Sumqayıt məktəbliləri yay istirahətlərini maraqlı keçirirlər

 

Şagirdlərin istirahətini şən və mənalı keçirmələri üçün ən yaxşı vasitə olan məktəbli düşərgələri vaxtilə ölkəmizdə geniş yayılmışdı. Respublikanın ən səfalı yerlərində fəaliyyət göstərən belə düşərgələrdə minlərlə istedadlı, təhsildə və ictimai işlərdə fərqlənən şagird dincəlirdi. Bu düşərgələrə düşmək imkanları olmayan məktəblilər üçünsə oxuduqları tədris müəssisələrində yay istirahət düşərgələri açılırdı. Bəs indi vəziyyət necədir? Bir aydan çoxdur ki, yay tətilinə buraxılmış məktəblilərin istirahəti necə təşkil olunur?

 

Suallarımıza aydınlıq gətirmək üçün apardığımız qısa araşdırmadan məlum oldu ki, hazırda bu iş təhsil sahəsində bir sıra yenilikçi təşəbbüsləri və işləri ilə fərqlənən Sumqayıtda daha yaxşı təşkil olunub. Şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırovdan öyrəndik ki, Sumqayıtın təhsil işçilərinin və şəhər təhsil şöbəsinin bu sahədə xeyli təcrübəsi var. Artıq altıncı ildir ki, şəhərin ümumtəhsil müəssisələrində yay düşərgələri təşkil olunur. Vidadi müəllim bizimlə söhbətində dedi:

- Vaxtilə şəhərdən kənarda fəaliyyət göstərən və minlərlə məktəblinin şən, mənalı istirahətini təmin edən onlarca yay düşərgəsində hazırda öz dədə-baba yurdlarından didərgin düşmüş məcburi köçkün ailələrinin məskunlaşması, həmçinin ölkəmizin ən gözəl guşələrindən olan Qarabağ və onun ətrafındakı rayonlarımızın düşmən tapdağı altında qalması məktəblilərin yay istirahətinin təşkilində ciddi çətinliklər yaradır.

Bu problem şəhərimizə icra hakimiyyətinin başçısı təyin olunan cənab Vaqif Əliyevi ilk gündən narahat etmişdir. Məhz bu narahatlığın, gənc nəslə diqqət və qayğının nəticəsidir ki, 2003-cü ildən başlayaraq ümumtəhsil məktəblərində yay düşərgələri təşkil olunur. Eksperiment kimi birinci dəfə 6 məktəbdə, sonrakı - 2004-cü ildə 12 məktəbdə belə düşərgələr yaratdıq. Şagirdlərin və valideynlərin çoxsaylı müraciətləri bu işin məqsədyönlülüyünü bir daha təsdiq etdi. Odur ki, hər il yay düşərgələrinin coğrafiyası genişləndirildi.

Hazırda şəhərimizin bütün ümumtəhsil məktəblərində yay düşərgələri təşkil olunub. ümumilikdə bu düşərgələrdə 2300 şagird yay tətilini şən və mənalı keçirir. Düşərgələr idman avadanlıqları ilə də təmin edilib.

Məktəblilərin yay düşərgələri hər il iyul ayının 1-də fəaliyyətə başlayır və 24 gün davam edir. Onlar şəhər gənclər və idman baş idarəsi və şəhər təhsil şöbəsinin təşkilatçılığı ilə fəaliyyət göstərir.

Düşərgələrdə iş rejiminin əsasını müxtəlif məşğələlər (musiqi, rəsm, əmək, idman, kompüterlə işləmək və s.), görüşlər, ekskursiyalar təşkil edir. Məşğələlər əsasən şagirdlərin arzu və istəklərinə, yaradıcılıq qabiliyyətlərinə uyğun qurulur. İşin məqsədyönlü təşkili üçün metodik vəsait hazırlanmış, düşərgələrdə işləyəcək müəllimlərə treninqlər keçirilmişdir.

