Azərbaycan
təhsili: yaxın keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən
saylarında)
Hörmətli
oxucular, bu məqalədə Azərbaycan təhsili
üçün yeni olan de-institutlaşdırma və bu sahədə
həyata keçirilən tədbirlər barədə məlumat
vermək istəyirəm. Bilavasitə həmin məsələyə
keçməmişdən əvvəl ölkəmizdə
internat tipli təhsil müəssisələrinin təşəkkülü
tarixinə qısa nəzər salmaq yerinə düşərdi.
İngilis tədqiqatçısı E.Kareter "Mərkəzi
və Şərqi Avropada, keçmiş Sovet
İttifaqında uşaq qayğı sistemi" adlı tədqiqat
əsərində göstərir ki, dünyada ilk belə
müəssisələr, əsasən, kimsəsiz uşaqlar
üçün sığınacaq yeri kimi
yaradılmışdır. Həmin tədqiqatdan məlum olur ki, ilk uşaq
qayğı müəssisəsi uşaqların
öldürülməsinin qarşısını almaq
üçün e.ə. III əsrdə Konstantinopol şəhərində
yaradılmışdır. Orta əsrlərdə İtaliyada
Katolik kilsəsi atılmış uşaqlar üçün
xüsusi evlər ayırmış və bu təcrübə
sonradan bütün Avropaya yayılmışdır.
Azərbaycanda
uşaqlar üçün qayğı mərkəzləri
rolunu oynayan ilk internat tipli müəssisələr və
uşaq evləri neft milyonçuları tərəfindən
1910-cu illərin əvvəllərində
yaradılmışdır. Həmin müəssisələr, əsasən,
Birinci Dünya müharibəsində valideynlərini
itirmiş uşaqlara qayğı məqsədilə təşkil
edilmişdir.
Ölkəmizdə
internat tipli müəssisələrin şəbəkəsinin
inkişaf mərhələsi sovet dövrünə təsadüf
edir. Azərbaycan SSR Xalq Maarifi Komissarlığının 6
yanvar 1926-cı il tarixli Kollegiya qərarı ilə "Kəndli-gənclər
məktəbləri haqqında Əsasnamə"nin təsdiq
edilməsi bu sahədə əhəmiyyətli rol
oynamışdır. Kəndli-gənclər məktəblərinə
12 yaşdan 17 yaşınadək gənclər qəbul
edilirdi. Bu məktəblərdə təhsil müddəti 3 il
idi. Məktəbi bitirənlərin texnikumlara və II pillə
məktəblərinin müvafiq siniflərinə qəbul
olunmaq hüququ var idı. Müxtəlif kəndlərdən
təhsilə cəlb edilən və həmin məktəblərdə
təhsil alanlar üçün internat tipli yataqxanalar təşkil
edilirdi. Bu tipli məktəblərin təcrübəsi sonralar
internat məktəblərinin yaranmasına gətirib
çıxardı.
Azərbaycanda
internat tipli müəssisələrin kütləvi şəkildə
yaradılması İkinci Dünya müharibəsinin törətdiyi
genişmiqyaslı sosial fəlakətlə əlaqədar
olmuşdur. Müharibədən sonra
keçmiş Sovetlər ölkəsində, o cümlədən
Azərbaycanda sağlamlıq imkanları məhdud, əlil,
valideyn himayəsindən məhrum olmuş və sosial cəhətdən
müdafiəyə ehtiyacı olan ailələrin
uşaqları üçün təhsil müəssisələri
sistemi yaradılmış və inkişaf
etdirilmişdir. Bu sistem bütövlükdə dövlətin
nəzarətində olmuş və yalnız büdcədən
ayrılan vəsait hesabına maliyyələşdirilmişdir.
Aztəminatlı
ailələrə yardım, işləyən analara şərait
yaratmaq məqsədilə Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər
Soveti 15 sentyabr 1956-cı ildə internat məktəblərin təşkili
haqqında qərar qəbul etmişdi. Qərarın
icrası ilə bağlı valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum, sağlamlıq imkanları
məhdud və imkansız ailələrdən olan
uşaqların yaşaması və təhsil almalarına
şərait yaratmaq məqsədilə internat məktəblərin
təşkilinə xüsusi diqqət yetirilməsi nəticəsində
artıq 1966-cı ildə Azərbaycanda 25,4 min şagirdi əhatə
edən 65 internat məktəb fəaliyyət göstərirdi.
