Uğurlarımızın əsasını demokratik idarəetmə təşkil edir

 

Əsası ulu öndərimiz, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurla həyata keçirilən təhsil islahatı Bakı şəhərində təhsilin idarəedilməsi sahəsində əsaslı dəyişikliklər tələb edirdi. Bunun bir səbəbi Bakı təhsilində vahid idarəetmə strukturunun yaranması zərurətindən irəli gəlsə , digər səbəbi demokratik sistemin təkmilləşdirilməsi idi. Dünya təhsil sisteminə inteqrasiya meyilləri köhnə prioritetlərdən uzaqlaşmağı, yeni idarəetmə modellərinin tətbiqini zəruri edirdi. öz tarixi ənənələri ilə seçilən Bakı təhsilində başlanmış əsaslı dəyişikliklər, yeni yanaşmalar, təhsilin bütün sahələrini əhatə edən köklü islahat bu vacib məsələnin təxirə salınmadan həllini gözləyirdi.  

Ölkənin ziyalı və intellekt təbəqəsinin təmərküzləşdiyi Bakı şəhərində təhsilin özünəməxsus idarə sistemi də bu islahat çərçivəsində yenidənqurmaya ehtiyac duyurdu. Köhnə sovet sistemindən qalmış idarə strukturunun ləğvinə və daha çevik, daha demokratik idarəetmə sisteminin qurulmasına ehtiyac yaranmışdı. Bunu vaxtında  dəyərləndirən cənab Prezidentin 31.03.2006-cı il tarixli, 1399 nömrəli sərəncamına əsasən Bakı şəhərində RTŞ-lər ləğv edildi və Nazirlər Kabinetinin  28 iyul 2006-cı il tarixli sərəncamı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradıldı.

Yarandığı ilk günlərdə idarənin fəaliyyət istiqamətləri müəyyənləşdirilməklə yanaşı, prioritetlər işlənib hazırlandı. Bu zaman təhsildə demokratik idarəetməni dərinləşdirmək, milli və bəşəri dəyərlərə əsaslanan təhsil mühiti yaratmaq, qabaqcıl təcrübəyə və istedadlara geniş meydan vermək, müasir texnologiyalardan istifadə sahəsində əsaslı dəyişikliklərə nail olmaq başlıca məqsədlər kimi müəyyənləşdirildi. Bu məqsədlərin həyata keçirilməsi üçün, ilk növbədə, demokratik idarəetmənin dərinləşdirilməsi prosesi diqqət mərkəzində saxlanıldı. Bu sahədə əldə olunan təcrübə ümumiləşdirilməklə yeni mexanizmlər tətbiq edildi, təhsil müəssisələrinin idarəolunmasında əks-mərkəzləşmə prosesi bir qədər də dərinləşdirildi. İşin gedişində aydın oldu ki,  idarəetmədə əks-mərkəzləşdirmə ilə yanaşı, ciddi nəzarət mexanizminin paralel həyata keçirilməsi müsbət nəticələr verir.

Təhsil mühitinin yaradılmasında  vacib komponentlərdən biri də maddi-texniki bazanın möhkəmləndirilməsi, infrastrukturun yeniləşməsi, müasir texnologiyaların tətbiqidir. Bu sahədə aparılan məqsədyönlü fəaliyyət Bakı şəhəri məktəblərinin təmiri, təchizatı və müasir avadanlıqlarla təminatını kifayət qədər yaxşılaşdırmışdır.

Bugünkü idarəetmədə geniş məlumat bazasının, dəqiq və sürətli  informasiyanın böyük rolu vardır. Bu baxımdan Təhsil Nazirliyində 2008-ci ilin sentyabr ayından etibarən həyata keçirilən "Məktəb-TİMS" proqramı təhsilin keyfiyyətli  idarəedilməsi  üçün imkan yaradır. İl ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin TİMS sektoru proqramın dörd bölməsi-məktəb, kadr, şagird və üM-1 hesabatı üzrə məlumatların toplanmasını başa çatdırmaqla keyfiyyətli informasiya təminatını yarada bildi.