Vidadi Bağırov onu da bildirdi ki, bu il yay düşərgələrinin təşkili Sumqayıt şəhərinin 60 illiyinə və "Uşaq ili"nə həsr olunmuşdur. Odur ki, onun daha yaxşı təşkilinə, yaddaqalan hadisələrlə zəngin olmasına, şagirdlərin xatirəsində dərin iz salmasına çalışılıb. Belə ki, xüsusi qrafik hazırlanıb, düşərgə zamanı hər bir məktəb bir gün Qubanın Ərkivan kəndi yaxınlığındakı "Qırmızı Qərənfil" istirahət guşəsində olur. Bu məqsədlə xüsusi avtobuslar ayrılmış, istirahət guşəsində şagirdlərin səmərəli istirahəti üçün hər cür şərait yaradılmışdır. Ekskursiya zamanı şagirdlər Quba şəhərində Heydər Əliyev, tarix və diyarşünaslıq muzeyləri, həmçinin 1918-ci ildə ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı əyani şəkildə göstərən qəbiristanlıqla tanış olmaq imkanı da əldə edirlər ki, bu da onların mənəvi tərbiyəsində xüsusi rol oynayır.

Düşərgələrdə işləyən müəllimlər üçün nəzərdə tutulmuş metodik vəsait öz fəaliyyətlərini səmərəli qurmaqda onlara yaxından kömək edir. Belə ki, burada məktəblilərin yay düşərgəsinin təşkili haqqında əsasnamə, nümunəvi iş planı, düşərgənin açılışı, səhər gimnastikasının, bütün növ məşğələlərin təşkili və aparılması qaydası haqqında zəruri məlumatlar və tövsiyələr, hərəki oyun nümunələri öz əksini tapmışdır.

Qeyd olunduğu kimi, Sumqayıt məktəblərində yaradılmış yay düşərgələrinin ən maraqlı tədbirlərindən biri Qubaya birgünlük ekskursiyadır. Həmin layihəyə əsasən hər gün iki məktəb düşərgəsi Qubaya gedir, şəhərin muzeyləri, görməli yerləri ilə tanışlıqdan sonra rayon mərkəzindən 10-12 kilometr aralı dağlar qoynunda, çay kənarında yerləşən "Qırmızı Qərənfil" istirahət guşəsində dincəlirlər.

Vidadi Bağırovun təklifi ilə biz də iyulun 10-da məktəblilərlə birlikdə Qubaya ekskurs etdik. Həmin gün ekskursiyaya getmək növbəsi şəhərin "İstedad" liseyində və 24 nömrəli orta məktəbdə yaradılmış düşərgələrin idi. Biz "İstedad" liseyinə gələndə uşaqlar artıq avtobusa minmişdilər. Onları yola salmağa gəlmiş valideynləri övladlarına öz tövsiyələrini verirdilər. Ekskursiyada məktəbliləri liseyin direktoru Adilə Süleymanova, bir neçə müəllim və liseyin həkimi müşayiət edirdilər. Avtobus saat 8-ə yaxın yerindən tərpəndi. Uşaqlar sevinirdilər. Hiss olunurdu ki, bu günü çoxdan gözləyirlər və ekskursiyaya ciddi hazırlaşıblar. Müəllimləri onlara yol boyu rastlaşdıqları müxtəlif obyektlər, ərazisindən keçdikləri rayonlar haqqında məlumat verirdilər.

Avtobusumuz saat 11-ə işləmiş Qubaya çatdı. 24 nömrəli məktəbin şagirdlərini gətirən avtobus da artıq burada idi. Məktəblilər öncə Quba şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət etdilər. Muzeyin bələdçisi onları ulu öndərimizin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış etdi. ümummilli liderimizin zəngin bioqrafiyasının bəzi səhifələrindən, xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açdı.

Sonra sumqayıtlı şagirdlər Quba Tarix-Diyarşünaslıq Muzeyində oldular. Burada nümayiş etdirilən zəngin eksponatlarla tanışlıq onların Quba, onun tarixi, mədəniyyəti, məişəti haqqında məlumatlarını xeyli genişləndirdi.

