Bəxtiyar Vahabzadə: "Hər
millətin övladı orta təhsilini ana dilində
almalıdır"
Xalq şairi Bəxtiyar Vahabzadənin "Azərbaycan
müəllimi" qəzetinə müsahibəsi
19 mart 1994-cü il
- Bəxtiyar müəllim, təhsilimizin indiki vəziyyətini
necə qiymətləndirərdiniz?
- Narazı olmaq asandır,
amma "necə olsun" sualına cavab vermək çətindir.
Təhsilimizin indiki vəziyyəti qənaətbəxş
deyil. Bunun bir çox səbəbləri var, mən onları
sadalamaq istəmirəm, çünki hamıya məlumdur. Amma
hər şeyimiz pisdir və təhsilimiz də pis vəziyyətdədir,
- demək də düz deyil. Mən bir çox xarici ölkələrdə
olmuş və imkan tapdıqca onların təhsil sistemi ilə
maraqlanmışam. Azərbaycanda orta təhsil alanlar ilə
xarici ölkələrdə təhsil alanları müqayisə
etsək, bir çox cəhətdən bizim üstün
olduğumuz görünər.
Bilirsiniz, bizim təhsil
sistemimizdə naqis cəhətlərdən olan əzbərçilik
metodu var. Bu da müəllimlərin zərərli iş
üsullarından biri sayılır. Həmin müəllimlər
bilməlidirlər ki, əzbərçiliklə şagirdlərdə
müstəqil düşüncəni öldürürlər.
Şagird oxuduğu kitab haqqında müstəqil fikir
yürüdə bilmir. Bu ondan irəli gəlir ki, bir çox
müəllimlərimizin özləri müstəqil
düşünməyi bacarmırlar. Bu, faciədir.
Məktəblərdə
müstəqil düşüncənin aşılanmamasına
əsas səbəb vaxtilə, yəni sovet totalitarizmi
dövründə, yalnız bircə ideologiyaya xidmət
göstərməyimiz olmuşdur. Müəllimlər bir
ideologiyanı - marksizm ideologiyasını təbliğ etməli,
bundan kənara çıxmamalı idilər. Bu isə təhsilə
standartlıq, şablon və stereotip gətirdi. İndi, Allaha
şükür, ölkəmizdə azad düşüncəyə,
hər kəsin öz sözünü deməyə imkanı
var. Fəallıq əsasən bu sahədə müəllimlərin
üzərinə düşməlidir. Onlar
uşaqlarımıza milli mənliklərini dərk etdirməli,
körpə balalarımıza müstəqil düşünməyi
öyrətməyi bacarmalıdırlar.
- Müəllimlərin son on ildəki intellektual səviyyəsi,
şəxsi keyfiyyətləri sizi qane edirmi?
- Təəssüf ki, müəllimlərimizin
əksəriyyətinin intellektual səviyyəsi çox
aşağıdır. Onlar demək olar ki, mütaliə ilə
məşğul olmur, öz üzərlərində
çalışmırlar. Mən bunu dəfələrlə
çıxışlarımda, yazılarımda demişəm.
Sizə bir hadisəni
danışmaq istəyirəm. Bir neçə il bundan qabaq
tanınmış bir orta məktəbdə görüşdə
iştirak edirdim. Ədəbiyyat müəllimi mənim
yaradıcılığım haqqında məruzə elədi.
Gördüm ki, müəllimin məruzəsində bir kəlmə
də olsun öz fikri yoxdur. Həmin müəllim orta məktəbin
VII sinif dərsliyində mənim haqqımda yazılanları
üzümə oxudu. O zaman mən bərk əsəbiləşdim
və müəllim haqqında respublika qəzetlərinin
birində məqalə ilə çıxış etdim. Məqalədə
yazırdım ki, haqqımda məruzə edən müəllim
mənim kitablarımdan birini belə oxumamışdı. Amma
mütaliəli, müstəqil düşünən, sərbəst
mühakimələr yürüdən müəllimlərimiz
də var. Onlardan birini misal göstərmək istəyirəm.
