"Taksonomiya nəzəriyyəsi və
istedadın inkişafı" mövzusunda elmi-praktik konfrans
Avropa
inteqrasiya olunan Azərbaycan təhsilinin qarşısında
duran mühüm vəzifələrdən biri təhsilin
bütün pillələrində istedadlıları aşkar
edərək onlara potensiallarını reallaşdırmaqda
imkan yaratmaqdır. Hazırda Azərbaycan dövləti bu
istiqamətdə mühüm praktik addımlar atır. ölkə
Prezidenti İlham Əliyev tərəfindən təhsil
sisteminin inkişafına yönələn Dövlət
Proqramları və digər mühüm qərarlar qəbul
edilir. Bu mühüm dövlət aktlarının yerinə
yetirilməsi istiqamətində Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
mütəmadi olaraq məqsədyönlü işlər
aparılır. İyunun 30-da institutda təşkil edilmiş
"Gənc istedadlar" məktəbinin yaradılması və
elmi-praktik konfransın təşkili bu baxımdan əhəmiyyətlidir.
"Gənc
istedadlar" məktəbinin açılışı
münasibəti ilə təşkil edilmiş təntənəli
mərasimdə BPKİYİ-nin rektoru, professor Asəf Zamanov
çıxış edərək bildirdi ki, müstəqil Azərbaycanın
qurucusu ulu öndər Heydər Əliyev hakimiyyətdə
olduğu bütün dövrlərdə istedadların üzə
çıxarılması və inkişafına dövlət
səviyyəsində qayğı göstərmişdir. Ötən
əsrin 70-ci illərindən başlayaraq istedadlı azərbaycanlı
gənclər təhsillərini davam etdirmək
üçün SSRİ-nin müxtəlif regionlarında yerləşən
qabaqcıl ali təhsil müəssisələrinə göndərilirdilər.
Əgər ilk dövrdə onların sayı 50 nəfər
idisə, 80-ci illərin əvvəllərində 1200-ə
çatırdı.
Hazırda
Prezident İlham Əliyev cənabları bu siyasəti
dövrün tələblərinə uyğun olaraq uğurla
davam etdirir. Qayğının bariz nümunəsi kimi
Prezidentin sərəncamı ilə "Xüsusi istedada malik
olan uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramı (2006-2010-cu illər)" qəbul edilmişdir.
Proqram
çoxşaxəlidir. Onun reallaşması ilə
bağlı müəyyən işlər görürük. Məsələn,
baş redaktoru təhsil naziri, professor Misir Mərdanov olan
"Gənc istedad" jurnalı institutumuzda nəşr
edilir. "Gənc istedad" jurnalının xəttilə bu
gün "Gənc istedadlar" məktəbinin
yaradılması Proqramın reallaşması istiqamətində
atılan növbəti addımdır.
"Gənc
istedadlar" məktəbinin məramı, məqsədi gənc
istedadlarla işləyə biləcək pedaqoji kadrların və
metodik tövsiyələrin hazırlanması, proqramların təkmilləşdirilməsi,
gənclərin elmi tədqiqata cəlb edilməsidir.
Əlbəttə,
məktəbi yaratmaq işin bir tərəfidir. Əsas məsələ
onun fəaliyyətini yüksək keyfiyyətlə təmin
etməkdir. İnstitutumuzun Elmi Şurası bu məsələni
müzakirə etdikdən sonra belə qərara gəldi ki,
onun elmi rəhbəri vəzifəsini icra etməyi Azərbaycanda
psixologiya elminin inkişafında əvəzedilməz xidmətləri
olan, psixologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü
Əbdül Əlizadədən xahiş edək. Gərgin
elmi fəaliyyətinə baxmayaraq, Əbdül müəllim
bizim xahişimizi qəbul etdi və bu diqqətə görə
biz ona minnətdarıq.
Professor
Əbdül Əlizadə çıxışında ona
göstərilən etimada görə professor Asəf Zamanova təşəkkürünü
bildirdi və vurğuladı ki, institutda təhsilimizin
prioritetləri istiqamətində məqsədyönlü
işlər görülür. Mən də onlara öz elmi
potensialımla yaxından köməklik göstərəcəyəm.
