Azərbaycan
təhsili: yaxın keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən
saylarında)
Azərbaycanın
neft strategiyasının əsasını təşkil edən
"Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycan
iqtisadiyyatına sərmayə axınının
müşahidə edilməsi, transmilli şirkətlərin
ölkəmizə marağının artması və neft
sektoru ilə yanaşı, qeyri-neft sahəsinin də sürətlə
inkişafı respublikamızda texniki peşə təhsili
sistemi qarşısında yeni imkanlar açdı.
Ölkə iqtisadiyyatı gücləndikcə
bu vacib sahəyə yönəldilən dövlət vəsaitlərinin
həcmi də xeyli artmış oldu. Əgər 2004-cü ildə
texniki peşə təhsilinə ayrılan büdcə vəsaiti
5,4 mln manat təşkil edirdisə, hazırda bu rəqəm
26 mln manata çatmışdır. Texniki peşə təhsili
müəssisələrində bir təhsilalana düşən
xərclərin təhlili göstərir ki, 2004-cü ildə
bu rəqəm 254 manat, 2005-ci ildə 328 manat olmuşdusa,
2009-cu ildə təxminən 4 dəfə artaraq 1108 manat təşkil
etmişdir.
Xüsusi
vurğulamaq istəyirəm ki, ölkəmizdə texniki
peşə təhsilinin inkişafı bilavasitə dövlət
başçısının diqqət mərkəzindədir.
Məhz bu səbəbdəndir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin
inkişafında texniki peşə təhsilinin əhəmiyyətini
qeyd edərək təhsil sistemi qarşısında zəruri
vəzifələr qoymuşdur: "İndiki bazar
iqtisadiyyatı şəraitində, xüsusilə Azərbaycanda
son illər ərzində aparılan neft-qaz əməliyyatları,
sənaye potensialının möhkəmlənməsi texniki
peşə məktəblərinin məzunlarına, əlbəttə,
yeni imkanlar açır. Fikirləşmək olar, bəlkə
texniki peşə məktəblərinin tikintisi, təchizatı
ilə əlaqədar bir proqram tərtib edək. Nə qədər
texniki peşə məktəbi tikilməlidir ki, Azərbaycanın
artan tələbatını yerli kadrlarla ödəyək.
çünki xarici neft şirkətləri Azərbaycanda uzun
illər ərzində işləyəcəklər. Yəni
Azərbaycanda olan neft ehtiyatları bəlkə də 50-100 il
bizə kifayət edəcəkdir. Yerli mütəxəssislər,
müasir texnologiyaları bilən insanlar yetişməlidir.
Ona görə siz təklif verin, biz qərar qəbul edək,
vəsait ayıraq və texniki peşə məktəblərinin
ən yüksək səviyyədə təşkil
olunması üçün bütün tədbirləri
görək. Bu, həm ölkəmizin inkişafı
üçün lazımdır və həm də insanlar da
böyük fayda götürəcəklər.
İnkişaf
etmiş ölkələrdə texniki peşə məktəbini
bitirən insanlar çox böyük imkanlara malik olur,
çox yaxşı maaşla təmin olunurlar. Nəzərə
alsaq ki, indi Azərbaycanda sənaye sahəsində maaşlar
humanitar sahədə olan maaşları üstələyir və
yəqin ki, gələcəkdə bu ənənə davam edəcək,
bu sahəyə çox böyük diqqət göstərməliyik".
Ölkə Prezidentinin bu tarixi göstərişindən
sonra Təhsil Nazirliyi tərəfindən müvafiq proqram
hazırlandı və təhsilin bu pilləsinin ölkənin
sosial-iqtisadi inkişafında mühüm rolunu nəzərə
alaraq, cənab İlham Əliyev 2007-ci ildə "Azərbaycan
Respublikasında texniki peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramını (2007-2012-ci illər)"
təsdiq etdi.
Onu da
qeyd etməyi vacib bilirəm ki, ölkəmizdə texniki
peşə təhsilinin inkişaf prioritetlərinin müəyyənləşdirilməsində
və müvafiq proqramın hazırlanmasında Yaponiya Beynəlxalq
Əməkdaşlıq Bankı ilə birgə aparılan tədqiqatın
nəticələri əhəmiyyətli rol oynadı.