Masallı rayonunun çaxırlı kəndində Rahid Ulusel
adlı bir orta məktəb müəllimi dərs deyir. Rahid müəllimin
muxtəlif qəzetlərdə tez-tez dərc edilən məqalələri
məni valeh edir. Onun bu yaxınlarda mənə göndərdiyi
"Doğ, ey zəkaye-vətən" məqaləsində
qaldırılan problemlər son dərəcə
maraqlıdır. Məqaləni oxuyanda müəllimin qabiliyyətinə,
savadına valeh oldum. Deyərdim ki, o, nəinki öz işinin
professoru, hətta akademiki olmağa layiqdir. Fikirləşirəm,
yaxşı ki, xalqımız bu cür savadlı müəllimlərdən
xali deyil. çox təəssüf ki, belə müəllimləri
barmaqla saymaq olar.
- Müəllim-şagird, müəllim-tələbə
münasibətini necə görmək istərdiniz?
- Mənim fikrimcə, bu
münasibətlər qarşılıqlı olmalıdır.
Yəni müəllim-şagird, şagird-müəllim sevgisi əsasdır.
Müəllim şagirdi ilə qarşılıqlı
ünsiyyətdə olmalıdır. Onlar bir-birlərini
başa düşməlidirlər. Müəllim öz səmimiyyəti
ilə şagird qəlbinə nüfuz etməyi
bacarmalıdır. Vaxtilə biz tələbə olarkən 132
nömrəli orta məktəbdə təcrübə-məşğələ
keçmişik. Burada Bilqeyis xanım Məmmədova adlı
bir ədəbiyyat müəllimi dərs deyirdi. Mən
şagirdlərin onun dərsini necə maraqla dinlədiklərinin
şahidi olmuşam. Bilqeyis müəllim öz səmimiyyəti,
zəkası və nuraniliyi ilə şagirdlərin qəlbində
öz heykəlini ucaltmışdı.
- Qeyri-dövlət təhsil müəssisələrinə
münasibətiniz?
- Mənim fikrimi bilmək istəyirsinizsə,
açığını desəm, münasibətim çox
pisdir. Təhsil bilavasitə dövlət işidir. Onu dövlət
himayə etməli və qayğı göstərməlidir. Qeyri-dövlət
müəssisələri isə pulludur və oraya kimin
imkanı varsa, o, daxil ola bilər. Siz özünüz fikirləşin,
burada hansı istedaddan, bilikdən, savaddan söhbət gedə
bilər? Bunları fikirləşəndə millətə
yazığım gəlir. Təhsillə alver etmək olmaz!
- Qızların oğlanlardan ayrı təhsil
almalarına necə baxırsınız?
- Buna təbii baxıram.
Bizim vaxtilə qız, oğlan məktəblərimiz olub. O
dövrün maarifpərvər ziyalıları,
xanımları məhz həmin məktəblərin
yetişdirmələri olmuşdur. Məncə, qızlar,
oğlanlardan ayrı təhsil alsalar, daha məqsədəuyğun
olar.
- Dini-mənəvi dəyərlərimizə
qayıdış bizə nə verə bilər?
- Məktəblərimizdə
şəriət dərsi keçilməlidir. Bu, bizə təmiz
əxlaq, saf mənəviyyat verə bilər. Uşaqlarımız
bilməlidirlər ki, hansı dinə, hansı xalqa mənsubdurlar.
Dini-mənəvi dəyərlərimizə qayıdış
insanlara həyatdakı əzab-əziyyətləri unutmaq
imkanı verər. Din gənclərin əxlaqını da
düz, doğru istiqamətdə formalaşdırar, onları
əyri yoldan, tüfeyli həyatdan çəkindirər,
xeyirxahlığa, özünü dərk etməyə
kömək edə bilər.
- Gənc nəslin tərbiyəsində ailə, məktəb
və mühitin rolunu nədə görürsünüz və
bunlardan hansını başlıca hesab edirsiniz?
- Bu sualda
mühit sözünü əsas götürmək istəyirəm.
Dünyada elə müqəddəs şeylər var ki, onlar
mühitlə, dar məhdud şəraitlə əlaqələndirilə
bilməz. Bunlardan ən
birincisi ana dilidir. Hər bir millətin övladı orta təhsilini
ana dilində almalıdır. Ana dilini mükəmməl bilmədən
başqa dili yaxşı qavramaq çətindir.
çünki ana dilini yaxşı bilən uşaq öyrənmək
istədiyi ikinci dili ana dilinin qanunları ilə müqayisədə
əyani olaraq dərk edə bilər.