Kənd
məktəblərinin problemlərini həll etmək məqsədilə
Sov.İKP MK və SSRİ Nazirlər Soveti "Kənd
ümumtəhsil məktəblərinin iş şəraitini
daha da yaxşılaşdırmaq tədbirləri
haqqında" 6 iyul 1973-cü ildə xüsusi qərar qəbul
etmişdi. Həmin qərarın icrası ilə əlaqədar
1974-1980-ci illər üzrə xüsusi plan təsdiq
olunmuşdu. Planda kənd yerlərində məktəbyanı
internatların tikintisinin sürətləndirilməsi və
digər məsələlər öz əksini
tapmışdı.
Həmin
illərdə sağlamlıq imkanları məhdud olan
uşaqlar üçün respublika tabeliyində olan xüsusi
məktəblərin sayı 1970-ci ildəki 14-dən 1979-cu
ildə 22-yə, məktəbyanı internatların sayı isə
215-ə çatdırılmışdı.
1990-cı ildə Azərbaycanda 63 dövlət uşaq
müəssisəsində 20 mindən artıq uşaq yaşayır,
təlim və tərbiyə alırdı. Digər
keçmiş Sovet respublikaları ilə müqayisədə
bu o qədər böyük rəqəm olmasa da, Azərbaycan
üçün xarakterik deyildi. çünki ölkəmizdə uşaqların el
arasında "detdom" adlandırılan təhsil müəssisələrinə
verilməsi cəmiyyətdə birmənalı
qarşılanmırdı və belə ailələrə tənə
ilə baxırdılar. Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində uşaqların
valideynlərini itirməsi, qaçqın və məcburi
köçkün ailələrinin maddi vəziyyətinin
aşağı olması və digər sosial amillər də
dövlət uşaq müəssisələrində
uşaqların sayının artmasına səbəb
olmuşdu.
Bir
çox postsovet ölkələri kimi, Azərbaycanda da
müstəqilliyin ilk illərində əhalinin həyat şəraitinin
aşağı düşməsi və yoxsulluğun
artması meyilləri özünü büruzə verirdi.
Bazar iqtisadiyyatına keçid isə məşğulluq,
ödənişsiz təhsil və səhiyyədən istifadə
imkanları kimi bir çox sosial zəmanətlərin əhəmiyyətli
dərəcədə azalmasına səbəb olmuşdu.
Bunların hamısı əhalinin maddi durumuna mənfi təsir
göstərir və bir çox ailələrin yoxsulluq həddinə
çatması ilə nəticələnirdi. Yaranmış vəziyyət
aztəminatlı ailələrin uşaqlarının internat
tipli müəssisələrə yerləşdirilməsinə
və bu müəssisələrdə uşaqların
sayının artmasına gətirib çıxarırdı.
2004-cü ildən başlayaraq Təhsil Nazirliyi, YUNİSEF
və digər beynəlxalq təşkilatlar tərəfindən
dövlət uşaq müəssisələrinin və orada təlim-tərbiyə
alan uşaqların vəziyyəti araşdırılmağa
başlandı. Araşdırmalar nəticəsində uşaq
evləri və
internat məktəbləri haqqında məlumatlar toplanıb
Heydər Əliyev Fonduna təqdim edildi və bu məlumatların
təhlili əsasında Fond tərəfindən "Uşaq
evləri və internat məktəblərinin
İnkişafı Proqramı" adlı 5-illik proqram
hazırlandı.
Proqram
çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü
və təşkilatçılığı ilə
xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz, valideyn himayəsindən
məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən
kənarda qalan uşaqların təhsilinin təşkili,
onların təhsil aldığı müəssisələrin
maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi
istiqamətində məqsədyönlü işlər
görüldü, ölkədə 39 internat və xüsusi məktəb
əsaslı təmir olunub müasir avadanlıqlarla təmin
edildi.
