"Azərbaycan Respublikası təhsil islahatının yeni layihəsi - müasir kurikulumların hazırlanmasında yeni addımlar"

 

Azərbaycanda gedən təhsil islahatları, xüsusən də Təhsil Sektorunun İnkişaf Layihəsi çərçivəsində Milli Kurikulumun hazırlanması və tətbiqi istiqamətində görülən işlər Amerika Təhsil Departamentinin marağına səbəb olmuş və Nebraska ştatı Linkoln Universitetinin "Beynəlxalq Xəbərlər" adlı elmi-publisistik jurnalı Kurikulum Mərkəzinin xarici dillər bölməsinin böyük elmi işçisi Fəridə Hüseynovanın Azərbaycan təhsilində olan uğurlar barədə geniş məqaləsini dərc etmişdir. Həmin məqaləni oxuculara təqdim edirik.

Azərbaycan Respublikasında həyata keçirilən islahatlar təhsilin inkişafına, onun müasir Avropa təhsil məkanında inteqrasiya olunmasına və orta məktəblərdə təlimin səmərəli təşkilinə yönəlmişdir.

Bir gənc müstəqil ölkə kimi Azərbaycanın da müasir təhsilin yaradılması sahəsində bəzi problemləri vardır. 1999-cu ildən bu problemlərin həlli yolunda Azərbaycan Respublikası yeni Təhsil Sektorunun İnkişaf Layihəsini qəbul etmiş və ölkənin təhsil sistemini inkişaf etdirmək üçün Dünya Bankı ilə 10-illik Təhsil Sektorunun İnkişaf Layihəsi (2003-2013) sazişi imzalamışdır.

Propqramın əsas məqsədi müxtəlif sahələri ehtiva edən inteqrativ təhsil sistemini formalaşdırmaq idi. Həmin sahələr məktəblərin texnoloji gücünün artırılmasını, pulsuz dərsliklər, yeni texnoloji avadanlıqlar, kompüterlərlə təmin edilməsini və xüsusilə müəllimlərin inkişafını gücləndirmək məsələlərini əhatə edirdi. Bu islahat çərçivəsində həmin məsələlərə diqqət yetirildi, məzmun islahatlarının əsasını təşkil edən Milli Kurikulum sənədi hazırlandı və müasir standartlar əsasında məktəblər üçün yeni qiymətləndirmə sistemi yaradıldı.

Bu məqsədlə Təhsil Problemləri İnstitutunda Kurikulum Mərkəzi yaradıldı və hazırda layihənin əsas məqsədləri bu mərkəz tərəfindən geniş şəkildə həyata keçirilir.Mərkəzin bütün heyəti bu layihənin hazırlanmasına cəlb olunmuşdur. Artıq ibtidai siniflər üçün fənn kurikulumları, o cümlədən təlim standartları hazırlanmış, həmin standartlar əsasında fəal təlimin tətbiqinə başlanılmışdır. Bu gün bu layihənin komponentlərini necə tətbiq etmək təhsildə aktual bir problemə çevrilmişdir. Bunun üçün kurikulum islahatını tətbiq etmək və eləcə də bu sahədə peşəkarlığımızı artırmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr yaratmağa, yerli və beynəlxalq məsləhətçilər, professorlar və təlimçilərin məsləhətinə və dəstəyinə böyük ehtiyacımız yaranmışdır. Kurikulum İslahatı təhsilimizdə yeni bir konseptual modelə çevrilmişdir.

Həyat dəyişikliklərdən ibarətdir və bu dəyişikliklər müxtəlifliklər yaradır.Bu gün məktəblərimiz və şagirdlərimiz təlimdə yeni ideyalara, problemlərin axtarılması və onların həllində yeni yanaşmaya böyük ehtiyacı hiss edir. Şagird fəaliyyətinə və yaradıcılığına təlim prosesində ehtiyac duyulur.Təlim fəaliyyəti bu gün real həyatla praktik şəkildə balanslaşmalı və şagirdlərin əldə etdikləri biliklər praktikada idraki bacarıqlar şəklində əks olunmalıdır. Bir praktik müəllim kimi mən bu barədə çox düşünürdüm, fikirləşdim ki, şagirdlər həyatda sərbəst qərar qəbul edən bir şəxsiyyət kimi yetişmək, öz yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün nə etməlidirlər, hansı vərdişlər qazanmalıdırlar.

