Misir Mərdanov:
"Bir sıra özəl ali təhsil
müəssisələrində təhsilin keyfiyyəti
aşağı səviyyədədir"
- Bu günlərdə Nazirlər
Kabinetinin qərarı ilə "Ali təhsilin bakalavr pilləsi
ixtisaslarının (proqramların) siyahısı" təsdiq
edilmişdir. Qərar hansı zərurətdən
meydana gəlmişdir və bununla bağlı kadr
hazırlığı sistemində hansı dəyişikliklər
gözlənilir?
- Yeni ixtisas siyahısının hazırlanması zərurəti bir sıra səbəblərlə bağlıdır. İlk növbədə qeyd edim ki, əvvəlki klassifikatorda 515 ixtisas var idi. Onlardan müvafiq istiqamətlər altında təxminən 386 ixtisas üzrə kadr hazırlığı həyata keçirilirdi. Bu sayda ixtisasların mövcudluğu şəraitində, nazirlik tərəfindən görülən tədbirlərə baxmayaraq, bakalavr pilləsində genişprofilli mütəxəssis hazırlığına nail ola bilmirdik. Nəticədə yenə də bir çox hallarda tətbiq sahələri üzrə dar çərçivəli mütəxəssis hazırlığı həyata keçirilirdi. Bu da həm bakalavr hazırlığı qarşısına qoyulan genişprofilli mütəxəssis hazırlığı vəzifəsinin reallaşdırılmasına imkan vermirdi, həm də məzunların əmək bazarının sürətlə dəyişən tələbatına uyğun gəlməməsinə səbəb olurdu.
Təəssüflə bildirməliyəm ki, ali məktəblərimizdə verilən bir sıra ixtisaslar beynəlxalq aləmdə tanınmır. Universitetlərimizdə kadr hazırlığı aparılan "beynəlxalq hüquq", "beynəlxalq iqtisadi münasibətlər", "qiymətin əmələ gəlməsi", "gömrük ekspertizası", "beynəlxalq jurnalistika", "tibbi biofizika", "əməyin iqtisadiyyatı" və sair bu kimi ixtisaslar dünyada qəbul olunmur. Belə bir şəraitdə ixtisas təsnifatının beynəlxalq təcrübəyə uyğun yenidən hazırlanması zərurəti meydana çıxmışdı. Azərbaycan Resrublikası Prezidentinin "Azərbaycan Resrublikasının ali təhsil müəssisələrinin Avrora ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 2008-ci il 31 yanvar tarixli sərəncamının icrası istiqamətində Təhsil Nazirliyində yeni siyahının hazırlanması ilə əlaqədar işçi qrupu yaradıldı. Beynəlxalq təcrübə öyrənilərək, YUNESKO və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğun yeni siyahı hazırlandı, hökumətə təqdim edilməmişdən əvvəl sənəd bütün ali məktəblərdə müzakirə olundu, yalnız bundan sonra sənədi hökumətə təqdim etdik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli qərarı ilə "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramların) yeni siyahısı" təsdiq edildi.
Hesab edirəm ki, yeni siyahının təsdiq olunması Azərbaycan ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində atılmış mühüm addımlardan biridir. Eyni zamanda bu sənədin qəbul olunması Boloniya Bəyannaməsinin tələblərinə də uyğundur. Onu da vurğulaym ki, yeni ixtisas siyahısı irəliyə doğru bir addım olsa da, burada təkliflərimizin yalnız 95 faizi öz əksini tapmışdır. ümid edirəm ki, gələcəkdə daha təkmil bir sənədin hazırlanması mümkün olacaqdır. Avropa məkanına inteqrasiyanı və məzunlarımızın rəqabətqabiliyyətliliyini təmin etmək məqsədilə Beynəlxalq Təsnifat Strukturuna müvafiq olaraq təsdiq olunmuş yeni siyahıda ixtisas qrupları üzrə 149 ixtisas saxlanılmışdır. Belə ki, təhsil ixtisasları qrupu üzrə 21, humanitar və sosial ixtisaslar qrupu üzrə 15, mədəniyyət və incəsənət ixtisasları qrupu üzrə 21, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə 11, təbiət ixtisasları qrupu üzrə 10, texniki və texnoloji ixtisaslar qrupu üzrə 49, kənd təsərrüfatı ixtisasları qrupu üzrə 9, səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə 13 ixtisas müəyyənləşdirilmişdir.