İmzalanmış icra protokoluna əsasən Yaponiyadan olan tədqiqat
qrupu 2005-2006-cı illərdə Azərbaycanda oldu,
ayrı-ayrı nazirliklər, qeyri-dövlət təşkilatları
ilə çoxsaylı görüşlər keçirdi, 93
(bütün müəssisələrin 86 faizi) texniki peşə
təhsili müəssisəsinin fəaliyyətini tədqiq
etdi, təhsil müəssisələrinin rəhbərləri
və mühəndis-pedaqoji heyəti ilə, müxtəlif
ixtisaslar və kurslar üzrə təhsil alan 3 minədək
şagirdlə sorğu keçirdi.
Tədqiqat
qrupu tərəfindən hazırlanmış hesabatda Azərbaycanda
texniki peşə təhsili sahəsində ən ciddi problemlər
kimi, maddi-texniki və tədris bazanın müasir tələblərə
cavab verməməsi, tədris avadanlığının,
texnika, maşın və mexanizmlərin demək olar ki, tam
yararsızlığı, mühəndis-pedaqoji heyətin
bacarıqlarının kifayət qədər aşağı
olması, maliyyə vəsaitinin
çatışmazlığı, mühəndis-pedaqoji
işçilərin əməkhaqqının həddən
artıq aşağı olması, məzunların zəruri
bilik və bacarıqlara malik olmaması və digər problemlər
müəyyənləşdirilmişdi. Eyni zamanda hesabatda
texniki peşə təhsilinin inkişafı üzrə zəruri
addımlar, o cümlədən milli strategiyanın
hazırlanması, kurikulumların yeniləşdirilməsi,
mühəndis-pedaqoji heyətin bacarıqlarının
artırılması üçün treninq
proqramlarının işlənməsi, əmək
bazarının tələblərinin müəyyənləşdirilməsi
üçün metodologiyanın hazırlanması və digər
zəruri məsələlər öz əksini
tapmışdı. Əlbəttə, beynəlxalq təcrübə
əsasında aparılmış tədqiqatın nəticələri
Təhsil Nazirliyi tərəfindən proqram hazırlanarkən
ciddi şəkildə nəzərə alındı.
Əslində,
bu proqramın təsdiq edilməsilə texniki peşə təhsilinin
inkişafı üzrə dövlət siyasəti də
müəyyənləşdi. Etiraf edək ki, bu təhsil pilləsinin
əhəmiyyəti barədə nə qədər
danışsaq da, nə ictimaiyyətdə, nə şagirdlərdə,
nə də valideynlərdə bu sahəyə maraq yarada bilməmişdik.
Elə bunun nəticəsi idi ki, texniki peşə təhsilinin
maliyyələşdirilməsi prioritetə çevrilə
bilmirdi. Azərbaycanda bu sahənin inkişafına maraq
göstərən beynəlxalq təşkilatlar da belə bir
vəziyyətdə qəti qərar qəbul edə bilmirdilər.
ölkə Prezidenti tərəfindən proqramın təsdiq
olunmasının ən böyük əhəmiyyəti ondan
ibarətdir ki, Azərbaycanda texniki peşə təhsilinin
inkişafı mühüm prioritet kimi bəyan edildi.
Texniki
peşə təhsili müəssisələrinin maddi-texniki
bazasının gücləndirilməsi, yeni iqtisadi münasibətlərin
formalaşdırılması, idarəetmə strukturunun təkmilləşdirilməsi,
adambaşına maliyyələşdirmə sisteminə
keçid, müəssisələrdə marketinq xidmətinin
formalaşdırılması, hər bir iqtisadi rayonda əhalinin
texniki peşə təhsilinə olan tələbatı ödəmək
üçün mövcud peşə məktəbləri və
peşə liseylərinin bazalarında peşə təhsili mərkəzlərinin
yaradılması, peşə təhsilinin ictimai statusunun
yüksəldilməsi, normativ-hüquqi bazanın yeniləşdirilməsi
və digər fəaliyyətlər proqramın əsas istiqamətlərini
təşkil etmişdir.
Dövlət
Proqramının təsdiq edilməsindən ötən
müddət ərzində Təhsil Nazirliyi tərəfindən
bir sıra tədbirlər həyata keçirilmişdir. Əlbəttə,
ilk addım bu sahədə ən ciddi problem olan
sektorlararası əlaqələrin yaradılması istiqamətində
atıldı. Peşə təhsilinin ictimai statusunun yüksəldilməsi,
işəgötürən təşkilatlarla təhsil müəssisələri
arasında qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsi və peşə təhsili
qarşısında duran problemlərin həlli məqsədilə
müxtəlif dövlət və qeyri-dövlət təşkilatlarının
nümayəndələrindən ibarət Əlaqələndirmə
Şurası yaradıldı və müzakirələr
aparılmağa başlandı.
