Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarı
ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının
ümumi təhsil
sistemində qiymətləndirmə
konsepsiyası
1. Giriş
Hazırda Azərbaycan Respublikasında bir çox sahələrdə
olduğu kimi, təhsil sahəsində də köklü
islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi
cəmiyyətin ehtiyac və tələbləri nəzərə
alınmaqla təhsilin keyfiyyətini yüksəltmək və
onun inkişafını təmin etməkdir. Bununla əlaqədar
təhsilin keyfiyyətini şərtləndirən amillərə,
ilk növbədə, təhsilin məzmununa, müəllim hazırlığına
və qiymətləndirmə sistemlərinə yenidən baxılması
zərurəti yaranmışdır.
Yeni qiymətləndirmə sisteminin hazırlanması Təhsil
Sektorunun İnkişafı Layihəsində prioritet istiqamətlərdən
biri kimi müəyyən olunmuşdur. Təlim və tədris
prosesinin təkmilləşdirilməsi, ölkə üzrə
şagirdlərin nailiyyətləri barədə obyektiv məlumatların
əldə edilməsi, habelə dövlət təhsil
standartlarının monitorinqinin həyata keçirilməsi
üçün müasir qiymətləndirmə mexanizmlərinin
yaradılması mühüm vəzifə kimi irəli sürülür.
Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində
əsas göstərici şagirdin təlim nəticələri
olduğundan, həmin nəticələrin obyektiv qiymətləndirilməsi
də keyfiyyəti üzə çıxaran ən etibarlı
mənbə hesab olunur.
Azərbaycan Respublikasının ümumi təhsil
sistemində Qiymətləndirmə Konsepsiyası (bundan sonra -
Konsepsiya) ölkədə yaxın illər ərzində təhsildə
qiymətləndirmə məsələləri ilə bağlı
tədbirləri idarə etmək üçün nəzərdə
tutulmuşdur. Sənədin əsas məzmunu qiymətləndirmə
fəaliyyətinin qanuniliyini təmin edən prinsiplərin müəyyənləşdirilməsinə,
bu fəaliyyətin aparıcı istiqamətlərinin təyin
edilməsinə, qiymətləndirmə tədbirlərini həyata
keçirən qurumların sosial statusunun gücləndirilməsinə,
qiymətləndirmədən təlim və tədrisin
ehtiyaclarını ödəmək üçün istifadə
edilməsinə yönəldilmişdir. Bu sənəd çərçivə
sənədi kimi, Azərbaycan Respublikasının Təhsil
Qanununun, Azərbaycan Respublikasının Təhsil sahəsində
İslahat Proqramının tələblərinə və dövlətin
təhsil siyasətinə, qiymətləndirmənin müasir
dünya standartlarına uyğun hazırlanmışdır və
yeni qiymətləndirmə sisteminin prinsipləri
üçün baza rolunu oynayır. Sənəddə məktəbdaxili,
milli və beynəlxalq qiymətləndirmənin əsas
prinsipləri və fəaliyyət sahələri şərh
edilir. Konsepsiyada qiymətləndirmə növlərinin hər
birinin etibarlılığını və effektivliyini təmin
etmək üçün dəqiq qaydalar və əsasnamələr
formasında əlavə sənədlərin hazırlanması
da nəzərdə tutulur.
Konsepsiya Azərbaycanda ümumi təhsilin müasirləşdirilməsi
və yeniləşdirilməsi məqsədi ilə hazırlanmış
Milli Kurikulum çərçivə sənədi ilə bilavasitə
əlaqəlidir və onun tərkib hissəsini təşkil
edir. Qiymətləndirmə mexanizmlərinin və vasitələrinin
yaradılması təhsilin məzmun standartları və fənn
kurikulumları hazırlandıqdan sonra növbəti mərhələlər
hesab olunur.
1.2. Müasir dövrdə qiymətləndirmə fəaliyyətinə
qoyulan tələblər
Yeni qiymətləndirmə sistemi aşağıdakıları
təmin edir:
təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsini;
təhsilin keyfiyyəti üçün əsas göstərici olan "şagirdin təlim nəticələri" haqqında etibarlı məlumat verilməsini;
qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılmasını;
təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsi funksiyasını;
qiymətləndirmədə yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət etməsini.
1.3. Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində mövcud olan problemlər
Hazırkı qiymətləndirmə sisteminin təhlili zamanı aşkara çıxarılan problem və nöqsanları aşağıdakı kimi qruplaşdırmaq olar:
dəqiq müəyyənləşdirilmiş qiymətləndirmə standartlarının olmaması səbəbindən qiymətləndirmə prinsiplərinin pozulması;
qiymətləndirmə üsul və vasitələrinin keyfiyyətlərinin təsvir olunmaması, onların əsas xüsusiyyətlərinin və meyarlarının dəqiqləşdirilməməsi;
qiymətləndirmə vasitələrinin texniki keyfiyyətlərinə diqqət yetirilməməsi və qeyri-standart vasitələrdən istifadə olunması;
qiymətləndirməyə və onun üsullarına müxtəlif yanaşmaların mövcudluğu şəraitində dəqiqləşdirmələrin vaxtaşırı aparılmaması;
nailiyyətlərin qiymətləndirilməsi prosesində şagird fəaliyyətinin nəticələrinin obyektiv əsaslandırılmaması;
müasir qiymətləndirmə metodlarından istifadə təcrübəsinin məhdudluğu, mütəxəssislərin bu sahədə hazırlıq səviyyəsinin aşağı olması;
tədris proqramlarını hazırlayan və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan mütəxəssislər arasında qarşılıqlı əlaqənin yaradılmaması;
inzibati prosedurların qeyri-şəffaflığı, qiymətləndirmə fəaliyyətinin qanuniliyinə zəmanətin verilməməsi;
qiymətləndirmə nəticələrinin təhlilinin aparılmaması və müvafiq hesabatların hazırlanmaması.
Bu problemlərin uzun müddət həll edilməməsi Azərbaycanın təhsil sistemindəki qiymətləndirmə mexanizmində aşağıdakı xarakterik çatışmazlıqların yaranması ilə nəticələnmişdir:
mövcud qiymətləndirmə mexanizmi təlim prosesinin ehtiyaclarına kifayətedici səviyyədə yönəlmir, onun tərkib hissəsinə çevrilmir və keyfiyyətinin yüksəldilməsinə xidmət etmir;
bu mexanizm subyektiv xarakter daşıyır, şagirdi, bir qayda olaraq, əzbərləməyə və əksər şagirdləri qiymət almaq xatirinə oxumağa təhrik edir;
təlim prosesində yalnız formal biliklər qiymətləndirilir, çox hallarda məqsəd qiymət yazmaqla məhdudlaşır, şagirdlərə özünüqiymətləndirmə imkanı verilmir;
tədris zamanı müəllim qiymətləndirmə vasitəsilə şagirdlərlə səmərəli əks-əlaqə yarada bilmir;
mövcud qiymətləndirmə üsullarının məhdudluğu yeni təlim texnologiyalarının səmərəli tətbiqinə imkan vermir.