Lakin ixtisasların belə azaldılması heç də ixtisaslar üzrə bakalavr hazırlığının ixtisarı kimi qəbul olunmamalıdır, çünki yeni klassifikatorda ixtisasların mexaniki ixtisarı deyil, onların kifayət qədər qruplaşdırılması aparılmışdır. Beləliklə, bu klassifikatora uyğun olaraq ali təhsilin bakalavr pilləsinin tələb etdiyi kimi, daha genişprofilli mütəxəssis hazırlığı həyata keçiriləcək. Eyni zamanda əvvəlki illərlə mıüqayisədə bakalavr pilləsinə tələbə qəbulu planının azaldılması da planlaşdırılmır. Bununla yanaşı, yeni ixtisas siyahısının təsdiq olunması ali məktəblər qarşısında bir sıra ciddi vəzifələr də qoymuşdur. Belə ki, kadr hazırlığı sistemində müvafiq dəyişikliklərin aparılması, kafedraların sayının azaldılması, bəzi fakültələrin birləşdirilməsi, bağlanması, ali məktəblərin strukturunun və idarəetmənin təkmilləşdirilməsi istiqamətində sistemli iş aparılmalıdır.
- Bir pedaqoq kimi, özəl və dövlət təhsil müəssisələrindəki bilik səviyyəsində hansı keyfiyyət fərqləri görürsünüz?
- Bu gün Azərbaycanda təhsilin bütün pillələri üzrə özəl təhsil müəssisələrinin fəaliyyətinə hər cür şərait yaradılmışdır. özəl orta məktəblərdə təhsilin keyfiyyəti qaneedici olsa da, özəl ali təhsillə bağlı gözlədiyimiz nəticələri əldə edə bilməmişik. Xüsusilə, bir sıra özəl ali məktəblərdə təhsilin keyfiyyəti çox aşağı səviyyədədir və mövcud qayda-qanunlara əməl olunmur. Son illər bu məsələlər nazirliyin kollegiya iclaslarında dəfələrlə müzakirə olunmuş, 2006-cı ildə Müstəqil Azərbaycan Universitetinin fəaliyyətini, Kooperasiya İnstitutuna qəbulu, digər özəl ali məktəblərə "hüquq", "beynəlxalq hüquq", "beynəlxalq münasibətlər", "tibb", "tibbi biologiya" ixtisasları üzrə tələbə qəbulunu dayandırmağa məcbur olduq. Eyni zamanda xarici dövlətlərin ali təhsil müəssisələrinin Azərbaycandakı bütün filiallarının fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdik. Təhlil göstərir ki, bu qərarlar ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanmışdır.
Ölkə Prezidentinin qərarına əsasən mülkiyyət formasından asılı olmayraq ölkədə təhsil siyasəti və təhsilin keyfiyyətinə nəzarət Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Əmin edirəm ki, Təhsil Nazirliyi özəl təhsil müəssisələrinin qanunvericiliyə uyğun fəaliyyətinin təmin edilməsi və keyfiyyətə nəzarət sahəsində bundan sonra da təsirli tədbirlər görəcəkdir.
- Xaricdə təhsil alan tələbələrimizin diplomlarının tanınması məsələsi bu günün müzakirə obyektidir. Buradakı anlaşılmazlıqlar nədən irəli gəlir?
- 1997-ci ilin aprelində Azərbaycan Respublikası "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası"na imza atmışdır. Dövlət başçısının 06 mart 2000-ci il tarixli 346 nömrəli "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncamı ilə Azərbaycan Respublikası adıçəkilən Konvensiyaya qoşulmuş və onun icrası Təhsil Nazirliyinə həvalə olunmuşdur. Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"nı həyata keçirmək məqsədilə xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsi ilə bağlı nazirlikdə Təhsil sənədlərinin tanınması işi üzrə sektor yaradılmışdır.
