Pedaqoji fikir tariximizi zənginləşdirən örnəklərdən biri

 

Professor Nurəddin Kazımovun 14 cildlik "Seçilmiş əsərləri" haqqında qeydlər

 

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımovun 14 cildlik əsərlər toplusu çap olunmuşdur.

"Milli pedaqogika məktəbi" idarə heyətinin qərarı ilə çap olunan seçilmiş əsərlərin tərtibçisi pedaqoji elmlər namizədi, dosent Ayaz Kazımov, elmi redaktoru professor Fərahim Sadıqov, rəyçisi professor Fikrət Seyidovdur.

Toplunun I cildinə "Müqayisə nəzəriyyəsinin formalaşması" istiqamətində çap olunmuş ilk tədqiqat əsərləri daxildir. 4 fəsildən ibarət bu cildin ilkin fəslinə N.Kazımovun ötən əsrin 50-60-cı illərində çap olunmuş 6 məqaləsi daxildir. Birinci cildin birinci fəslini tərtibçi ilkin araşdırmalar adlandırmışdır. Burada öz əksini tapan altı məqalənin üçü rus dilində, üçü isə Azərbaycan dilindədir. Məqalələrin hamısı müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi probleminə həsr olunmuşdur. "Müqayisə fikri fəaliyyətin əsasıdır" adlı ilk monoqrafiya II, "Müqayisənin psixoloji əsasları" III, "Müqayisə üsulu haqqında K.D.Uşinskinin fikirləri və bunun məktəb təcrübəsi üçün əhəmiyyəti" IV fəslə daxil edilmişdir.

II cildə iki kitab daxil edilmişdir. Birinci kitab "Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi", ikinci kitab isə "Müqayisənin nəzəri və əməli problemləri" (ağılın sönməz məşəli) adlanır. Bu kitablar haqqında məlumat verməmişdən öncə deməliyik ki, müqayisə üsulunu istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda fundamental şəkildə tədqiq edən alim məhz professor Nurəddin Kazımov olmuşdur.

N.M.Kazımov müqayisənin tarixi, məntiqi, obyektiv, fizioloji, psixoloji və pedaqoji əsaslarını ilk dəfə olaraq üzə çıxararaq elmi şəkildə sistemə salmışdır. Professor Kazımov müqayisəni ağılın sönməz məşəli hesab edir. N.Kazımova görə, müqayisə etməklə fikri daha müfəssəl, daha konkret, daha obyektiv və məntiqi şəkildə söyləməklə başqalarından fərqlənmək olar.

Professor Nurəddin Kazımov müqayisə aparmağın qaydalarını müəyyənləşdirərkən oraya aşağıdakıları daxil etmişdir:

- müqayisə üçün müqayisəyə gələn obyektlər seçilir;

- müqayisə obyektlərinin qoşalığı təmin olunur;

- müqayisə zamanı qoşa obyektlərdən biri istinad obyekti kimi götürülür;

- müqayisədə obyektlərin oxşarlığı və ya fərqi eyni əsaslar üzrə müəyyənləşdirilir;

- müqayisə qarşısında qoyulacaq vəzifə qabaqcadan dəqiqləşdirilir;

- müqayisə zamanı əlamətlərin üzə çıxarılmasında müəyyən ardıcıllıq gözlənilir;

- müqayisənin hər növünün tətbiqindən müvafiq nəticə çıxarılır;

- müqayisədən çıxarılan nəticə izah olunur.

Orta ümumtəhsil məktəblərinin ibtidai siniflərindən başlayaraq şagirdlərə müqayisə aparmağın qaydalarını öyrətmək vacibdir. Müqayisə aparmaqdan öyrənilən fikir göydəndüşmə fikir hesab olunur.

