"Uşaq ili"nə həsr olunmuş respublikanın ümumtəhsil texniki peşə məktəbləri şagirdlərinin V Spartakiadasının keçirilməsi  haqqında

 

 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin birgə Qərarı

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında "Uşaq ili" elan edilmişdir. Qeyd olunan sərəncama müvafiq olaraq uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləvi inkişafına kömək göstərmək, uşaqların fiziki cəhətdən sağlam böyüməsinə və idman növləri ilə daimi məşğul olmalarına zəmin yaratmaq, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artmasına nail olmaq və yeniyetmələrin idman ustalıqlarının artırılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

Qərara alır:

 

1. "Uşaq ili"nə həsr olunmuş respublikanın ümumtəhsil, texniki peşə məktəblərinin şagirdləri arasında V Spartakiada keçirilsin.

2. Respublikanın ümumtəhsil, texniki peşə məktəbləri şagirdlərinin V Spartakiadasının Əsasnaməsi, Təşkilat Komitəsinin tərkibi və xərclər smetası təsdiq edilsin.

3. Spartakiadanın keçirilməsi üzrə tədbirlər planının işlənib hazırlanması və təsdiqi Təşkilat Komitəsinə həvalə edilsin.

4. Spartakiadanın keçirilməsinə dair xərclərin ödənilməsi aşağıdakı kimi həyata keçirilsin:

4.1. Yarışların I və II mərhələsi: oyunların proqramına daxil olan idman növləri üzrə şəhər və rayondaxili yarışları, yarışların üçüncüfinal mərhələsində iştirak edəcək komandaların ezamiyyə ilə əlaqədar xərcləri şəhər, rayon təhsil şöbələrinin hesabına ödənilsin;

4.2. Yarışların III mərhələsi idman növləri üzrə zona yarışları - idman növləri üzrə hakimlərin, nümayəndələrin ezamiyyə xərcləri, hakimlərin əməkhaqları, idman ləvazimatlarının alınması Təhsil Nazirliyinin hesabına ödənilsin;

4.3. Spartakiadanın III və IV mərhələsi: yarışlar keçiriləcək yerin icarəsi, final mərhələsində şəxsi və komanda qaliblərinin mükafatlandırılması xərcləri Gənclər və İdman Nazirliyinin hesabına ödənilsin.

5. Respublikanın ümumtəhsil, texniki peşə məktəbləri şagirdlərinin V Spartakiadasının baş hakimi beynəlxalq dərəcəli hakim Niftalı Quliyev təsdiq edilsin.

6. Spartakiadanın baş hakimlər kollegiyasının heyəti və idman növləri üzrə Baş hakimlər heyəti təsdiq edilsin.

7. Respublikanın ümumtəhsil, texniki peşə məktəbləri şagirdlərinin V Spartakiadasının Təşkilat Komitəsinə tapşırılsın ki, yarışların gedişatının kütləvi informasiya vasitələri ilə daim işıqlandırılmasını təmin etsin.

8. Qərarın icrasına nəzarət təhsil nazirinin müavini E.Qasımova və gənclər və idman nazirinin müavini İ.İsmayılova həvalə edilsin.

 

 

Misir MƏRDANOV,  

Azərbaycan Respublikasının  təhsil naziri

                                                                    

Azad RƏHİMOV,

  Azərbaycan Respublikasının  gənclər idman naziri

 

26 fevral 2009-cu il

 

 

Azərbaycan müəllimi.-2009.-27 fevral.-S.2.