ötən müddət ərzində Təhsil Nazirliyinə 2163 müraciət daxil olmuşdur. Müraciət edənlərin əksəriyyətini MDB ölkələrində və Türkiyədə təhsil alanlar, müəyyən qismini isə Avropa, Amerika, Asiya və ərəb ölkələrinin ali məktəblərinin məzunları təşkil etmişdir. Müraciətlərdən 1388-i müsbət həll edilmiş və onların sahiblərinə müvafiq şəhadətnamələrin verilməsi haqqında qərarlar qəbul edilmişdir. 444 müraciət hazırda baxılma mərhələsindədir. Təqdim edilmiş sənədlər arasında 331 qeyri-qanuni fakt aşkarlanmış, o cümlədən 12 saxta diplom müəyyən edilmişdir. Bu sənədləri təqdim edənlər əsasən Rusiya Federasiyası və Gürcüstanın ali təhsil müəssisələrinin məzunları olmuşlar.
- İndi müəllimlərin işə qəbulu sahəsində yeni mexanizmlər barədə çox danışılır. Bu sahədə hansı yeniliklərin edilməsi gözlənilir?
- Təhsil Nazirliyi tərəfindən kadr təminatının təhlili zamanı müəyyən edilmişdi ki, yerlərdə kadr siyasətinin düzgün aparılmaması nəticəsində son 5 ildə şagirdlərin sayı 265513 nəfər azaldığı halda, müəllimlərin sayı 3602 nəfər artmış, müəllim-şagird nisbəti 9,9-dan 8,2-ə enmişdir. Nazirlikdə bu məsələ çox ciddi araşdırılmış, müəllimlərin seçilməsi və işə təyin olunması sahəsində dünyada sınaqdan keçirilmiş mexanizmlərin tətbiqi istiqamətində bir sıra addımlar atılmışdır. Bakı şəhərində son iki, respublikanın rayonlarında isə cari dərs ilindən müəllimlərin seçilməsi və yerləşdirilməsi nazirlik tərəfindən nəzarətə götürülmüşdür. Təhlil göstərmişdir ki, ötən dərs ilində yerli təhsil orqanları tərəfindən nazirliyə təqdim olunmuş 4000 vakansiyadan yalnız 1850-si əsaslıdır və cari dərs ilində vakant yerlərin sayına uyğun müəllimlərin işə qəbuluna razılıq verilmişdir. Müqayisə üçün 2007-2008-ci tədris ilində bütün rayon və şəhərlər üzrə 4654 müəllim işə qəbul olunmuşdusa, 2008-2009-cu dərs ilində kadr təminatı proqramı da daxil olmaqla 1829 müəllim işə götürülmüşdür. Görülən tədbirlər nəticəsində son 10 ildə ilk dəfə olaraq müəllimlərin sayının artma tendensiyası dayanmış, azalma müşahidə olunmuşdur. Belə ki, pedaqoji kadrların sayı ötən dərs ilindəki 175 221 nəfərdən 173 100 nəfərə enmişdir.
Pedaqoji kadr təminatı vəziyyətinin monitorinqinin aparılması və müvafiq proqramın hazırlanması vacib vəzifələrdəndir. Yaxın gələcəkdə dünya təcrübəsində özünü doğrultmuş bir sıra mexanizmlərin tətbiqi nəzərdə tutulmuşdur. İlkin mərhələdə məktəblərdə vakant yerlərin dəqiq müəyyənləşdirilməsi, KİV-də və İnternetdə elanların verilməsi, sənədlərin nazirlikdə qəbulu, eksrertizanın (qiymətləndirmənin) aparılması və müsahibədən sonra müəllimlərin müvafiq məktəblərə göndərilməsi planlaşdırılır. Dünyanın bir çox ölkələrində müəllimlərin işə qəbuluna çox ciddi əhəmiyyət verildiyindən həmin prosesdə vahid imtahan sistemi tətbiq olunur. Bu, səriştəli, bacarıqlı kadrların məktəbə gəlməsinə, müəllim-şagird nisbətinin optimal tənzimlənməsinə, müəllimlərin ehtiyac olan təhsil müəssisələrində yerləşdirilməsinə