Bu müəssisələrdə uşaqlar
üçün ev şəraitinə maksimum yaxın olan
mühit yaradıldı. Bütün bu işlər Heydər Əliyev
Fondunun, şəxsən onun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
həyata keçirilmişdir. Mehriban Əliyeva xüsusi
qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili
sahəsində dünyanın aparıcı ölkələrinin
mütərəqqi təcrübəsindən istifadə
olunması zərurətini önə çəkərək
qeyd etmişdir: "Konkret problemləri həll edərkən,
qlobal problemləri də unutmaq olmaz. Məsələn,
uşaq evləri və internat məktəblərinin
bütün sisteminin sovet pedaqogikası və təhsilin sovet
sistemi ilə idarəolunması çərçivəsində
yarandığını nəzərə almaq son dərəcə
vacibdir. Ona görə də digər ölkələrin təcrübəsindən
faydalanmaq və istifadə etmək üçün
qapıları açmaq zəruridir. Heç bir dövlət
müəssisəsi, ən müasir, gözəl təmir
olunmuş, avadanlıqla təmin edilən məktəb belə,
heç zaman ailə mühitini əvəz edə bilməz.
Fondun ən vacib və böyük məqsədlərindən
biri də bu təhsil müəssisələrində təlim-tərbiyə
alan uşaqların ailə şəraitində tərbiyə
almasını təmin etməkdir".
Bütün
bunlarla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan
müstəqillik əldə etdikdən sonra insan hüquqları
ilə bağlı bir sıra beynəlxalq konvensiyalara
qoşulmuşdur. Bunlardan biri 1992-ci ildə ratifikasiya
edilmiş Uşaq Hüquqları Konvensiyasıdır.
Konvensiyadan irəli gələn vəzifələri həyata
keçirmək məqsədilə uşaq hüquqları ilə
bağlı müxtəlif qanunlar, Prezident fərmanları və
Nazirlər Kabinetinin qərarları qəbul edilmişdir.
Bütün bu sənədlərdə təsbit olunmuşdur
ki, ailədə böyümək hər bir uşağın
hüququdur, ailə isə uşağın sağlam
inkişafı və cəmiyyətə inteqrasiyası
üçün ən uyğun mühitdir.
Uşaq Hüquqları Konvensiyasının tələblərinə
əsasən dövlət uşaq müəssisələrindən
uşaqların bioloji və ya digər alternativ ailələrə
verilməsi, bu uşaqların hüquqlarının
qorunması daim diqqət mərkəzində olmalı,
uşaqları qəbul edən ailələrə sosial yardım edilməlidir.
Son illərdə respublikamızda iqtisadiyyatın sürətli
inkişafı, sosial sahələrə diqqətin
artırılması, regionların inkişafı məqsədilə
həyata keçirilən tədbirlər nəticəsində
yeni iş yerlərinin açılması, adambaşına
düşən gəlirin ilbəil artması əhalinin, o
cümlədən hər bir ailənin sosial vəziyyətinin
yaxşılaşması Azərbaycanda
de-institutlaşdırma siyasətinin həyata keçirilməsinə
əlverişli zəmin yaratmışdı.
Dünya təcrübəsi və uşaq hüquqları
üzrə konvensiyaların tələbləri nəzərə
alınaraq beynəlxalq təşkilatlarla birlikdə "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı Dövlət
Proqramı
(2006-2015-ci illər)" hazırlandı və 2006-cı il
martın 29-da ölkə Prezidentinin sərəncamı ilə
təsdiq olundu.
Proqramın əsas məqsədi BMT-nin Uşaq
Hüquqları Konvensiyasında təsbit olunmuş
uşağın şəxsiyyətinin tam və ahəngdar
inkişafı üçün ailə mühitində
xoşbəxtlik, məhəbbət və anlaşma şəraitində
böyüməsinin zəruriliyi nəzərə alınaraq,
dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə
verilməsi və alternativ qayğının təşkili
mexanizmlərinin yaradılması və səmərəli
işləməsinin təmin edilməsi idi.
Proqrama əsasən
de-institutlaşdırma aşağıdakı dövlət
uşaq müəssisələrini əhatə etməlidir: 1)
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlar üçün uşaq evləri; 2) valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlar üçün internat məktəbləri;
3) ümumtəhsil internat məktəbləri (ümumi təyinatlı
internat evləri); 4) sağlamlıq imkanları məhdud
uşaqlar üçün xüsusi internat məktəbləri;
5) sağlamlıq imkanları məhdud uşaqlar
üçün xüsusi məktəblər; 6)
atılmış uşaqlar üçün körpələr
evi (Səhiyyə Nazirliyi sistemində).