III, IV cildlərdə professor N.Kazımovun üçüncü siniflər üçün "Ana dili" və dördüncü siniflər üçün "Oxu" dərslikləri öz əksini tapmışdır. Qeyd etmək vacibdir ki, Nurəddin Kazımov üçüncü siniflər üçün "Ana dili" dərsliyini 50-ci illərin axırlarında Yusif Şirvanla birlikdə hazırlamışdır. Bu dərslik eksperimental tədris vəsaiti kimi Qiyabi Pedaqoji İnistitut tərəfindən 1959-cu ildə çap olunmuşdur. Təəssüf ki, həmin əsər yox, 1973-cü ildə çap olunan "Ana dili" dərsliyi seçilmiş əsərlərin üçüncü cildində özünə yer almışdır. Ədalət naminə qeyd edərdik ki, 50 il müddətində istər "Ana dili", istər "Oxu" adı altında orta ümumtəhsil məktəblərimizin ibtidai siniflərində istifadə olunan bu dərsliklərin üzərində ciddi elmi-pedaqoji-metodik iş aparan, daim onları yeniləşdirən, günün tələblərin uyğun aktuallaşdıran Nurəddin Kazımov bu gün də "Oxu" dərsliyinin üzərində böyük məsuliyyətlə işləyir.

50 il müddətində çap olunan bu dərsliklərin bütün variantlarının gələcəkdə seçilmiş əsərlərə daxil edilməsi yaxşı olardı.

"Seçilmiş əsərlərin" V cildi tərtibçi, dosent Ayaz Kazımovun sözlərilə desək, "Milli pedaqogikanın həyatdan şüurlara, oradan auditoriyalara və məktəblərə süzülməsi" istiqamətində çap olunmuş əsərlərdən ibarətdir.

Birinci bölmə "Ənənəvi pedaqogikanın mövcud durumlarına dair", ikinci bölmə "Bəzi pedaqoji məfhumlar milli pedaqogika işığında", üçüncü bölmə isə "Milli pedaqogikaya ağız büzənlərə tutarlı cavab" adlandırılmışdır.

Seçilmiş əsərlərin VI cildində tərtibatçı beş əsas bölmə müəyyənləşdirmişdir. Birinci, ikinci bölmədə təhsilin ümumi əsasları, təhsilin dövlət direktivləri, habelə təhsil qanunu ilə bağlı məqalələr silsiləsi öz əksini tapmışdır.

VI cildin üçüncü, dördüncü bölmələrində Nurəddin Kazımovun siyasi və ictimai məsələlərə münasibətindən doğan yazıları öz əksini tapmışdır.

"Seçilmiş əsərlərin" VII cildi bütövlükdə tərbiyə məsələlərinə həsr edilmişdir. Tərtibçi A.Kazımov birinci hissəyə "Tərbiyənin elmi - pedaqoji əsasları" adlı monoqrafiyanı, ikinci hissəyə milli pedaqogikada tərbiyə probleminin qoyuluşu ilə bağlı məsələləri özündə əks etdirən məqalələr silsiləsini, üçüncü hissəyə isə "Mərhələli tərbiyə nəzəriyyəsini" daxil etmişdir. Hər üç hissədə milli pedaqogikanın spesifik cəhətlərini səciyyələndirən yeniliklər özünü göstərir. Nurəddin Kazımov bu sahədə tədqiqat aparan, fikir söyləyən alimlərdən irəli gedərək şəxsiyyətin formalaşmasına təsir edən amilləri aşağıdakı şəkildə təsnif etmişdir:

1. İrsiyyət amillərinə üstünlüyün verilməsi.

2. Mühit amillərinə üstünlüyün verilməsi.

3. Tərbiyəyə (pedaqoji prosesə) üstünlüyün verilməsi.

4. İrsiyyət və mühit amillərinin yanaşı təsirinə üstünlüyün verilməsi.

5. Mühit və tərbiyəvi təsirin qəbul edilməsi.

6. İrsiyyət, mühit, tərbiyə və şəxsi əmək amillərinin qarşılıqlı təsirinin qəbul edilməsi.

Yaxud tərbiyə prosesinin ziddiyyətlərindən söhbət açarkən daxili ziddiyyətləri psixoloji ziddiyyətlər adlandırır və həmin ziddiyyətləri aşağıdakı kimi təsnif edir:

1) Tərbiyə olunan şəxs onun qarşısında qoyulan ictimai əhəmiyyət kəsb edən vəzifələrlə bu vəzifələri həll etməyə göstərdiyi şəxsi marağı arasında uyğunsuzluqlar.