2008-ci
ildə proqram çərçivəsində 7 peşə təhsili
müəssisəsi (Bakı şəhəri 4, 5, 7, 12
nömrəli, Gəncə 3 nömrəli peşə liseyləri,
Bakı 13 və Ağdam 50 nömrəli peşə məktəbləri)
əsaslı təmir edilmişdir. Bununla yanaşı, peşə
təhsili müəssisələri üçün 32 adda
1222 dəst əyani vəsaitlər hazırlanaraq həmin
müəssisələrə paylanmış, 4 peşə təhsili
müəssisəsində kompüter laboratoriyası
yaradılmışdır.
Dünya
təcrübəsindən məlumdur ki, peşə
hazırlığı üzrə tədris proqramları
çevik olmalıdır. Belə ki, adətən iş
axtaran qısa müddət ərzində iş tapmaq istəyir
və buna müvafiq olaraq peşə təliminə çox
vaxt və vəsait sərf etməyi düşünmür.
Ona görə də peşə təhsili müəssisələri
ənənəvi uzunmüddətli kadr
hazırlığı prosesi ilə yanaşı,
qısamüddətli təlimlər vasitəsilə
çevik peşə hazırlığını da həyata
keçirməlidirlər. çevik peşə təhsili
sisteminin formalaşması isə insanların əmək
bazarındakı dəyişikliklərə tez adaptasiya
olunmasına imkan verir və nəticədə onların həyat
şəraitinin yaxşılaşmasına səbəb olur.
Məhz
bu təcrübə əsasında Qəbələ rayonunda
Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi
yaradılmışdır. Məqsəd Dağlıq
Şirvan iqtisadi zonasının turizm potensialı nəzərə
alınaraq, regionda turizm və otelçilik üzrə
kadrların hazırlanmasıdır. Qeyd etməliyəm ki, bu
Mərkəz ölkəmizdə son 20 ildə yeni yaradılan
ilk texniki peşə təhsili müəssisəsidir. Mərkəz
tədris binası, yeməkxana, müvafiq laboratoriyalar,
emalatxana, yataqxana və tibb otaqlarından ibarət olmaqla ən
müasir avadanlıqlarla təchiz edilmişdir.
Mərkəzdə
1-2-illik kurslarla yanaşı, qısamüddətli
kursların da təşkil edilməsi
planlaşdırılmışdır. Bundan əlavə, fasiləsiz
təhsil konsepsiyasına uyğun olaraq, istənilən yaş
həddində olan vətəndaşlar da peşə mərkəzində
müxtəlif peşələrə yiyələnmək
imkanı əldə edəcəklər. Fikrimcə, texniki
peşə təhsili müəssisələrində müxtəlif
yaşlı insanlar üçün xüsusi təlimlərin
aparılması təhsil müəssisəsinin ictimai
statusunun yüksəlməsinə səbəb olmaqla
yanaşı, işsizlik probleminin həllinə də kömək
edəcəkdir.
Qəbələ
Peşə Tədris Mərkəzinin mövcud peşə təhsili
müəssisələrindən əsas fərqli cəhətləri
ondan ibarət olacaqdır ki, bu təhsil müəssisəsində
hansı təhsil pilləsini bitirməsindən, yaxud təhsil
almasından asılı olmayaraq, əsas iş yerindən və
təhsildən ayrılmamaq şərtilə peşə təhsili
almaq və ya ixtisasartırmadan keçmək imkanı
yaranacaqdır. Bu isə çevik peşə təhsili
sisteminin yaranmasına və regionlarda dəyişən əmək
bazarının tələblərinə uyğun olaraq
ixtisaslı kadrların hazırlanmasına imkan verəcəkdir.
Belə
mərkəzlərin respublikamızın müxtəlif
regionlarında yaradılması da planlaşdırılır.
ümumiyyətlə, bu mərkəzlər gələcəkdə
peşə təhsili qarşısında duran bir sıra
problemlərin, xüsusən yaşlıların peşə təhsili
imkanlarının genişləndirilməsində, mühəndis-pedaqoji
heyətin ixtisasının artırılmasında və əmək
bazarının tələbatlarının öyrənilməsində
mühüm vasitəyə çevrilə bilər.