Proqramda
aşağıdakı vəzifələrin yerinə yetirilməsi
nəzərdə tutulmuşdur:
-
normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
- dövlət uşaq müəssisələrində
uşaqların ailələrə verilməsinin əsas istiqamətlərinin
müəyyənləşdirilməsi, uşaqların ailələrə
verilməsi, onların hüquqlarının qorunması və
sosial müdafiəsinin işlək mexanizmlərinin tətbiq
edilməsi;
- uşaq
evləri və internat tipli dövlət uşaq müəssisələrinin
tədricən uşaqlara ailə əsaslı sosial xidmətlər
sistemi ilə əvəz olunması;
-
uşaqlara ailə əsaslı sosial xidmətlərin maliyyələşdirilməsi
və stimullaşdırıcı amillərdən geniş
istifadə etmək məqsədilə uşaqlar yerləşdirilən
ailələrə maliyyə yardımlarının göstərilməsi;
-
dövlət uşaq müəssisələrinin kadr
potensialı geniş istifadə olunmaqla uşaqlara ailə əsaslı
sosial xidmətləri həyata keçirən sosial
işçilərin hazırlanması;
- uşaqların dövlət uşaq müəssisələrinə
düşməsinin ən sonuncu imkan olması
baxımından uşaqların belə müəssisələrə
daxil olmasına ciddi nəzarət mexanizminin
hazırlanması, dövlət himayəsinə qəbul olunma
meyarlarının dəqiqləşdirilməsi və onlara
riayət olunmasına
nəzarətin gücləndirilməsi;
- dövlət uşaq müəssisələrində olan
uşaqların sayının artmasının
qarşısını almaq məqsədilə risk qrupundan
olan (uşaqların ailələrdən belə müəssisələrə
verilməsi baxımından) uşaqlar və ailələr
arasında sistemli preventiv tədbirlərin görülməsi;
- ailələrə
verilmiş uşaqların təhsilə cəlb olunması,
onlara səhiyyə və reabilitasiya xidmətlərinin
göstərilməsinin təmin olunması;
-
dövlət ilə qeyri-hökumət və beynəlxalq təşkilatlar
arasında de-institutlaşdırma məsələlərinin həlli
sahəsində səmərəli əməkdaşlığın
təmin olunması.
Qeyd edilən
vəzifələrin yerinə yetirilməsi üçün
Proqramda aşağıdakı tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulmuşdur:
I.
Normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə
əlaqədar:
1. De-institutlaşdırmanın
müvafiq beynəlxalq tələblərə uyğun səmərəli
və intensiv həyata keçirilməsi üçün
mövcud qanunvericilik bazasının
stimullaşdırıcı amillər nəzərə
alınmaqla təkmilləşdirilməsi məqsədi ilə
təkliflərin hazırlanması;
2. De-institutlaşdırma ilə
bağlı tədbirlərin yoxsulluğun azaldılması və
davamlı inkişafla bağlı tədbirlərlə əlaqələndirilməsi;
3. Uşaq evlərində olan
uşaqların ailələrə verilməsi,
hüquqlarının qorunması və sosial müdafiəsi
mexanizmlərinin hazırlanması və qəbul edilməsi;
4. Dövlət
uşaq müəssisələrində uşaqların
sayının artmasının qarşısını almaq məqsədilə
uşaqların dövlət himayəsinə qəbul edilmə
meyarlarının dəqiqləşdirilməsi,
uşaqların belə müəssisələrə daxil
olmasına ciddi nəzarət mexanizminin hazırlanması,
bu məqsədlə mövcud normativ-hüquqi aktlara
müvafiq əlavə və dəyişikliklərlə
bağlı təkliflərin verilməsi;
5. Uşaqlar verilən ailələrin
stimullaşdırılması, onlara maliyyə dəstəyinin
verilməsi, ailədə belə uşaqlara
ayrılmış müavinətin xərclənməsinin
monitorinqi mexanizmlərinin hazırlanması;
6. Sosial işçilərin
statusunun müəyyənləşdirilməsi, onların
maddi təminatı ilə bağlı təkliflərin
hazırlanması;
7. Uşaqlar üçün ailə
əsaslı sosial xidmətlər mərkəzlərinin fəaliyyətini
tənzimləyən müvafiq normativ-hüquqi aktların
hazırlanması və təsdiqi;
8. De-institutlaşdırmanın həyata
keçirilməsi ilə bağlı müvafiq
normativ-hüquqi aktların, metodiki vəsaitlərin, təlimatların
və s. hazırlanması.