Nə qədər yeni təlimdə standartlarımız, yeni texnologiyalarımız, mənbələrimiz, müasir sinif otaqlarımız olsa da, əgər müəllim hazırlığında, yeni fikir mübadiləsi təcrübəsində, təlimin müasir formada təşkilində yeniliklərimiz yoxdursa, biz heç bir müvəffəqiyyət əldə edə bilmərik. Bunun üçün mən beynəlxalq mübadilə proqramlarına müraciət etdim.

"Əgər sən dünyanı dəyişmək istəsən, əvvəlcə özünü dəyişməlisən!" - Mahatma Qandi.

İlk dəfə IREX Təşkilatının TEA proqramında müsahibə vaxtı mənə verilən sual belə oldu:

"Əgər sən bu proqrama seçilsən, öz ölkənin təhsilinə nə kimi xeyir və yenilikər gətirəcəksən?".

Bu sual məni öz ölkəmin gələcək təhsili barədə düşünməyə vadar etdi. Bir çox təcrübələr əsasında mən həmişə təlimin müasir kurikulumlar, standartlar, yeni texnologiyalar əsasında aparılmasını arzu edirdim. Cavabım müxtəlif sahələri əhatə etdi:

"Əlbəttə, beynəlxalq məktəblərin təcrübəsi, yeni məktəb və fənn kurikulumları, şagirdlərin dinləyib-anlama, oxu, yazı və danışma fəaliyyətləri üzrə yeni təlim bacarıqları, təhsildə müəllim və şagird liderliyi, məktəbdə şagirdin hüquqları, məktəbin inkişafı planı, icma əlaqələrinin yaranması və valideynlərin məktəbə cəlb olunması yolları. Məktəbin yeni dizaynı, quruluşu müəllim və şagirdlərin təlimə fəal cəlbinə çox böyük təsir edir. Mən bütün bunların hansı yolla tapılmasını bilmək istəyirəm". Cavabım onları qane etdi və bu problemlərin həlli mənə ABŞ-ın Nebraska ştatı Linkoln Universitetinin təhsil və humanitar fənlər fakültəsində təhsil almaq və orta məktəblərdə təcrübə əldə etmək imkanı qazandırdı.

Azərbaycandan gedən 8 müəllim bütün lazım olan təhsil və yerləşmə imkanları ilə təmin olunduq.İlk təlimçilərimiz məşhur təhsil işçiləri olan professor Joe McNulty, Jenin Teyler, konstitusiya və məktəb idarəolunması üzrə professor Larry Dluqoş bizə müxtəlif dərslər verərək müəllimlik və əsl təlimçi bacarıqları qazandırdılar. Bu təlimlər kurikulumun inkişafı üzrə məktəb və fənn kurikulumlarının, standartların hazırlanması, təlimdə liderlik və sinfin ələ alınması yolları, yeni dərs plan nümunələrinin hazırlanması, qiymətləndirmə vasitələri, film çəkilişlərinin təlimdə öyrədilməsi, mikrotəlim, kompüter bacarıqları, müxtəlif insanlar və müəllimlər arasında ünsiyyətin yaranmasını öyrədərək öz ölkəsi üçün əsl qərar qəbul edən, problemlərinin həlli yollarını bilən bacarıqlı kadrlar yetişdirdi. Proqram IREX Təşkilatı və ABŞ Dövlət Departamenti Təhsil və Mədəni Əlaqələr Bürosu tərəfindən maliyyələşdirilmişdi.

