Azərbaycan
təhsili: yaxın keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən
saylarında)
Hörmətli
oxucular, bu məqalədə təhsil sisteminin vacib pillələrindən
biri olan məktəbəqədər təhsilin inkişaf
yolu, şəxsiyyətin formalaşmasında əhəmiyyəti,
bu sahədə mövcud olan problemlər, onların həlli
istiqamətində həyata keçirilən və nəzərdə
tutulan tədbirlər barədə məlumat verməyə
çalışacağam.
Fəlsəfi
baxımdan yanaşsaq, dünyamız, bizi əhatə edən
aləm bir-biri ilə dialektik vəhdətdə olan, biri digərini
təyin edən və tamamlayan varlıqların məcmusundan
ibarətdir. Bu mənada təhsil-tərbiyə və təlim
proseslərinin qırılmaz bağlılığını
özündə əks etdirməklə şəxsiyyətin
formalaşmasını şərtləndirən dəyərlər
kompleksi kimi meydana çıxır. Mən tərbiyə və
təlim deyirəm, halbuki bütün elmi-pedaqoji ədəbiyyatlarda
"təlim-tərbiyə" ifadəsi işlədilir, yəni
birinci yerə "təlim" gətirilir. Əgər hesab
etsək ki, bu iki proses bir-birindən ayrı təsəvvür
olunmur, o zaman həmin ifadələrdən hansının əvvəl
və ya sonra yazılması elə də prinsipial əhəmiyyət
kəsb etmir. Lakin həyatda bütün hadisə və proseslərin
başlanğıc nöqtəsinin olması obyektiv
reallıqdır və bu mənada təhsil də istisna
deyildir.
İnsanın
dünyanı dəyişməyə və xariqələr
yaratmağa qadir qüdrətli varlıq olmasında müstəsna
rol oynayan təhsilin məhz tərbiyədən
başlanmasını iddia etmək uzun əsrlərdən bəri
süzülüb gələn həyati təcrübədən
və sağlam məntiqdən irəli gəlir. Sistemli bir fəaliyyət
kimi təhsil cəmiyyətdə öz həyati statusunu
alandan üzü bəri pedaqoji fikir tarixini izlədikcə bu
prosesdə uşaq və gənclərə, ilk növbədə,
yüksək mənəvi keyfiyyətlərin, ən
başlıcası, xeyirxahlıq, düzlük, halallıq, mərdlik,
qorxmazlıq, vətənə və torpağa
bağlılıq, mərhəmət, şəfqət, eləcə
də düşmənə amansızlıq, böyüklərə
hörmət, kiçiklərə diqqət və
qayğı kimi xüsusiyyətlərin
aşılanmasının bütün dövrlərdə
prioritet sayıldığının şahidi oluruq. Başqa
sözlə, insanda ən birinci onun ağlı, kamalı,
etikası, mədəniyyəti, daxili aləminin gözəlliyi,
sonra isə savadlılığı, elmi səviyyəsi qiymətləndirilir.
Xalq arasında bəzi adamlar haqqında deyilən "Elmi var,
ancaq helmi yoxdur" ifadəsi də, yəqin ki, bu məntiqdən
yaranmışdır. Böyük ədibimiz C.Məmmədquluzadənin
"Ölülər" əsərində
İsgəndərin dili ilə deyilən məşhur
"Hamı deyir oxu alim ol, amma heç kəs demir oxu adam
ol" fikri də həmin həyat həqiqətinin real ifadəsidir.
Yəni dövrdən və zamandan asılı olmayaraq,
övladını müəllim yanına, mədrəsəyə,
məktəbə gətirən valideyni, ilk növbədə,
onun əxlaqı, insan kimi formalaşması, ədəb, mərifət
öyrənməsi düşündürmüşdür.
Yaşadıqları dövrə görə
aralarındakı zaman məsafəsi min illərlə
ölçülməsinə baxmayaraq, məşhur yunan
filosofu Diogenin "Biz insan deyəndə, onun əxlaqını
nəzərdə tuturuq" fikri ilə böyük Azərbaycan
mütəfəkkiri, görkəmli dövlət xadimi Heydər
Əliyevin "Hər bir insan üçün mənəviyyat
ən ali amil olmalıdır" müddəasının məntiqi
cəhətdən səsləşməsi tərbiyə məsələlərinə
verilən önəmin əbədiliyinə və bəşəri
xarakter daşımasına parlaq sübutdur.