II. Təşkilati
tədbirlərlə əlaqədar:
9. Dövlət uşaq müəssisələrinə
uşaqların düşməsi hallarının
qarşısının alınması üçün risk
qruplarından olan uşaqlar arasında və onların ailələri
ilə sistemli preventiv tədbirlərin görülməsi;
10. Uşaq evləri və
internat tipli təlim-tərbiyə müəssisələri
bazasında uşaqlar üçün ailə əsaslı
sosial xidmət mərkəzlərinin və alternativ xidmətlər
sisteminin (qəyyumluq, himayədarlıq, tərbiyə edilmək
üçün himayədar ailəyə verilməsi və
s.) yaradılması;
11. Təhsil müəssisələrində
müvafiq ixtisaslar üzrə sosial işçilərin, o
cümlədən dövlət uşaq müəssisələri
işçilərinin peşə yönümünü dəyişməklə
uşaqlara ailə əsaslı xidmətləri həyata keçirən
sosial işçilərin hazırlanması, onlarla müvafiq
treninqlərin keçirilməsi;
12. Dövlət himayəsində
olan uşaqlar saxlanılan dövlət təlim-tərbiyə
müəssisələrinin şəbəkəsinə yenidən
baxılması, onların sayının azaldılması
üçün müvafiq tədbirlərin görülməsi;
13. ümumtəhsil internat məktəblərinin
(ümumi tipli internat evlərinin) bazasında ümumi təyinatlı
ümumtəhsil məktəblərinin, lisey və
gimnaziyaların yaradılması məqsədilə tədbirlərin
görülməsi;
14. Sağlamlıq imkanları məhdud
uşaqlar üçün internat tipli təlim-tərbiyə
müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə
çevrilməsi;
15. Ailələrə verilmiş
sağlamlıq imkanları məhdud uşaqların müəyyən
hissəsinin ümumtəhsil məktəblərinə
inteqrasiyası və bu məktəblərdə onların
sağlam uşaqlarla birgə təhsilinin təşkili
üçün tədbirlərin davam etdirilməsi;
16. De-institutlaşdırmanın həlli
sahəsində qeyri-hökumət və beynəlxalq təşkilatlarla
səmərəli əməkdaşlığın təmin
olunması üçün tədbirlərin görülməsi;
17. Ailələrə verilmiş
sağlamlıq imkanları məhdud uşaqların təhsilə
cəlb olunması, onların səhiyyə və reabilitasiya
xidmətləri ilə təmin edilməsi;
18. Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyaların
de-institusionalizasiyanın həyata keçirilməsində
bilavasitə iştirakının təmin edilməsi və bu
istiqamətdə fəaliyyətinin genişləndirilməsi;
19. Proqramın həyata keçirilməsinin
təmin edilməsi üçün Koordinasiya qrupunun
yaradılması.
III. Təbliğat
və maarifləndirmə ilə əlaqədar:
20. Kütləvi informasiya vasitələri
və digər yollarla de-institutlaşdırma ilə
bağlı əhalinin məlumatlandırılması və
bu barədə təbliğatın aparılması.
IV. Monitorinqin aparılması üzrə tədbirlər:
21. Dövlət uşaq müəssisələrində tərbiyə olunan uşaqların vəziyyətinin araşdırılması və monitorinqinin aparılması;
22. Sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazasının yaradılması və bu kateqoriyadan ailələrə verilmiş uşaqların vəziyyətinin monitorinqinin aparılması;
23. Ailələrə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması.
Proqramın reallaşdırılması nəticəsində
dövlət himayəsində olan uşaqların ailə
mühitində inkişafı, hüquqlarının
qorunması və sosial müdafiəsi, dövlət uşaq
müəssisələrində olan uşaqların və belə
müəssisələrin sayının azalması, uşaq
evləri və
internat tipli müəssisələrin uşaqlar
üçün ailə əsaslı sosial xidmətlər
sistemi ilə əvəz olunması gözlənilən nəticələr
kimi müəyyənləşdirilmişdir.
