Müasir təhsil konsepsiyasının inkişafında yeni təfəkkür dərslərinin rolu

 

Təhsilin modernləşdirilməsinin məqsədi təhsil sisteminin davamlı inkişaf mexanizminin yaradılmasından ibarətdir. Bu mexanizmin əsas məqsədi şagirdlərin təbii imkanlarını reallaşdırmaqla onların idrak fəallığına nail olmaq və təhsilin fundamentallığını saxlamaqla yetişməkdə olan gənc nəslin hərtərəfli formalaşdırılmasını təmin etməkdir.

Ənənəvi təlim şagirdlərə hazır biliyin verilməsinə əsaslanır, yerli-yersiz hafizə prosesləri ilə şərtlənirdi. Ənənəvi təlimin bir düsturu var idi: şagirdlərə hazır bilik vermək.

XX əsrin 60-70-ci illərinin pedaqoji psixologiyasında "oxumağı öyrətmək" kimi yeni düstur səslənsə də, bu məsələ sistemli araşdırılmadı.

Müasir təhsil konsepsiyasının inkişafı "oxumağı öyrətmək" strategiyasına əsaslanır. "Oxumağı öyrətmə" strategiyasının əsas komponenti "öyrətmənin motivləri"dir.

Bilirik ki, təlim prosesi müəllimin öyrətmə və şagirdin öyrənmə fəaliyyəti kimi 2 tərəfin dialektik birliyindən ibarətdir. Təlim prosesinin effekti o zaman yüksək olur ki, müəllimin öyrətmə fəaliyyəti öz əksini şagirdlərin öyrənmə fəaliyyətində tapsın, müəllim özünü şagirdlərində yaşada bilsin, onları həvəsləndirərək,düşündürərək lazımi nəticəni şagirdlərin özlərindən alsın.

"Öyrənmənin motivləri" problemi Uşinskinin, Dobrolyubovun, Pisaryevin və keçmişin digər pedaqoqlarının vaxtı ilə böyük qiymət verdikləri mürəkkəb bir psixoloji-pedaqoji problemdir ki, öyrənmənin nəticəsi məhz bundan asılıdır.

XXI əsr təhsil əsridir. Təhsilin modernləşdirilməsi ilə əlaqədar olaraq yeni (təhsil) pedaqoji təfəkkür bərqərar olmuşdur. Onun köklü problemlərindən biri özünəməxsus parametrləri olan fikirləşmək problemi ilə bağlıdır. Şagirdlərə fikirləşməyi öyrətmək müasir məktəb üçün prioritet missiyadır. Müasir təlim texnologiyaları məhz bu meyarlara əsaslandığı üçün hər bir müəllimdən xüsusi metodiki, pedaqoji və psixoloji hazırlıq tələb edir. Belə ki, əvvəlcə müəllimin özü fikirləşməyi bacarmalıdır. Əgər müəllim fikirləşə bilirsə, özünün "fikir dərsləri" ilə seçilirsə, necə deyərlər, mütəfəkkirdirsə, bu, XXI əsr məktəbi üçün, bilavasitə şagird üçün psixoloji sərvətdir.

Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu gün şagirdləri "nə" deyil, "necə" sualı daha çox maraqlandırır. Onları məhz "necə" sualı ilə düşündükdə fikirləri qol-qanad açır, pərvazlanır, fikri prosesləri vüsətlə qaynaqlanır.

Mən ədəbiyyatdan hər hansı bir mövzunu keçərkən şagirdləri düşündürmək məqsədi ilə Sokrat üsulundan, yəni evristik müsahibədən istifadə edirəm. Bir-birindən doğan düşündürücü suallar mənə mövzunu şagirdlərin özlərindən almağa kömək edir.

Sualların qoyuluşu, nəticələrin çıxarılması, mətni başa düşmək üçün çətin sözlərin mənasının izahı, mətni bitkin hissələrə ayıraraq planın tərtib olunması, materialın sonrakı məzmununun müəyyənləşdirilməsi, səhv cavabların izah olunması və onların islah edilməsi, əsərdəki surətlər aləminin şagirdlər tərəfindən klaster üsulu ilə göstərilməsi, surətlərin   Uenn diaqramı vasitəsi ilə oxşar və fərqli cəhətlərinin müqayisəli təhlili, mövzu ilə bağlı esse yazdırılması və s. Müasir təfəkkür dərslərinin psixopedaqoji parametrləri təhsil konsepsiyasının inkişafında mühüm rol oynayır.

 

 

Dürdanə ADIGÖZƏLZADƏ

 

Azərbaycan müəllimi.-2009.-4 dekabr.-S.3.