Bir zamanlar Rusiyada zadəganlar
öz dilini bəyənmir, övladlarını əcnəbi
məktəblərə verirdilər. Böyük rus pedaqoqu
K.D.Uşinski bunu böyük səhv və qəbahət hesab
edərək "Ana dili" məqaləsində sübut
edirdi ki, doğma dilində dil açmayan, ana dilində təhsil
almayan uşaqlar mənən şikəst olur, köksüz,
soysuz böyüyür, iki ruh arasında avara qalır. O
yazırdı: "Xaricdən dayələr, tərbiyəçilər
və hətta ev xidmətçiləri gətirirlər. Ata və
ana övladı ilə doğma dildə bir kəlmə də
danışmır. Bunun nəticəsi nə olar? Xalq öz
qiymətli mənəvi irsindən, onun vətən
üçün oğul edə biləcək hissindən həmişəlik
əl çəkməli olar".
İndi bizim də vəziyyətimiz
bu cürdür.
1981-ci il "Oqonyok"
jurnalının 2-ci sayında bir məqalə dərc
edilmişdi. Məqalədə Parisdə yaşayan ermənilərin
öz balalarını orada açdıqları erməni məktəblərində
oxutmalarından bəhs edilirdi. Onlar istəyirlər ki, yeni
yetişən nəsil öz kökü üstündə
böyüsün və milli mənliyini dərk etsin. O zaman mən
məqaləni oxuyanda gündəliyimə bu sözləri
yazmışdım: "Paradoksa baxın! Erməni Parisdə
balasını erməni məktəbində, azərbaycanlı
isə Bakıda öz övladını rus məktəbində
oxudur!".
Dilimiz həqiqi mənada dövlət dili elan olunandan sonra bir sıra vəzifəli adamlar öz uşaqlarını, nəvələrini rus məktəblərindən çıxarıb Azərbaycan məktəblərinə verdilər. Onların məqsədi başqa şey idi. Gələcəkdə övladlarına yüksək vəzifələr qapdırmaq üçün belə edirdilər. Burada heç bir milli oyanışdan, şüurdan söhbət belə gedə bilməz. Hazırda isə vəziyyəti başqa cür təsəvvür edən, həmin "ayıqlar" təzədən öz uşaqlarını, nəvələrini Azərbaycan məktəblərindən çıxarıb rus məktəblərinə verirlər! Bu, buqələmunluqdur, simasızlıqdır!
Ana dili namusdur. Namus isə paltar deyil ki, onu havaya və fəsilə görə dəyişəsən!
- Tələbə gənclərin
fəal siyasətlə məşğul olmaları
düzgündürmü?
- Hər bir gənc siyasətbazlıqla yox, siyasətlə məşğul ola bilər.
- Övladlarımızın tərbiyəsində əsas nəyə fikir verirsiniz? Onlara hansı dəyərlərin aşılanmasını tövsiyə edərdiniz.
- Birinci növbədə, onlarda vətən sevgisi oyanmalıdır. Gənclərimizə milli şüur aşılanmalıdır. Onlar adət-ənənələrimizə sədaqət, böyük-kiçik yeri bilmək ruhunda tərbiyə edilməlidirlər.
- Müasir dövrümüzdə varlı adamların təhsilə qayğı sahəsindəki biganəliyini nə ilə izah edərdiniz?
- Bayaq dediyim kimi, təhsilə qayğı ancaq dövlət tərəfindən olmalıdır. Elmə, sənətə himayəni sponsorların ümidinə buraxmaq olmaz. İstedadlı gənclərin də qayğısını dövlət çəkməlidir. Qaldı ki, varlı adamların təhsilə biganəliyi, bunu siz onların özündən soruşsanız, daha düzgün olardı. Hər halda, millətini sevən onun təhsilinə, inkişafına öz köməyini əsirgəməməlidir. Bu, ən müqəddəs xidmətlərdən biridir.
- Bəxtiyar müəllimin demək istədiyi son söz.
- Arzum budur ki, xalqımızın başına gətirilən dəhşətli faciələrə son qoyulsun. Gənclərimiz daha ağılla, səbirlə hərəkət etsinlər. Bizim buraxdığımız səhvləri gələcəkdə onlar təkrarlamasınlar. Tarixin bugünkü ibrət dərslərindən nəticə çıxarsınlar.
- Maraqlı söhbət
üçün çox sağ olun.
Kərimova, Samirə
Azərbaycan müəllimi.-2009.-20 fevral.-S.6.