Minlərlə
nümunə gətirmək olar ki, xalq arasında hikmət
sahibi kimi tanınan çox insanlar oxu və yazıdan xəbərsiz
olmuş, əsrlər boyu göz bəbəyi kimi qorunub
saxlanan və qiymətli ərməğan olaraq nəsildən-nəslə
ötürülən adət-ənənələr və
milli mənəvi dəyərlər timsalında tərbiyə
olunduqları üçün cəmiyyətdə, el-oba
arasında nəciblik, alicənablıq və müdriklik
nümunəsinə çevrilmişlər. Ziyalı kimdir,
ziyalılıq nədir sualları ətrafında fikir
müxtəlifliyi bu gün də mövcuddur. Uzunillik təcrübəmə
əsaslanıb deyə bilərəm ki, əsl ziyalı
yaxşı tərbiyə görmüş şəxs, əsl
ziyalılıq insanları düzgün tərbiyə etmək,
onları haqq yoluna istiqamətləndirməkdir.
Elmdə
mübahisə doğursa da, tərbiyənin, tərbiyəolunmanın
məhz ana bətnindən başlandığı barədə
məndə daim daxili əminlik olmuşdur. Dünyaya gələn
körpənin beyninin "ağ lövhə"yə bənzəməsini
iddia edənlərin nə dərəcədə
yanlışlığa yol verdiklərini müzakirə etmək
istəməzdim. Lakin bətnində "müqəddəs
yük" (N.Hikmət) gəzdirən ananın qidalanma və
gigiyenik təhlükəsizliyindən tutmuş ürəyi
onunla bir döyünən gələcək övladı
haqqında məhrəm düşüncələrinə, nəvazişli
oxşamalarına, onunla özünəməxsus dillə
mübhəm söhbətlərinə kimi nə varsa, körpəyə
təsirsiz ötüşdüyünə inanmaq çox
çətindir.
İnsan
dünyaya nə qədər təmiz xislətli gəlsə də,
yaşadığı ailənin, əhatə olunduğu
mühitin, ünsiyyətdə olduğu adamların onun psixikasına,
dünyagörüşünün, hissi-emosional və iradi
keyfiyyətlərinin, xarakterinin formalaşmasına
güclü təsir göstərdiyi şəksizdir. Bir
çoxları uşaqda büruzə verilən mənfilikləri
və neqativ hərəkətləri bilavasitə məktəblə
bağlamağa, bir növ, adət etmişlər. Belə
yanaşma birtərəfli olmaqla həm də çox
ziyanlıdır, çünki uşaqların erkən
yaşlarından başlayaraq tərbiyə olunması üzrə
məqsədyönlü sistemin qurulmasına, fundamental
elmi-pedaqoji tədqiqatların düzgün yönümdə
aparılmasına ciddi mənfi təsir göstərir. Heç
şübhəsiz, məktəbə gələnədək
müxtəlif mühitlərdə böyüyən
uşaqların davranışlarında və həyata
münasibətlərində korreksiya işləri aparmaqla
onları müəyyən mənfiliklərdən azad etməkdə
məktəbin rolu danılmazdır. Bununla belə, insanın
mənəvi aləminin formalaşmasında məktəbəqədər
müddət, əsas etibarı ilə də 3-6 yaş
arası dövr mühüm əhəmiyyət kəsb edir (Hərçənd
ki, uşağın 3 yaşa qədər nə cür ailədə
böyüməsi də az əhəmiyyətli deyildir). Ona
görə də 3 yaşdan başlayaraq uşaqların
artıq təhsilə cəlb edilməsinə əksər dünya
ölkələrində, xüsusilə inkişaf etmiş
ölkələrdə böyük önəm verilir. Nə
üçün məhz 3 yaşdan?! Əlbəttə, bu
sualı müxtəlif prizmalardan yanaşmaqla izah etmək
olar. Ancaq mənim fikrimcə, ən vacib amil təkcə həmin
yaşda olan fiziki və əqli cəhətdən sağlam
uşaqların ətraf aləmi dərk etməyə
başlamaları, ünsiyyət qurmağa və əməkdaşlıq
etməyə qismən hazır olmaları deyildir. Bu, daha
çox sosial məsələ səviyyəsində qiymətləndirilməlidir.
Yəni bir-birindən fərqli şəraitlərdə
yaşayan, xüsusilə uğursuz ailələrdə
böyüyən uşaqlar üçün vahid sağlam mənəvi-psixoloji
mühit yaradılmasına yönəlmiş dövlət
siyasətinin real təzahürüdür. Əgər belə
olmasaydı, qeyri-sağlam mühitdə yaşayan uşaqlar
inkişafları üçün vacib olan ictimai tərbiyə
və ilkin təlim almaq imkanlarından məhrum olardılar.
Aparılan təhlil və pedaqoji müşahidələr
göstərir ki, normal bağça şəraitinə
düşən uğursuz ailələrin uşaqları məruz
qaldıqları mənəvi zədələrdən xilas ola
bilir, kollektivə tez uyğunlaşır, məktəb təliminə
hazırlaşmaqda ciddi çətinlik çəkmirlər.