2) Xarici mühitə şüurlu münasibət göstərməyin getdikcə artması ilə belə bir münasibətin reallaşması üçün zəruri sayılan biliklərin, bacarıqların şəxsdə çatışmaması arasında uyğunsuzluqlar.

3) Doğulub-böyüdüyü, sevib yaşadığı yurdun əsl vətəndaşı olmaq arzusu ilə həyat təcrübəsinin uşaqda az olması arasında uyğunsuzluq.

4) Şagirdin qarşısına qoyduğu məqsədlə öz imkanları arasındakı uyğunsuzluqlar.

5) Şagirdin mövcud inkişaf səviyyəsilə həyat tərzi arasındakı uyğunsuzluqlar.

6) Şəxsin hissləri arasında uyğunsuzluq.

7) Şagirddə sərbəstliyə meyilin güclənməsilə ona himayədarlıq göstərilməsi arasında uyğunsuzluqlar.

8) Şagirdlərin fəaliyyət motivləri arasında özünü büruzə verən uyğunsuzluqlar.

9) Uşağın azadlığa meyili ilə şərait arasındakı uyğunsuzluqlar.

N.Kazımov ilk dəfə olaraq ölkəmzidə "Mərhələli tərbiyə nəzəriyyəsi"ni müəyyənləşdirmişdir. Kazımova görə tərbiyə işi aşağıdakı mərhələlərdən keçməsə, tərbiyəçinin müvəffəqiyyət qazanması şübhə altında qalar. Adıçəkilən cildə daxil edilən bu nəzəriyyədə Kazımov həmin mərhələləri belə təqdim edir.

Birinci mərhələdə tərbiyə olunanlarda milli mənəvi dəyərlərlə bağlı münasibətin səviyyəsi müəyyənləşir.

İkinci mərhələdə milli və ümumbəşəri dəyərlərlə bağlı uşaqlarda təəssürat yaradırlar.

Üçüncü mərhələdə milli və ümumbəşəri dəyərlərlə bağlı uşaqlarda anlayışlar sistemi formalaşdırılır.

Dördüncü mərhələdə formalaşdırılan anlayışa, şüura uyğun əməli fəaliyyətin təşkilinə rəvac verilir.

Beşinci mərhələdə bütün mərhələlər üzrə fəaliyyətə münasibət bildirilir. Sözlə də olsa, bu fəaliyyət qiymətləndirilir.

VIII cildi tərtibçi Ayaz Kazımov "Psixoloji inkişaf pedaqoji prosesin tərkib hissəsi" kimi adlandırmışdır. O, Nurəddin Kazımovun ayrı-ayrı illərdə çap etdirdiyi aşağıdakı məsələləri buraya daxil etmişdir.

1. Təlimdə səmərəliliyin bəzi psixoloji məsələləri.

2. Təlimdə mənimsəmənin psixoloji amillərdən asılılığı.

3. Yeni təlim nəzəriyyəsinin formalaşmasında psixoloji amillərin rolu.

4. Pedaqoji prosesin psixoloji imkanlarından istifadənin zəruriliyi.

5. Uşağın məktəbə psixoloji hazırlığı zəruridir.

6. Müəllimin pedaqoji-psixoloji səviyyəsinin yüksəldilməsi zərurətdir.

IX cildə daxil olan məqalələr toplusu əsasən Azərbaycanda pedaqoji fikrin yaranması, təşəkkülü və inkişafı ilə bağlı olan məsələləri özündə ehtiva edir. Burada birinci hissədə məktəb və pedaqoji fikir tarixinə dair ümumi məsələlər öz əksini tapdığı halda, ikinci hissədə isə Azərbaycanın bir sıra görkəmli pedaqoqları haqqında 14 oçerk toplanmışdır.