gətirib çıxarır. Bu istiqamətdə atacağımız növbəti addım müəllimlərin işə qəbulu prosesində vahid imtahan mexanizminin tətbiqi olacaqdır. Hazırda bununla əlaqədar dünya təcrübəsi öyrənilir, müvafiq mexanizm hazırlandıqdan və təsdiq edildikdən sonra tətbiq ediləcəkdir. Eyni zamanda bu məsələ Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin alt-komponentlərindən biri kimi müəyyənləşdirilmişdir. Paralel olaraq müvafiq meyarlar hazırlamaqla hazırda işləyən müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların inkişafı üçün proqramların tərtib edilməsi, pedaqoji fəaliyyəti tənzimləyən reqlamentləşdirici sənədlərin təkmilləşdirilməsi də həyata keçirəcəyimiz əsas vəzifələrdəndir. Ediləcək yeniliklərdən biri də müəllimlərin ixtisas dərəcələri üzrə təsnifatına dair qaydaların hazırlanmasıdır ki, bu da dünyanın bir çox ölkələrində tətbiq edilir. Yəni müəllim müəyyən təcrübə əldə etdikdən sonra daha yüksək ixtisas dərəcəsi əldə edir ki, bu da müvafiq stimullaşdırıcı tədbirlərlə, yəni əməkhaqqının artımı ilə müşayiət olunur. Pedaqoji ali məktəbi bitirən məzunların bir il sınaq müddətini başa vurduqdan sonra tamhüquqlu müəllim statusu almaları, habelə işləyən müəllimlərin fəaliyyətlərini davam etdirməsinə hüquqi əsas verən lisenziyalaşdırma mexanizminin tətbiqi, yaş senzinin müəyyənləşdirilməsi də aktuallıq kəsb edən vəzifələrdəndir.
- Uşaqların keyfiyyətli təhsil almaları üçün məktəblə bərabər valideynlər də məsuliyyət daşıyırlar. Valideynlərlə məktəbin birgə əməkdaşlığını necə görürsünüz?
- Məktəblərdə idarəetmənin ictimai yönümünün gücləndirilməsində, təhsilin keyfiyyətinə birbaşa təsir edən kollegial qərarların qəbulunda valideyn komitələri, məktəb-valideyn assosiasiyaları mühüm rol oynaya bilər. Son zamanlar YUNİSEF-in dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə Valideyn-Müəllim Assosiasiyası yaradılıb və hazırda bu birliyə daxil olan məktəblərin sayı 500-ü ötmüşdür. Dünya Bankı ilə apardığımız islahatlar çərçivəsində 3 pilot rayonunda yeni normativ-hüquqi baza əsasında məktəb şuralarının fəaliyyətə başlaması da diqqəti çəkən haldır. Valideyn birliklərinin yaxından köməyi ilə cari dərs ilindən ölkənin bütün ümumtəhsil məktəblərində vahid məktəbli formasına keçidin təmin olunması da müsbət addımlardan biridir.
Onu da qeyd etmək istərdim ki, inkişaf etmiş ölkələrdə valideyn birlikləri böyük nüfuza malik olmaqla nəinki məktəblərin sosial-iqtisadi problemlərinin həllində, habelə təlimin məzmununun təkmilləşdirilməsində, pedaqoji kadrların tərkibinin yaxşılaşdırılmasında, məktəblərin idarəolunmasında fəal iştirak edir. Məhz belə funksiyalara malik valideyn birliklərinin yaradılması cari dərs ilində əsas prioritetlərimizdən biri olacaq. Bu məsələlərin geniş müzakirəsini təmin etmək məqsədilə bütün maraqlı tərəflərin iştirakı ilə konfransın keçirilməsini nəzərdə tutmuşuq.
- Adambaşına maliyyələşmə mexanizminin tətbiqi indi hansı mərhələdədir?