Bu mənada məktəbəqədər təhsil müəssisələrini
belə uşaqlar üçün, obrazlı ifadə ilə
desək, "təcili yardım"a da bənzətmək
olar. Lakin bu xidmətdən həmin qəbildən olan
uşaqların heç də hamısı yararlana bilmir. Bunun
bir səbəbi, əlbəttə, respublikamızın rayon və
şəhərləri üzrə bir çox
yaşayış məntəqələrində uşaq
bağçasının olmaması, fəaliyyət göstərən
bir sıra bağçalarda isə mövcud şəraitin tələblərə
cavab verməməsidirsə, digər səbəbi bu
uşaqların valideynlərinin biganəliyidir. Təhlil
göstərir ki, bağçaya getməyən, evlərində
də sağlam mənəvi-psixoloji mühit, yaxud intellektual
aura olmayan uşaqlar məktəb təlimi prosesinə xeyli
müddət uyğunlaşa bilmir, dərs materiallarını
çətinliklə mənimsəyir, əksər hallarda təlimdə
geridə qalan, məktəbə maraq göstərməyən
uşaqlara çevrilirlər. Həmin uşaqlara xüsusi
diqqət və qayğı olmadıqda isə onlar məktəbin
yolunu, demək olar ki, unudurlar.
Belə
təsəvvür yaranmasın ki, məktəbəqədər
təhsil müəssisələri daha çox lazımi səviyyədə
tərbiyə şəraiti olmayan ailələrdəki
uşaqlar üçündür. Məktəbəqədər
təhsil, söz yox ki, kütləvi xarakter daşıyır
və həyat şəraitindən, maddi vəziyyətindən,
intellektual səviyyəsindən asılı olmayaraq,
bütün ailələrin uşaqlarını nəzərdə
tutur. Sadəcə, diqqəti bir cəhətə yönəltmək
istəyirəm ki, məktəbəqədər təhsilə
tələbatda ailələr bir-birindən fərqlənir. Elə
ailələr var ki, bunlarda sağlam atmosfer mövcuddur və
valideynlər övladlarına ilkin həyati bacarıqlar, mənəvi
keyfiyyətlər aşılamaqda, onları məktəb təliminə
hazırlamaqda çətinlik çəkmirlər. Ona görə
də uşaqlarının məktəbəqədər təhsilə
cəlbinə bir o qədər də diqqət yetirmirlər.
Xüsusilə, ailədə ana evdar qadın olduqda. Bu, həyatımızın
reallığıdır və uzunillik müşahidələr
də həmin faktı təsdiq edir. Lakin hətta belə ailələrdə
də uşaqların inkişafına göstərilən
qayğı və onun nəticələri,
bütövlükdə götürsək, məktəbəqədər
müəssisələrdəki effekti verə bilməz, ən
azı ona görə ki, ailədə uşaq, bağçada
olduğu kimi, ən zəruri bacarıqlara-ünsiyyətqurma,
əməkdaşlıq, kollektivdə birgəfəaliyyət
bacarıqlarına, estetik, texnoloji və ekoloji tərbiyə
elementlərinə sistemli şəkildə yiyələnə
bilməzlər.
Beləliklə, fikirlərimizi qısa nəticə şəklində formalaşdırsaq, təhsilin məhz tərbiyə elementlərindən başlanmasını cidd-cəhdlə sübuta yetirməyə elə bir ehtiyacın olmadığı göz qabağındadır. Eyni zamanda bunu da iddia etmək düzgün deyil ki, təhsil prosesinin digər komponenti olan təlim də bağçadan, yaxud məktəbdən başlanır. Əslində birmənalı qəbul etmək lazımdır ki, yaşından asılı olmayaraq, uşaq müəyyən bir anda hər hansı bir hərəkətinə, yaxud yaranmış zərurətə görə valideyni, müəllimi və ya digər yaxın adamı tərəfindən öyüd-nəsihət verilməklə, qəbul edilmiş terminologiya ilə desək, tərbiyə olunursa, əslində, o, həm də təlim alır, ona hər hansı bir xüsusiyyət öyrədilir, təlqin olunur. Eləcə də istər uşaq bağçasında, istərsə də məktəbdə, məsələn, müəyyən mövzu daxilində hər hansı bir mətnin tədrisi, təbii ki, yalnız onun məzmununun öyrədilməsindən ibarət deyildir. Belə olsaydı, onun heç bir əhəmiyyəti olmazdı. Əsas məsələ, şübhəsiz ki, mətndə ifadə olunan məzmunun uşağın dünyagörüşünə, mənəviyyatına göstərdiyi təsir və onun özü üçün həyati nəticə çıxara bilməsidir. Demək, ayrıca götürülmüş tərbiyə və ya təlim prosesi yoxdur və ola da bilməz. Bu iki proses bir-birinin daxilindədir, el dili ilə desək, "bir bədəndə iki can"dır. Belə düşünmək nə dərəcədə düzgün olar ki, müəllim dərsi iki hissəyə bölməlidir, əvvəl mövzuya görə bilik verməli, sonra isə tərbiyə ilə məşğul olmalıdır.