Sonda
professor Asəf Zamanov və professor Əbdül Əlizadə
"Gənc istedadlar" məktəbinin rəmzi
açılışını bildirən qırmızı
lenti kəsdilər.
Elə
institutun akt zalında "Taksonomiya nəzəriyyəsi və
istedadın inkişafı" mövzusunda reallaşan
elmi-praktik konfransı qısa giriş sözü ilə
açan Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf
Zamanov vurğuladı ki, istedadın inkişafı elmi
araşdırmalara əsaslanan nəzəriyyə və təcrübənin
sintezidir. Bu elmi araşdırmaların mənbəyində duran
və fəxrlə adını çəkdiyimiz Azərbaycanın
psixoloq alimlərindən biri, psixologiya elmləri doktoru,
professor Əbdül Əlizadədir. Qürur hissi ilə deyə bilərik
ki, Azərbaycan psixologiyası və pedaqogikasında taksonomiya
nəzəriyyəsi və təcrübəsi sahəsində
aparılmış axtarışlar istər nəzəri-metodoloji,
istərsə də texnoloji baxımdan önəmli hadisə
olmuşdur. Bu axtarışlar Azərbaycan
psixopedaqogikasının dünya təcrübəsi ilə
inteqrasiyası şəraitində inkişaf etdiyinin göstəricisidir.
Əgər
nəzərə alsaq ki, professor Əbdul Əlizadənin
taksonomiya ilə bağlı ilk kitabı 11 il bundan əvvəl,
1998-ci ildə işıq üzü görmüşdür,
onda biz əminliklə deyə bilərik ki, onun bu istiqamətdə
apardığı elmi araşdırma zamanın süzgəcindən
keçərək öz aktuallığını təsdiqləmişdir.
Professor Əbdül Əlizadə təşkil etdiyimiz
konfransda taksonomiya nəzəriyyəsi və onun
istedadlıların inkişafındakı rolu haqqında
"İstedadın inkişafının pedaqoji-psixoloji aspektləri"
mövzusu məruzəsində iştirakçıları məlumatlandırdı.
"Taksonomiya"
yunan sözü olub "qayda ilə yerləşmə
qanunu" deməkdir. Bu qanunun uyğunluqlarından biri də
şagirdin kəşf yolu vasitəsi ilə məsələnin
cavabını tapmasıdır. Hazırda bunun
üçün aktiv və interaktiv metodlardan istifadə edirlər.
Fəxrlə deyə bilərik ki, kəşf yolu ilə
öyrənmənin ideyasını avropalılardan əvvəl
dahi üzeyir bəy Hacıbəyov irəli
sürmüşdür.
Məruzə
ətrafında Təhsil Problemləri İnstitutunun
aparıcı əməkdaşı, psixologiya elmləri namizədi
İlhamə Sultanova çıxışında taksonomiya ilə
bağlı müxtəlif müəlliflərin
yanaşmalarına toxundu və qeyd etdi ki, taksonomiyanın ilk tədqiqatçısı
olan B.Blumun taksonomiya konsepsiyası kifayət qədər
ümumi xarakter daşıyaraq inkişaf konsepsiyasına
söykənmişdisə, Azərbaycan taksonomiyasında təfəkkürün
psixoloji mənzərəsinə sistemli yanaşılıb. Bu
sistemdə təfəkkür əməliyyatları
axarında şüurun keyfiyyətləri ayırd edilmiş,
koqnitiv və kreativ proseslər bilavasitə
vurğulanmışdır. Professor Ə.Əlizadənin
üçtərkibli taksonomiyasının yeni variantında
(öyrənmə, inkişaf, mədəniyyət) tərkib
hissələrinin sistemi ayrı-ayrılıqda geniş şəkildə
verilir.
Konfransda
BPKİYİ-in psixologiya kafedrasının müdiri, psixologiya
elmləri namizədi Hökumə Əliyeva, kafedranın
baş müəllimi Gülnarə Əlixanova, institutun incəsənət
kafedrasının baş müəllimi Nərgiz Rəcəbova
çıxış etdilər.
Konfransın işini professor Asəf Zamanov yekunlaşdıraraq, iştirakçılara təşəkkürünü bildirdi.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.-2009.-3
iyul.-S.3.