2006-cı
ildə müvafiq dövlət qurumları və QHT-lərin
geniş iştirakı ilə Koordinasiya Şurası
yaradıldı, Əsasnamə işləndi. YUNİSEF, Səhiyyə,
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri,
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi ilə birgə 2007-ci il
üçün Fəaliyyət Planı hazırlanıb təsdiq
edildi. Koordinasiya Şurasının
çoxsaylı iclasları keçirildi, Koordinasiya
Şurası yanında "Sosial iş, xidmətlərin təşkili",
"Uşaqların ailələrə verilməsi",
"Müəssisələrin transformasiyası, monitorinq və
qiymətləndirmə", "İnklüziv təhsil",
"İctimai əlaqələndirmə və KİV-lə əlaqələr",
"Məlumat bankının yaradılması", "Qanunvericiliyin
təkmilləşdirilməsi" sahələri
üzrə işçi qrupları yaradıldı. Beynəlxalq
təcrübənin öyrənilməsi məqsədilə
Koordinasiya Şurasının üzvləri İtaliya,
Polşa, Xorvatiya, Türkiyə, Qırğızıstan və
digər ölkələrə səfərlər etdilər.
Etiraf
edim ki, ilk dövrlərdə de-institutlaşdırma ilə əlaqədar
hansı tədbirlərin həyata keçiriləcəyi,
icra mexanizmlərinin necə olacağı barədə nəinki
ictimaiyyətdə, hətta Koordinasiya Şurası üzvlərində
belə geniş təsəvvür yox idi. Cəmiyyətdə
və müvafiq təhsil müəssisələrində ən
çox müzakirə olunan məsələ bu idi ki, internat
tipli müəssisələr ləğv ediləcək,
uşaqlar dövlət qayğısından məhrum olacaq,
müəllim və digər işçilər isə iş
yerlərini itirəcəklər.
Belə
müzakirələrin aparılmasının əsaslı səbəbləri
də var idi. Bir çoxları düşünürdülər
ki, mövcud olan internat tipli müəssisələr xüsusi
qayğıya ehtiyacı olan uşaqların dövlət təminatında
saxlanması üçün ideal vasitədir. Bu
tipli müəssisələrin ləğv olunması isə həmin
uşaqların dövlət qayğısından məhrum
olmasına gətirib çıxara bilər. Əlbəttə,
belə düşünənlərin məlumatı yox idi ki,
artıq əksər ölkələr internat tipli müəssisələr
təcrübəsindən imtina etmişlər.
çünki bu müəssisələrdə uşaqlar ailədən,
sosial mühitdən və həmyaşıdları ilə
ünsiyyətdən məhrum olur, sivil dünyadan təcrid
olunmuş mühitdə yaşamaq məcburiyyətində
qalırlar ki, bu da onların inkişafına mənfi təsir
göstərir.
Digər
bir problem onunla bağlı idi ki, Proqramın icrasına cəlb
olunan strukturlar arasında koordinasiya və məsələlərin
birgə həlli ciddi çətinliklərlə
müşayiət olunurdu. Bu səbəbdən Koordinasiya
Şurasının tərkibində bir neçə dəfə
dəyişikliklər etmək zərurəti meydana
çıxmışdı.
Sadalanan
və digər problemlər ilkin mərhələdə
Proqramın səmərəli icrasına mane olurdu. Nazirlər Kabinetinin qərarı ilə 2007-ci ilin
iyulunda Təhsil Nazirliyində Dövlət Proqramının həyata
keçirilməsi və idarəolunması üzrə 5 nəfərdən
ibarət işçi qrupunun yaradılması, YUNİSEF tərəfindən
maliyyələşdirilən 2 nəfər məsləhətçinin
bu işə cəlb olunması Proqramın icrasında
müəyyən irəliləyişlərə səbəb
oldu.
YUNİSEF, "Uşaqların xilası", "Azərbaycana
birgə yardım" və digər beynəlxalq təşkilatların
dəstəyi ilə Dövlət Proqramının
ayrı-ayrı aspektləri ilə bağlı pilot layihələr
həyata keçirilməyə başlandı. Əməkdaşlıq
çərçivəsində 2007-ci il sentyabrın 24-də
Açıq Cəmiyyət İnstitutu Əqli Sağlamlıq Təşəbbüsü
Təşkilatı ilə Təhsil Nazirliyi arasında
Qarşılıqlı Anlaşma Memorandumu imzalandı.