Məlumdur ki, pedaqoji diskussiyalarda, təhsil problemlərinə aid yazılarda təfəkkürün inkişafı, əqli inkişaf, fiziki inkişaf, mövcud potensialın inkişafı, dünyagörüşün formalaşması, bədii-estetik zövqün formalaşması, fəal həyat mövqeyinin formalaşması, həyati bacarıqların formalaşması kimi ifadələrdən geniş istifadə edilir. Mahiyyətə dərindən varsaq, bu prosesləri real nəticələrə doğru aparan yolun əsasında "tərbiyə" məfhumunun dayandığı göz qabağındadır. Belə ki, əgər uşaqda çalışqanlıq, zəhmətsevərlik, öyrənməyə, məlumatlanmağa meyil və maraq, məqsədyönlülük, iradəlilik keyfiyyətləri tərbiyə olunmazsa, hər hansı bir inkişaf və formalaşmaqdan danışmağa dəyməz.
Təhsil, onun komponentlərinin qarşılıqlı əlaqələri və mahiyyəti barədə şəxsi mülahizələrimi diqqətə çatdırmaqla yanaşı, onlar, əlbəttə, diskussiya da doğura bilər. Bir məsələyə də toxunmaq istərdim. Bəzi hallarda təhsilin mərhələləri (məktəbəqədər, ümumi təhsil, peşə ixtisas təhsili və s.) və təhsil problemləri haqqında söylənilən fikirlərdə bu mərhələlərdən hansınasa üstünlük vermək, yaxud problemləri birinci dərəcəli və ikinci dərəcəli məsələlərə ayırmaq meyilləri hiss olunur. Böyük bir mexanizm ən xırda bir detal olmadan işləmədiyi kimi, təhsildə də əsas, qeyri-əsas məsələ axtarmaq yersizdir. Bu mənada, məsələn, orta təhsili mahiyyətcə yüksəklərə qaldırıb məktəbəqədər təhsilin rolunu kiçiltmək və ya ali təhsilə önəm verib texniki peşə təhsilini diqqətdən yayındırmaq, bütövlükdə təhsil sisteminin fundamentallığına və tamlığına, təhsilin fasiləsizliyi ideyasına naşı yanaşmadan başqa bir şey deyildir.
Bu mənada təhsil sisteminin ilk pilləsi olan məktəbəqədər təhsil də istisna deyildir. Axı təkrar da olsa, diqqətə çatdırmalıyam ki, uşaqların intellektual, fiziki və psixoloji inkişafının, potensial imkanlarının üzə çıxarılmasının, şəxsiyyət kimi formalaşmasının, məktəb təliminə hazırlığının, onlarda həyati bacarıqların təşəkkülünün, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli, əsasən, məktəbəqədər təhsil müəssisələrində qoyulur. Tədqiqatlar göstərir ki, bu yaş dövründə uşağın inkişafına xərclənən vəsait sonradan 17 dəfə artıq gəlir gətirir. Təsadüfi deyil ki, Almaniya, Fransa, Danimarka və digər inkişaf etmiş ölkələrdə təhsil büdcəsinin 10-15 faizi məktəbəqədər təhsilə ayrılır.
Ölkəmizdə məktəbəqədər təhsilin inkişaf tendensiyalarına keçməmişdən əvvəl dünyanın bir sıra ölkələrində məktəbəqədər təhsil təcrübəsi barədə fikirlərimi oxucularla bölüşmək istərdim.
ABŞ-da məktəbəqədər təhsilin bir neçə forması mövcuddur: kilsə tabeli, ixtisaslaşmış, yerli ictimai, özəl və s. özəl uşaq bağçaları əsasən Montesori metodu əsasında fəaliyyət göstərir. Bu metod hər bir uşağa fərdi yanaşmanı və inkişafı nəzərdə tutur. Bir çox ştatlarda məktəbəqədər təhsil müəssisələri 6 ay - 3 yaş arası uşaqlar üçün nəzərdə tutulub və daha çox qrup şəklində oyunları və gündəlik qayğını özündə ehtiva edir. 2-4 yaşlı uşaqlar üçün nəzərdə tutulan uşaq bağçalarında proqrama əmək, musiqi, məntiqi oyunlar, eşitmə qabiliyyətini inkişaf etdirən çalışmalar daxildir. Bəzi uşaq bağçalarında həftədə bir neçə dəfə rəqs, rəsm, kulinariya məşğələləri də keçirilir.