1.4. Konsepsiyanın yaradılması üçün zəruri səbəblər
Azərbaycanda nəzərdə tutulan təhsil və qiymətləndirmə siyasəti ümummilli maraqları əks etdirməklə yanaşı, əsaslı islahatyönümlü tədbirlərin həyata keçirilməsi zərurətini şərtləndirir. XX əsrin sonlarında dünyada gedən siyasi, iqtisadi və sosial dəyişikliklər bilavasitə aşağıdakı konkret məqsədlərin reallaşdırılmasını tələb edir:
- idarəetmənin daha demokratik üsullarına keçilməsi;
- ölkədə açıq vətəndaş cəmiyyətinin qurulması;
- inkişaf etmiş ölkələrlə səmərəli əməkdaşlığın təmin edilməsi;
- beynəlxalq bazar münasibətlərinin və iqtisadi rəqabət şəraitinin yaradılması;
- milli özünəqayıdış hisslərinin aşılanması.
Hazırda bir çox ölkələrin təhsil sistemlərində yeni qiymətləndirmə modellərinin qurulması, şagirdlərin təhsil nailiyyətlərinin uçotunun aparılması və təhsil pillələri üzrə buraxılış imtahanlarının təşkili ilə bağlı genişmiqyaslı islahatlar aparılır. Bunların əsas xarakterik xüsusiyyətləri aşağıdakı kimi səciyyələndirilir:
qiymətləndirmə və təhsil siyasətində müasir yanaşmaların tətbiqi və inkişaf etdirilməsi, bununla əlaqədar vaxtı keçmiş mövcud üsullardan imtina edilməsi;
imtahanların ədalətli və şəffaf keçirilməsi istiqamətində daha mütərəqqi üsulların seçilməsi;
yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi üzrə təhsil sistemi çərçivəsində müvafiq təşkilatların yaradılması;
yeni qiymətləndirmə sisteminin təşəkkülünə təhsil islahatlarının tərkib hissəsi, prioritet sahəsi kimi baxılması və onun müasir kurikulumların hazırlanması siyasəti ilə əlaqəli kontekstdə nəzərdə tutulması.
Qiymətləndirmə Konsepsiyasının hazırlanması bu məqsədləri reallaşdırmaq istiqamətində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsinə xidmət edir:
qiymətləndirməyə və imtahan sistemlərinə yenidən baxmaqla, kurikulumlarda mütərəqqi dəyişikliklərin zəruriliyinin əsaslandırılması, sınaqdan çıxmış mexanizmlər vasitəsilə cəmiyyətdə müasir baxışların, mədəni dəyərlərin, yeni hüquq və vəzifələrin formalaşdırılması;
yüksək rəqabət və bazar münasibətləri şəraitində milli mütəxəssislərin yetişdirilməsi üçün kurikuluma yeni fənlərin və peşələrin daxil edilməsi, tədris proqramlarında əsas diqqətin praktik vərdişlərin aşılanmasına və problemlərin həllinə yönəldilməsi, bütün şagirdlər tərəfindən minimum standartların mənimsənilməsi;
təhsil sisteminin səmərəli fəaliyyətini təmin edən məktəbdaxili qiymətləndirmə sisteminin yaradılması məqsədi ilə müasir məzmun standartlarına cavab verən yüksək keyfiyyətli qiymətləndirmə vasitələrinin hazırlanması, təhsil pillələri üzrə buraxılış imtahanları üçün müvafiq prosedurların daha ədalətli və şəffaf tətbiq edilməsi və bu məsələlərin tənzimlənməsi üçün normativ-hüquqi bazanın yaradılması;
təhsilin keyfiyyətinin idarəedilməsi, onun təşkilinin səmərəliliyinin artırılması və təsir dairəsinin genişləndirilməsi istiqamətində hökumətə və digər strukturlara kömək edən milli qiymətləndirmə sisteminin yaradılması, beynəlxalq qiymətləndirmə və müqayisəedilmə tədqiqatlarında ölkənin iştirakının təmin edilməsi.
1.5. Şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri
Qiymətləndirmə sistemindəki islahatlar təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə olduğundan, yeni qiymətləndirmə sisteminin yaradılması prosesinin kurikulum və müəllim hazırlığı sahəsində aparılan islahatlarla sıx əlaqəli şəkildə həyata keçirilməsi, dərslik və təlim materiallarının yaradılmasına yeni yanaşmaların formalaşdırılması ciddi vəzifələrdən hesab olunur. Bu istiqamətdə görülən işlər vasitəsilə aşağıdakıların reallaşdırılması nəzərdə tutulur:
ölkədə kurikulum hazırlanmasını və qiymətləndirmə fəaliyyətini bir-biri ilə əlaqələndirən tam milli sistemin yaradılması;
qiymətləndirmədən təlim və tədrisin ehtiyaclarını ödəmək üçün istifadə edilməsi;
təhsilin keyfiyyəti haqqında obyektiv məlumatları əldə etmək məqsədi ilə səmərəli idarəetmə üçün məktəbdaxili və milli qiymətləndirmə sistemlərinin yaradılması, ölkənin beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakının təmin edilməsi.
Bu məqsədlərə nail olunması üçün aşağıdakı strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir:
şagird nailiyyətlərinin qiymətləndirilməsi fəaliyyətinin uzunmüddətli strategiyasının, məktəbdaxili və milli qiymətləndirmə konsepsiyalarının işlənib hazırlanması;
məktəbdaxili və milli qiymətləndirmənin, habelə yeni imtahan sisteminin yaradılması, şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq proqramlarda ölkənin iştirakının təmin edilməsi;
şagird nailiyyətlərinin qiymətləndirilməsi tədbirlərinin səmərəli təşkili üçün təlimatların, metodik vəsaitlərin, idarəetmə və maddi-texniki təchizat planının hazırlanması;
kurikulum islahatı çərçivəsində müvafiq qiymətləndirmə üsullarının və vasitələrinin yaradılması üzrə mütəxəssislərin hazırlanması, bu üsul və vasitələrin istifadəsi istiqamətində müəllimlərin təliminin təşkili;
qiymətləndirmə nəticələrinin təhlilinin aparılması, hesabatların hazırlanması və ölkədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin qurulması.
1.6. Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri
Fənlər üzrə məzmun standartlarının müəyyən edilməsində əsas məqsəd həmin standartların şagird tərəfindən mənimsənilməsi istiqamətində hədəflərin təyin edilməsidir. Qəbul edilmiş standartlara uyğun bilik və bacarıqlara nail olmaq üçün şagirdin fəaliyyəti fasiləsiz stimullaşdırılmalı, onların daha yüksək səviyyəli standartları mənimsəməsi üçün müvafiq şərait yaradılmalıdır. Optimal vəziyyətdə heç bir şagirdin tədris ili boyunca geri qalmasına imkan verilməməli, əksinə, hər bir şagirdin nailiyyəti diqqət mərkəzində olmalıdır. Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik və rəsmi olmayan prosesdir. Bu prosesdə müəllimlərin şagirdlər üzərində müşahidəsi, şagirdlərin sinif işlərini və ev tapşırıqlarını yerinə yetirmələri, yazılı və şifahi cavabları vacibdir.