Son illərdə İKT ilə təminatın yaxşılaşması sayəsində  bu məqsədlə qəbul edilmiş Dövlət Proqramı məktəblərimizdə müvəffəqiyyətlə həyata keçirilir. Hər 29 şagirdə 1 kompüter nisbətinin təmini dərslərin, hətta məktəbin elektronlaşdırılması işində sürətli inkişafa səbəb olmuşdur. 23 nömrəli məktəbdə uğurla sınaqdan çıxan "Elektron məktəb" layihəsində indi 20 və 220 nömrəli məktəb-liseylər, 7, 8, 23, 60, 134, 160, 245 nömrəli məktəblər iştirak edir.

 

Başlıca məqsədimiz keyfiyyətli təhsilə nail olmaqdır

 

Ən başlıca məqsədimizin təhsilin keyfiyyətinin yüksəldilməsi olduğunu nəzərə alaraq, ilk növbədə, təhsil müəssisələrində təhsil mühitinin yaradılması, təhsilalan və təhsilverən arasında səmimi və şəffaf münasibətin qurulması, maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində kifayət qədər iş görülmüş və görülməkdədir. Yuxarıda qeyd etdiyim hədəflərə çatmaq,  dünya standartları səviyyəsində keyfiyyətli təhsil nəticələrinə nail olmaq üçün mövcud potensialı hərəkətə gətirmək cari ildə fəaliyyətimizin başlıca prinsipini təşkil etmişdir.

"Bəs keyfiyyətli təhsilin meyarları hansıdır" sualına cavab üçün müxtəlif parametrlər üzrə qazanılmış nailiyyətlərə diqqət yetirək:

İlk növbədə, onu qeyd edim ki, təhsil sahəsində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi təhsilin keyfiyyətinə kifayət qədər müsbət təsir etməklə məktəblərdə şagird biliyinin qiymətləndirilməsində subyektivizm hallarının aradan qaldırılmasına xidmət etmişdir.

Nəticədə şagirdlərin dərsə davamiyyəti sahəsində yol verilmiş nöqsanlar aradan qaldırılmış, ümumi icbari təhsilin həyata keçirilməsi  sahəsində əməli tədbirlər görülməklə uşaqların təhsildən yayınması halları minimuma endirilmişdir.

Əsas təhsili başa vuran gənclərin orta və peşə təhsilinə cəlb olunması işi yaxşılaşmışdır.

Təhsil islahatının müsbət nəticələrindən biri kimi məzunların bilik səviyyəsi yüksəlmiş, onların qəbul imtahanlarında göstərdikləri nəticələr respublika səviyyəsindən yuxarı olmuşdur.

2009-2010-cu dərs ili üçün  ali məktəblərə tələbə qəbulunda hər il olduğu kimi, Bakı məktəbləri məzunlarının xüsusi çəkisi artmışdır. Belə ki, 2009-cu ildə məzunlarımızın 42,17 faizi tələbə adını qazanmışdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu rəqəm keçən il 39,50 faizə bərabər olmuşdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsi yarandığı son üç ildə bu parametr üzrə artım təqribən 8 faizdir. Sevindirici haldır ki, son 3 ildə respublika üzrə ən yüksək göstəricilər Bakı şəhərinə məxsusdur. Bakı şəhəri məzunlarının orta balı da respublika üzrə orta göstəricidən 30 bal  yuxarıdır.

Xüsusi istedada malik uşaqların istedadının aşkara çıxarılması və inkişaf etdirilməsi də fəaliyyətimizin əsas istiqamətlərindən biri olmuşdur. çünki istedadlar milli sərvətdir. Bu sərvətin qorunması və düzgün istiqamətləndirilməsi hər bir təhsil işçisinin borcudur.

