Müasir təhsilə həsr
olunmuş "dəyirmi
masa" keçirilib
İyulun 15-də "Səs" İnformasiya Agentliyi və Respublika Təhsil Şurasının birgə təşkilatçılığı ilə "Azərbaycanda müasir təhsil: nailiyyətlər, problemlər, vəzifələr" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbiri "Səs" İnformasiya Agentliyi baş direktorunun müavini Elşad Hacıyev açaraq Respublika Təhsil Şurasının vaxtaşırı öz təklif və tövsiyələri ilə ölkəmizdə aparılan təhsil islahatlarına, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə fəal dəstək verdiyini, təhsildə innovativ fəaliyyətləri rəğbətləndirdiyini bildirdi, keçirilən "dəyirmi masa"nın mövzusunun bu baxımdan aktuallıq kəsb etdiyini vurğuladı.
Mövzu ətrafında müzakirələr başlanmazdan öncə təltiflər oldu. Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev məlumat verdi ki, Təhsil Şurası Rəyasət Heyətinin qərarı ilə Şuşa Rayonu Malıbəyli kənd 2 nömrəli orta məktəbi və Kəlbəcər rayonu 11 nömrəli orta məktəb təlim-tərbiyə sahəsində səmərəli fəaliyyətlərinə, ölkə təhsilinə verdikləri töhfələrə görə müvafiq olaraq I və II dərəcəli diplomlarla təltif olunub. Diplomlar hər iki məktəbin nümayəndələrinə təqdim olundu.
Sonra söz alan "Avropa" Nəşr Mətbuat Evinin direktoru Şöhrət Səlimzadə tanınmış pedaqoq-alim, təhsil tariximizin və müasir təhsilin nəzəri-praktik məsələlərinin ardıcıl araşdırıcısı, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin təhsilimizn qarşısında böyük xidmətləri olduğunu qeyd edib, onun qələmindən çıxan çoxlu sayda elmi-pedaqoji, publisistik, bədii əsərin çağdaş pedaqoji elmin inkişafında, pedaqoji kadrların nəzəri və praktik hazırlığının yüksəlməsində, böyüməkdə olan nəslin vətəndaşlıq və bədii-estetik tərbiyəsində böyük rolundan söz açdı. Təhsilimizə göstərdiyi böyük xidmətlərinə görə Ə.Ağayevə "Avropa" Nəşr Mətbuat Evinin qızıl medalını təqdim etdi.
Sonra mövzu ətrafında müzakirələr başlandı. "Dəyirmi masa"nı açan professor Ə.Ağayev öncə sosial sahə olan təhsilin müasirləşməsini zəruri edən səbəbləri, təhsilin müasirliyinin komponentlərini diqqətə çatdırdı. Qeyd etdi ki, müasir təhsil üçün öncə yaxşı təminat olmalıdır. Bu baxımdan son illər ölkəmizdə genişmiqyaslı tədbirlər həyata keçirildiyini deyən Ə.Ağayev tikilən, əsaslı təmir olunan çoxlu sayda məktəb binaları hesabına bu gün tədris ocaqlarında yüksək təlim mühitinin yaradıldığını bildirdi. Təhsilin müasirliyi üçün yeni texnologiyaların tətbiqinin də xüsusi önəm daşıdığını deyən natiq bu istiqamətdə son illər ölkəmizdə atılmış addımları, xüsusən də məktəblərin ən müasir İKT avadanlığı ilə təchiz olunmasını böyük uğur kimi dəyərləndirdi. İKT-dən istifadəni, onun öyrədilməsini müasir təhsilin baş, aparıcı xətti adlandırdı.
Təhsilin qloballaşması, təhsil təcrübəsinin dünya üzrə öyrənilməsinin aktuallaşması da Ə.Ağayevə görə, təhsilin müasirliyinin əsas komponenti kimi çıxış edir. Bu istiqamətdə əsas amillərdən biri də təhsilin elmi əsaslarla qurulmasıdır. Təhsildə nəzəri ideyaların verilməsi, praktikanın ümumiləşdirilməsi inkişafla tən gəlməli, dövrün yeni təhsil modelinin ortaya qoyulması ilə nəticələnməlidir.
Ə.Ağayev bu baxımdan son illər təhsil islahatı çərçivəsində həyata keçirilən işləri, xüsusən də təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərsliklərin, yeni qiymətləndirmə mexanizminin meydana gəlməsini təhsilimizi müasirlik baxımından xarakterizə edən mühüm uğurlar kimi qiymətləndirdi.
"Dəyirmi masa"da BDU-nun professoru Şahlar Əsgərov, ADPU-nun professoru, Təhsil Şurası İdarə Heyəti sədrinin müavini Mirzəli Murğuzov, Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi Ənvər Abbasov, AMİ pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadə, pedaqoji elmlər doktoru İntiqam Cəbrayılov və başqaları çıxış edərək mövzu ilə bağlı fikir və mülahizələrini bildirdilər, təkliflər irəli sürdülər.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.-2009.-24
iyul.-S.3.