- Bu gün dövlətin və cəmiyyətin təhsil sistemindən gözləntiləri, hər şeydən əvvəl, keyfiyyətlə bağlıdır. Təhsilə yönəldilən və ildən-ilə artan maliyyə resurslarının son nəticədə keyfiyyətə təsiri hamını düşündürür. Bu mənada təhsilə ayrılan büdcə vəsaitlərindən daha səmərəli istifadəni təmin edən mexanizmlərin tətbiqi Təhsil Nazirliyinin daim diqqət mərkəzində idi. Sirr deyil ki, bu gün məktəblər ötən ilə nisbətən proqnozlaşdırılan xərclər smetası əsasında maliyyələşir. Məktəb büdcələrinin xərclənməsi yerli təhsil orqanları tərəfindən həyata keçirildiyindən əksər hallarda xərclərdən, tərtib olunan smetalardan məktəblərin məlumatları olmur, çünki bu proseslərdə onların iştirakı təmin olunmur. Lakin sübut etməyə ehtiyac yoxdur ki, məktəbin ehtiyaclarını məktəbin özündən yaxşı heç kim müəyyənləşdirə bilməz. Ona görə də məktəbin xərclərinə dair qərarların verilməsində məktəbin özünün iştirak etməməsi bizi çox narahat edir. Eyni zamanda məktəblərin büdcəsi xərc maddələri üzrə ayrılır və vəsaitin bir maddədən digərinə keçirilməsinə icazə verilmir. Nəticədə büdcənin qənaətlə istifadəsi və qənaət olunmuş məbləğin digər maddəyə keçirilib inkişaf tədbirinə yönəldilməsi mümkün olmur. Qənaət olunmuş məbləğin həmin maddədə qalaraq ilin sonunda büdcəyə silinməsi isə nə qədər təəccüblü olsa da, məktəbin növbəti il üçün büdcəsinin aşağı düşməsinə səbəb olur. Belə ki, məktəblərə büdcənin ayrılması cari ilin maliyyə göstəriciləri əsasında ararılır və əgər ötən illə müqayisədə cari ildə xərclər aşağı düşmüşsə, onda növbəti il üçün də məktəbə daha az məbləğdə rul ayrılır. Bu isə, öz növbəsində, vəsaitlərin səmərəli istifadəsinə sövq etmir. Bu və digər problemlərin həlli mexanizmlərindən biri adambaşına maliyyələşmə və məktəblərə maliyyə müstəqilliyinin verilməsidir. Bu islahatlara başlamazdan əvvəl Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyimiz Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində bir sıra ölkələrin, o cümlədən Böyük Britaniya, Finlandiya, Kanada, Avstraliya, Yeni Zelandiya, Hollandiya, Polşa, çexiya, Bolqarıstanın təcrübəsini öyrəndik və 2007-ci ildən ölkənin 3 pilot rayonunun (Ucar, İsmayıllı rayonları, Şirvan şəhəri) 59 məktəbində adambaşına maliyyələşmənin tətbiqi üzrə eksperimentlərə başladıq.
Mövcud maliyyələşmə ilə adambaşına maliyyələşmə arasında fərqi müşahidə etmək üçün pilot məktəblərdən birinin maliyyələşməsinə diqqət yetirək. Şirvan şəhər 18 nömrəli məktəbin 2006-cı il büdcəsi 226066 manat, yəni şagirdbaşına 153,37 manat təşkil etmişdir. Məktəbin büdcəsi düsturla hesablandıqda bu məbləğ 275198 manat, yəni şagirdbaşına 186,70 manat təşkil edərdi. Beləliklə, düsturun bu məktəbdə tətbiqi məktəbə adekvat vəsait verməklə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün əlavə imkanlar yaradardı. Maliyyə müstəqilliyi şəraitində məktəb bəzi maddələrdən əldə olunan qənaəti və düsturla maliyyələşmədən əldə etdiyi əlavə vəsaiti daha səmərəli xərcləyə bilərdi. Həmin məktəblə bağlı konkret faktlara müraciət edək. Mövcud smetada dəftərxana və təsərrüfat xərcləri üçün 700 manat vəsait nəzərdə tutulmuşdur. Nəmin vəsaitin məktəbin ehtiyaclarını ödəmək üçün az olduğunu nəzərə alaraq, dəftərxana və mətbəə xərcləri məqsədilə 7500 manat vəsaitin ayrılması real tələbat hesab edilir. Belə ki, həmin vəsaitin materialların çar edilməsinə, əyani vəsaitlər və didaktik materialların alınmasına yönəldilməsi təklif edilir. Bütün ezamiyyə xərcləri üçün ayrılmış 600 manat əvəzinə, məktəb tələbatının 8400 manat olduğu