Məlumdur ki, fənn olimpiadaları istedadlı şagirdlərin üzə çıxarılmasında, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsində mühüm rol oynayır. Həmişə olduğu kimi, ötən dərs ilində də olimpiadalar yüksək səviyyədə keçirilmişdir. Bunu olimpiadanın respublika turunda şagirdlərimizin göstərdiyi yüksək nəticələr sübut edir. Belə ki, 2006-cı ildə qalib şagirdlərimizin sayı 48, 2007-ci ildə 69 nəfər olduğu halda, 2008-ci ildə bu rəqəm 92-yə, 2009-cu ildə isə 105-ə çatmışdır.

Belə müsbət dinamika aparılan məqsədyönlü və ardıcıl işin nəticəsidir.

Ən başlıca cəhət isə təhsil islahatının əsas tələbinə uyğun olaraq təhsilin nəticəyönümlü və tətbiqyönümlü istiqamət üzrə inkişaf etdirilməsi istiqamətində aparılan işin səmərəli nəticə verməsidir.

Son üç ildə yeni pedaqoji texnologiyaların və innovasiyaların pedaqoji prosesə tətbiqi işi təkmilləşdirilmiş, müəllimlərin yaradıcı fəaliyyəti istiqamətləndirilmiş, interaktiv təlim metodu ilə işləyən müəllimlərin qabaqcıl təcrübəsi ümumiləşdirilərək yayılmışdır.

Qabaqcıl təcrübənin təşviq edilməsi, dünya təhsil sisteminin yaxşı nümunələrinin tətbiqinə, öyrənilməsinə və təbliğinə münbit şəraitin yaradılması  müəllimlər tərəfindən rəğbətlə qarşılanmış və bu sahədə ciddi inkişaf meyilləri özünü qabarıq şəkildə göstərmişdir. İndi bu cür yeni təlim texnologiyalarını, inteqrativ təlimi öz işində tətbiq edən müəllimlərimiz yüzlərlədir.   

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində Bakı şəhəri məktəblərinin müəllimlərinin nəticələri ürəkaçan olmuşdur. Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Bakı şəhərinin  24 məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi", 41 nəfər müəllim isə "Ən yaxşı müəllim"  adına layiq görülmüşlər. Sevindirici nailiyyətdir ki, 50 qalib məktəbin 24-ü Bakı şəhərinin məktəbləridir. 2008-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 42 və 14 olmuşdur. Bu nəticələr göstərir ki, Bakı təhsilində ciddi inkişaf var. Əlbəttə ki, yalnız yaxşı müəllim olan yerdə keyfiyyətli təhsildən danışmaq olar.

 

Valideyn-Müəllim Assosiasiyaları təhsilə dəstək verir

 

2009-cu ildə təhsildə demokratik islahatların dərinləşdirilməsi, məktəblərin müstəqilliyinin artırılması ilə yanaşı, tədrisə nəzarət prosesinin təkmilləşdirilməsi sahəsində də yeni forma və metodların tətbiqi ilə kifayət qədər uğurlu nəticələrə nail olundu.  Görülmüş tədbirlərin nəticəsi olaraq indi hər bir müəllim məktəbin idarəedilməsində iştirak edir. Valideyn-Müəllim Assosiasiyaları məktəbdə təhsilin inkişafına, mənəvi-psixoloji iqlimin sağlamlaşdırılmasına əməli töhfələrini verir. Təhsilə ictimai nəzarətin səviyyəsi də yüksəkdir. İctimai nəzarətin tətbiqi ilə daha bir müsbət nəticəyə - icma-məktəb münasibətlərinin sağlam əsaslarla formalaşdırılmasına nail ola bildik. VMA-nın köməyi və bilavasitə iştirakı ilə məktəblərin həm maddi-texniki təchizatının yaxşılaşdırılması baxımından müsbət  işlər görüldü, həm təhsilin keyfiyyətinə nəzarət artdı, həm də əsassız söz-söhbətlərə son qoyuldu. İndi məktəblərin əksəriyyətində VMA fəaliyyət göstərir.