Bununla
yanaşı, ölkə Prezidentinin sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının məşğulluq
strategiyası"nda (2006-2015-ci illər) əmək
bazarında rəqabətqabiliyyətli kadrların
hazırlanması məqsədilə peşə təhsili
sisteminin təkmilləşdirilməsi məsələləri
də öz əksini tapmışdır. Hazırda Təhsil
Nazirliyi həmin strategiyada nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsi istiqamətdə də əhəmiyyətli
işlər görməkdədir.
Təhsil
Nazirliyi texniki peşə təhsili sahəsində bir sıra
beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Belə ki, YUNESKO, Dünya Bankı, Avropa Təhsil Fondu, Beynəlxalq
Əmək Təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq
Bankı, Cənubi Koreyanın DAEWOO İnternational
Korporasiyası ilə ölkəmizdə texniki peşə təhsilinin
inkişafı sahəsində bir sıra layihələr həyata
keçirilməkdədir.
Avstriyanın
"Hilfsverk Austria" təşkilatı ilə birlikdə həyata
keçirilən layihə çərçivəsində məcburi
köçkünlər arasında peşə təhsilinin
inkişaf etdirilməsi istiqamətində iş
aparılır. Bu məqsədlə Biləsuvar rayonundakı
qaçqın şəhərciyində kənd təsərrüfatı
istiqaməti üzrə 131 nömrəli Cəbrayıl
peşə məktəbinin fəaliyyəti bərpa
edilmişdir. Kənd təsərrüfatı istiqamətli həmin
peşə məktəbində ilkin mərhələdə 90
nəfər şagirdin təhsil alması
planlaşdırılır. Burada məqsəd məcburi
köçkünlər üçün salınmış
yeni qəsəbələrdə gənclərin və kənd
təsərrüfatında çalışan məcburi
köçkün ailələrindən olanların peşə
təhsilinə cəlb edilməsidir. Bu istiqamətdə
artıq bir sıra addımlar atılmış, 131 nömrəli
peşə məktəbində tədrislə məşğul
olacaq müəllimlər üçün 3-aylıq
ixtisasartırma kursu təşkil olunub, bu kursu müvəffəqiyyətlə
bitirənlərə müvafiq sertifikatlar verilmişdir. Eyni
zamanda həmin müəllimlərdən üç nəfərinin
Avstriyaya ikiaylıq ixtisasartırma kursuna göndərilməsi
də nəzərdə tutulmuşdur.
Avropa
Komissiyası ilə birlikdə respublikamızda ümumi
büdcəsi 3 milyon avro olan "Peşə təhsili
islahatı strategiyası və Azərbaycanın
seçilmiş regionunda sınaq tətbiqi" layihəsi həyata
keçirilməyə başlanmışdır. Layihənin həyata
keçirilməsinə texniki dəstək Britaniya
Şurası tərəfindən həyata keçirilir. Layihənin
məqsədi Azərbaycanın qeyri-neft sektorunun rəqabətqabiliyyətinin
və peşə təhsili müəssisələri məzunlarının
iş tapmaq imkanlarının artırılmasıdır. Layihə
çərçivəsində Azərbaycan hökumətinin
payı hesabına İsmayıllı rayonunda Turizm və
otelçilik üzrə ixtisaslaşmış peşə məktəbinin
inşasına başlanmışdır. Bu məktəb nəinki
Azərbaycanda, hətta regionda ən müasir peşə təhsili
kompleksi olacaqdır. Belə ki, məktəb tədris
binası, laboratoriya, konfrans zalı, yataqxana, idman zalı ilə
yanaşı, turistlərə xidmət edə biləcək
otel və restorana da malik olacaqdır. Bununla da şagirdlər
kompleksi tərk etmədən nəzəri biliklərlə
yanaşı, praktik bacarıqlar da əldə edəcəklər.
Qeyd etməliyəm ki, layihənin icrasına Mədəniyyət
və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial
Müdafiə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və
işəgötürən təşkilatların mütəxəssisləri
də cəlb edilmişdir. Fikrimizcə, müvafiq dövlət
və qeyri-dövlət təşkilatlarının nümayəndələrinin
peşə təhsili sahəsində mövcud olan problemlərin
və onların həll yollarının müzakirəsinə
cəlb olunması bu istiqamətdə vahid siyasətin
formalaşmasına yardım edəcəkdir.
