Əbdüləziz bin Osman əl-Tüveycri: "Azərbaycanda təhsilin səviyyəsi yüksəkdir"
Məlum olduğu kimi, bir neçə gün öncə respublikamızın paytaxtında "Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009" Mədəniyyət ilinin açılışı olmuşdur. İki gün ərzində keçirilən konfrans və digər tədbirlərdə Avropa və İslam ölkələrindən xeyli qonaq, o cümlədən İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri iştirak etmişdir. Səfərdə olduğu müddətdə əməkdaşlarımız onunla görüşüb qəzetimiz üçün müsahibə almışlar.
- Cənab əl-Tüveycri, Siz artıq bir neçə dəfə Azərbaycanda səfərdə olmuş, müxtəlif tədbirlərdə iştirak etmişsiniz. Ölkəmiz haqqında təəssüratlarınızı bilmək çox maraqlıdır.
- Bu il İslam mədəniyyətinin paytaxtı olan Bakı zəngin mədəniyyəti, ədəbiyyatı və elmi ilə dünya səviyyəsində tanınan tarixi şəhərlərdən biridir. Nəcib insanları, füsunkar təbiəti olan ölkəniz daim ayrı-ayrı xalqların yanaşı yaşamaları, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi ilə seçilir. Mən hər dəfə Bakıya gələndə burada ictimai həyatın bütün sahələrində əlamətdar dəyişikliklər görürəm. İqtisadiyyat, təhsil, mədəniyyət, elm və s. sahələrdə yenidənqurma işləri, islahatlar hər dəfə daha qabarıq şəkildə diqqəti cəlb edir. Bu o deməkdir ki, ölkə irəliyə doğru çox uğurlu və inkişafedici bir istiqamət götürüb. Bu düzgün yol isə ölkə Prezidenti cənab İlham Əliyev və Azərbaycan hökuməti tərəfindən müəyyən edilmişdir.
- "Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009" Mədəniyyət ili çərçivəsində çoxlu tədbirlərin keçirilməsi nəzərdə tutulub. Onların arasında təhsilə aid olanlar da varmı?
- İSESKO (İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı) elm, təhsil və mədəniyyət sahələrini əhatə edir. Təbii olaraq bizim bu il üçün nəzərdə tutulan fəaliyyət proqramımızda da bütün bu sahələrə aid tədbirlər öz əksini tapıb. İSESKO bu il 15-dən çox tədbirin həyata keçirilməsini planlaşdırır. "Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009" Mədəniyyət ili bayramında fəal iştirak etmək bizim üçün böyük şərəfdir və biz il ərzində görüləcək bütün işlərdə öz köməyimizi göstərəcəyik.
- İSESKO ölkəmizdə təhsillə bağlı hansı layihələri dəstəkləyir?
- Təbii ki, məhz bu sahə ilə bağlı gələcəkdə bir çox işlərin görülməsini nəzərdə tutmuşuq. Biz Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə həmin tədbirlərin həyata keçirilməsində birgə təşkilatçılığı təmin edərək öz dəstəyimizi göstərəcəyik. Qeyd etməliyəm ki, təhsil naziri Misir Mərdanov və nazir müavini Elmar Qasımov İSESKO ilə əməkdaşlıq məsələsində daim fəallıq göstərir və bu əməkdaşlığı daha da inkişaf etdirmək zəminində məqsədyönlü iş aparırlar. 2008-ci ilin oktyabrında Bakıda Təhsil Nazirliyi ilə çox möhtəşəm bir tədbir - İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransını keçirdik və bu tədbir çox böyük nailiyyətlərin əldə edilməsinə səbəb oldu. Bu ilin oktyabrında isə Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransını keçirməyi nəzərdə tutmuşuq.
- Cənab əl-Tüveycri, Siz bu gün akademik Zərifə Əliyeva adına məktəblə tanış oldunuz. Bu təhsil müəssisəsi haqqında təəssüratlarınızı və ümumiyyətlə, təhsilimizlə bağlı fikirlərinizi bizimlə bölüşməyinizi istərdik.
- İlk öncə qeyd etməliyəm ki, bu, çox modern bir məktəbdir. Müəssisədə müasir dövrün bütün tələblərinə uyğun şərait yaradılmışdır. Bu, Azərbaycanda təhsilin inkişafına yönəlmiş yeni yanaşmanı əks etdirir. Təhsil Nazirliyinin təhsilə gətirdiyi həmin xüsusiyyəti tanış olduğumuz məktəbdə əyani olaraq müşahidə etdik. İSESKO Azərbaycanı İslam ölkələri arasında ən öndə gedən ölkələrdən biri sayır. Azərbaycanda təhsilin səviyyəsi yüksəkdir. ölkənin bütün ərazisində qızlar və oğlanlar üçün birgə təhsil müəssisələri, məktəb və universitetlər fəaliyyət göstərir. Bu isə real investisiyadır. Biz təhsilimizə sərmayə qoyuruqsa, deməli, gələcəyimizə sərmayə qoyuruq. çünki inkişafın və tərəqqinin əsas mənbəyi insandır.
- Müsahibə üçün çox sağ olun.
ƏLİYEV Yusif
Azərbaycan müəllimi.-2009.-27
fevral.-S.2.