Tanınmış alim və elm təşkilatçısı
Hər bir insan öz
əməlləri və
fəaliyyəti ilə
həyatda iz qoyur, hörmət və nüfuz qazanır. Belə insanlardan biri
də bütün həyatını gənc
nəslin təlim-tərbiyəsinə,
ixtisaslı mütəxəssis
kimi yetişməsinə,
iqtisad elminin inkişafına həsr edən iqtisad elmləri doktoru, professor Asif İsmayıl oğlu Şirəliyevdir.
70 illik ömür
yolu keçmiş Asif müəllim iqtisad elminin zənginləşdirilməsində özünəməxsus rolu,
problemlərə münasibəti,
tədqiqat və ümumiləşdirmə metodu,
dərin elmi-fəlsəfi
məntiqi olan tədqiqatçılardandır. O, çoxsaylı məqalə,
monoqrafiya və dərs vəsaitinin, o cümlədən MDB ölkələrində,
Misirdə, İranda, Türkiyədə və digər ölkələrdə
nəşr olunmuş
elmi əsərlərin
müəllifidir.
Şəxsiyyətinə və elmi fəaliyyətinə yaxından
bələd olduğumuz
Asif Şirəliyev zəngin bir ömür yolu keçmişdir. Səmimi
insan, qayğıkeş
müəllim, dəyərli
tədqiqatçı və
alim olan Asif müəllim 1939-cu il dekabrın
19-da Şərur rayonunun
Düdəngə kəndində
dünyaya göz açmışdır. Orta
təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində ali
təhsil almış
və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Bakı Ali Partiya Məktəbinin rus bölməsini də fərqlənmə diplomu ilə başa vuran Asif müəllim 1970-ci ilədək Naxçıvan
Muxtar Respublikasında
komsomol, partiya və həmkarlar təşkilatlarında müxtəlif
vəzifələrdə işləmişdir.
Lakin elmə olan böyük marağı və yüksək tədqiqatçılıq istedadı
onu əmək fəaliyyətinin əsas
hissəsini məhz bu sahəyə sərf etməyə sövq etmişdir.
Hələ gənc yaşlarından onun müxtəlif mövzularda məqalələri
mətbuatda dərc olunmuşdur. 1971-ci ildən
Naxçıvan Dövlət
Pedaqoji İnstitutunda müəllimlik etməklə
yanaşı, həm də elm sahəsində
ilk addımlarını atmağa
başlamışdır. Belə ki, 1971-1975-ci illərdə
indiki Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında
siyasi iqtisad ixtisası üzrə təhsil almış və namizədlik dissertasiyası üzərində
işləməyə başlamışdır.
Asif müəllimin elmi bacarığı və çalışqanlığı sayəsində dissertasiya işi tezliklə müdafiəyə təqdim
edilmiş və
1976-cı ildə o, həmin
universitetin ixtisaslaşdırılmış
müdafiə şurasında
müvəffəqiyyətlə müdafiə edərək
iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq
görülmüşdür.
Ali məktəbdə müəllim
kimi səmərəli
fəaliyyəti, elmi-tədqiqat
işlərinin müsbət
nəticələri, təşkilatçılıq
qabiliyyəti nəzərə
alınaraq A.Şirəliyev
1979-cu ildən etibarən
Siyasi iqtisad kafedrasının müdiri
vəzifəsinə irəli
çəkilmişdir. 1984-cü ildən
dosent, 1990-cı ildən
isə hələ elmlər namizədi ikən SSRİ Ali Attestasiya
Komissiyasının qərarı
ilə professor elmi adına layiq
görülən alim
uzun illər ərzində - 2004-cü ilədək
Naxçıvan Dövlət
Universitetinin İqtisadi
nəzəriyyə, İqtisadiyyat
və tənzimlənmə
kafedralarının müdiri
vəzifələrində çalışmışdır.
Həmin
ildən bu günədək isə Asif müəllim universitetin ən böyük fakültələrindən
birinə - İqtisad fakültəsinə rəhbərlik
edir.
Yorulmaz tədqiqatçı kimi Asif müəllimin elmi axtarışlarının
istiqamətləri dövrün
ən aktual nəzəri iqtisadi problemlərini əhatə
edir. Lakin alimin çoxcəhətli
elmi axtarışlarının
mərkəzində aqrar-sənaye
kompleksində iqtisadi mənafelər problemi dayanır. Təsadüfi deyil ki, uzun illər iqtisadi mənafelər sahəsində elmi-tədqiqat
işlərini davam etdirən alim bu mövzuda doktorluq dissertasiyasını
Moskva Dövlət Universitetinin Elmi Şurasında təsdiq etdirmiş, tamamlayaraq
2000-ci ildə Azərbaycan
Dövlət İqtisad
Universitetində uğurla
müdafiə etmiş
və iqtisad elmləri doktoru alimlik dərəcəsinə
layiq görülmüşdür.