Azərbaycan
hökuməti və Heydər Əliyev Fondu ilə YUNESKO
arasında 18 iyun 2007-ci il tarixdə imzalanmış sazişə
əsasən "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi
layihəsi" həyata keçirilir ki, həmin layihə bu
sahədə reallaşdırılan əhəmiyyətli layihələrdən
biridir. Layihə çərçivəsində mehmanxana xidməti
və informasiya - kommunikasiya texnologiyaları üzrə
ixtisaslı kadrların hazırlanması məqsədilə
müasir tələblərə cavab verən yeni
kurikulumların və dərs vəsaitlərinin
hazırlanması, texniki peşə təhsili üzrə
kadrların ixtisasartırma təhsili üçün resurs mərkəzinin
yaradılması nəzərdə tutulmuşdur. Layihənin həyata
keçirilməsinə Yaponiya hökuməti artıq 203,4 min
ABŞ dolları məbləğində vəsait
ayırmışdır.
Bundan əlavə,
peşə təhsili sisteminin institusional inkişafını
təmin etmək məqsədilə Təhsil Problemləri
İnstitutu nəzdində Peşə Təhsilinin
İnkişaf Mərkəzi yaradılmışdır. Mərkəzin
yaradılmasında əsas məqsəd peşə təhsili
sahəsində mövcud olan problemlərin
araşdırılması və onun həlli ilə əlaqədar
elmi tədqiqatların aparılması, peşə təhsili
standartlarının, kurikulumun hazırlanması, peşə təhsili
müəssisələrinin idarəedilməsi və mühəndis-pedaqoji
heyətin ixtisas səviyyəsinin yüksəldilməsi
üzrə tədbirlərin həyata keçirilməsi və
regionların sosial-iqtisadi inkişafına uyğun olaraq yeni peşə
təhsili müəssisələrinin yaradılması ilə
əlaqədar təkliflərin hazırlanmasını təmin
etməkdir. İlkin mərhələdə Mərkəzin tərkibində
Monitorinq və proqnozlaşdırma, Peşə təhsilinin
kurikulumu şöbələri yaradılmışdır. Onu
da qeyd edim ki, YUNESKO ilə birgə həyata keçirilən
layihə çərçivəsində bu Mərkəzdə
müasir İKT laboratoriyası və xarici dil kabineti
yaradılacaq və müasir avadanlıqlarla təchiz ediləcək,
eyni zamanda müasir kitabxana da təşkil ediləcəkdir.
Texniki
peşə təhsili sahəsində həyata keçirdiyimiz
ən böyük layihələrdən biri isə Cənubi
Koreyanın DAEWOO İnternational Korporasiyası ilə birlikdə
elektrik, avtomatlaşdırma, informasiya texnologiyaları,
avtomobil təmiri, elektronika, mühərrik sahələri
üzrə ixtisaslı kadr hazırlığını həyata
keçirə biləcək "Qabaqcıl Texnologiyalar
üzrə Peşə Tədris Mərkəzi"nin
yaradılmasıdır.
Yeni Mərkəzin
4 nömrəli Bakı Peşə Liseyinin bazasında inşa
edilməsi nəzərdə tutulmuşdur. Unikal struktura malik
olan bu Mərkəz 25 min kv.m. ərazini əhatə edərək
yataqxana, yeməkxana, laboratoriya, tədris otaqları, idman
zalı və sair infrastrukturdan ibarət olacaqdır. Layihənin
əsas məqsədi Azərbaycan peşə təhsili
sisteminin müasir standartlar səviyyəsinə
çatdırılması və artıq özünü
sübut etmiş Koreya modelinin üstünlüklərindən
istifadə etməklə mövcud olan və yaxın gələcəkdə
yaradılacaq sənaye müəssisələrinin ixtisaslı
kadrlarla təmin olunması probleminin həll edilməsidir.
Fikrimcə, belə bir təhsil müəssisəsinin
yaradılması potensial investorları da sərmayə
qoyuluşuna sövq edə bilər.