müəyyənləşdirilmişdir. Bu vəsait məktəblərarası, ölkədaxili və ölkələrarası əməkdaşlığı təmin etmək, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə ezamiyyələrin, təhsilin keyfiyyətinə bilavasitə təsir edən müəllimlərin ixtisasartırmasının daha səmərəli təşkilinə, müəllimlərin xaricdə treninq və seminarlara cəlbinə, təlim materiallarının alınması, innovasiyaların tətbiqi və digər inkişafetdirici tədbirlərə vəsaitin yönəldilməsinə imkan verərdi. Məktəbə qaz haqqının ödənilməsi üçün smetada 900 manat, istilik sistemi xərclərini ödəmək üçün 1400 manat nəzərdə tutulmuşdur. Lakin 2006-cı ildə məktəbə ümumiyyətlə qaz verilmədiyi və istilik sistemi işləmədiyi üçün həmin vəsaitdən istifadə edilməmişdir. Məktəbin səlahiyyəti olsaydı həmin vəsaiti təsərrüfat məqsədləri üçün səmərəli istifadə edərdi. Smetada avadanlıq üçün 3500 manat ayrılmışdır. Məktəbdə laboratoriya və digər avadanlıqlara, kitabxananın zənginləşdirilməsinə böyük ehtiyacın olduğu üçün bu məqsədlə 15000 manat vəsait nəzərdə tutulmalıdır. Bu dəyişikliklər məktəbdə əlverişli təlim mühitinin formalaşmasına səbəb olardı, məktəbin kənar müdaxilələrdən asılılığını azaldardı, neqativ hallara son qoyardı. Qeyd edilənləri ümumiləşdirsək, mövcud maliyyələşdirilmə ilə müqayisədə adambaşına maliyyələşdirmənin üstünlüklərini belə xarakterizə etmək olar - məktəblərin maliyyələşməsi sahəsində subyektivlik halları aradan qaldırılır. üeni sistemdə maliyyələşmə mövcud imkanlar çərçivəsində məktəbin ehtiyaclarının daha real nəzərə alınmasına imkan verən vahid düstur əsasında müəyyənləşdirilir. Büdcənin tərtibində məktəb rəhbərliyinin iştirakı təmin edilir, nəzərdə tutulan maliyyə vəsaitinin məktəblərin ehtiyaclarına daha səmərəli yönəldilməsi imkanı yaranır. Büdcə vəsaitindən səmərəli istifadə mümkün olur. Belə ki, zərurət yarandığı hallarda hər hansı bir xərc maddəsi üzrə istifadə edilməyən vəsaitin digər ehtiyaclara yönəldilməsi üçün məktəbə səlahiyyət verilir. Büdcədənkənar vəsaitlərin məktəbə cəlbinə və şəffaf istifadə edilməsinə şərait yaradılır. Belə ki, məktəbin xəzinə hesabı olduğu üçün, büdcədənkənar vəsaitlər üçün də xəzinədə hesab açmaq imkanı əldə edir. Məktəb rəhbərlərinə müstəqil idarəetmə səlahiyyətləri verən və valideynlərin qərarqəbuletmə prosesində yaxından iştirakını təmin edən bu mexanizmin tətbiqi sahəsində ilkin addımlar atılmış, kollegial idarəetmənin həyata keçirilməsi məqsədilə pilot məktəblərdə yeni normativ-hüquqi baza əsasında məktəb şuraları yaradılmışdır. Bu sahədə aparılan islahatların gedişi 2008-ci ildə Təhsil Nazirliyinin kollegiyasında müzakirə olundu və yeni maliyyələşmə mexanizminin tətbiqi sahəsində bir sıra problemlərin olduğu aşkar edildi. Bu problemlər, əsasən, məktəblərə maliyyə müstəqilliyinin verilməməsi, büdcədən sərbəst istifadənin məhdudlaşdırılması, vəsaitlərdən ehtiyaca uyğun istifadə zərurəti ilə bağlı büdcədə dəyişikliklərin edilə bilməməsi və digər amillərlə bağlı olmuşdur.
Bu və digər problemlərin həlli məqsədilə Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (2009-2014-cü illər) vəzifələrindən biri də başlanmış maliyyə islahatlarının qiymətləndirilməsi və hökumətə təkliflərin hazırlanması kimi müəyyənləşdirilmişdir. ölkənin bütün təhsil müəssisələrində dünyanın inkişaf etmiş ölkələrində çoxdan tətbiq edilən, təhsilə ayrılan maliyyə resurslarından daha səmərəli istifadəyə və bilavasitə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən adambaşına maliyyələşmə və ya vauçer sisteminə keçid hazırda mühüm vəzifə kimi qarşımızda durur.