Məktəblilər Qubadakı soyqırımı məzarlığını da ziyarət etdilər. Məzarlıqda çoxlu insan sümükləri burada günahsız insanlara qarşı amansız soyqırımının həyata keçirildiyinə şahidlik edir. Şagirdlərə məlumat verildi ki, kütləvi məzarlıq 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən açılmış və Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən burada ilkin tədqiqat işləri aparılmışdır. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımla bağlı olduğu müəyyən edilmişdir.

Qazıntılar zamanı ümumi sahəsi 514 kv.m.olan məzarlıqda insan cəsədləri ilə doldurulmuş 2 quyu və 2 kanal aşkar edilmişdir. Tədqiqatlar zamanı burada basdırılan insanların soyuq silah və küt alətlərlə insanlığa xas olmayan qəddarlıqla müxtəlif üsullarla öldürüldüyü müəyyən edilmişdir. Məzarlıqda aşkara çıxarılmış 400-dən artıq insan cəsədi qalıqlarının 50-dən yuxarısı uşaqlara, 100-dən çoxu qadınlara, qalanı isə əsasən yaşlı kişilərə aiddir.

Eşitdikləri və gördükləri uşaqları sarsıtmışdı. Gördüyü dəhşətli mənzərədən həddən artıq təsirlənən "İstedad" liseyinin 6-cı sinif şagirdi Seymur Atayev bu vəhşiliklərin heç II Dünya müharibəsində də görünmədiyini, böyüyəndə düşməndən intiqam alacağını bildirdi.

Günortaya yaxın şagirdlər dağların qoynunda yerləşən "Qırmızı Qərənfil" istirahət guşəsinə gətirildi. İstirahət guşəsində çoxlu köşk var. Onların bir neçəsi düşərgənin fəaliyyətə başlaması münasibəti ilə al-əlvan şarlarla, bayraqcıqlarla bəzədilmişdi.

Şagirdləri gətirən avtobuslar düşərgəyə çatıb dayandı. Ətrafın gözəl mənzərəsi uşaqları valeh etmişdi. Avtobuslardan düşən uşaqlar maraqla ətrafa baxır, sanki rastlaşdıqları bu gözəl mənzərəni həmişəlik yaddaşlarına köçürmək istəyirdilər. Tezliklə düşərgənin həyəti uşaqlarla doldu. Onlar dəstə-dəstə gəzib ətrafdakı mənzərəni seyr edir, yaxınlıqdan axan çaya enib geniş yataqda iri çay daşlarının arası ilə şırıltı ilə axan suya maraqla tamaşa edirdilər.

Az keçməmiş hamı köşklərdə açılmış nahar süfrələrinin ətrafına toplaşdı.

Nahardan sonra şagirdləri əyləncəli oyunlar gözləyirdi. Onlar dəstələrə bölünüb voleybol, dəsmalatdı oynadılar, düşərgə həyatından xatirə olaraq şəkil çəkdirdilər.

Sumiqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, şəhər gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov da həmin gün şagirdlərin qonağı idilər. Onlar düşərgədə məktəblilər üçün yaradılmış şəraitlə, uşaqların öz istirahətlərini necə keçirmələri ilə tanış olmaq üçün gəlmişdilər.

Birgünlük ekskursiya və düşərgə həyatı başa çatdıqdan sonra məktəblilər avtobuslara əyləşib Sumqayıta yol aldılar. özləri ilə yəqin ki, bütün həyatları boyu həmişə xoş hisslərlə xatırlayacaqları zəngin təəssürat aparırdılar.

Birgünlük şən düşərgə həyatı, qədim Qubaya ekskursiya, burada görüb eşitdikləri onların körpə qəlblərindəki vətənpərvərlik duyğularını da alovlandırmışdı. Şahidi olduqları gözəllik, təəssüratları barədə hələ avtobusda bir-birinin sözünü kəsərək hiss-həyəcanla danışmaları bunu aydın göstərirdi...

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.-2009.-17 fevral.-S.3.