ADU-da brifinq keçirilib
İyulun 7-də Azərbaycan Dillər Universitetində keçirilən brifinq
2008-2009-cu tədris ilinin
yekunlarına dair hesabat və növbəti tədris ilində ADU-da nəzərdə tutulan yeniliklərə həsr olunmuşdur. Brifinqdə ADU-nun mətbuat katibi Zeynəb Kazımova bildirdi ki, bu təhsil
ocağında 2008-2009-cu tədris
ilində 3136 tələbə
kredit sistemi ilə imtahan verib.
Universitetimizdə ümumilikdə 5000 tələbə
təhsil alır, onlardan 285 nəfəri əcnəbidir.
Bu tədris ilində ADU-da bakalavr pilləsi də daxil olmaqla,
əyani, qiyabi, axşam şöbələri
üzrə 907 tələbə
təhsilini başa vurur. 132 tələbə avropaşunaslıq və beynəlxalq münasibətlər
fakültəsini kredit
sistemi ilə bitirir. 2006-2007-ci tədris
ilindən ADU-nun bütün fakültələrində kredit sistemi tətbiq olunur.
2009-2010-cu
tədris ilindən ADU-da "Təlimdə innovasiyalar və əlavə təhsil"
adlı yeni kafedra fəaliyyətə
başlayacaq. Bu tədris ilində universitetdə elm sahəsində bir sıra layihələr həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
"Azərbaycan Respublikasında
2009-2015-ci illərdə Elmin
inkişafı üzrə
milli strategiyanın həyata keçirilməsi
üzrə Dövlət
Proqramının təsdiq
edilməsi haqqında"
sərəncamına uyğun
olaraq ADU-da "Elmin inkişafı üzrə fəaliyyət
proqramı" hazırlanmışdır.
2009-cu il ADU-da "Elm ili" elan olunub. Bu çərçivədə universitetdə fəaliyyət göstərən elmi jurnalın dünya standartlarına uyğunlaşması üçün ADU-nun rektoru, professor Səməd Seyidovun sədrliyi ilə xüsusi Koordinasiya Şurası yaradılıb.
ADU xarici ölkələrin nüfuzlu ali məktəbləri ilə əlaqələrini daim genişləndirir. Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri ilə ADU-nun tələbələri arasında mütəmadi görüşlər keçirilir.
Bu il ilk dəfə olaraq 8 amerikalı tələbə ADU-da yay məktəbində iştirak edir.
Sonda KİV nümayəndələrini maraqlandıran suallara cavab verildi.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-2009.-10
iyul.-S.4.