Samuxda yeni məktəb binası istifadəyə verilib

Samux rayonunun Sarıqamış kəndində 200 şagird yerlik məktəb binası istifadəyə verilib. Yeni təhsil müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü və Polşanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə inşa olunub.

Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət edildikdən sonra Sarıqamış kəndində məktəbin açılışı olub. Açılış mərasimində çıxış edənlər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Polşa səfirliyinə ucqar kənddə müasir tipli təhsil ocağının inşasına görə minnətdarlıqlarını bildiriblər.

Rəmzi qırmızı lent kəsildikdən sonra Heydər Əliyev Fondunun icraçı direktoru A.Ələkbərov, Polşanın ölkəmizdəki səfiri K.Krayevski və mərasim iştirakçıları məktəblə tanış olublar.

 

Azərbaycan müəllimi.-2009.- 6 fevral.-S.1.