İsveçrəli alim Qafqaz Universitetində seminar keçirib

 

Universitetlərarası razılaşmaya əsasən dərs demək elmi araşdırmalara rəhbərlik etmək üçün Qafqaz Universitetinə dəvət olunmuş İsveçrənin Sürix şəhərində yerləşən Texnologiya Universitetinin prorektoru, professor Niyazi Arı fevralın 20-də Qafqaz Universitetinin tələbə-müəllim heyəti üçün seminar keçirib. "Universitet-sənaye işbirliyi" mövzusuna həsr olunmuş seminarda professor Niyazi Arı Qafqaz Universitetində olmasından məmnunluq duyduğunu bildirib. Sonra mövzunun şərhinə keçən qonaq İsveçrədə universitetlərin sənayenin durumu haqqında məlumat verib. Bildirib ki, hər məmləkətin özünəməxsus şəkildə, hər millətin öz fitrətinə uyğun qurulan universitet-sənaye işbirliyi İsveçrədə yüksək səviyyədədir. ölkənin texniki ali məktəblərində çalışan professor-müəllim heyətinin 90 faizə qədəri bilavasitə sənayedən gələn təcrübəli professorlardır. Bu da tələbələri sənayenin problemləri ilə tanış etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Universitetlərlə sənaye müəssisələri arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq şəraitində sənaye müəssisələri inkişafları üçün lazım olan elmi araşdırmaları universitetlərə sifariş edirlər. Böyük firmalar isə araşdırmaları özləri aparırlar. Universitet-sənaye işbirliyi məzunların işə düzəlməsi problemini xeyli dərəcədə həll edir.

Maraqlı məruzədən sonra isveçrəli qonaq Qafqaz Universitetinin tələbə müəllimlərinin ona ünvanlanmış suallarını cavablandırıb.

Sonda qonağa universitetin plaketi təqdim olunub.

 

Azərbaycan müəllimi.-2009.-27 fevral.-S.6.