Məktəblilərin 2008-2009-cu dərs ilində keçirilmiş  fənn olimpiadalarının nəticələri barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 2008-2009-cu dərs ilində məktəblilərin fənn olimpiadalarını yüksək səviyyədə keçirmək, bu işi daha da təkmilləşdirmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək sahəsində müəyyən işlər görülmüş, müvafiq təşkilati tədbirlər həyata keçirilmiş, xərclər smetası tutulmuş, fənlər üzrə olimpiada materialları hazırlanıb yerlərə göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə bağlı "Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant" adlı kitab çap olunmuş, müəllim şagirdlərin istifadəsinə verilmişdir.

Fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin I turunda 48651, II turunda 8976, respublika turunda 1105 nəfər iştirak etmişdir.

Olimpiadanın nəticəsi cədvəldə göstərilən kimi olmuşdur. 

Yerlərdə olimpiadalara hazırlıq mərkəzlərinin yaradılması xüsusi qabiliyyəti ilə fərqlənənlərin obyektiv seçiminin aparılmasının nəticəsidir ki, əvvəlki illərlə müqayisədə 2009-cu il fənn olimpiadalarının yekun turunda şagirdlər daha yüksək nəticə göstərmişlər.

 Respublika turunda Bakı, Naxçıvan, Sumqayıt, Şirvan şəhərləri, Zərdab, İsmayıllı, Zaqatala, Şəmkir, Qazax, Qax, Tovuz, Cəlilabad, Ucar, Balakən, Beyləqan, Ağcabədi, Tərtər, Oğuz, Şərur, Ordubad, Babək, Culfa rayonlarının şagirdləri daha çox fərqlənmiş, mükafata layiq yerləri tutmağa nail olmuşlar.

Bakı şəhəri 20, 134, 239, 261, 264 nömrəli məktəblərin, Bağça- məktəb-lisey kompleksinin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Sumqayıt şəhəri texniki təbiət elmləri liseyinin, Təbiət elmləri təmayüllü gimnaziyanın, BDU-nun "Gənc istedadlar", Mingəçevir şəhəri texniki-humanitar, Naxçıvan şəhəri Heydər Əliyev adına, Balakən rayonu texniki humanitar liseylərin, Naxçıvan şəhəri 705 nömrəli hərbi hissə, Culfa rayonu Bənəniyar kənd, Ağcabədi rayonu şəhər 3, Zərdab rayonu şəhər 1 nömrəli, Yardımlı rayonu Bozayran kənd, İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəblərinin, bilavasitə nazirlik nəzdindəki Heydər Əliyev liseyinin, kimya-biologiya təmayüllü, "Zəngi" liseylərinin, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziyanın şagirdləri daha yaxşı nəticə göstərərək qaliblər sırasında olmuşlar. 

Ötən illərdə olduğu kimi, cari ildə respublikada fəaliyyət göstərən "çağ" öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə özəl liseylərinin şagirdləri fənn olimpiadalarının yekun turunda üstünlük təşkil etmiş, bu liseylərin 45 nəfər şagirdi I-IV yerlərə layiq görülmüşdür.

 Bir sıra rayonlarda seçimin qeyri-obyektiv aparılmasının nəticəsidir ki, olimpiadanın yekun turunun iştirakçılarından 46 (4,2%) nəfəri "0", 94 (8,5%) nəfəri isə "1-10" bal toplamışdır.  

Göstərilənləri nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. Məktəblilərin 2008-2009-cu dərs ilində fənn olimpiadalarının nəticələri haqqında münsiflər heyətləri sədrlərinin təqdimatları nəzərə alınsın.

2. Fənn olimpiadalarının respublika turunda Bakı, Naxçıvan, Sumqayıt, Şirvan şəhərləri, Zərdab, Tovuz, İsmayıllı, Zaqatala, Şəmkir, Qazax, Qax, Cəlilabad, Ucar, Balakən, Beyləqan, Ağcabədi, Oğuz, Tərtər, Şərur, Ordubad, Babək, Culfa rayonlarının respublikada fəaliyyət göstərən "çağ" öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə özəl liseylərinin şagirdlərinin uğurlu nəticələri qeyd edilsin.

3. Göygöl, Şamaxı, Cəbrayıl, Lerik, Ağsu, Qobustan, Laçın Xocavənd rayon təhsil şöbələrinin fənn olimpiadalarına hazırlıq sahəsində lazımi əməli tədbirlər həyata keçirmədikləri həmin rayonların təhsil şöbə müdirlərinin nəzərinə çatdırılsın.

4. Fənn olimpiadalarına şagirdlərin hazırlanmasında səmərəli fəaliyyət göstərmiş 2009-cu ildə keçirilən olimpiadalarda şagirdləri I dərəcəli diploma layiq görülmüş müəllimlərin hər birinə 115 (yüz on beş) manat məbləğində mükafat verilsin.

5. Fənn olimpiadalarının keçirilməsi, materialların hazırlanması, işlərin yoxlanılması yerlərin müəyyənləşdirilməsində xüsusi əmək sərf edən respublika münsiflər heyəti sədrlərinin hər biri 110 ( yüz on) manat, məsul katiblərin hər biri 90 (doxsan) manat, üzvlərin hər biri 50 (əlli) manat pulla mükafatlandırılsınlar.

 6. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, bütün rayon (şəhər) təhsil şöbələrinə tapşırılsın ki, əmrin məzmununu təhsil müəssisələrinin pedaqoji kollektivlərinə çatdırsınlar, istedadlı şagirdlərin aşkara çıxarılmasına, onlar üçün səmərəli təhsil şəraitinin yaradılmasına, fənn olimpiadalarının təşkili keçirilməsinə xüsusi diqqət yetirsinlər.

 7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin lAzərbaycan müəllimi» qəzetində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin.

 

 

Misir MƏRDANOV

Azərbaycan Respublikasının təhsil naziri

 

10 iyul 2009-cu il

 

Azərbaycan müəllimi.-2009.-17 fevral.-S.2.