Yay kompüter düşərgəsi
açıldı
İyulun
3-də Bakıdakı akademik Zərifə Əliyeva adına
orta məktəbdə yay kompüter düşərgəsinin
açılışı oldu. "Microsoft Azərbaycan"
şirkəti və "İNFOMAS" qeyri-hökumət təşkilatı
tərəfindən Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin və "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində Təhsil
Nazirliyinin yardımı ilə təşkil olunmuş
düşərgəyə HP, "ULTRA", PC "Maqazine
Mina Qroup" və "British Council" şirkət və təşkilatlar
dəstək göstərir. Düşərgənin rəhbəri
Ramin Mahmudzadədir.
Tədbiri
açan Z.Əliyeva adına məktəbin direktoru Məhəbbət
Vəliyeva bildirdi ki, 31 iyuladək davam edəcək yay
kompüter düşərgəsində 7-10-cu sinifləri təmsil
edən 75 şagird iştirak edir. Məqsəd yetişən
nəslin informasiya və kommunikasiya texnologiyaları sahəsindəki
biliklərinin inkişaf etdirilməsi və tədqiqat işi
aparmaq marağının aşılanmasıdır. Tədbirin
əhəmiyyətini vurğulayan M.Vəliyeva
iştirakçılara uğurlar arzuladı.
Sonra
"Microsoft Azərbaycan" şirkətinin proqram meneceri
Emin Axundov çıxış edərək yay kompüter
düşərgəsi haqqında geniş məlumat verdi. Qeyd
etdi ki, məktəblilər maraqlarından asılı olaraq
informasiya texnologiyaları ilə məşğul olmaq
üçün bir neçə qrupa bölünüblər.
Düşərgə çərçivəsində
proqramlaşdırma, veb-hazırlıq, multimedia
texnologiyaları, informatika üzrə ümumi ilkin biliklər
üzrə yaradıcılıq emalatxanaları fəaliyyət
göstərəcək. Məktəblilərə məşğələləri
təcrübəli informatika müəllimləri, həmçinin
proqramlaşdırma üzrə peşəkar mütəxəssislər
keçəcək.
"British
Council" təşkilatının müəllimləri isə
onlara ingilis dili dərsini keçəcəklər. Düşərgədə
məktəblilər həmçinin mədəni proqramda
iştirak edəcəklər.
Açılış
mərasimində çıxış edən düşərgənin
rəhbəri Ramin Mahmudzadənin fikrincə, əsas məqsəd
hər bir məktəblini müəllimlə bərabərhüquqlu
anlaşma prosesinə cəlb etməkdir. Bu cür yanaşma məktəblilərə
düşərgənin proqramını daha asan və sərbəst
şəkildə öyrənməyə və
yaşıdları ilə bir komandada maraqlı layihələri
yaratmağa imkan verəcək. Onlar əldə etdikləri
bacarıqları günün sonunda müzakirə edəcəklər.
Qeyd
edildi ki, qruplarda mini-müsabiqələr keçirilərək
ən yaxşı şagirdlər müəyyənləşdiriləcək.
Düşərgə başa çatdıqdan sonra məktəblilər
layihələr vasitəsilə öz yeni
bacarıqlarını ictimaiyyətə, habelə öz
valideynlərinə nümayiş etdirəcəklər.
Yay
kompüter düşərgəsi zamanı informatika üzrə
məktəblilərdən ibarət Azərbaycan olimpiya
komandası da xüsusi proqram üzrə təlim keçərək,
Bolqarıstanda keçiriləcək beynəlxalq olimpiadaya
hazırlaşacaq.
Fazil İDRİSOĞLU
Azərbaycan müəllimi.-2009.-10
iyul.-S.4.