2008-2012-ci illəri əhatə edən bu layihə çərçivəsində
bir pilot müəssisənin seçilməsi və icma əsaslı
xidmət modelinin yaradılması nəzərdə
tutulmuşdu.
Proqramın icrası istiqamətində atılmış əhəmiyyətli
addımlardan biri 2006-cı ilin sentyabr-noyabr aylarında Təhsil,
Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi ilə birlikdə
bütün internat məktəbləri və uşaq evlərinin fəaliyyətinin monitorinqinin
aparılması oldu. Monitorinqin nəticələri 2007-ci ilin
oktyabrında nazirliyin kollegiyasında geniş müzakirə
edildi. Monitorinq Təhsil Nazirliyi sistemində olan 54, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində 2, Səhiyyə
Nazirliyi sistemində 3 uşaq müəssisəsini əhatə
etmişdi. Monitorinqin nəticələri göstərdi ki, həmin
dövrdə Təhsil Nazirliyi sistemindəki müəssisələrdə
17045 nəfər uşaq təlim-tərbiyə ilə əhatə
olunmuş, 2005-ci ilə nisbətən onların sayı 563 nəfər
azalmışdır. Monitorinqdən sonra
A.Makarenko adına humanitar fənlər təmayüllü
internat məktəbinin bazasında humanitar fənlər təmayüllü
gimnaziya, Gəncə şəhər 2 nömrəli internat məktəbinin
bazasında xarici dillər təmayüllü gimnaziya,
Ağdaş və Şamaxı rayonları internat məktəblərinin
bazasında müvafiq olaraq texniki, təbiət və
humanitar fənlər təmayüllü gimnaziya və lisey,
Naxçıvan MR Culfa rayon internat məktəbinin
bazasında isə orta ümumtəhsil məktəbi
yaradılmışdır. Bununla da Təhsil
Nazirliyinin tabeliyində olan dövlət uşaq müəssisələrinin
sayı azalaraq 50-yə endi. 2007-2008-ci dərs ilində 50 təhsil
müəssisəsində uşaqların sayı 15103 nəfər
təşkil etmişdi ki, bu da monitorinq aparılan dövrlə
müqayisədə 1942 nəfər az idi.
Qarşıda duran əsas vəzifələrdən biri
dövlət uşaq müəssisələrində qiymətləndirmənin
keçirilməsi və hər bir müəssisə, onun
infrastrukturu, orada yaşayan uşaqlar, müəssisələrdə
çalışan işçilər barədə hərtərəfli
məlumatların yığılması və məlumat bazasının
yaradılması idi. Bu məqsədlə Dövlət
Proqramının həyata keçirilməsi və idarəolunması
üzrə İşçi Qrup və YUNİSEF-in ekspertləri
tərəfindən səkkiz adda sorğu anketi tərtib
edildi. Sorğu anketləri Təhsil Nazirliyinin və Dövlət
Proqramının icrasına məsul olan digər əlaqədar
nazirliklərin əməkdaşlarının iştirakı
ilə müzakirə edildi. Sorğuların keçirilməsi
üçün təlimat hazırlanaraq qiymətləndirməni
aparan İşçi Qrupu ilə treninqlər keçirildi.
Qiymətləndirmə əvvəlcədən müəyyən
olunmuş cədvəl üzrə 55 müəssisənin hər
birinə səfər edilərək həyata keçirildi.
YUNİSEF-in ekspertləri, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinin
müvafiq əməkdaşları da bu qiymətləndirmənin
keçirilməsinə cəlb edildi. Bu qiymətləndirmə
əsasında aşağıdakı istiqamətlər
üzrə məlumatlar toplandı:
* Müəssisə
haqqında ümumi məlumat;
* Müəssisədə
yaşayan uşaqlar haqqında məlumat;
* Müəssisədə
çalışan işçi heyəti haqqında məlumat;
* Müəssisənin
infrastrukturu;
* Müəssisədə
göstərilən xidmətlər;
* Müəssisənin
xərcləri;
* Müəssisənin
yerləşdiyi ərazi üzrə nəqliyyatın əlverişliliyi;
* Müəssisənin yerləşdiyi ərazinin infrastrukturu.
(Ardı
var)
Misir MƏRDANOV
Azərbaycan
müəllimi.-2009.-24 iyul.-S.1, 2.