Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
2009-cu il mayın 10-da dünya azərbaycanlılarının lideri, dahi siyasətçi və müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü tamam olur.
Ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan ibrətamiz ömür yolu və ictimai-siyasi fəaliyyəti Vətənə, xalqa və dövlətçilik ideallarına sonsuz sədaqətin parlaq nümunəsidir.
Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində və qüdrətli ölkəyə çevrilməsində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin həyat və fəaliyyəti daha dərindən öyrənilməli, gənc nəslin Heydər Əliyevin nümunəsində tərbiyəsi təhsil orqanları və pedaqoji kollektivlərin ən ümdə vəzifə borcuna çevrilməlidir.
Qeyd olunanları tarixi zərurət kimi nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, ali və orta ixtisas, texniki peşə təhsili müəssisələrinin, bilavasitə Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, 2009-cu il mart ayından başlayaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə xüsusi tədbirlər müəyyənləşdirib həyata keçirilməsini təmin etsinlər.
2. Respublikanın əsas və orta məktəblərində VII-XI sinif şagirdlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilsin. Müsabiqənin məktəb və rayon (şəhər) mərhələləri aprel ayının 10-dək yekunlaşdırılsın.
3. İnşa müsabiqəsinin yekun mərhələsi, hər rayon və şəhərdən 1 (bir) nəfər qalib seçilməklə, Təhsil Nazirliyinin müəyyən etdiyi vaxtda Bakı şəhərində keçirilsin.
Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil şöbələri (A.Muradov, A.Əhmədov) inşa müsabiqəsinin yekun mərhələsinin səmərəli təşkili, yekunlaşdırılması, qaliblərin müəyyənləşdirilməsi məqsədilə lazımi tədbir görsünlər, ən yaxşı inşaların toplu şəklində nəşr olunması ilə bağlı İqtisadiyyat şöbəsi (H.Zeynalov) və Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) ilə birgə təkliflər hazırlasınlar.
4. Elm şöbəsi (G.Hüseynova), Ali və orta-ixtisas təhsili şöbəsi (İ.Mustafayev) ümummilli lider Heydər Əliyevin elm, təhsil və iqtisadiyyatın inkişafı sahəsində genişmiqyaslı fəaliyyətinə həsr olunmuş respublika elmi-praktik konfransının keçirilməsi ilə bağlı 15 gün müddətinə təkliflər hazırlayıb rəhbərliyə təqdim etsinlər.
5. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) 2009-cu ilin martında rayon və şəhərlərdə ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda rəsm müsabiqəsi, şahmat və futbol üzrə respublika turnirlərinin keçirilməsini təmin etsin. Rəsm müsabiqəsinin və turnirlərin keçirilməsi qaydalarını 10 gün müddətinə hazırlayıb yerlərə göndərsin. Aprel ayının ikinci yarısında Bakı şəhərində ən yaxşı rəsmlərdən ibarət sərginin təşkili ilə bağlı müvafiq tədbirlər görsün.
6. Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq şöbələrin birgə fəaliyyətinin təmin edilməsi və alt-tədbirlərin müəyyənləşdirilib rəsmiləşdirilməsi sahəsində koordinasiya işləri Aparatın rəhbəri İ.Pirməmmədova həvalə olunsun.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
MƏRDANOV,
Misir
Azərbaycan
Respublikasının
təhsil
naziri
26
fevral 2009-cu il
Azərbaycan müəllimi.-2009.-27
fevral.-S.2.