Dünya
Bankının maliyyə dəstəyi ilə həyata
keçirdiyimiz Təhsil Sektorunun İnkişafı üzrə
İkinci layihə (TSİİL) çərçivəsində
"İlkin peşə təhsili kurikulumunun
hazırlanması" üzrə işlərə də
başlanılmışdır. Məlumdur ki, ölkəmizin
texniki peşə təhsili müəssisələrində keyfiyyətli
kadr hazırlığının aparılmasına mane olan əsas
amillərdən biri məhz iqtisadiyyatın və cəmiyyətin
tələblərinə uyğun kurikulumun olmamasıdır. Təəssüf
ki, indi də təhsil müəssisələrində
ayrı-ayrı ixtisaslar üzrə kadr
hazırlığı sovet dövründən qalmış məzmun
əsasında, yaxud həmin məzmunda cüzi dəyişikliklər
edilərək aparılır. Belə məzmun isə öyrədilən
peşə və ixtisaslar üzrə bacarıqların
aşılanmasına xidmət etmir. Düşünürəm
ki, TSİİL çərçivəsində həyata
keçirdiyimiz islahatlar texniki peşə təhsili sisteminin
müasir kurikulumlarının hazırlanması və tətbiqi
sahəsinə əhəmiyyətli töhfə verəcəkdir.
Yeri gəlmişkən,
bir vacib məsələni də diqqətə
çatdırmaq istərdim. Biz ali təhsil sahəsində
Avropa təhsil məkanına inteqrasiya barədə çox
danışırıq. Lakin qlobal əmək bazarının
formalaşdığı bir şəraitdə texniki peşə
təhsili sahəsinə az diqqət yetiririk. Hazırda
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr
təhsil sistemini, o cümlədən peşə təhsili
sistemini "Avropa ixtisas dərəcələri çərçivəsi"
sənədinə uyğun təşkil edirlər. Yəni
peşə təhsili standartları, qiymətləndirmə və
keyfiyyətə nəzarət mexanizmləri Avropada qəbul
olunmuş standartlara uyğunlaşdırılır. Eyni
zamanda "Avropa ixtisas dərəcələri çərçivəsi"
işə götürənlərlə birlikdə peşə
təhsili müəssisələrinin məzunlarının əmək
bazarının tələblərinə uyğun olaraq peşə-ixtisas
səviyyəsinin qiymətləndirilməsini də nəzərdə
tutur. Məhz belə qiymətləndirmə prosesindən
keçdikdən sonra əldə edilən diplom Avropada
tanınır. Bu isə vətəndaşlara sərbəst
olaraq ölkə daxilində və ölkə xaricində
iş axtarmaq imkanı verir. Hesab edirəm ki, ölkəmizdə
də bu istiqamətdə ciddi addımların atılması
vaxtı çatmışdır.
Almaniya
Texniki Əməkdaşlıq Cəmiyyəti Azərbaycan da
daxil olmaqla 7 ölkədə (Mərkəzi Asiya və Cənubi
Qafqaz respublikaları) texniki peşə təhsili müəssisələrinin
müəllimləri və istehsalat təlimi ustalarının
ixtisaslarının artırılması üzrə
regionlararası layihə həyata keçirir. Azərbaycan bu
layihəyə 2003-cü ildə qoşulmuşdur. Respublikada
beynəlxalq səviyyəli seminarların keçirilməsi məqsədilə
texniki peşə təhsili sahəsində təcrübəsi
olan mütəxəssislərə xüsusi seminarlar təşkil
edilmişdir. Cəmiyyətin xətti ilə 50 nəfər
ixtisas fənn müəllimi üçün hərəsi bir
həftə olan 4 seminar təşkil edilmişdir. Eyni zamanda
layihə çərçivəsində texniki peşə təhsili
müəssisələrimizin 1093 nəfər mühəndis-pedaqoji
heyəti və 70 nəfər istehsalat təlimi
ustasının ixtisası artırılmışdır.
Müsbət
haldır ki, ixtisaslı kadrların hazırlanması üzrə
yerli şirkətlərlə peşə təhsili müəssisələri
arasında qarşılıqlı əlaqələr
genişlənməkdədir. Belə ki, Azercell MMC, Azərsun
Holdinq, KüR, Titan Group və digər şirkətlərlə
texniki peşə təhsili müəssisələri
arasında sıx əlaqələr
yaradılmışdır. Belə ki, 7 nömrəli Bakı
peşə liseyinin bazasında KüR şirkətinin dəstəyi
ilə informasiya-kommunikasiya texnologiyası üzrə yeni
laboratoriyanın, 12 nömrəli Bakı peşə liseyinin
bazasında Rabitə və İnformasiya-Kommunikasiya
Texnologiyaları Nazirliyinin dəstəyi ilə rabitə sahəsi
üzrə ixtisaslaşmış emalatxananın, 17 nömrəli
Bakı peşə liseyinin bazasında Azercell MMC şirkətinin
dəstəyi ilə mobil rabitə sahəsi üzrə
ixtisaslı kadrların hazırlanması üzrə
laboratoriyanın yaradılması bu əlaqələrə
misal ola bilər.
