Rafael Hüseynovun sənədli əsərlərində
söz yaradıcılığı
Dil ictimai hadisə olduğundan, onun inkişafı cəmiyyətin inkişafı ilə, xalqın tarixi, ictimai - iqtisadi və mədəni yüksəlişi ilə sıx bağlıdır. Bildiyimiz kimi, ictimai həyatda baş verən bütün dəyişikliklər dildə öz əksini tapır. Canlı dil daim inkişafda, dəyişməkdə və təkmilləşməkdədir. Lakin dilin bütün sahələri -leksika, morfologiya və s. eyni sürətlə dəyişilmir. Qrammatikada yeniliyin baş verməsi üçün böyük bir tarixi dövr lazımdır.
Leksika isə dəyişkəndir, dilin zənginləşməsindən söhbət açıldıqda ilk öncə dilin lüğət tərkibindən bəhs olunur. Lüğət tərkibinin dəyişkənliyi ilə bağlı akademik A. Axundovun mülahizələri diqqəti cəlb edir. O yazır: "İnsanın ictimai, mədəni, siyasi, texniki əmək həyatı ilə birbaşa bağlı olan dil öz təşəkkül dövründən başlayaraq daim dəyişmə, inkişaf halındadır və bu dəyişmə, inkişaf, ilk növbədə, özünü dilin lüğət tərkibində - söz ehtiyatında göstərir. Yeni anlayışlar, adətlər, əşyalar meydana çıxır, özünə ad tələb edir. Yüksək inkişaf mərhələsinə çatan cəmiyyətin üzvləri tələbatlarına, güzəranlarına, əyin - başlarına yeni münasibət bəslədikləri kimi, onlara ünsiyyət vasitəsi, fikir ifadə etmək vasitəsi kimi xidmət göstərən dilə də yeni nəzərlə baxırlar. Xalqın mədəni səviyyəsi də eləcə yüksəlmiş, yeni - yeni sözlərlə zənginləşmiş olur..."
Bu
baxımdan, yazıçı- publisist Rafael Hüseynovun sənədli
- tarixi əsərlərinin dili ədəbi mühitdə yeni
bir mərhəlidir desək, səhv etmərik. İstər sənədli
- tarixi, istərsə də çağdaş dövr həyatından
bəhs edən yazıçı- alim həm də Azərbaycan
tarixinin bir parçasını qələmə alır.
Alimin yeni sözyaratma üsullarına üstünlük verməsi
əsərlərinin dilinə yeni nəfəs gətirir.
Doğrudur, yeni və ya özləşən sözlərimizin
bəziləri işləkliyi ilə seçilir. Lakin buna
baxmayaraq, bu kimi sözlər əsərin dilini daha saf, daha
oxunaqlı edir. Məsələn, yazıçı - alimin
dilində işlənən leksik vahidlərdən
çağ, yavru, əlcim və s. kimi örnək göstərmək
olar:- O, daş yerə düşüncə yanında bir əlcim
ot göyərəcək, dibində bir xırdaca gül bitəcək...;
Haçansa Məhsətiyə və Məhsəti kimi sevgili
Vətən yavrularına qaytarmalı olduğumuz çox
borcların heç olmasa bir qismini yerinə yetirəndə...
və s.
Müəllifin
morfoloji yolla yaratdığı və özləşmə
üsulu ilə dildə özünə yer alan bəzi
sözlərə diqqət yetirək. Məsələn,
saxlanc, yaşarı, bulunmaq, süsləmək, soydaş,
ömürlük, bilgi və s. Həmin sözlərə
cümlə daxilində diqqət yetirək: -
Keçmişin, indinin və gələcəyin şairi,
gözəl Məhsətimiz bu müqəddəs torpaqda
yaşadı, ölməz saxlanclarını bu torpağın
üstündə yaratdı, son beşiyini bu torpağın
qoynunda tapdı; Məhsəti uca varlığıyla,
yaşarı irsi ilə adının yanındakı Vətəni
hər zaman qorudu; M.Gəncəvinin əsərinin epik vüsəti,
coğrafi genişliyi sarıdan intibah təmayülləri təsirindən
bulunduğunu söyləyir; Qabaqlar ədəbiyyat tarixlərində,
orta məktəb dərsliklərində Məhəmməd
Hadinin ömürlüyü - bioqrafiyası haqda bilgi
laübalı, sirli bir cümlə ilə tamamlanırdı: -
"Qeyb olub".
Qeyd edək ki, özləşmə üsulunun geniş yer alması əsasən ölkəmizin müstəqilliyi ilə bağlıdır. Bu xüsusda, professor Rafael Hüseynovun əsərlərinin dili önəmli yer tutur. Onun sənədli əsərlərində işlətdiyi yeni sözlər elm və mədəniyyətimizin, eləcə də təsərrüfatımızın bütün sahələrini əhatə edir. Bu sözlə ifadələrin böyük əksəriyyəti vaxtilə dilimizdə işlənən və türk dillərinin söz dağarcığına məxsus leksik vahidlərdir. Bunu professor Elmira Rəhimovanın yenicə çapdan çıxmış "Kitabi - Dədə Qorqud" "Azərbaycanca - rusca izahlı lüğət" adlı çox gərəkli sözlüyü əyani şəkildə sübuta yetirir. Nümunələrə nəzər salaq; Romanlar insan duyğularının, yaşantılarının tarixçəsidir; Rəvayətdəki sayaq ac - yalavac qalmasa da, daha pisinə urcah olub; Ən ali həqiqət isə budur ki, həyat həyatlılığıyla, bunca nəhəng oyunçu olmağıyla nə qədər çək - çevirə salsa da, istedad sahibini, qafası nurlunu heç vaxt sonacan yenə bilmir. Sənətdə heç bir güzəşti, heç bir sapıntı qəbul edə bilməyən müğənni istəmirmiş ki, onu həvəskarların müşayiəti ilə oturub oxuyan görsünlər.
Verilmiş cümlələrin linqvistik təhlilinə ehtiyac duymadan deyə bilərik ki, yazıçı-alimin sənədli- tarixi əsərləri dil faktları ilə doludur və gənc araşdırıcıları yeni mövzulara səsləyir.
Günay RƏFİBƏYLİ
Azərbaycan
müəllimi.-2009.-24 iyul.-S.3.