 

Məktəbəqədər təhsil sahəsi diqqət mərkəzindədir

 

Möhtərəm Prezidentimiz İlham Əliyevin "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" konseptual fikrinin əsasında, ilk növbədə, keyfiyyətli təhsil, cəmiyyətin yüksək intellektual səviyyəsi dayanır. Təhsilin ilkin pilləsi və bünövrəsi məktəbəqədər təhsildən başlayır. Ona görə də bu sahənin inkişafını dünya standartları səviyyəsinə çatdırmağı qarşıya məqsəd qoymuşuq. 2009-cu ildə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlərin nəticəsi kimi 19 məktəbəqədər müəssisədə əsaslı təmir işləri aparılmış, müəssisələrin maddi-texniki bazası tam yeniləşdirilmiş, müasir tələblərə cavab verən mebellərlə, avadanlıqlarla təchiz olunmuşdur. Bakı Şəhəri üzrə  Təhsil İdarəsi tərəfindən  14 müəssisədə cari təmir işləri aparılmış, istilik sistemləri, dam örtükləri, hasarlar, təmirə böyük ehtiyacı olan müəssisələrin mətbəxləri, sanitar qovşaqları təmir edilmişdir. Məlumdur ki,  məktəbəqədər müəssisə, ilk növbədə, tərbiyə, təlim və inkişaf mərkəzinə çevrilməli, hamı üçün əlçatan olmalıdır. Bizim gələcək planlarımızın əsasını da bu ideya təşkil edir və fəaliyyətimizi bu istiqamətə yönəltmişik. Növbəti ildə  bütün imkanların səfərbər edilməsi, məktəbəqədər təhsilin inkişafına yönəlmiş layihələrin tətbiqi ili olacaqdır.

Məktəbəqədər təhsilin məzmunca yeniləşdirilməsi istiqamətində aparılan işlər sırasında müəssisələrə 24 adda uşaq ədəbiyyatı və  76 adda əyani vəsaitin verilməsini qeyd etmək istərdim. İl ərzində pedaqoji işçilərin metodik səviyyəsinin inkişaf etdirilməsi məqsədilə 30 seminar, treninq və müşavirələr keçirilmişdir. Dekabrda məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün "Əmək qanunvericiliyi və ondan irəli gələn vəzifələr" mövzusunda keçirilən silsilə seminarlar ciddi ictimai dəstək qazanmışdır. Gələn ildə də bu prosesi davam etdirmək, onun əhatə dairəsini genişləndirmək niyyətindəyik. O şey ki təhsilə, onun keyfiyyətinə azca da olsa müsbət təsir göstərir, biz ondan mütləq yararlanacağıq.

 

Məktəbdənkənar təhsil tərbiyə prosesində mühüm amildir

 

Təhsil sistemində özünəməxsus yeri olan məktəbdənkənar təhsil müəssisələrinin tərbiyə prosesində mühüm rolunu nəzərə alan təhsil idarəsi həmişə olduğu kimi, 2009-cu ildə də  bu sahənin inkişafına diqqət yetirmişdir.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 48 məktəbdənkənar təhsil müəssisəsi, o cümlədən 19 idman məktəbi, 14 uşaq yaradıcılıq mərkəzi, 8 texniki yaradıcılıq mərkəzi, 3 məktəbdənkənar tərbiyə işi mərkəzi, 3 ekoloji tərbiyə və təcrübəçilik mərkəzi və 1 gənc turistlər və diyarşünaslıq mərkəzi    fəaliyyət göstərir.Mövcud potensialdan səmərəli istifadə, uşaq idmanının inkişafına diqqət öz bəhrəsini vermişdir.

Sona çatmaqda olan 2009-cu il bu sahədə qazanılan nailiyyətlərlə zəngin olmuşdur. Belə ki,  1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Eytiyatları Şahmat - Dama İdman Məktəbi 2009-cu ilin iyununda Bolqarıstanda məktəblilərin komanda üzrə Avropa çempionatında I yerə layiq görülüb. Məktəbin  yetirməsi 16 yaşlı Murad Quliyev şahmat üzrə respublika olimpiadasında II yerə layiq görülərək dünya olimpiadasına vəsiqə alıb. Gənc şahmatçı Nərmin Kazımovanın nəticələri də ürəkaçandır. Nərmin Antalyada keçirilən dünya çempionatında III-IV yerləri bölüşdürmüş, 16 yaşlı yeniyetmələrin olimpiadasında isə I yeri tutmuşdur.

