Azərbaycan
təhsili: yaxın keçmişə, bu günə və
gələcəyə bir baxış
(Əvvəli
qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, ötən məqalədə de-institutlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə ölkədə ilk dəfə beynəlxalq təcrübəyə uyğun bütün dövlət uşaq müəssisələrində aparılmış qiymətləndirmə barədə məlumat vermişdik. Bu məqalədə həmin qiymətləndirmənin nəticələri, aparılmış təhlillər və hazırlanmış transformasiya planı (hər bir dövlət uşaq müəssisəsinin mərhələlərlə profilinin dəyişməsini və həmin müəssisələrdəki uşaqların ailələrinə qaytarılması və ya alternativ qayğı ilə əhatə olunmasını əks etdirən sənəd) barədə fikirlərimi sizinlə bölüşmək istəyirəm.
İlk növbədə qeyd edim ki, qiymətləndirmənin əsas əhəmiyyəti ondan ibarət oldu ki, Təhsil Nazirliyində dövlət uşaq müəssisələri haqqında ölkəmizdə ilk dəfə olaraq beynəlxalq standartlara uyğun geniş məlumat bazası yaradıldı.
Hazırda məlumat bazasında respublikada 3 dövlət strukturunun tabeliyində fəaliyyət göstərən 55 dövlət uşaq müəssisəsi barədə müfəssəl məlumat toplanmışdır. Təhsil Nazirliyinin tabeliyində 50 müəssisə: yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 3 internat məktəbi, 24 ümumtəhsil orta internat məktəbi, 6 uşaq evi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 12 internat məktəbi, çətin tərbiyə olunan oğlanlar üçün 2 xüsusi təlim-tərbiyə müəssisəsi, sanatoriya tipli 3 internat məktəbi, Səhiyyə Nazirliyinin tabeliyində 3 müəssisə: 2 körpələr evi və 1 psixonevroloji uşaq evi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 2 müəssisə: əqli çatışmazlığı ağır formada olan uşaqlar üçün 2 internat evi fəaliyyət göstərir.
Qiymətləndirmənin əhatə etdiyi 55 müəssisədən 22-si (40%) Bakı şəhərində yerləşmişdir ki, onlardan da 8-i (15%) Əzizbəyov rayonundadır. Bakı, Naxçıvan və Abşeronla yanaşı, dövlət uşaq müəssisələri ölkənin 25 rayon və şəhərini əhatə etmişdir.
Qiymətləndirmənin
nəticələri göstərmişdir ki, 55 dövlət
uşaq müəssisəsində 14.389 nəfər uşaq təlim-tərbiyə
alır. Onlardan 72%-i oğlan, 28%-i isə qızlardır. Belə
bir gözlənilməz fakt da aşkar olunmuşdur ki, 55
dövlət uşaq müəssisəsinin 6-da ümumiyyətlə
heç bir uşaq yaşamır, yalnız təhsil alır.
Təhlil göstərmişdir ki, 14.389 uşaqdan 10.334 (72%) nəfəri
ancaq təhsil almaq məqsədilə dövlət uşaq
müəssisələrinə gəlirlər. Yalnız 4055 nəfər
uşaq bu müəssisələrdə həm təhsil
alır, həm də yaşayır. Müəyyən
edilmişdir ki, uşaqların əksəriyyətinin dövlət
uşaq müəssisələrindən orta məktəb kimi
istifadə etmələrinin səbəbləri himayəçi
və ya hər iki valideynin işdə olması, müəssisənin
yaşayış ərazisinə ən yaxın məsafədə
yerləşməsi, xüsusi təhsilə ehtiyacla
bağlıdır.
Dövlət
uşaq müəssisələrində yaşayan 4055 nəfər
uşaqla bağlı aparılan təhlil göstərmişdir
ki, uşaqların 31%-i (1265 nəfər) Bakı şəhərindəndir.
Bakı şəhərinin rayonları arasındakı ən
çox Sabunçu (4%), Suraxanı (4%) və Əzizbəyov
rayonundan (3%) dövlət uşaq müəssisələrinə
uşaqlar yerləşdirilmişdir. Paytaxtdan sonra say
çoxluğuna görə Sumqayıt şəhəri
(4,4%), Zaqatala rayonu (4%), Lənkəran rayonu (4%), Gəncə
şəhəri (3,3%), Biləsuvar (3%), Xaçmaz (2,3%),
Neftçala (2,2%), Balakən (2%) və Lerik (2%) rayonlarından
olan uşaqlar üstünlük təşkil edirlər. Eyni
zamanda məlum olmuşdur ki, dövlət uşaq müəssisələrində
başqa ölkələrdən olan uşaqlar da
yaşayır. Bu uşaqlar ümumi sayın 0,76 faizini təşkil
edir. Onların arasında Gürcüstandan olan uşaqlar
çoxluq təşkil edir (22 nəfər). Müəssisələrdə
Türkmənistan, Rusiya, Türkiyə və Qazaxıstanda
anadan olmuş azərbaycanlı uşaqlar da vardır.