Düzgün həyata keçirilmiş qiymətləndirmənin nəticələri müəllimin fəaliyyəti, bu fəaliyyətin şagirdlərin tələbatına nə dərəcədə cavab verməsi, habelə kurikulumda, planlaşdırmada və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması zərurəti haqqında qərar qəbul etməyə şərait yaradır.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:
- şagirdin nailiyyətinin (və ya geriləmələrinin) izlənilməsi (monitorinqi);
- təlim prosesində qərarların qəbulu;
- şagirdin təlim nəticələrinin qiymətləndirilməsi;
- kurikulumun qiymətləndirilməsi.
Qiymətləndirmə və təlim proseslərinə təhsilin qarşılıqlı əlaqədə olan iki tərəfi kimi baxılır. Sistemli proses olan qiymətləndirmə təlim nəticələri ilə maraqlı tərəflər arasında səmərəli əks-əlaqə vasitəsi kimi aşağıdakı komponentləri əhatə etməklə qurulur:
qiymətləndirmə məlumatları. Bunlara şagirdlərin nailiyyətlərini və təlimə münasibətlərini, müəllimin hazırlıq səviyyəsini, fənn kurikulumlarının xarakterik cəhətlərini, təlim resurslarının bölgüsünü əks etdirən məlumatlar və fəaliyyətlərin icra mexanizmləri daxildir;
məlumatların toplanması. Bu proses testlərin keçirilməsi, şagird tapşırıqlarının yoxlanılması, sinifdə müsahibələrin aparılması, fənn kurikulumlarının icra keyfiyyətinin, şagirdlərin və müəllimlərin fəaliyyətlərinin müşahidəsi, qiymət cədvəlləri və digər məktəb sənədlərinin təhlil edilməsi kimi üsullarla həyata keçirilir;
qiymətləndirmə nəticələri. Həmin nəticələrdən tədris prosesinin planlaşdırılması və istiqamətləndirilməsi, qiymət ballarının hesablanması, müqayisələrin aparılması, təhsil sənədlərinin və lisenziyaların verilməsi, təhsilin bir pilləsindən digərinə keçilməsi, pedaqoji nəzəriyyələrin formalaşdırılması, təhsil siyasətinin qurulması və onun təsirliliyinin monitorinqinin aparılması, təlim resurslarının bölgüsü, kurikulumun və tədrisin keyfiyyətinin dəyərləndirilməsi zamanı istifadə olunur, eləcə də geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır;
qiymətləndirmə standartları. Bu standartlar təhsilin keyfiyyətini qiymətləndirmək üçün əsas meyarları təyin edir, şagird nailiyyətlərinin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi üçün istifadə olunan qiymətləndirmə üsulları və vasitələrinin keyfiyyətini təsvir edir, qiymətvermə prosesinin qanuniliyinə zəmanət verir;
şagird nailiyyətlərinin qiymətləndirilməsində əsas prinsiplər.
Bütün növ qiymətləndirmələrin aparılmasında aşağıdakı prinsiplərə riayət olunur:
məqsədəuyğunluq. Nəzərdə tutulmuş məqsədlə qiymətləndirmə arasında uzlaşma təmin olunur. Qiymətləndirmə əvvəlcədən planlaşdırılır, onun xidmət edəcəyi məqsədlər müəyyənləşdirilir, şagird haqqında toplanılan zəruri məlumatların mahiyyəti, texniki keyfiyyəti və əsas xüsusiyyətləri göstərilir, məlumatların toplanılması və təhlili üsulları seçilir, veriləcək qərarın mahiyyəti təsvir edilir. Qiymətləndirmənin nəticələri müəyyən olunmuş məqsədləri əks etdirir. Qəbul edilmiş qərarlar və toplanılmış məlumatlar arasında əlaqələrin şəffaflığı təmin edilir. Qiymətləndirmə prosedurları daxilən ardıcıl qurulur və vəhdət təşkil edir;
nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi. Müvafiq indikatorlar vasitəsilə təhsil imkanları haqqında aşağıdakı məlumatlar toplanır: sinifdaxili indikatorlar vasitəsilə - müəllimin peşəkarlıq səviyyəsi, təlimin məzmunu, irəliləyişlərin, qiymətləndirmələrin koordinasiya səviyyəsi, təlim üçün ayrılmış vaxt, şagirdin tələblərini ödəyən resurslar və tədris vasitələrinin keyfiyyəti;
bilavasitə təhsil sistemi ilə bağlı indikatorlar vasitəsilə - dövlət standartları, tədris proqramları, adambaşına düşən təhsil xərcləri;
digər indikatorlar vasitəsilə - məişət problemləri ilə bağlı məsələlər;
toplanılmış məlumatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin edilməsi (validlik və relevantlıq). Məlumatların keyfiyyəti qəbul edilmiş qərar və fəaliyyətlərin münasibliyinə təminat verir. Qiymətləndirmə məqsədləri real seçilir və ölçülə bilən xüsusiyyətlər qiymətləndirilir. Şagirdin nailiyyətləri ona yaradılmış imkan daxilində müəyyən sahədə yerinə yetirdiyi konkret tapşırığın səviyyəsinə görə qiymətləndirilir.
Qiymətləndirmə məqsədləri və nəzərdə tutulmuş müvafiq məlumatlar müxtəlif vaxtlarda istifadə edildikdə belə, eyni qərar verməyə imkan yaradır və kifayət qədər dayanıqlıdır;
qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı razılaşma və əməkdaşlıq. Məlumatların toplanılması prosesi, müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları və hətta onun özünün peşəkarlıq səviyyəsi şəffafdır və qiymətləndirmə tapşırıqlarında şablonların, fərziyyələrin, şagirdlərin diqqətini yayındıran digər məsələlərin istifadəsinə yol verilmir. Onlar şagirdlərin maraqlarına və imkanlarına görə müxtəlif kontekstlərdə (etnik xüsusiyyətlər nəzərə alınmamaq şərtilə) qurulur. Sağlamlıq imkanları məhdud uşaqlar üçün qiymətləndirmə tapşırıqları müvafiq qaydada uyğunlaşdırılır. Qiymət mükəmməl və düşünülmüş, məqsədəmüvafiq, tədris proqramlarına və digər normativ sənədlərə müvafiq verilir;
təlim fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunun təmin edilməsi. Nəticələr əsasında sinifdaxili fəaliyyətlər təşkil edilir, kurikulumun hazırlanması və idarəedilməsi (təhsilin məzmun münasibliyinin tənzimlənməsi, məzmunda şagird maraqlarının təmin edilməsi, arzuolunan təlim nəticələrinin mənimsənilməsi üçün fəaliyyətlərin və seçilmiş tapşırıqların səmərəliliyi, onların şagird bacarıqlarının inkişafında əhəmiyyətinin təmin edilməsi) həyata keçirilir. Şagird tədqiqatçılığının inkişaf etdirilməsi, onun idrak qabiliyyətlərinin qiymətləndirilməsi (müəyyən qanunauyğunluğun başa düşüldüyünü əks etdirən hissəni seçmək və ya sorğu keçirmək bacarığı, qavramanın təsdiqini əks etdirən şifahi, yazılı və ya təsviri tapşırıq nümunəsini yerinə yetirmək bacarığı, yerinə yetirilən tapşırıq nümunəsində tənqidi təhlil aparmaq bacarığı, digər şagirdlərin yerinə yetirdiyi tapşırıq nümunələrində səmərəli tənqidi təhlil aparmaq bacarığı) aparılır.
