdimatda layihənin 6 məqsəd
güddüyü, ən mühüm məqsədlərdən
birinin Azərbaycanın iqtisadi inkişafına, ölkə sənayesinin
müasir dünya sənayesinə inteqrasiyasına dəstək
olduğu vurğulandı.
Təqdimatda layihənin
üstünlükləri, tərəflərin üzərinə
götürdükləri öhdəliklər, gözlənilən
nəticələr geniş şərh olundu.
Sonra Təhsil Nazirliyi ilə
"Azərsun Holdinq" arasında sözügedən layihə
ilə bağlı niyyət protokolu imzalandı. Protokolu Təhsil
Nazirliyi tərəfindən nazir Misir Mərdanov, "Azərsun
Holdinq" şirkətlər qrupu tərəfindən onun
prezidenti Abdolbari Goozal imzaladılar.
Mərasimin sonunda təhsil naziri jurnalistlərin suallarını cavablandırdı.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.-2009.-31 dekabr.-S.3.