Müəssisələrdə
yaşayan uşaqların əksəriyyəti 12-16 yaş
arasındadır (45%), 18 yaşından yuxarı gənclər
ümumi sayın 4%-ni təşkil edir və onların əksəriyyəti
oğlanlardır. Bu uşaqlar müxtəlif səbəblərdən
(valideynin məsuliyyətsizliyi, uşağın doğum
haqqında şəhadətnaməsi və ya valideynin daimi
yaşayış yerinin olmaması və sair) təhsilə
gec cəlb olunmuşlar.
Təhlil
göstərir ki, uşaqlar müəssisələrə daha
çox 2004-cü və ondan əvvəlki illərdə yerləşdirilmişlər.
Onların dövlət uşaq müəssisələrinə
düşmə halları 2004 və 2005-ci illər arasında
kəskin azalmış (40%-dək), 2005 və 2006-cı illər
arasında sabit qalmış, 2007-2008-ci illərdə yenə
də nəzərəçarpacaq dərəcədə (18%)
azalma tendensiyası müşahidə olunmuşdur.
Uşaqların
hüquqi statusuna gəldikdə, qiymətləndirmə
zamanı məlum olmuşdur ki, onların çoxu müəssisələrə
bioloji ailələri (86%) tərəfindən müvəqqəti
olaraq, 5,4% uşaq isə müəssisələrə
yaxın qohumları (genişlənmiş ailə) və ya
himayəçiləri tərəfindən yerləşdirilmişdir.
Digər dövlət uşaq müəssisələrindən
(körpələr evi, gecə-gündüz uşaq
bağçaları, uşaq evləri) internat məktəbləri
və uşaq evlərinə yerləşdirilən və ya
bir müəssisədən digərinə
köçürülən uşaqlar cəmi 6%, küçədən
tapılan uşaqlar 2,6% təşkil edir.
Qiymətləndirmə
zamanı müəssisələrdə yaşayan
uşaqların ailə statusları da
araşdırılmışdır. Məlum olmuşdur ki,
müəssisədə yaşayan uşaqların böyük
əksəriyyəti (40,3%) öz bioloji ailələrinin himayəsindədir.
Himayəçi qismində 39,1%-ni tək analar, 5,8%-ni isə tək
atalar təşkil edir. Uşaqlardan 5,6%-nin bioloji ailələri
olmasa da, genişlənmiş ailə və ya qəyyumları
vardır. Sırf yaşadığı müəssisənin
himayəsində olan uşaqlar isə 9,2% təşkil edir.
Dövlət
Proqramının əsas məqsədlərindən biri də
uşaqların bioloji ailələrinə qaytarılması
olduğu üçün qiymətləndirmə zamanı
uşaqların ailələri ilə əlaqələri
araşdırılmış və mütəxəssislər
tərəfindən uşaqlar 3 qrupa
bölünmüşdür: hər şənbə və
bazar günləri evə gedənlər (1329 nəfər), hərdənbir
evə gedənlər (2030 nəfər) və ümumiyyətlə
evə getməyən uşaqlar (696 nəfər). Təhlil onu
da göstərmişdir ki, evə getməyən və daimi
müəssisədə yaşayan uşaqların ümumi
sayı 17,2 % təşkil etsə də, onlardan 236 nəfərinə
müəssisədə baş çəkilir, 460 nəfər
uşaq isə rəsmi və ya qeyri-rəsmi
atılmış, imtina edilmiş uşaqlardır ki, onlardan
da 101 nəfəri ağır formada əqli və ya fiziki əlilliyi
olanlar, 28 nəfəri hər iki valideynini itirmiş
uşaqlardır. Evə getməyən uşaqlar, əsasən,
körpələr və uşaq evləri, yetim və valideyn
himayəsindən məhrum olmuş uşaqlar və çətin
tərbiyə olunan uşaqlar üçün internat məktəbləri,
əqli geriliyi ağır formada olan uşaqlar
üçün internat evi tipli müəssisələrdə
yaşayan uşaqlardır.