Müəllim tərəfindən qiymətləndirmə meyarları əsasında müəyyən təlim mərhələsinin əvvəlində və sonunda şagirdin tədris proqramının mənimsənilməsi üzrə irəliləyiş səviyyəsi və digər nailiyyətləri barədə hesabatlar verilir.
1.7. Əsas qiymətləndirmə növləri
Məzmun standartlarının mənimsənilməsi istiqamətində əsasən aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur və onların hər biri qeyd edilən müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:
ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris edilmiş materialın hansı hissəsini bilirlər?
irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi?
yekun (summativ) qiymətləndirmə. Şagirdlər verilmiş standart və ya standartlar qrupunda müəyyən edilmiş məqsədlərə nail olublarmı?
Qiymətləndirmənin bu növləri şagirdləri hər bir fənnin məzmun standartlarında göstərilən əsas bilik və bacarıqların əldə edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin edirlər;
ilkin
səviyyənin
qiymətləndirilməsi (diaqnostik
qiymətləndirmə)
şagirdin biliyini müəyyən
edir və təlimin düzgün
qurulmasında müəllimə
köməklik
göstərir. Təlim
prosesində düzgün istiqamətləndirilmiş
şagird
öyrənilmiş
materialın təkrarına
vaxt itirmir, həmçinin
onun
üçün başa
düşülməyən
və
ya
şagird irəliləyişlərinin monitorinqi (formativ qiymətləndirmə) vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən istifadə və ya şagirdin daha irəliyə addım atması üçün ona əlavə impulsun verilməsi barədə ehtiyaclar müəyyənləşdirilir.
Qəbul edilmiş standartların reallaşmasına istiqamətlənən irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə) sinifdə hər bir şagirdin inkişafının hərəkətverici amilinə, təlimin həlledici komponentinə çevrilir. Müəllim yalnız belə monitorinq vasitəsilə tədris prosesini tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni zamanda uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək, onlara əlavə köməklik göstərir. Bu mənada şagirdlərin faktiki fəaliyyətinin nəticələri müəllim üçün real indikatorlara çevrilir.
Monitorinqlər müəyyən anlayışların mənimsənildiyini müşahidə etməklə və ev tapşırıqlarını nəzərdən keçirməklə, yaxud daha formal qiymətləndirmə tipindən istifadə etməklə aparıla bilər. Monitorinqlərin hansı formada aparılmasından asılı olmayaraq, onlar müntəzəm xarakter daşımalıdır. Bundan əlavə, hər altı həftədən gec olmayaraq, şagirdlərin standartlar üzrə nailiyyətlərinin daha ümumi monitorinqi təşkil edilməlidir.
Növbəti mərhələdə monitorinq şagirdlərin əldə etdiyi nailiyyətlərin mövcud standartlara uyğunluğunu öyrənmək məqsədi ilə aparılır. Bu prosesdə toplanmış məlumatlar tədris prosesinin tənzimlənməsində mühüm əhəmiyyətə malikdir. Həmin məlumatlar əsasında müəllim aşağıdakı suallara cavab axtarır və müəyyən nəticəyə gəlir:
- Mən irəli getməliyəm, yoxsa hansısa bir hissəyə daha çox vaxt sərf etməliyəm?
- Şagirdlər öyrəndiklərini sərbəst tətbiq edə biləcəklərmi, yoxsa əlavə tədris aparılmasına ehtiyac vardır?
- Planlaşdırılmış tədrisi bir neçə şagird üçün və ya hamı üçün sürətləndirilmiş formada apara bilərəmmi?
- Əgər belədirsə, bunun üçün ən yaxşı yol hansıdır?
İlkin səviyyənin qiymətləndirilməsi ilə oxşar xüsusiyyətləri olan yekun (summativ) qiymətləndirmə standart və ya standartlar qrupunda müəyyən edilmiş məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını aydınlaşdırır. Yekun (summativ) qiymətləndirmə aşağıdakı suallara cavab verir:
Şagird materialı mənimsəyə bilirmi?
Bildiklərini tətbiq edə bilirmi?
Daha irəli getmək üçün lazımi səviyyədədirmi?
Yekun (summativ) qiymətləndirmə standartların mənimsənilməsi istiqamətində şagirdlərin əldə etdiyi irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs və bölmənin, yaxud da tədris ilinin sonunda eyni qaydada həyata keçirilir. Yekun (summativ) qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaqdır.
Yekun (summativ) qiymətləndirmənin bu xüsusiyyəti müəllimlərin testyönümlü tədrislə bağlı narahatlığını aradan qaldırır. Yekun qiymətləndirmə fənnin məzmun standartlarının tərtibi üçün aparıcı rol oynamır, əksinə, qiymətləndirmənin bu standartlar əsasında aparılmasını təmin edir. Bundan əlavə, yekun qiymətləndirmə əldə olunan bilikləri tam əks etdirmir, lakin o, mənimsəmə səviyyəsinin etibarlı və adekvat göstəricisidir.
1.8. Qiymətləndirmə standartlarının və qiymətləndirmə vasitələrinin hazırlanması
Hər bir fənn kurikulumunda məzmun standartları və onların mənimsənilməsi üçün istifadə edilən strategiyalarla yanaşı, nail olunmuş təlim nəticələrinin, əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi məqsədi ilə müvafiq qiymətləndirmə standartlarının nümunələrindən də istifadə olunur.
Məzmun standartları inteqrativ təlim nəticələri olub, şagirdin müvafiq bilik, bacarıq və dəyərlərə nail olmaqla səviyyəcə dəyişməsini təmin edir.
Qiymətləndirmə standartları məzmun standartlarının hansı səviyyədə reallaşdığını yoxlamaqla, baş vermiş dəyişikliklərin dərəcəsini müəyyən edir.
Qiymətləndirmə standartlarının təyin edilməsində imtahana əsaslanan metod vasitəsilə bütün maraqlı tərəflərin razılığı əsasında müvafiq siniflər üzrə milli səviyyədə yekun qiymətləndirmə (imtahan) keçirilir, nəticələr təhlil olunmaqla, standartlar təyin edilir. Məsələn:
minimum - şagirdlərin 90-100 faizi tərəfindən nail olunan standartlar;
yüksək - şagirdlərin ən yaxşı halda 30 faizi tərəfindən nail olunan standartlar.
Qiymətləndirmə standartlarının təyin edilməsində kurikulumyönümlü metoda daha çox üstünlük verilir. Bu metoda görə:
qiymətləndirmə standartları Milli Kurikulumda əks olunmuş nailiyyətlərə (nəticələrə) uyğun hazırlanır və faktiki olaraq şagirdlərin nəyi bacardıqlarına dair ölçmələrə deyil, mütəxəssis mühakimələrinə əsaslanır.
bütün məktəblərin, müəllimlərin təmsil olunduğu təşkilatların və digər maraqlı tərəflərin müzakirələri əsasında standartlara düzəlişlər edilir və arzuolunan nailiyyət səviyyələrinə dair ortaq fikir yaranır.