Bununla yanaşı, pilot şəhər və rayonlarda "Məktəb qrantı proqramı" həyata keçirilmişdir. Proqramın məqsədi məktəblərə əlavə maliyyə vəsaiti verməklə onlarda innovasiyaların tətbiqi istiqamətində maliyyənin idarəedilməsi üçün lazımi bacarıqların formalaşdırılması olmuşdur. Proqram üç mərhələdə həyata keçirilmiş və hər biri 5000 ABŞ dolları olmaqla ümumilikdə 865 min ABŞ dolları həcmində 173 qrant layihəsini əhatə etmişdir. Maliyyə müstəqilliyi verilmiş 59 məktəbin hamısı qrant proqramı müsabiqəsində uğur qazanmış və qrant vəsaitlərini özləri idarə etmişlər.
- Məlum olduğu kimi, "Azərbaycan Respublikasında Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı" həyata keçirilir. Hazırda Proqramın realizəsi ilə bağlı nə kimi işlər görülür?
- BMT tərəfindən qəbul edilmiş "Minilliyin məqsədləri"ndə hər bir ölkədə "Uşaq müdafiə sistemi"nin yaradılması nəzərdə tutulmuşdur. Bu sistem uşaqlara qarşı bütün zorakılıq hallarının, kobud rəftarın və digər zərərli təsirlərin profilaktikası, uşaqların təhsili, sağlamlığı və müdafiəsi sahəsində fəaliyyət göstərən bütün dövlət və qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti qurumları və medianın səylərinin əlaqələndirilməsini özündə ehtiva edir. Bununla əlaqədar dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş "Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)" əsas vəzifəsi də uşaqlar üçün sosial xidmətlərin təşkili üzrə işlək mexanizmlərin yaradılmasından ibarətdir. Proqramda uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinin təşkili, ümumtəhsil internat məktəblərinin bazasında ümumi təyinatlı məktəblərin, lisey və gimnaziyaların yaradılması, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli təlim-tərbiyə müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə çevrilməsi, bu müəssisələrdən uşaqların öz bioloji ailələrinə qaytarılması üçün tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Bu sahədə Təhsil Nazirliyində müxtəlif tədbirlər həyata keçirilmişdir. 2006-cı ilin sentyabr-noyabr aylarında bütün internat məktəb və uşaq evlərinin fəaliyyətinin monitorinqi aparılmış, dövlət uşaq müəssisələrinin və orada yaşayan uşaqların qiymətləndirilməsi keçirilmiş, məlumat bazası yaradılaraq müvafiq "Transformasiya planı" hazırlanmışdır.
Hökumət tərəfindən təsdiq olunmuş basqa bir proqrama diqqət yetirməyinizi istərdim -"Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)" çərçivəsində beynəlxalq təşkilatlarla birlikdə inklüziv təhsil layihələri 30-dan çox təhsil müəssisəsini, 200-dən artıq məktəbəqədər və məktəbyaşlı xüsusi qayğıya ehtiyacı olan uşağı əhatə etmişdir.
Azərbaycan
üçün yeni təcrübə olan inklüziv təhsil
zamanı xüsusi qayğıya ehtiyacı olan uşaqlar
kütləvi məktəblərdə və uşaq
bağçalarında sağlam uşaqlarla birlikdə təhsil
alır, asudə vaxtlarını keçirir, tədbirlərdə
iştirak edirlər. Təhsilin belə bir
formada təşkili xüsusi qayğıya ehtiyacı olan
uşaqları cəmiyyətdən və
yaşıdlarından təcrid olunmaqdan xilas edir, onların
adi həyata inteqrasiyasına, inkişafına və
hüquqlarının təmin olunmasına kömək edir,
sağlam uşaqlarda isə öz həmyaşıdlarına
qarşı mərhəmət, qayğı hisslərinin
formalaşmasına səbəb olur.
"Exo"
qəzeti
Azərbaycan müəllimi.-2009.-27 fevral.-S.3.