Asif müəllimin araşdırmalarının
çoxşaxəli olması
onun elmi biblioqrafiyasından da aydın görünür. ümumilikdə, 170-dən çox elmi məqalə və tezisin, 38 monoqrafiya, dərs vəsaiti və metodik vəsaitin müəllifi olan Asif müəllimin
tədqiqat obyekti genişdir. Alim iqtisadi nəzəriyyənin
bir sıra problemlərinin - məhsuldar
qüvvələrin yerləşdirilməsi
və regionların iqtisadiyyatı, aqrar-sənaye
kompleksində qarşılıqlı
iqtisadi münasibətlər
və əlaqələr,
gəlirlərin formalaşdırılması
və bölüşdürülməsi,
bazar iqtisadi sisteminin qanunauyğunluqları,
iqtisadi mənafelər,
bazar və bazar mexanizmi, aqrar istehsalın təşkilinin yeni formaları, kəndli təsərrüfatlarının səmərəliliyi məsələləri
və s. tədqiqi yönümündə sanballı,
elmi-nəzəri və
praktiki əhəmiyyəti
olan monoqrafiyalar, dərs vəsaitləri, əlaqədar mövzuların
tədrisi ilə bağlı metodik vəsaitlər, sahibkarlar və iş adamları üçün
əməli vəsaitlərin
müəllifidir. Onun tərəfindən
istehsalın səmərəliliyinin
yüksəldilməsinə dair verilmiş onlarca təklif və tövsiyə təcrübədə geniş
istifadə edilir.
Asif müəllim dövrün
ən aktual problemləri ilə bağlı respublikamızda
və xaricdə keçirilən mötəbər
elmi tədbirlərdə
məruzələr, mətbuatda
və televiziyada vaxtaşırı çıxışlar
edir.
Nəinki bazar iqtisadiyyatının tələblərinə
cavab verən ali təhsilli
mütəxəssis hazırlığında,
eləcə də elmi kadrların yetişdirilməsində də
Asif müəllimin əməyi böyükdür.
Onun rəhbərliyi və məsləhətçiliyi ilə
8 elmlər namizədi,
2 elmlər doktoru yetişmişdir. O, həmçinin
6 nəfərin doktorluq
dissertasiyası üzrə
rəsmi opponent olmuşdur.
Hazırda 4 iddiaçının elmi rəhbəridir.
Asif müəllim ictimai fəaliyyəti ilə də respublikamızda öndə gedən ziyalılardandır. Bir sıra nüfuzlu komissiyaların və elmi qurumların, o cümlədən AMEA İqtisadiyyat
İnstitutunda fəaliyyət
göstərən İqtisadiyyat
üzrə Əlaqələndirmə
Şurasının, Naxçıvan
MR Aqrar İslahat Komissiyasının, AMEA Naxçıvan
bölməsində fəaliyyət
göstərən Dissertasiya
Şurasının, NDU Elmi
Şurasının, universitetdə nəşr olunan "Elmi əsərlər"
jurnalının redaksiya
heyətinin üzvüdür.
Ətrafında olan insanlara daim diqqət və qayğı göstərmək amalı
cəmiyyətdə ona
böyük nüfuz qazandırmışdır. Asif müəllim
ictimaiyyət içərisində
yaxşı tanınır.
Ensiklopedik biliyi, möhkəm
yaddaşı, adamlarla
tez ünsiyyət qurmaq bacarığı, mülayim xarakteri onun insanlar arasında
özünəməxsus imicini
formalaşdırmışdır. Asif müəllimin bu xüsusiyyətləri onun
respublikada ziyalılar
ailəsi kimi tanınan, 11 elmlər doktoru və namizədi yetirmiş Şirəliyevlər ailəsinə
xas olan alimlik istedadı ilə tamamlanır.
A.Şirəliyevin çoxillik səmərəli
elmi-pedaqoji fəaliyyəti
dövlətimiz tərəfindən
layiqincə qiymətləndirilmişdir. Müxtəlif vaxtlarda o, Naxçıvan
MSSR Ali Soveti Rəyasət
Heyətinin, üİLKGİ
MK-nın, Naxçıvan
MSSR Təhsil Nazirliyinin
Fəxri fərmanları
ilə təltif edilmişdir. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin sərəncamı
ilə "Tərəqqi"
medalına layiq görülməsi Asif Şirəliyevin əməyinə
verilən yüksək
qiymətin ifadəsidir.
Alim hazırda ömrünün
müdriklik çağını
yaşayır. Ulu Tanrıdan yeddi
övlad, doqquz nəvə payı var. Həyatını elmin, təhsilin inkişafına
həsr edən dəyərli ziyalı Asif Şirəliyevi irəlidə yeni uğurlar gözləyir.
70 illik yubileyi
münasibətilə Asif
müəllimi təbrik
edir, ona uzun ömür və cansağlığı
arzulayırıq.
Ağarza RÜSTƏMOV,
Müslüm CABBARZADƏ
Azərbaycan müəllimi.-2009.-11
dekabr.-S.6.