Qiymətləndirmə standartları 4 səviyyə üzrə qiymətləndirmə sxemləri şəklində hazırlanır. Qiymətləndirmə sxemləri xüsusi növ qiymətləndirmə şkalasıdır və iki əsas sualı əhatə edir:
1. Mən nəyi qiymətləndirməliyəm (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər)?
2. Aşağı, orta və yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə müəyyənləşdirmək olar?
1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. 1-ci səviyyə və 2-ci səviyyə əksər şagirdlər, 3-cü səviyyə və xüsusilə 4-cü səviyyə isə daha istedadlı şagirdlər üçün nəzərdə tutulur.
Qiymətləndirmə sxemləri qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl həyata keçirilməsinə imkan verir, tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin edir və tələb edir ki, hər bir müəllim müvafiq şərtlər üzrə öz meyarlarını müəyyənləşdirsin. Qiymətləndirmə sxemləri şagirdin işini qiymətləndirmək üçün müəllimin sərf etdiyi vaxtı azaldır, keyfiyyət səviyyələri vasitəsilə müxtəlif qabiliyyətə malik şagirdlərin təhsil aldığı sinifləri nəzərə almağa şərait yaradır.
Qiymətləndirmə sxemləri fəaliyyətin qiymətləndirilməsi zamanı istifadə edilən meyarlarla bağlı şagirdlərin məlumatlandırılmasını, onların işinin necə qiymətləndiriləcəyini və onlardan nələrin tələb olunduğunu aydın şəkildə göstərməklə, konkret məqsəd və tələbləri (meyarları) müəyyən edir. Bu sxemlər şagird işlərinin keyfiyyətini daha yaxşı qiymətləndirməklə, təlim prosesində irəliləyişlərin qiymətləndirilməsi üçün çərçivə təyin edir, işlərin keyfiyyəti ilə bağlı əks tərəfə məlumat verilməsini təmin edir. Qiymətləndirmə sxemləri mahiyyət etibarı ilə iki növə ayrılır.
Holistik qiymətləndirmə sxemləri şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır və əksər hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-5 ballıq şkalaya əsaslanır. Bu növ sxemlər sürətli qiymətləndirmə aparmaqla, şagird nailiyyətləri üzrə ümumi mənzərəni təsvir edir.
Analitik qiymətləndirmə sxemləri şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir. Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir. Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir, lakin qiymətləndirmə üçün daha çox vaxt tələb olunur.
Qiymətləndirmə sxemlərinin elementlərinə qiymətləndiriləcək əsas sahələr, nailiyyətin müxtəlif səviyyələrini dəyərləndirmək üçün qiymətləndirmə şkalası, nailiyyət səviyyəsini təsvir edən söz və ya rəqəm (səviyyə üzrə etiket), nailiyyət səviyyəsini daha müfəssəl təsvir edən söz və ya ifadə (səviyyə deskriptoru), hər bir nailiyyət səviyyəsi üzrə diqqət yetirilən məsələlərə aid konkret nümunələr (səviyyə indikatorları), nail olunması nəzərdə tutulan nəticə (standart) daxildir.
Şagirdlərin məzmun standartlarına nə dərəcədə nail olduqlarını ölçmək və qazanılmış bacarıqlar üzrə yekun (summativ) qiymətləndirmələr aparmaq üçün qiymətləndirmə vasitələrinin (testlərin) hazırlanması aşağıdakı ardıcıllıqla aparılır:
qiymətləndirmə vasitələrinin (testlərin) hazırlanması prosesində testlərin məqsədəuyğunluğu (məhz "nəzərdə tutulanı" qiymətləndirməsi) və etibarlılığı (real məlumatlara əsaslanması);
səmərəlilik üçün hər sinif üzrə nisbətən az (<10) və nisbətən çox (>10) məzmun standartına malik olan iki fənn qrupunun müəyyənləşdirilməsi;
yekun (summativ) testlərdə bütün standartların
reprezentativ (təmsiledici) seçiminin təmin edilməsi;
yekun (summativ) testlərdə bütün səviyyələr
üzrə də reprezentativ seçimin təmin edilməsi
(1-ci səviyyə üzrə suallar 20%, 2-ci səviyyə
üzrə suallar 30%, 3-cü səviyyə üzrə suallar
30%, 4-cü səviyyə üzrə suallar 20%).
2. Məktəbdaxili qiymətləndirmənin mahiyyəti
və məzmunu
Yuxarıda göstərilən qiymətləndirmə
növlərinə və qiymətləndirmə vasitələrinə
əsaslanan məktəbdaxili qiymətləndirmə
aşağıdakı əsas komponentləri əhatə
edir:
şagird nailiyyətlərinin və irəliləyişlərinin
monitorinqi;
şagird fəaliyyətinin təlim standartlarına
uyğunluğunun müəyyənləşdirilməsi
(kurikulum üzrə qiymətləndirmə);
ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmənin
(buraxılış imtahanlarının) aparılması.
2.1. Şagird nailiyyətlərinin və irəliləyişlərinin
monitorinqi sistemi
Şagird nailiyyətləri və irəliləyişlərinin
monitorinqi formativ qiymətləndirmə məqsədləri
üçün məktəb səviyyəsində müəllimlər
və məktəb rəhbərləri tərəfindən
aşağıdakı mərhələlərlə həyata
keçirilir:
formativlər, bəhslər və bölmələr
üzrə yekun (kiçik summativ) qiymətləndirmə:
mövcud qiymətləndirmə normalarını və
şifahi sorğular əsasında aparılan cari qiymətlərləndirmə
qaydalarını təkmilləşdirmək məqsədi ilə
həyata keçirilir;
şagirdin ayrı-ayrı mövzu və bəhslərin
mənimsənilməsi ilə bağlı fəaliyyəti barədə
məlumat toplamaq məqsədi ilə müəllim tərəfindən
müntəzəm, davamlı olaraq müşahidə və
monitorinqlər vasitəsilə aparılır;
mövzular və fəaliyyət
tapşırıqları üzrə əvvəlcədən
hazırlanmış qiymətləndirmə sxemlərindən
və digər diskriptiv (təsviri) qiymətləndirmə
üsullarından istifadə olunmaqla, şagirdin fəaliyyətini
təsvir edir;
hər altı həftədən gec olmayaraq, tədris
olunan mövzular üzrə müəllim tərəfindən
hazırlanmış testlər və
standartlaşdırılmış prosedurlar vasitəsilə
şagird nailiyyətlərinin kiçik summativ (bəhslər
üzrə yekun) qiymətləndirilməsini nəzərdə
tutur;
yarımillər üzrə yekun (böyük summativ)
qiymətləndirmə:
yarımillər üzrə mövcud qiymətləndirmələri
təkmilləşdirmək məqsədi ilə ümumi
monitorinqlərin davamı kimi müəllimlər və məktəb
rəhbərləri tərəfindən həyata
keçirilir;
yarımil ərzində keçilən tədris
materialının mənimsənilməsi barədə
şagirdlərə və valideynlərə ümumi məlumat
vermək məqsədi ilə aparılır;
qiymətləndirmə vasitələri (eyni çətinlik
dərəcəli və müxtəlif variantlı testlər,
yardımçı tədris materialları) nümunələrə
və müvafiq təlimatlara əsasən müəllimlər
tərəfindən hazırlanır, məktəbin rəhbərliyi
tərəfindən təsdiq edilir;
nəzarətçi və yoxlayıcılar cəlb
edilməklə, dekabr və may aylarının sonuncu həftəsində
xüsusi cədvəl əsasında aparılır;
nəticələri təhlil olunur, hesabat verilir, tədris
və təlim prosesinin təkmilləşdirilməsində
ondan istifadə edilir.
