Xocalı soyqırımının on yeddinci ildönümü təhsil müəssisələrində qeyd olundu

 

Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar bütün təhsil, elm müəssisələrində müxtəlif tədbirlər keçirilir, şəhid olmuş həmvətənlərimizin xatirəsi yad olunur. Belə tədbirlərdən biri də Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində Xocalı soyqırımının ağrılarını əks etdirən tələbə gənclərin rəsm əsərlərindən ibarət sərginin açılışı oldu.

Universitetin tədris işləri üzrə prorektoru, əməkdar elm xadimi, filologiya elmləri namizədi, dosent Hüseyn Həşimli çıxış edərək bu sərginin təşkilini yüksək qiymətləndirdi və belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətli olduğunu nəzərə çatdırdı.

Tədbirdə həmçinin təsviri incəsənət kafedrasının müdiri, Azərbaycanın xalq rəssamı Hüseynqulu Əliyev, təsviri incəsənət fakültəsinin III kurs tələbəsi Şəmsiyyə Zalova çıxış edərək sərgidə nümayiş olunan əsərlər barədə geniş məlumat verdilər.

Sonra gənc rəssamların ideya və təbii çalarları ilə diqqəti cəlb edən əsərləri ilə tanışlıq oldu.

Daha sonra tədbir Heydər Əliyev lektoriyasında davam etdirildi.

Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

H.Həşimli 17 il bundan əvvəl xalqımızın başına gətirilmiş bu müsibətlərin təkcə Azərbaycan xalqının tarixində deyil, həmçinin bütöv bəşəriyyət tarixində ən amansız və dəhşətli faciələrdən biri olduğunu qeyd etdi. Vurğulandı ki, erməni şovinistləri XIX əsrdən başlayaraq ən müxtəlif dövrlərdə xalqımıza qarşı işğalçılıq siyasəti yürütmüş və öz məkrli niyyətlərini tarixən əlbir olduqları Rusiya qoşunlarının birbaşa dəstəyi ilə həyata keçirməyə müvəffəq olmuşlar. 1992-ci il fevralın 26-da törədilmiş bu faciə də bunu bir daha sübut edir.

Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri namizədi, dosent Zəhmət Şahverdiyev "Xocalı soyqırımı zəmanəmizin ən dəhşətli faciəsidir" mövzusunda çıxış edərək faciənin törənmə səbəblərindən, köklərindən ətraflı söz açdı, xalqımıza qarşı mənfur erməni qonşularımız tərəfindən yürüdülən etnik təmizləmə, soyqırımı siyasəti faktlarını tarixi təhlillərlə diqqətə çatdırdı.

Universitet gənclər təşkilatının sədri, sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbəsi Mehdi Əliyev "Xocalı soyqırımı və beynəlxalq hüquq" və beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin fransız dili ixtisası üzrə II kurs tələbəsi Gülşən Orucova "Əsrin cəzasız qalmış cinayəti" mövzularındakı çıxışlarında faciə qurbanlarının qanının yerdə qalmaması, tarixi həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində gənclərin üzərinə mühüm vəzifələrin düşdüyünü və bu istiqamətdə yorulmadan, var qüvvə ilə fəaliyyət göstərəcəklərinə əminlik ifadə etdilər.

 

***

Xalqın ən ağır yarası olan Xocalı faciəsinin anım mərasimi Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda da qeyd edildi. Tədbirə başlamazdan əvvəl Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İnstitutun rektoru, professor Asəf Zamanov çıxışında qeyd etdi ki, bu il ermənilərin imperiya qüvvələrinin köməyi ilə törətdiyi Xocalı faciəsinin 17-ci ili tamam olur. Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək bu tarix XX əsrdə yaşadığımız ən böyük faciədir. Bədnam qonşularımız tarix boyu xalqımıza qarşı bəd əməllərini təkrarlamışlar. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə dinc Xocalı şəhərinə erməni qaniçənləri Xankəndindəki Rusiyaya məxsus 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə qəfildən hücum etdilər. Silahsız xocalılar qəddarcasına, ən ağır işgəncələrlə öldürüldülər. Qadın, uşaq, yaşlı, xəstə - hamı qanına qəltan edilirdi. O zamankı hakimiyyət bu faciənin miqyasını nə qədər kiçiltməyə çalışsa da, tarix öz sözünü dedi. ümummilli liderimiz, xalqın xilaskarı, dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu faciəyə siyasi qiymət verildi. Professor Asəf Zamanov Heydər Əliyevin faciə haqqında fikirlərini xatırlatdı: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Sonra o qeyd etdi ki, bu faciənin dünyanın ən aparıcı ölkələrində qeyd edilməsi, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərilir. Bu gün ölkə Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük uğurlar bütün şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin qanlarının yerdə qalmayacağına əsas verir.