Ən yüksək nəticəni isə məktəbin daha bir yetirməsi - Günay Məmmədzadə göstərmişdir. 9 yaşlı Günay noyabrda Türkiyənin Antalya şəhərində keçirilən dünya birinciliyində  birinci yeri tutaraq dünya çempionu adına layiq görülmüşdür.

Daha bir məktəbdənkənar təhsil müəssisəsinin 13 nömrəli OEUGİM-nin 2009-cu ildə qazandığı uğurlar da ürəkaçan olmuşdur. İdmanın akrobatika gimnastikası, cüdo, həndbol, boks, otüstü xokkey və futbol bölmələrinin fəaliyyət göstərdiyi bu idman məktəbinin yetirmələrinin 2009-cu ildə Azərbaycan və Avropa turnirlərində qazandığı yüksək nəticələr hamının ürəyincə olmuşdur.

Əvvəlki illərlə müqayisədə 2009-cu ildə idman məktəblərində yüksək dərəcəli idmançıların hazırlanması səviyyəsi artmışdır. Belə ki, 7 nəfər idman ustası, 113 nəfər idman ustalığına namizəd hazırlanmış, 252 idmançıya I , 2627 idmançıya isə II və  III idman dərəcələri verilmişdir.

Qeyd olunan sərəncama uyğun olaraq uşaq futbolunun inkişafı da diqqət mərkəzindədir. Belə ki, bu il futbol bölmələrinin yaradıldığı 13, 15 və 19 nömrəli idman məktəblərində bu istiqamətdə ciddi işlər aparılır və yaxın gələcəkdə biz bunun nəticələrini görmək ümidindəyik.

Məktəblilərin vətənpərvərlik ruhunda, tariximizə və tarixi şəxsiyyətlərimizə hörmət ruhunda tərbiyə edilməsi sahəsində ənənə şəklini almış müsabiqələrin də çox böyük əhəmiyyəti var. Bu mənada hər il olduğu kimi, 2009-cu  ildə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birlikdə ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş "Azərbaycan - dünyam mənim" müsabiqəsi böyük maraq doğurmuşdur. 45 min məktəblinin qatıldığı bu müsabiqə istedadların üzə çıxarılmasında mühüm addım olmuşdur. Müxtəlif nominasiyalar üzrə 3 mərhələdən ibarət müsabiqə əsl istedad yarışı, mənəvi tərbiyə məktəbi olmuşdur.

Təbiidir ki, birillik fəaliyyətimizi bir qəzet məqaləsində tam və ətraflı təhlil etmək bir qədər çətindir. Mən başlıca olaraq əsas məsələlərə toxunmaqla Azərbaycan təhsilinin, onun əsas ağırlıq mərkəzi olan Bakı təhsilinin inkişafına qısa nəzər saldım. Sözsüz ki, müvəffəqiyyətlərimizlə yanaşı, nöqsan və problemlərimiz də oldu. Lakin amal və məqsəd aydın olanda, yaradıcı iş əzmi ilə işləyəndə problemdən yox, gələcək qələbələrdən, yüksək nəticələrdən danışmağa dəyər. Bizim də yolumuz aydın, amalımız xalqa xidmət etməkdir. 2010-cu ili bu amalla, bu məqsədlə qarşılayan Bakının pedaqoji ictimaiyyəti keyfiyyətli təhsil uğrunda mübarizəsini davam etdirmək əzmindədir.

Son olaraq bütün xalqımızı qarşıdan gələn iki bayram - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, hər bir ailəyə firavanlıq arzulayıram.

 

 

 Nailə RZAQULİYEVA

 

Azərbaycan müəllimi.- 2009.- 31 dekabr.- S.4.