Düşünürəm
ki, işəgötürən təşkilatlarla səmərəli
əməkdaşlığın yaranması texniki peşə
təhsili müəssisələrinə əlavə maliyyə
vəsaitlərinin cəlbinə də imkan yaradardı. Məlumdur
ki, inkişaf etmiş ölkələrdə peşə təhsili
müəssisələri yalnız dövlət büdcəsi
vəsaitləri hesabına fəaliyyət göstərmir,
eyni zamanda pullu təhsil xidmətləri göstərməklə,
istehsal sahələri yaratmaqla əlavə vəsaitlər cəlb
edir, sifarişçi müəssisə və təşkilatlar
şəxsində əlavə maliyyə mənbələrinə
malik olurlar. Hesab edirəm ki, ölkəmizdə də texniki
peşə təhsili sahəsində adambaşına maliyyələşmə
mexanizminə keçilməklə yanaşı, alternativ
maliyyə mənbələrinin cəlb edilməsi modelləri
də sınaqdan keçirilməlidir.
Daha bir
vacib məsələyə öz münasibətimi bildirmək
istərdim. Fikrimcə, texniki peşə təhsili gənclərin
sərbəst həyata hazırlanmasında və əmək
bazarında rəqabətqabiliyyətli qüvvəyə
çevrilməsində əsas vasitə olmaqla yanaşı,
yaşlı nəslin sosial problemlərinin həllində də
önəmli rol oynaya bilər. Artıq bir çox Avropa
ölkələrində yaşlıların peşə təhsili
insanların davamlı məşğulluğunu və fəal
vətəndaş mövqeyini təmin edən təhsil
forması kimi qəbul edilmişdir.
Yaşlıların
təhsili olduqca geniş sahə olsa da, onun qısa mahiyyətini
iqtisadiyyatda və cəmiyyətdə baş verən dəyişikliklərə
adekvat və çevik uyğunlaşmanı təmin edən təhsil
prosesi kimi başa düşmək olar. Burada hədəf qrupu
artıq yetkinlik yaşını keçmiş, müstəqil
həyata qovuşmuş (şərti olaraq 18-20 yaşından
yuxarı), bir çox hallarda peşəsi olmayan
insanlardır.
Yaşlıların
təhsili və ənənəvi təhsil arasında fərq
ondan ibarətdir ki, ənənəvi təhsil sisteminin vəzifəsi
cəmiyyət üçün layiqli vətəndaş və
iqtisadiyyat üçün lazımi kadr hazırlamaqdırsa,
konkret olaraq yaşlıların təhsilinin vəzifəsi
artıq ənənəvi təhsil sistemini keçmiş,
yaxud keçməmiş insanların cəmiyyətdə və
iqtisadiyyatda daim baş verən dəyişikliklərə
uyğunlaşmasını təmin etməkdir.
Aparılan
tədqiqatlar sübut edir ki, hazırda ölkəmizdə
mövcud olan işsizlik problemi yalnız iş yerlərinin
olmaması səbəbindən deyil, eyni zamanda işsiz və
iş axtaran vətəndaşların ixtisas təhsilinin və
vərdişlərinin müasir əmək bazarının tələblərinə
cavab verməməsi ilə bağlıdır. Buna görə
də ölkədə işsiz və iş axtaran vətəndaşların
məşğulluğunun təmin edilməsi, onların əmək
bazarında rəqabətədavamlı və müasir tələblərə
cavab verən müvafiq peşə və ixtisaslara yiyələnməsi
zərurəti yaranmışdır.
Digər
bir fakt. Hər il ölkəmizdə yüz mindən çox
gənc orta məktəbi bitirir. Onların təxminən 28
faizi ali, 7 faizi orta ixtisas, 10 faizi texniki peşə təhsili
müəssisələrinə qəbul olunur, qalan 60 faiz gənc
peşəsiz- sənətsiz əmək bazarında və cəmiyyətdə
özünə yer axtarmağa məcburdur. ölkədə əmək
bazarında yaranmış güclü rəqabət şəraitində
belə ixtisassız insanların öz məşğulluğunu
təmin edə bilməsi müşkül bir məsələyə
çevrilmişdir. Digər tərəfdən, bu kimi
insanların təhsil almaları üçün imkanlar da
olduqca məhduddur. Düşünürəm ki, məhz
peşə təhsili vasitəsilə həmin şəxslərə
müvafiq peşə və ixtisaslar verilə bilər ki, onlar
işlə təmin edilsinlər.