ABŞ-da bir çox dövlət ibtidai məktəbləri 5 yaşlılar üçün məktəbəqədər təhsili təmin edir və bu, adətən, ibtidai təhsilin ilk pilləsi hesab olunur. Əslində bu, məktəbəqədər və ibtidai təhsil kurikulumlarını özündə birləşdirən təhsil prosesidir. Valideynlər daha çox özəl ibtidai məktəblərin nəzdində olan uşaq bağçalarına üstünlük verirlər. Belə məktəbəqədər təhsil müəssisələrində xidmət səviyyəsi yüksəkdir. Bəzi ştatlarda işləyən valideynlərə kömək məqsədilə özündə bütün növ məktəbəqədər təhsil xidmətlərini ehtiva edən mərkəzlər yaradılıb.
ABŞ-da məktəbəqədər təhsil müəssisələri valideynlərlə sıx əməkdaşlıq edir. Bağçalarda uşaqlara mütləq oxu, yazı və hesablama üzrə ilkin biliklər verilir. Odur ki, bağçaya gəlmədən məktəbə gedən uşaqlar təlimdə müəyyən çətinliklər çəkirlər. ABŞ-da inanırlar ki, universitetə daxil olmaq düzgün seçilmiş bağçadan asılıdır.
Avropada məktəbəqədər təhsil yüksək ictimai əhəmiyyət kəsb etməklə dövlət siyasətinin əsas prioritetlərindən biridir. Avropa İttifaqının üzvü olan dövlətlər 2002-ci ildə Barselona sammitində öhdəlik qəbul etmişlər ki, 2010-cu ilədək 3 yaşadək olan uşaqların 35 faizi və 3-6 yaşlı uşaqların 90 faizi keyfiyyətli məktəbəqədər təhsillə əhatə olunmalıdır. Bu ölkələrdə məktəbəqədər təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi praktikası üstünlük təşkil edir. 3-6 yaşlı uşaqların məktəbəqədər təhsili sahəsində özəl sektorun çəkisi o qədər də yüksək deyildir və İsveçdə 17 faiz, İslandiyada 7,2 faiz, Polşada 5,1 faiz, Norveçdə cəmi 1,5 faiz təşkil edir. Hazırda Avropa 3 yaşadək uşaqların dövlət tərəfindən məktəbəqədər təhsillə əhatə olunması problemini həll etməyə çalışır.
Almaniyada məktəbəqədər təhsil qədim ənənəyə malikdir. Əslində dünyada bir çox dövlətlər tərəfindən qəbul edilmiş Kindergarten alman mənşəli sosial institutdur. Almaniyada ilk məktəbəqədər müəssisələr XIX əsrin əvvəllərində yaradılmışdır. Bu müəssisələrin əsas funksiyası fəhlələrin işdə olduqları müddətdə gün ərzində onların uşaqlarına baxmaq idi. Uşaqlara göstərilən qulluq proqramına təlimin daxil edilməsi fəhlələri az maraqlandırırdı. Almaniyanın müasir uşaq bağçalarında aparılan tərbiyə işinin əsasını uşaq şəxsiyyətinin inkişafı, nitq inkişafı, sosial tərbiyə və oyunlar təşkil edir. Bu müəssisələrdə uşaqlar adətən naharadək olurlar, günün ikinci yarısını isə ailədə keçirirlər. Bununla yanaşı, günüuzadılmış uşaq bağçaları da mövcuddur. Hazırda Almaniyada 3 yaşdan 6 yaşadək olan uşaqların 90 faizindən çoxu uşaq bağçalarına gedir.
Böyük Britaniyada körpələr qrupunda 3 ay-2 yaş arasında, məktəbəqədər qruplarda isə 3-6 yaşlı uşaqlar tərbiyə alırlar. Tərbiyəçi-uşaq nisbəti yaş qruplarından asılı olaraq müxtəlifdir. Aşağı yaş qruplarında təxminən hər tərbiyəçiyə 2-3 uşaq düşür, yuxarı yaş qruplarında isə bu nisbət təxminən 20-25 nəfər təşkil edir. Mərkəzlərdə vahid gün rejimi mövcud deyildir. Valideynlərin imkanlarından asılı olaraq 6-8 saatlıq gün rejimləri tətbiq edilir. Dövlət tərəfindən hər uşaq üçün pulsuz xidmət limitləşdirilmişdir. Yəni hər bir valideyn yalnız gün ərzində bir neçə saat müəssisənin imkanlarından pulsuz istifadə edə bilər. Əgər valideyn həmin müddətdən artıq övladını müəssisədə saxlamaq istəyirsə, əlavə pul ödəməlidir. Lakin xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı, miqrant ailələrdən olan uşaqlar bütün xidmətlərdən dövlət hesabına istifadə edirlər. Mərkəzlərin illik büdcəsinin 50 faizi federal, digər 50 faizi isə yerli vəsait hesabına ödənilir. Bundan əlavə, bu tipli müəssisələrə xüsusi fondlar tərəfindən maliyyə dəstəyi də göstərilir.