2.2. Kurikulum üzrə qiymətləndirmə (şagird
fəaliyyətinin təlim standartlarına uyğunluğunun
müəyyənləşdirilməsi)
Kurikulum üzrə qiymətləndirmə şagirdin təlim
nəticələrinin məzmun standartlarına
uyğunluğunu müəyyənləşdirmək məqsədi
ilə aparılır. Qiymətləndirmənin bu növü
Milli Kurikulum çərçivəsi kontekstində
hazırlanmış məzmun standartları və fənn
kurikulumları ilə yaxından əlaqəlidir.
Kurikulum üzrə daxili qiymətləndirmə dərs
ilinin sonunda hər bir sinifdə şagirdin fəaliyyətinin
milli standartlara uyğunluğunu müəyyənləşdirmək
məqsədi ilə müəllimlər tərəfindən
aparılır.
Kurikulum üzrə xarici qiymətləndirmə
şagirdin fəaliyyətinin milli standartlara uyğunluğunu
müəyyənləşdirmək məqsədi ilə tam
standartlaşdırılmış formada, ibtidai (4-cü sinfin
sonunda), əsas (9-cu sinfin sonunda) və orta (11-ci sinfin sonunda) təhsil
pillələrinin sonunda müəllim və məktəb rəhbərləri
tərəfindən aparılır (II yarımil üzrə
yekun qiymətləndirmə ilə birləşdirmək olar).
Kurikulum üzrə qiymətləndirmə vasitəsilə
hər ilin sonunda şagirdin fərdi nailiyyətləri
ölçülür, təlim-tədris prosesinin hədəfləri
təyin olunur və bu hədəflərə doğru irəliləyişlər
qiymətləndirilir, məktəblərin, siniflərin və
şagirdlərin fəaliyyətləri arasında müqayisələr
aparılır. Kurikulum üzrə imtahanların əhəmiyyətinin
və etibarlılığının artırılması məqsədi
ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
bütün sinifləri əhatə edən təhsil
standartlarına əsaslanmış testlər toplusunun və
standartlaşdırılmış imtahanlar sisteminin
yaradılması, müvafiq təlimatların
hazırlanması nəzərdə tutulur.
2.3. Buraxılış imtahanları (ümumtəhsil
pillələri üzrə yekun qiymətləndirmə)
Buraxılış imtahanları təhsil pillələri
üzrə (9 və 11-ci siniflər) testlər vasitəsilə
mərkəzləşdirilmiş qaydada aparılır, nəticələri
xüsusi prosedurlar və texniki vasitələr tətbiq edilməklə,
Azərbaycan Respublikasının Təhsil Nazirliyində qiymətləndirilir,
məzunlara şəhadətnamə və attestatların
verilməsi təmin edilir.
Bu məqsədlə aşağıdakılar nəzərdə
tutulmuşdur:
9-cu sinif buraxılış imtahanlarının nəticələri
əsasında orta təhsil (10 və 11-ci siniflər) pilləsinin
profillər üzrə təşkil edilməsi;
9-cu və 11-ci sinif buraxılış
imtahanlarının iki əsas - ana dili və riyaziyyat fənləri
üzrə müvafiq sayda sualları əhatə edən testlər
vasitəsilə aparılması;
yekun imtahanına Azərbaycan tarixi, coğrafiya, fizika,
kimya, biologiya və xarici dil fənləri daxildir. Bu
imtahanların hansı formatda, nə vaxt və harada
keçirilməsi barədə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən qərar
qəbul edilməsi;
imtahanların maksimum təhlükəsizliyinin təmin
olunduğu şəraitdə keçirilməsi, şagirdlərin
nəticələrinin qısa müddətdə optik qurğu
və xüsusi kompüter proqramları tətbiq olunmaqla
yoxlanılması, təhlil edilməsi, İnternet və digər
vasitələrlə ictimaiyyətə
çatdırılması.
3. Milli qiymətləndirmənin mahiyyəti və məzmunu
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə
nəzarət etmək üçün müəyyən tədris
dövrünün sonunda mütəmadi olaraq həyata
keçirilən və şagird nailiyyətlərinin qiymətləndirilməsini
təmin edən sistemdir. Xüsusi təmsiledici seçim etməklə,
4-cü və 9-cu sinif şagirdləri arasında obyektiv testlər,
sorğu vərəqələri və müvafiq təlimatlar
vasitəsilə bir qayda olaraq, 4-5 ildən bir aparılır və
əldə olunan nəticələr kurikulumun, təlim-tədris
prosesinin keyfiyyətinin, təhsildə aparılan digər dəyişikliklərin
dəyərləndirilməsinə, təhsilin keyfiyyətinə
nəzarətin daha səmərəli həyata keçirilməsinə
xidmət edir. Təlimin aparıldığı şərait
tədris praktikası və təhsil prosesində iştirak edən
tərəflərin münasibətində baş verən dəyişikliklər,
həmçinin şagird nailiyyətlərinə təsir edən
digər amillər barədə əlavə məlumatların
əldə edilməsinə imkan verir.
3.1. Milli qiymətləndirmənin məqsədləri
Milli qiymətləndirmənin məqsədləri
aşağıdakılardır:
şagirdlərin təlim nəticələrində zəif
və güclü tərəfləri aşkar etməklə,
ümumi mənimsəmə səviyyəsini və onun
dinamikasını müəyyənləşdirmək;
şagirdlərin təlim nəticələrinə təsir
edən mümkün amilləri təsvir etmək və nəticələr
arasındakı fərqləri müqayisə etmək
üçün şagirdlərin, onların ailələrinin,
təhsil müəssisələri və tədris prosesinin
xüsusiyyətlərini öyrənmək;
ölkədə təhsil siyasətini müəyyənləşdirmək
üçün təhsilin vəziyyəti haqqında
müvafiq məlumat toplamaq, öyrənilməsi və
müzakirəsi tələb olunan problemləri və təhsilin
inkişafının prioritet istiqamətlərini təyin etmək;
şagirdin təlim nəticələrinin və irəliləyişlərinin
dəyərləndirilməsi vasitəsilə təhsilin
dövlət standartlarının monitorinqini aparmaq, təhsil
sisteminin məqsədlərinin müvafiqliyini və səmərəliliyini
tənzimləmək, sistemin təsir dairəsini genişləndirmək;
təhsil siyasətini müəyyən edənlərin
cavabdehlik səviyyəsini artırmaq;
ölkədə təhsilin məzmunu üzrə əsas
prioritetlərin ictimaiyyət tərəfindən geniş
müzakirəsini təşkil etmək.