Təcrübə zamanı mən ibtidai sinif kurikulumu üzrə təlim prosesində uğurların necə əldə olunması yollarını aşkar etdim.Eyni zamanda müəyyən etdim ki, təlim nəticələrinin uğurlu alınması şagirdlərin idraki fəaliyyətinin və seçilmiş dərsliyin səviyyəsindən asılı olur.Aşağı səviyyəli mərhələdən yuxarı səviyyəyə qədər standartlar bir-birini sadədən mürəkkəbə doğru izləməlidir. Dərs ilinin əvvəlində 1-ci sinif şagirdləri heç bir problemin həllinə cəlb olunmamalı, ilkin mərhələ şagirdlərin ideyalar toplaması mərhələsi kimi bir-iki ay davam etməlidir. Bu, səmərəlilik baxımından əhəmiyyətlidir. Onlar istənilən mövzu ətrafında şəkillərin, real obyektlərin, cizgi filmlərinin, rəngli kartların nümayişi əsasında ideyalar toplayaraq, dinləyib-anlama vərdişləri qazanır, bir-biriləri ilə ünsiyyətə girirlər."Mikrotəlim"- şagirdlərin fiziki yorğunluğunu nəzərə almaqla 10-15 dəqiqə davam edir. Sözlərin əyaniliklərlə müşayiət olunması, hərəkətlərlə nümayiş etdirilməsi, təqdimat xarakterli hərəkətlərlə izlənməsi uşaqların müxtəlif ideyalar toplamasına çox kömək edir. Bəzən belə dərslər sinifdə parta arxasında yox, xalça üzərində sərbəst şəkildə bir-biriləri ilə əl-ələ tutaraq birgə mahnı ifa edən şagirdlərin fəallığı şəraitində qurulur. Bu, əsl mənada stimullaşdırıcı vasitə kimi rol oynayır.

"Meyvə səbəti", "Göy qurşağı", "Əşyanı tap"oyunları, "Ayaqqabı ipinin bağlanması", "Məktəb çantanı yığ" kimi layihələr ibtidai siniflərdə işlətmək üçün ən maraqlı təlim texnologiyalarıdır.

Bu gün mən fəxrlə deyə bilərəm ki, bir müəllim, təlimçi və tədqiqatçı kimi ibtidai sinif mərhələsi üçün hazırlanmış standartlar əsasında yeni dərs plan nümunələri hazırlamağı bacarıram.

Tədqiqatlara əsaslanaraq onu da deyə bilərəm ki, ibtidai sinif kurikulumu əsasında dövlətin tələblərinə uyğun, şagirdlərin maraqları, yeni təlim nəticələri əsasında qiymətləndirməsi üzrə yeni ibtidai məktəbin inkişaf planını hazırlamaq lazımdır. Mən onu belə təsvir edərdim:

1. İbtidai Fənn Kurikulumu standartları ( 1- 4 siniflər üzrə, dil, riyaziyyat, həyat bilgisi, musiqi, texnologiya, təsviri incəsənət və idman).

2. Məktəb nizam-intizam standartları (davranış qaydaları).

3. Şagirdlərə göstərilən xidmətlər üzrə standartlar (şagirdlərin həyatı, təhlükəsizliyi, maraq ehtiyacları).

4. Şagirdlərin təlim nəticələri üzrə standartlar (fəaliyyətləri, nəticələri, xüsusi layihələrdə iştirakı, qiymətləndirilməsi).

5. Valideynin təhsilə cəlbi üzrə standarlar (VMA, sinifdənxaric işin təşkili).

6. Məktəb Məsləhət Şurası fəaliyyəti standartları (məsləhət otaqlarında görüşlərin təşkili, klub,müsiqi və rəqs dərnəkləri).

7. Müəllim Mənbələri Mərkəzi (kitabxana, müəllim saytlarının hazırlanması).

8. Müəllim İnkişafı Mərkəzi standartları (treninq, onlayn və məktəb kurslarının, tədqiqat işlərinin təşkili).

9. Xüsusi tədbirlər və qrantlar üzrə standartlar (mükafatlar, dəstək proqramları, yay düşərgələrinin təşkili).

10. Maliyyə və agentliklərin yaradılması üzrə icma ilə əlaqənin yaradılması standartları.

Məncə, bu kurikulum modelini biz də ibtidai məktəblərimizdə tətbiq etsək, təlimdə səmərəli nəticələr əldə edə bilərik. Mən bu gün respublikamızda Təhsil Nazirliyi tərəfindən yeni təhsil islahatı - kurikulum islahatını həyata keçirən Kurikulum Mərkəzinə, IREX Təşkilatı TEA proqramı menecerlərinə və Nebraska ştatı Linkoln Universitetinin professor və müəllim heyətinə kurikulum layihəsi üzrə bizə qazandırdıqları bilik və məktəb təcrübələrinə görə dərin təşəkkürümü bildirirəm.

 

 

Fəridə HüSEYNOVA

 

Azərbaycan müəllimi.-2009.-24 iyul.-S.3.