Ölkədə məktəbəqədər təhsil sahəsində vahid proqram mövcuddur. Tərbiyəçilər öz işlərini həmin proqram əsasında qururlar. Hər bir uşağa gündəlik fərdi plan yazılır. Həmin planda uşaqların gün ərzində əldə etdiyi nailiyyətlər qeyd olunur və gələcəkdə hansı məsələlərə diqqət yetirilməsi nəzərdə tutulur. Fərdi plan tərtib olunarkən qrupda fəaliyyət göstərən bütün tərbiyəçilərin rəyi nəzərə alınır. Bunlarla yanaşı, mərkəzlərdə inklüziv təhsil də həyata keçirilir. Bu mərkəzlərin fəaliyyətində uşaqların marağı əsas amil kimi önə çəkilir. Valideynlər mərkəzlərlə sıx əməkdaşlıq edirlər. Mərkəzlərdə məşğələ prosesində istifadə olunan əyani vəsaitlərin hazırlanması üçün xüsusi bir mütəxəssis də ayrılır.
Yaponiyada 1-2 yaşlı uşaqlar üçün körpələr evi fəaliyyət göstərir. Məktəbəqədər təhsil 3-4 yaşından başlanır. Burada bütün uşaq bağçaları özəldir. Bunların arasında elit adlandırılan uşaq bağçaları da var ki, onlar nüfuzlu universitetlərin himayəsindədir. Əgər uşaq həmin müəssisəyə qəbul olunursa, onda uşağın gələcəyi təmin olunmuş hesab edilir. Müvafiq yaşa çatdıqda uşaq universitetin məktəbinə keçirilir, oradan isə imtahansız universitetə daxil olur. Belə nüfuzlu universitetlərin himayəsində olan uşaq bağçalarına qəbul olunmaq çox çətindir. Valideynlər bu uşaq bağçaları üçün böyük məbləğdə pul ödəyir, uşaq isə kifayət qədər mürəkkəb testdən keçməlidir. Yaponiyada uşaqların sağlamlığının qorunmasına böyük diqqət yetirilir. Hər bir məktəbəqədər təhsil müəssisəsində tibb işçilərindən ibarət kollektiv çalışır (həkim, tibb bacısı, stomatoloq, əczaçı və b).
İsraildə məktəbəqədər təhsil 2 yaşdan başlanır, əksər valideynlər isə 3-4 yaşdan uşaqları bu müəssisələrə gətirməyə üstünlük verirlər. 5-6 yaşlı uşaqların məktəbəqədər müəssisələrə cəlbi icbaridir. Burada uşaqlara oxumağı, yazmağı, hesablamanı öyrədir, onlarda yaradıcı təfəkkürün inkişafına çalışır, oyun proqramlarından istifadə etməklə uşaqları kompüterlə tanış edirlər. 6 yaşı tamam olmuş və I sinfə getməyə hazırlaşan hər bir uşaq artıq yazmağı və oxumağı bacarır.
Bolqarıstanda məktəbəqədər təhsil 3-7 yaşlı uşaqları əhatə edir. Məktəbəqədər hazırlıq icbaridir və uşaq bağçalarının məktəbə hazırlıq qruplarında və ya məktəblərin məktəbə hazırlıq siniflərində bir tədris ili ərzində xüsusi proqramlar əsasında həyata keçirilir. Burada dövlət, bələdiyyə və özəl uşaq bağçaları mövcuddur. Onlar bütün gün və yarımgünlük rejimlə işləyirlər. Uşaqların 90 faizi bələdiyyə uşaq bağçalarına gedir. Dövlət uşaq bağçaları əsasən reabilitasiya xarakterlidir, yəni xüsusi qayğıya ehtiyacı olan uşaqları əhatə edir. özəl uşaq bağçalarının sayı ölkə üzrə 20-dən artıq deyil.
Bu ölkədə kifayət qədər məktəbəqədər yaşlı uşaqlar olmayan regionlarda uşaq bağçasının açılmasına ehtiyac duyulmadığından məktəblərdə yarımgünlük uşaq bağçaları təşkil edilir. Burada uşaqların məktəbə hazırlığı həyata keçirilir. Yarımgünlük uşaq bağçaları səhər və ya axşam saatlarında təşkil olunur. Burada uşaqların qidalanması nəzərdə tutulmur. Mövsümi uşaq bağçaları valideynləri kənd təsərrüfatı işləri ilə məşğul olduqları vaxt, əsasən, yayda kənd yerlərində açılır. Belə müəssisələrin sayı çox deyil və əksər hallarda valideynlərin tələbinə əsasən təşkil edilir.
