"Azərbaycan məktəbi" jurnalının 85 illiyinə həsr olunmuş tədbir

 

Dekabrın 29-da Təhsil Nazirliyində "Azərbaycan məktəbi" jurnalının  85 illik yubileyi ilə əlaqədar  tədbir keçirildi. Tədbirdə nazirliyin bütün aparat işçiləri ,Azərbaycanın tanınmız ziyalıları və KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov  açaraq bildirdi ki, bu gün buraya  bir əsrə yaxın şərəfli  ömür  sürmüş, Azərbaycanın maarif, təhsil, pedaqoji fikir və milli mətbuat səhifələrində öz dəst- xətti ilə seçilən "Azərbaycan məktəbi"  jurnalının 85 illik yubileyinin keçirilməsi üçün toplaşmışıq.Hesab edirəm ki, "Azərbaycan məktəbi"nin yubileyi təhsilimizin tarixində əhəmiyyətli  hadisədir, həm də təhsilimizin mühüm, mürəkkəb bir dövrünü xatırladan şərəfli səhifələrdən biridir.

Azərbaycan təhsil sisteminin, Azərbaycan  maarifçiliyi və pedaqoji fikrinin daşıyıcısı olan pedaqoji mətbuatımızın ön sıralarında gedən " Azərbaycan məktəbi"nin əvəzsiz xidmətləri təhsilimizin tarixinin ayrılmaz  tərkib hissəsidir, deyən təhsil  naziri Misir Mərdanov on il bundan əvvəl jurnalın 75 illik yubileyinin təntənəli şəkildə keçirildiyini vurğuladı. İki yubileyi ayıran onillik zaman kəsiyində müstəqil Azərbaycan dövləti sürətlə inkişaf etmiş, dünya ölkələri sırasında özünəməxsus layiqli yer tutmuşdursası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident  İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət  nəticəsində ölkəmizdə siyasi sabitlik və iqtisadiyyatın dinamik inkişafı bərqərar  olmuş, respublikada aparılan əsaslı, düşünülmüş islahatlar öz bəhrəsini vermiş və bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi dəyişikliklər əmələ gəlmişdir.

Təhsil naziri Misir Mərdanov  onu da qeyd etdi ki, 85 il sərasər Azərbaycan maarifinin, təhsilinin problemlərini öz  üzərinə götürən, böyük pedaqoq alimlərin, qabaqcıl maarif fədailərinin köməyilə elm, maarif ziyasını Azərbaycan pedaqoji ictimaiyyəti arasında yaymaq kimi şərəfli yol keçən "Azərbaycan məktəbi" jurnalı bu günə kimi  həmişə öz stabil mövqeyi ilə gənc mətbuat orqanlarımız üçün örnək olmuşdur.

Təhsil naziri Misir Mərdanov bu yubiley münasibətilə "Azərbaycan məktəbi" jurnalının əməkdaşlarını təbrik etdi və redaksiya heyətinin  qarşısında durun vəzifələrdən söz açdı.

Sonra "Azərbaycan məktəbi" jurnalının  baş redaktoru, filologiya elmləri namizədi, əməkdar müəllim  Nəcəf Nəcəfov çıxışında dedi ki, "Azərbaycan məktəbi"  jurnalı   ölkənin ən mürəkkəb  zamanlarında təhsilimizə dayaq olmuş, pedaqogikamızın, məktəbimizin keşiyində  duraraq onu yad təsirlərdən qoruyub saxlamaq əzmindən geri çəkilməmişdir.

Bildirməliyəm ki, indiyədək "Azərbaycan məktəbi" jurnalına Rüstəm Hüseynov, Əkbər Mirzəyev, Əjdər Ağayev və Zəhra  Əliyeva kimi respublikanın tanınmış ziyalıları başçılıq etmişlər.

Bu gün də "Azərbaycan məktəbi" jurnalı yüzlərlə müəllimin dostu, həmkarı olmaqla, həm də yeni fikirlərin, qabaqcıl təcrübənin, innovasiyalar və texnologiyaların təbliğatçısı və tədqiqatçısı kimi fəaliyyət  göstərir.

Tədbirdə iştirak edən  pedaqoji  elmlər doktoru, professor Ə.Ağayev, pedaqoji elmlər doktoru, professor Y.Kərimov, akademik Hhmədov  və başqaları da "Azərbaycan məktəbi" jurnalının 85 illik yubileyi münasibətilə  öz ürək sözlərini dedilər və jurnalın bütün əməkdaşlarını yubiley münasibətilə təbrik etdilər.

Sonda təhsil naziri Misir Mərdanov yubiley münasibətilə "Azərbaycan məktəbi" jurnalının baş redaktoru Nəcəf Nəcəfova, baş redaktorun müavini Nəsrəddin Musayevə respublikanın "Qabaqcıl  təhsil işçisi" döş nişanını və  bir qrup  əməkdaşa isə  Fəxri fərmanlar təqdim etdi. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.- 31 dekabr.-S.3.