3.2. Milli qiymətləndirmə üzrə təlimatların
məqsədi və strukturu
Təhsil siyasəti ilə bağlı qəbul
edilmiş qərarların təhsilin keyfiyyətinə
uzunmüddətli təsirlərini nəzərə alaraq,
onların həqiqi və etibarlı məlumatlara istinad edilməsi
diqqət mərkəzində saxlanılır. Milli qiymətləndirmə
vasitəsilə əldə edilən həmin məlumatların
etibarlılığını təmin etmək
üçün nəzərdə tutulmuş prosedurların
yüksək keyfiyyətlə planlaşdırılması,
qiymətləndirmə mərhələlərinin tam
standartlaşdırılması, həmçinin cəlb
olunmuş mütəxəssislərin vəzifələrinin tənzimlənməsi
müvafiq təlimatlara uyğun olaraq həyata keçirilir.
Milli qiymətləndirmə üzrə təlimatların
strukturu ölkə səviyyəsində şagird nailiyyətlərinin
qiymətləndirilməsi üzrə fəaliyyətləri əks
etdirən standartlardan və onların icrası məqsədi
ilə seçilmiş üsulları təsvir edən
prosedurlardan ibarətdir.
Təlimatlar hazırlanarkən Azərbaycanda həyata
keçirilmiş sınaq qiymətləndirmələr
zamanı qazanılmış təcrübədən və
qiymətləndirmə üzrə qəbul edilmiş bəzi
beynəlxalq standartlardan istifadə olunmuşdur.
Təlimatlar aşağıdakı sahələr üzrə
hazırlanır:
- planlaşdırma və idarəetmə;
- vasitələrin (alətlərin) hazırlanması;
- məlumatın toplanılması;
- məlumatın işlənilməsi və təhlili;
- nəticələrin ictimaiyyətə
çatdırılması.
Bu çərçivə sənədində göstərilən
sahələrin qısa icmalı aşağıda
verilmişdir:
- milli qiymətləndirmənin
planlaşdırılması və idarəolunması;
- müəyyən fənn/bölmə üzrə milli
qiymətləndirmənin planı;
- seçimlərin aparılması planı;
- məlumatların toplanılması üçün
metodların seçilməsi;
- məlumatların toplanılması üçün
müvafiq planın hazırlanması;
- təhlilin aparılması və nəticələrin
nəşr etdirilməsi üzrə plan;
vasitələrin (alətlərin) hazırlanması
- tədqiqatın konseptual çərçivəsinin
hazırlanması;
- vasitələrin (alətlərin) xüsusiyyətlərinin
(spesifikasiyasının) hazırlanması (sorğular,
siyahılar);
- test məsələlərinin hazırlanması;
- testin ümumi tərtibatı;
- test kitabçalarının tərtibatı;
- sorğuların hazırlanması;
- vasitələrin qrafiki və texniki redaktəsi;
- vasitələrin çap etdirilməsi;
- tədqiqatın aparılması üçün təlimatların
hazırlanması;
məlumatların toplanılması
- məktəblər üzrə məlumat
bazasının tərtib edilməsi;
- təmsiledici seçimlərin aparılması;
- məktəblərin məlumatlandırılması;
- məlumatları toplayacaq işçilərin
seçilməsi və təlimatlandırılması;
- testin və sorğunun keçirilməsi;
- məlumatların toplanması prosesinin keyfiyyət təminatı;
məlumatların işlənməsi və təhlili
- testlərin qiymətləndirilməsi
(yoxlanılması);
- məlumatların sənədlərə daxil edilməsi;
- məlumatların dəqiqləşdirilməsi və təhlili;
- tərkib elementlərinin və şkalaların dəqiqləşdirilməsi;
nəticələrin ictimaiyyətə
çatdırılması
- nəticələrin təqdim edilməsi;
- sualların açıqlanması;
- nəticələrin yayılması;
- texniki hesabatın yazılması və sənədləşdirmənin
aparılması.
Milli qiymətləndirmə sisteminin geniş planı
üçün təlimatlar nəzərdə tutulmuş tədbirin
əsas məqsədini, bu tədbirin əhatə etdiyi
standartları, bu standartlara nail olmaq üçün istifadə
olunan prosesləri və onların icra prosedurlarını təsvir
etməklə hazırlanır.
4. Beynəlxalq qiymətləndirmənin mahiyyəti və
məzmunu
Beynəlxalq qiymətləndirmə ilə bağlı
qeyd etmək lazımdır ki, artıq bu sahədə konkret tədbirlərə
başlanılmışdır. Azərbaycan Respublikası Təhsil
Sektorunun İslahatı Layihəsi çərçivəsində
PİSA-2006 Proqramında iştirak edir.
Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin
yüksəldilməsi və qiymətləndirilməsi
funksiyalarını yerinə yetirir. Burada müqayisəetmə
tədqiqatları, monitorinqlər vasitəsilə
aparılır, ölkədə təhsilin vəziyyəti
haqqında məlumat əldə etmək, həlli tələb
olunan daha əhəmiyyətli problemləri üzə
çıxarmaq, onları araşdırmaq, nəticələri
xarici ölkələrlə müqayisə etmək imkanı
yaradılır. Bu qiymətləndirmə şagirdlərin
qazanılmış bacarıqlardan istifadəetmə
imkanlarının qiymətləndirilməsinə yönəldilmişdir,
üç ildən bir həyata keçirilir,
iştirakçı ölkələrin şagirdlərinin nəticələri
arasındakı fərqləri izah edən amilləri
(şagirdlərin və onların ailələrinin, təhsil
müəssisələri və tədris prosesinin xüsusiyyətlərini)
öyrənməyə, riyazi savadlılıq, oxu savadı, təbiət
elmləri savadlılığı və əlavə olaraq
müxtəlif tipli problemləri həlletmə
bacarıqlarını qiymətləndirməyə xidmət
edir.
4.1. Beynəlxalq qiymətləndirmə Proqramının
əsas məqsədləri
Beynəlxalq qiymətləndirmə proqramının məqsədləri
aşağıdakılardır:
ölkədə təhsilin vəziyyəti haqqında
müvafiq məlumat əldə etmək, beynəlxalq səviyyəli
müqayisələr aparmaq, öyrənilməsi və
müzakirəsi tələb olunan problemləri, təhsilin
inkişafının prioritet istiqamətlərini təyin etmək;
şagirdlərin nəticələrinə təsir edən
mümkün amilləri təsvir etmək, nəticələr
arasındakı fərqləri təyin etmək
üçün şagirdlərin, onların ailələrinin,
təhsil müəssisələri və tədris prosesinin
xüsusiyyətlərini öyrənmək;
təhsilin məzmununun müəyyənləşdirilməsi
və nəticəyönümlü yeni kurikulumun
hazırlanması üçün əsas təlim məqsədlərini
təyin etmək, kompetensiyalara əsaslanan yanaşmanın məqsədəuyğunluğu
istiqamətində tədqiqatlar aparmaq, gözlənilən və
nail olunan təlim nəticələrini müqayisə etmək;
pedaqoji ölçmə nəzəriyyəsinin gündəlik
təcrübədə istifadə olunan nəzəri və
praktiki məsələlərini öyrənmək;
müasir qiymətləndirmə vasitələrinin
hazırlanmasını, nəticələrin təhlili
üsullarını və hesabatlar hazırlanması
qaydalarını öyrənmək;
ölkədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi
sisteminin qurulması istiqamətində ümumi orta təhsilin
məzmunu üzrə əsas prioritetlərin ictimaiyyət tərəfindən
geniş müzakirəsini təşkil etmək.