Polşada məktəbəqədər təhsil yerli bələdiyyə vəsaitləri hesabına maliyyələşdirilir. 6 yaşlı uşaqlar üçün bir il ərzində məktəbə hazırlıq icbaridir. Burada Komenius fondu fəaliyyət göstərir ki, onun da məqsədi bütün uşaqların məktəbəqədər təhsilə cəlbi üçün imkanların yaradılması, erkən yaş dövründə təhsilin vacibliyi haqqında əhalinin məlumatlandırılmasıdır. ölkədə məktəbəqədər müəssisə olmayan yerlərdə mərkəzlər açılır. Bu mərkəzlər kitabxana, kənd mədəniyyət evlərində, məktəblərdə və digər yerlərdə təşkil edilir. Mərkəzlərdə hər qrupda 10-15 uşaq olur, müvafiq təhsili olan icma nümayəndələri tərbiyəçi kimi çalışırlar, burada iş rejimi adətən həftədə 9 saatdır.
Postsovet ölkələrində müxtəlif modellər mövcuddur. Qazaxıstanda qanunvericilikdə müvafiq dəyişikliklər edildikdən sonra dövlət uşaq bağçaları ilə yanaşı, lisenziya almış özəl uşaq bağçalarının - mini mərkəzlərin ("mini" ona görə ki, bu adi mənzilin 1 və ya 2 otağında yerləşə bilər) yaradılmasına icazə verilir. Qırğızıstanda ailə tipli və məhəllə uşaq bağçaları dövlət tərəfindən dəstəklənir. Gürcüstanda bələdiyyə uşaq bağçalarının yaradılması və dəstəklənməsi nəticəsində məktəbəqədər təhsilə cəlb olunanların sayı artmışdır.
Hazırda Rusiyanın paytaxtı Moskva şəhərində uşaqların məktəbəqədər təhsillə əhatəsi 64% təşkil edir. 2010-cu ilə bu rəqəmin 90%-ə çatdırılması, 2012-ci ildə isə paytaxt əhalisinin uşaq bağçalarına olan tələbatının tam ödənilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Moskva hökumətinin qərarına uyğun olaraq 2008-ci ildə paytaxtda 100 uşaq bağçası istifadəyə verilmiş və onların sayının ilbəil artırılması nəzərdə tutulmuşdur.
İndi isə Azərbaycanda məktəbəqədər təhsilin təşəkkülü barədə. ötən əsrin əvvəlində, 1907-ci ildə Bakının Bayıl qəsəbəsində ilk məktəbəqədər təhsil müəssisəsi - "Dəcəllər məktəbi" adlanan uşaq bağçası təşkil edilmişdir. 1914 və 1916-cı illərin hər birində daha iki uşaq bağçası açılmışdır. 1916-cı ildə fəaliyyətə başlayan məktəbəqədər təhsil müəssisələrindən biri Bakı şəhər xalq məktəbləri müdiriyyətinin qadın gimnaziyası nəzdində təşkil edilmişdir. Onu da qeyd etmək lazımdır ki, həmin uşaq bağçası istisna olmaqla, digər uşaq bağçaları ayrı-ayrı şəxslər tərəfindən açılmış və onların sabit maliyyə mənbəyi olmamışdır.
"Dəcəllər məktəbi" adlanan uşaq bağçasında tərbiyəvi işlərin məzmunu digərlərindən əsaslı surətdə fərqlənirdi. Qadın gimnaziyası nəzdində açılmış uşaq bağçası 4 yaşından 7 yaşına kimi 20 uşağı əhatə edirdi. Burada uşaqlara maraqlı hərəki oyunlar və idman məşğələləri keçirilir, əl işləri vərdişləri öyrədilir, hekayələr, nağıllar oxunur, kitablar üzrə müsahibələr keçirilirdi. Uşaq bağçasına yalnız varlı ailələrin uşaqları qəbul edilirdi.
1920-ci ildən uşaq bağçalarının şəbəkəsi genişlənməyə başlayır. Bu dövrdə Bakıda 35, Gəncə qəzasında 8, Nuxa qəzasında 6, Şuşada 5, Qubada 1, Qazaxda 3, Göyçayda 3, Lənkəranda 2 və Şamaxıda 1 uşaq bağçası açılmışdı. 1920-1922-ci illərdə Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrinin sayı 76-ya çatmışdı. Bu sahədə görkəmli dövlət xadimi, maarifpərvər ziyalı Nəriman Nərimanovun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Onun sərəncamına əsasən həm respublikanın qəzalarında, həm də Bakı şəhərində fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələri dövlətin ixtiyarına verildi.