Bu oçerklərdən ikisi bənzərsiz pedaqogika tarixçisi, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru olmuş, N.Kazımovun elmi rəhbəri, professor Əhməd Seyidova həsr edilmişdir. Bu kiçikhəcmli materiallarda N.Kazımov öz müəllimlərinin sanki böyük bir mənəvi portretini yaratmışdır.

X-XI cildlərdə müvafiq olaraq elmi pedaqoji məsələlərə, milli pedaqogikaya dair problemlərə və pedaqoji prosesin bəzi ümumi məsələlərinə həsr olunmuş əsərlər toplanmışdır. Onuncu cildə "Pedaqoji elmin bəzi metodoloji məsələləri" başlığı altında doqquz məqalə verilmişdir.

XII, XIII cildlərə Nurəddin Kazımovun müstəqillik illərində təhsil islahatının tələblərinə müvafiq olaraq hazırladığı dərsliklər daxil edilmişdir. Milli pedaqogikanın ideyaları əsasında yazılmış "Məktəb pedaqogikası"nın Azərbaycan Respublikası təhsil nazirinin 16 may 2005-ci il tarixli, 362 saylı əmri ilə Bakı şəhərinin Nəsimi rayonundakı 9 nömrəli məktəbdə eksperimentdən keçirilməsi tövsiyə olunmuşdur. Nazirin 995 saylı əmri ilə isə həmin dərsliyin Bakıda, Sumqayıtda və eləcə də Naxçıvan MR-in məktəblərində məktəb pedaqogikasındakı ideyalardan, müddəalardan istifadə olunması məsləhət bilinmişdir. İstər "Məktəb pedaqogikası"nda, istərsə də "Ali məktəb pedaqogikası"nda ənənəvi pedaqogika dərsliklərindən fərqli olaraq bir sıra yeniliklər mövcuddur. Onlardan birincisi və ən ümdəsi pedaqoji elmin kateqoriyalarının sistemə salınmasıdırsa, ikincisi pedaqoji qanunauyğunluqların, ümumpedaqoji prinsiplərin, üsulların həm milli, həm də ümumbəşəri dəyərlərə uyğun olaraq müəyyənləşdirilməsidir.

Sonuncu XIV cild müvafiq olaraq əsərləri, fəaliyyəti, "dəyirmi masa" arxasındakı söhbətləri, şəxsiyyəti haqqında rəylərdən və milli pedaqogikaya dövlət münasibətlərindən bəhs edir. Bu rəylərdən hər birinə diqqət etsək orada Nurəddin müəllimin bənzərsiz alim, əvəzsiz tədqiqatçı, görkəmli pedaqoq, qüdrətli ziyalı, nümunəvi ailə başçısı, iki əsrin sönməz məşəli kimi səciyyələndirilməsini görərik. Hətta başlıqların bir neçəsinə diqqət etməklə fikrimizi sübut etməkdə çətinlik çəkmərik. "Həmişə elmi axtarışda, həmişə vətənin keşiyində", "Nurəddin Kazımovun pedaqoji elmə gətirdiyi yeniliklər", "Görkəmli alim-pedaqoq", "Pedaqoji elmin ağsaqqalı", "Ədalət, ağıl, güc, bilik, fəzilət və məntiq sahibi", "Milli pedaqogikanın yaradıcısı".

Təqdim olunan ondörd cildlik toplu təsadüfən seçilmiş əsərlər adlandırılmamışdır. Buraya üçüncü siniflər üçün eksperimental "Ana dili" dərsliyi, onların təkmilləşdirilmiş variantları, "Oxu" dərsliklərinin bir sıra təkmilləşdirilmiş variantları, Ulyanovlar ailəsində tərbiyə məsələləri, 1996-cı ildə nəşr edilmiş "Pedaqogika" dərsliyi, "Milli pedaqogika yollarında" adlı monoqrafiya, "Tətbiqi pedaqogika" adlı dərs vəsaiti, çox saylı qəzet məqalələri, məktubları, 500 çap vərəqi həcmində tərcümə əsərləri daxil edilməmişdir.

 

 

F.SADIQOV

 

Azərbaycan müəllimi.-2009.-24 iyul.-S.4.