Sonra institutun əməkdaşları - Fikrət Əliyev, Nisə Cəlilzadə, Aydın Paşayev, Nurəddin Hüseynov, Bəybala Abbasov da faciə ilə bağlı ürəkağrısı ilə danışdılar.

***

Naxçıvan özəl Universitetində "Xocalı soyqırımı - tariximizin qan yaddaşı" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Universitetin tədris işləri üzrə prorektoru İbrahim Kazımbəyli qeyd etdi ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmişdir. Yüzlərlə günahsız insanın qanına qəltan edilib qətlə yetirildiyi o gecə kinli düşmən heç kimə aman vermirdi. Erməni quldurları o dəhşətli gecədə ağbirçək anaya da, uşağa da güllə atdılar.

Qeyd olundu ki, Azərbaycana o dövrdə rəhbərlik edənlərin səriştəsizliyindən Xocalı əhalisi müdafiə edilməmişdir.Faciənin baş verməsi dünya ictimaiyyətinə çatdırılmamışdır.Ulu öndərimiz Heydər Əliyev Azərbaycana ikinci dəfə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ilə bağlı bütün həqiqətlər dünya ictimaiyyətinə çatdırılmış, cinayətə siyasi qiymət verilmişdir.

Universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov "Xocalı soyqırımı ermənilərin türklərə qarşı düşmənçilik siyasətinin tərkib hissəsidir", humanitar elmlər kafedrasının baş müəllimi, tarix elmləri namizədi Elçin Zamanov "Xocalı soyqırımı tarixi faktların dili ilə", tarix-ictimaiyyət ixtisası üzrə II kurs tələbəsi Anar Tağıyev "Xocalı soyqırımı XX əsrin faciəsidir" mövzularında məruzələr etdilər.

 

***

Fevralın 24-də Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar keçirilən toplantıda ermənilərin 1992-ci il fevralın 26-da xocalılara qarşı törətmiş olduğu vəhşilikləri əks etdirən videoformatlı fotolar nümayiş etdirildi. Soyqırımında həlak olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor Adil Baxşəliyev çıxış edərək bildirdi ki, bu gün dünyanın 70-ə yaxın ölkəsində Xocalı soyqırımı ilə bağlı xatirə tədbirləri keçirilir. Bu, məhz Azərbaycan dövlətinin yeritdiyi səmərəli siyasətin nəticəsidir.

Ümumi tarix kafedrasının müdiri Şirxan Səlimov çıxış edərək ermənilərin Qafqaza gəlişi tarixindən danışdı, xalqımızın soyqırımı və digər tarixi reallıqlarını daha geniş təbliğ etmək üçün İnternetdə təbliğat və tədqiqat xarakterli məqalələrin sayını artırmağın vacibliyini qeyd etdi.

Daha sonra müəllim, magistr və tələbələrin hərbi vətənpərvərlik mövzusunda çıxışları dinlənildi. Qeyd edildi ki, bir ölkənin qələbə çalması üçün birinci onun iqtisadiyyatı güclü olmalıdır. Azərbaycan güclü iqtisadiyyatını əldə edib və Ermənistan bunu bilir.

 

***

Xocalı soyqırımının 17-ci ildönümü fevralın 26-da Azərbaycan Dövlət Pedaqoji Kollecində "Xocalını unutmayın" adlı tədbirlə qeyd olundu. YAP Yasamal Rayon Qadınlar Şurası ilə kollecin birlikdə keçirdikləri tədbiri təhsil müəssisəsinin direktoru, professor Nurlana Əliyeva açaraq illərlə bizimlə bir torpaqda yaşayan, Azərbaycanın çörəyini yeyib suyunu içən ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğını, xocalılara tutulan divanı tarixdə misli-bərabəri olmayan faciə adlanırdı. Bildirdi ki, həmin gecə heç bir günahı olmayan insanların, o cümlədən qocalar, qadınlar, körpələrin məruz qaldıqları qəddar zülm bu gün bizim hər birimizin qəlbini göynədir. O vaxtkı ölkə rəhbərliyinin bu faciəyə olduqca biganə münasibət bəslədiyini qeyd edən N.Əliyeva o dövrdə səsimizin beynəlxalq aləmdə də eşidilmədiyini, dünyanın bizim müsibətimizə laqeyd qaldığını, Azərbaycanınn öz dərdini dünyaya çatdıra bilmədiyini söylədi. Bildirdi ki, 90-cı illərdən fərqli olaraq bu gün Azərbaycanı dünyada tanıyırlar. ölkəmizin adı ən qabaqcıl ölkələrin sırasında, xalqımızın adı ən mütərəqqi xalqların adları ilə birlikdə çəkilir. Bütün bunların əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin xidmətləri, yeritdiyi müdrik daxili və xarici siyasətin nəticəsində mümkün olduğunu deyən N.Əliyeva Heydər Əliyevin milli tərəqqi kursunun 2003-cü ildən ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.