Həmin dövrdə uşaq bağçaları üçün kadr hazırlığı mühüm problemlərdən biri kimi qarşıda dururdu. Bu məqsədlə 1920-ci il iyunun 15-dən qısamüddətli kurslar fəaliyyətə başladı. Bu kurslarda məşğələlər Azərbaycan və rus dillərində aparılırdı. Nəriman Nərimanovun 11 yanvar 1921-ci il tarixli dekretinə əsasən həmin il martın 4-də Məktəbəqədər Tərbiyə Pedaqoji İnstitutu təşkil edildi.
Azərbaycanda 1920-1931-ci illərdə uşaq bağçalarının fəaliyyətini tənzimləyən proqram olmamışdır. Bağçalar RSFSR Maarif Komissarlığı tərəfindən metodik göstərişlər əsasında işləmişdir. 1932-ci ildə ilk dəfə uşaq bağçaları üçün proqram hazırlanmışdır. 1934-cü ildə RSFSR-də uşaq bağçaları üçün tərtib olunmuş proqram əsasında Azərbaycanda da yeni proqram tərtib olunmuş, 1938-ci ildə isə "Uşaq bağçası tərbiyəçisi üçün rəhbərlik" adlı yeni proqram çap edilmişdir.
1940-cı ildə 56916 uşağı əhatə edən 1298 müəssisə, 1945-ci ildə 49536 uşağı əhatə edən 1259 müəssisə, 1950-ci ildə 30951 uşağı əhatə edən 850 müəssisə, 1955-ci ildə 36265 uşağı əhatə edən 885 müəssisə, 1960-cı ildə 52952 uşağı əhatə edən 1006 müəssisə, 1965-ci ildə 89419 uşağı əhatə edən 1260 müəssisə fəaliyyət göstərmişdir.
1965-ci ildə ilk dəfə olaraq məktəbəqədər tərbiyə tarixində 2 aylıq - 7 yaş arası uşaqların təlim-tərbiyəsinin məzmununu müəyyən edən "Uşaq bağçalarının tərbiyə proqramı" hazırlandı. Proqramda müxtəlif yaş dövrlərində uşaqların mənimsəyəcəkləri bilik, bacarıq və vərdişlərin həcmi müəyyən edildi.
1969-cu ildə respublikada 108300 uşağı əhatə edən 1555 müəssisə fəaliyyət göstərirdi. Həmin ilin iyulunda ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə bütün sahələrdə olduğu kimi, təhsil, o cümlədən məktəbəqədər təhsil sahəsində də ciddi keyfiyyət dəyişikliklərinin əsası qoyuldu. Danılmaz həqiqətdir ki, məhz ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə uşaq bağçalarının şəbəkəsinin təkmilləşdirilməsinə əlverişli şərait yaradıldı. Belə ki, bu illər ərzində 66599 yerlik 439 uşaq müəssisəsi tikilib istifadəyə verilmişdi.
1990-cı ildən ölkədə məktəbəqədər təhsil müəssisələrinin və orada tərbiyə alan uşaqların sayı azalmağa başlamışdır. Bunun bir sıra səbəbləri var idi. Əsas səbəb isə Ermənistanın Azərbaycana təcavüzü, ölkənin 20 faiz ərazisinin işğal edilməsi nəticəsində 242 məktəbəqədər təhsil müəssisəsinin dağıdılması idi. Eyni zamanda ayrı-ayrı təşkilat və nazirliklərin tabeliyində olan bəzi məktəbəqədər təhsil müəssisələrinin bağlanması və ya başqa məqsədlər üçün müxtəlif təşkilatlara verilməsi də azalmaya səbəb olurdu. Təhlil göstərir ki, məktəbəqədər təhsil müəssisələrinin və orada tərbiyə olunan uşaqların sayının azalma tendensiyası sonrakı illərdə də davam etmişdir. Bunun səbəblərindən biri uzun illər ərzində ölkədə yeni məktəbəqədər təhsil müəssisələrinin tikilməməsi və yeni müəssisələrin açılmaması, eyni zamanda əsaslı təmir və bərpa işləri aparılmadığından bir sıra mövcud müəssisələrin yararsız hala düşərək bağlanması idi. Digər tərəfdən isə 2006-cı ildə ölkə üzrə 240 məktəbəqədər təhsil müəssisəsinin özəlləşdirilməyə açıq elan edilməsi ilə əlaqədar həmin müəssisələrdən bəzilərinin fəaliyyətini dayandırması, bir sıra müəssisələrin isə özəlləşdirildikdən sonra profilinin dəyişməsi ilə bağlı idi.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli, 349 nömrəli fərmanına uyğun olaraq təhsil sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi məqsədilə ayrı-ayrı nazirliklərin, dövlət komitələrinin, konsernlərinin, şirkətlərinin, birliklərinin və digər dövlət qurumlarının tabeliyində olan təlim-tərbiyə və təhsil müəssisələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan
müəllimi.-2009.-10 iyul.-S.1, 2.