4.2. Beynəlxalq qiymətləndirmə proqramı
üzrə həyata keçiriləcək əsas tədbirlər
Beynəlxalq qiymətləndirmənin həyata
keçirilməsi istiqamətində nəzərdə tutulan
tədbirlər aşağıdakılardır:
qiymətləndirmə tədqiqatı üçün
təlimatların, test və sorğu vərəqələrinin
hazırlanması;
ölkə üzrə bütün məktəblərin
siyahısının hazırlanması, məktəblərin və
şagirdlərin seçimi qaydalarının təyin edilməsi;
keçirilən tədqiqat nəticəsində əlavə
olunmuş məlumatların qiymətləndirməni həyata
keçirən təşkilata göndərilməsini təmin
etmək;
nəticələrin qiymətləndirən təşkilat
tərəfindən təhlil edilməsi, müvafiq
hesabatların hazırlanması və ictimaiyyətə
çatdırılması.
Tədqiqatın qiymətləndirilməsi vasitələri
xarici beynəlxalq ekspertlərin və iştirakçı
ölkələrin aparıcı mütəxəssislərinin
interaktiv birgə fəaliyyəti prosesində yaradılır.
Riyazi savadlılığı, oxu savadını, təbiət
elmləri üzrə savadlılığı və problemləri
həll etmək bacarığını yoxlamaq
üçün kompleks şəkildə qurulmuş
tapşırıqlar işlənib hazırlanır. Hər bir
tapşırıq müəyyən problemi şərh edən
ayrıca mətndən və müxtəlif çətinlik dərəcəsi
olan bir neçə sualdan ibarət olur.
Tapşırıqların yerinə yetirilməsi nəticələrinə
görə şagirdlərin mətndəki situasiya ilə
bağlı problemləri dərketmə və onları həlletmə
qabiliyyətləri qiymətləndirilir.
5. Qiymətləndirmə islahatından gözlənilən
nəticələr
Qeyd olunduğu kimi, yeni Qiymətləndirmə
Konsepsiyası xüsusilə məktəbdaxili qiymətləndirmə
sahəsində yeni Milli Kurikulum çərçivəsi ilə
sıx şəkildə əlaqəlidir. Yeni kurikulum və
yeni təyin edilmiş standartlar olmadan şagirdlərin
kurikulum üzrə fəaliyyətini qiymətləndirmək
üçün tələb olunan vasitələri (alətləri)
hazırlamaq mümkün olmayacaqdır. Odur ki, qiymətləndirmə
fəaliyyəti nəticəsində əldə edilən məlumatların
həqiqi və etibarlı olmasını təmin etmək
üçün fənn kurikulumlarını hazırlayan və
qiymətləndirməni tərtib edən tərəflərin
birgə fəaliyyəti təşkil edilməlidir.
Həmçinin qeyd etmək lazımdır ki, müəllim
hazırlığı ilə bağlı ciddi islahatlar və
geniş proqramlar həyata keçirmədən nə
standartlar və kurikulum, nə də qiymətləndirmə
sahəsində arzuolunan nəticələr gözləmək
olmaz. Kurikulumu hazırlayan tərəflər, müəllim
hazırlığı ilə bağlı qurumlar və qiymətləndirmə
mütəxəssisləri arasında sıx əməkdaşlığın
olması Azərbaycan Respublikasının ümumi təhsilində
uğurlu islahatların aparılması üçün ilkin
şərtdir.
Konsepsiya sənədinin və bu sənəd əsasında
hazırlanacaq mərhələli İnkişaf
Proqramının həyata keçirilməsi nəticəsində
aşağıdakı nailiyyətlərin əldə edilməsi
gözlənilir:
təhsildə qiymətləndirmə, imtahanların
keçirilməsi sistemində islahat aparılması
üçün uzunmüddətli strategiya işlənib
hazırlanacaq, bu sahədə yeni mexanizmlər yaradılacaq,
onların fəaliyyətləri vahid mövqedən koordinasiya
olunacaq;
təhsil sistemində məktəbdaxili və milli qiymətləndirmələrin
keçirilməsi metodologiyası, qiymətləndirmə
standartları və vasitələrinin yaradılması, tətbiq
edilməsi üçün müvafiq təlimatlar
hazırlanacaq və bu fəaliyyət kurikulum islahatı ilə
əlaqələndiriləcək;
şagird nailiyyətlərinin qiymətləndirilməsinin
yeni sistemi yaradılacaq, təhsil sistemində yeni monitorinq xidməti
təşkil ediləcək, ümumtəhsil pilləsindən
professional pilləyə keçiddə mərkəzləşdirilmiş
buraxılış imtahanının keçirilməsi təmin
olunacaq;
milli qiymətləndirmə üçün təhsil
pillələrinə müvafiq vahid normativ tələbləri,
attestasiya prosedurlarını nəzərdə tutan təlimatlar
hazırlanacaq;
milli qiymətləndirmədə şagirdlər tərəfindən
nail olunmuş təlim nəticələrinin dəyərləndirilməsi
vasitəsilə təhsilin dövlət standartlarının
monitorinqi aparılacaq;
təhsilin məzmununun müəyyənləşdirilməsi
və nəticəyönümlü yeni kurikulumun
hazırlanması üçün əsas təlim nəticələri
təyin olunacaq, kompetensiyalara əsaslanan yanaşmanın məqsədəuyğunluğu
istiqamətində tədqiqatlar aparılacaq;
milli qiymətləndirmənin həyata keçirilməsi
və idarəolunmasının monitorinqi aparılacaq, nəticələr
təhlil olunacaq və məntiqi əsaslandırılacaq
hesabatvermə prosedurları əsasında nümunəvi
hesabatlar, əks-əlaqə sistemləri hazırlanacaq;
qiymətləndirməni həyata keçirmək məqsədi
ilə müəllimlərin ixtisasartırma və maarifləndirilməsi
işləri təşkil ediləcək və müvafiq
hesabatlar hazırlanacaq;
beynəlxalq qiymətləndirmə üzrə normativ tələblər,
attestasiya prosedurları, təlimatlar əsasında ölkədə
şagirdlərin beynəlxalq qiymətləndirilməsi
proqramı və digər proqramlar həyata keçiriləcək,
qiymətləndirmə sahəsində fəaliyyət göstərən
ölkədaxili və beynəlxalq qurumlarla əlaqələr
yaradılacaq və məlumat mübadiləsi təmin ediləcəkdir.
Azərbaycan müəllimi.-2009.-6
fevral.-S.3, 4