Hazırda
respublikamızda iki növ peşə təhsili müəssisəsi
fəaliyyət göstərir: peşə məktəbləri
və peşə liseyləri. Peşə məktəblərində
yalnız peşə təlimi həyata keçirilir, peşə
liseylərində isə peşə ilə yanaşı,
ümumi orta təhsil də verilir. Lakin təhlil göstərir
ki, peşə liseylərinin şagirdlərinin ümumtəhsil
sahəsində hazırlıq səviyyəsi çox
aşağıdır. 2007-2008-ci tədris ilindən
başlayaraq ümumtəhsil məktəblərində
olduğu kimi, peşə liseylərində də
buraxılış imtahanları mərkəzləşdirilmiş
qaydada həyata keçirilir. İmtahanların nəticəsi
göstərir ki, peşə liseylərində şagirdlərin
böyük əksəriyyətinin müvəffəqiyyət
səviyyəsi mövcud standartlardan xeyli
aşağıdır. Bəs belə bir vəziyyətin səbəbləri
nədir? Əlbəttə, əsas səbəblərdən
biri bu gün peşə təhsili müəssisələrində
çalışan mühəndis-pedaqoji heyətin
hazırlıq səviyyəsinin aşağı olması, fənn
müəllimlərinin 60 faizinin yaşlı olması, bu səbəbdən
müasir təlim metodları və yeni texnologiyaları mənimsəyə
bilməmələri ilə bağlıdır. Digər bir səbəb
isə texniki peşə təhsili müəssisələrinə
orta məktəbdə nailiyyət səviyyəsi
aşağı olan şagirdlərin qəbul
olunmasıdır.
Düşünürəm
ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri
peşə liseylərində çalışan fənn
müəllimlərinin ixtisas səviyyəsinin yüksəldilməsi
üçün tədbirlərin həyata keçirilməsi,
onların fəal təlim metodlarından daha geniş istifadə
etmələri üçün təlimlərin təşkili
və orta məktəb müəllimləri ilə təcrübə
mübadiləsinin aparılmasına şəraitin
yaradılması olacaqdır. Fikrimcə, peşə liseylərində
ixtisas fənləri ilə yanaşı, ümumtəhsil fənlərinin
də tədrisi səviyyəsi yüksələrsə, o
zaman peşə təhsili almaq istəyənlərin sayı
da artacaqdır.
Ümumiyyətlə, texniki peşə
təhsili müəssisələri üçün mühəndis-pedaqoji
heyətin hazırlanması bu sahədə həyata
keçirilən islahatların əsas prioritetlərindən
biri olmalıdır. Maraqlıdır ki, Qazaxıstan hökuməti
"Balaşak" proqramı vasitəsilə peşə təhsili
müəssisələrində dərs deyə biləcək
kadrların hazırlanması üçün xaricə
çoxlu sayda mütəxəssislər göndərir və
onlar qayıtdıqdan sonra peşə təhsili müəssisələrində
fəaliyyətlərini davam etdirirlər. Fikrimcə, ölkəmizdə
peşə təhsili müəssisələri
üçün ixtisaslı kadrların hazırlanması məqsədilə
xaricə tələbələr göndərsək, son nəticədə
bu sahədə yaranan boşluğun aradan
qaldırılmasına nail ola bilərik.
Eyni
zamanda ölkəmizin ali təhsil müəssisələrində
texniki peşə məktəbləri üçün mühəndis-pedaqoji
heyətin hazırlanması sahəsində ciddi tədbirlərin
görülməsi vasitəsilə də ixtisaslı kadrlara tələbatın
ödənilməsinə öz töhfəsini vermiş
olardı.
Əminəm ki, texniki peşə təhsilinin inkişafı sahəsində başladığımız təşəbbüslər ölkə iqtisadiyyatının müxtəlif sahələri üçün rəqabətqabiliyyətli, peşəkar mütəxəssis hazırlığına ciddi təkan verəcəkdir. Bununla əlaqədar bütün maraqlı tərəflərin, cəmiyyətin hər bir üzvünün Təhsil Nazirliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərdə fəal iştirakını gözləyirik.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan
müəllimi.-2009.-3 iyul.-S.1, 2.