Tədbirdə kollecin tələbələri faciəyə həsr olunmuş olduqca təsirli ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.

Mərasimdə çıxış edən YAP Yasamal Rayon Təşkilatının sədri, professor Fikrət İsmayılov Xocalı soyqırımının xalqımızın qan yaddaşına yazılmalı olduğunu söyləyib, keçirilən anım tədbirini yüksək qiymətləndirdi, onun təşkilatçılarına və ədəbi-bədii kompozisiyanı böyük hüznlə iştirakçılara təqdim edən tələbələrə təşəkkür etdi.

 

***

Fevralın 24-də Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzində Xocalı soyqırımının 17-ci ildönümünə həsr edilmiş "Xocalı-qərib obam" adlı tədbir keçirildi.

Tədbiri açan RGTDM-nın direktoru A.Məmmədov sözü Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri A.İbrahimova verdi.

O, Xocalı soyqırımı barədə ətraflı danışdı və qeyd etdi ki, respublikamızın hər yerində, eləcə də xarici ölkələrdə də qan yaddaşımız olan Xocalı soyqırımı anılır və xüsusi qeyd olunur.

Xocalı sakinlərindən Ələmdar Quluzadə Xocalıya aid yazdığı şeirini oxudu. Gülayə Orucova isə ailələrinin və yaxınlarının başına gələnləri söylədi.

Sonra Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinində Xocalı soyqırımı faciəsi ilə əlaqədar keçirilən inşa müsabiqəsinin qaliblərinin adları açıqlandı. Nzami rayonu 12 nömrəli otra məktəbin VII sinif şagirdi Günel Nadirli I, Xətai rayonu 86 nömrəli orta məktəbin VII sinif şagirdi Aynur Denikayeva II və Xətai rayonu 27 nömrəli orta məktəbin VII sinif şagirdi ülvi Quliyev III yer tutduqlarına görə diplomlarla təltif olundular.

Tədbir Xocalı soyqırımının 17-ci ildönümünə həsr edilmiş ədəbi-bədii kompozisiya ilə başa çatdı.

 

***

Xocalı soyqırımının 17-ci ildönümünün qeyd olunması ilə əlaqədar fevralın 25-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq Dünyası" qalereyasında Bakı şəhər məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin və ümumtəhsil məktəbləri şagirdlərinin rəsm işlərindən ibarət sərginin açılışı oldu. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Qarabağlı çıxış edərək erməni işğalçılarının azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri bir daha iştirakçıların nəzərinə çatdırdı. O,Xocalı soyqırımını əks etdirən rəsm əsərlərinin müəlliflərinə minnətdarlığını bildirərək vətənpərvərlik hisslərinin daha da inkişaf etdirilməsinin vacibliyinə toxundu.

Sonra 35 nömrəli orta məktəbin xor kollektivinin ifasında məktəbin musiqi müəllimi Dilqəm Musaoğlunun "Xocalı qisasını tapşırmayaq Allaha" adlı marşın təqdimatı keçirildi. Qarabağ müharibəsi əlili Aftandil Əliyevin çıxışından sonra 21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin və 48 nömrəli Tərbiyə İşi Mərkəzinin bədii qiraət dərnəyi üzvlərinin ifasında "Xocalı fəryadı" adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.

Sonda sərgiyə baxış keçirildi.

 

***

Bakıdakı 258 nömrəli orta məktəbdə Xocalı faciəsinə aid tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan təhsil müəssisəsinin rəhbəri Sədaqət Hüseynova faciə haqqında məlumat verdi və bildirdi ki, tarixdə görünməmiş xüsusi qəddarlıqla həyata keçirilən bu faciənin, zülmün analoqu olmayıb. Həmin gün yüzlərlə soydaşımız amansızcasına qətlə yetirilmiş, minlərlə insan ev-eşiyindən, isti ocağından didərgin düşmüşdür.

Sonra söz şagirdlərə verildi. Onlar yaratdıqları obrazlarla sanki faciəni bir daha canlandırdılar. çıxış edən qonaqlar da xalqımızın başına gətirilən müsibətlərdən danışdılar.

 

***

Həmin gün Bakıdakı 299, 267, 266,236,144, 176, 157, 97, 62, 56 və 95 nömrəli orta ümumtəhsil və 1,12 nömrəli peşə məktəblərində də Xocalı faciəsinin on yeddinci il dönümü qeyd olundu. Təhsil ocaqlarında faciəni əks etdirən səhnəciklər, bayatılar və şeirlər səsləndirildi, faciə qurbanları yad edildi.

 

 

"Azərbaycan müəllimi"

 

Azərbaycan müəllimi.-2009.-27 fevral.-S.1, 5.