Qiymətləndirmə
nəticəsində uşaqların dövlət uşaq
müəssisələrinə düşmə səbəbləri
də müəyyən olunmuşdur. Belə ki, əsas səbəblər
kimi ailələrin maddi vəziyyətinin pis olması (47,1%),
uşaqların ağır xəstəliyi və ya xüsusi təhsilə
ehtiyac (37,7%) göstərilmişdir.
Pedaqoji
heyətə gəldikdə isə müəyyənləşdirilmişdir
ki, 55 dövlət uşaq müəssisəsində 5381
işçi çalışır. Pedaqoji işçilərin
22%-ni tərbiyəçilər, 22%-ni fənn müəllimləri,
14%-ni psixoloq, loqoped və defektoloqlar, 5%-ni inzibati
işçilər, 5% -ni tibb işçiləri, 32% -ni isə
köməkçi heyət təşkil edir. Müəssisələrdə
çalışan 4374 nəfər qadından 599 nəfəri
(13,7%), 1007 nəfər kişi işçidən isə 215 nəfəri
(21,4%) pensiya yaşındadır. ümumilikdə isə 5381
işçidən 814 nəfər (15,12%) təqaüd
yaşında olanlardır. 30 yaşadək olan gənc
işçilər 1167 nəfərdir ki, onlar da ümumi
işçilərin 21,7%-ni təşkil edirlər. Müəssisə
rəhbərlərinin 27,2 faizi 60 və ya ondan yuxarı
yaş həddindədir. Dövlət uşaq müəssisələrində
çalışanların 22%-nin ümumi iş stajı 21-30
ilə yaxındır. İşçi heyətinin 83%-i müəssisələrin
yerləşdiyi ərazidə yaşayırlar.
Səhiyyə
xidmətləri ilə bağlı təhlil göstərmişdir
ki, 34 müəssisədə (61,8%) tibbi yardım xidməti,
10 müəssisədə (18,2%) tibbi profilaktik xidmət, 6
müəssisədə (10,9%) tibbi müalicə, 1 müəssisədə
(1,8%) reabilitasiya və 4 müəssisədə (7,3%) digər
səhiyyə xidmətləri mövcuddur. Müəssisələrin
36-da psixoloji xidmət mövcuddur. Bu xidmət, əsasən,
Bakıda yerləşən müəssisələrdə
göstərilir. Belə ki, 1 müəssisədə psixoloji
diaqnostika, 3 müəssisədə psixoloji korreksiya, 32 müəssisədə
isə psixoloji məsləhət xidməti mövcuddur. Loqoped
xidməti yalnız 18 müəssisədə göstərilir
ki, bu da, əsasən, Bakıda yerləşən müəssisələrə
aiddir.
Qiymətləndirmə
zamanı məlum olmuşdur ki, dövlət uşaq müəssisələrində
olan bəzi uşaqların doğum haqqında şəhadətnaməsi
yoxdur. Bu problemin aradan qaldırılması istiqamətində
Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrdəki
51 uşağın şəhadətnaməsinin
alınması üçün tədbirlər
görülmüş, uşaqların əksəriyyətinə
doğum haqqında şəhadətnamə
alınmışdır və bu istiqamətdə işlər
davam etdirilir.
Qiymətləndirmənin
nəticələrinə əsasən aparılmış təhlillər
əsasında "Dövlət uşaq müəssisələrinin
transformasiyası üzrə Baş Plan" tərtib
olunmuş və cari ilin aprel ayında hökumət tərəfindən
qəbul edilmişdir. Düşünürəm ki, bu Plan
de-institutlaşdırma sahəsində əhəmiyyətli
rol oynayacaqdır.
Transformasiyanın
həyata keçirilməsi üçün bütün zəruri
meyarlar şərti olaraq 2 qrupa bölünmüşdür:
Əsas
meyarlar:
* Müəssisənin
yerləşdiyi ərazi və həmin ərazinin əlverişliliyi.
* Müəssisənin
yerləşdiyi ərazinin infrastrukturu.
*
Göstərilən xidmətlərin keyfiyyəti.
Əlavə
meyarlar:
* Müəssisədəki
uşaqların sayı.
* Yerləşdiyi
ərazidən olan uşaqların çoxluq təşkil etməsi.
* Hər
il müəssisəyə qəbul olunan və müəssisəni
tərk edən uşaqların sayı.
* Müəssisənin
tipi.
Transformasiya
üzrə Baş Planda bütün dövlət uşaq
müəssisələrinin transformasiya olunması nəzərdə
tutulmuşdur. Belə ki, əksər müəssisələr
rayon mərkəzlərində yerləşir, uşaqlar
yaxın ərazilərdə yaşayır, zəruri xidmətlər
müəssisələrə yaxın ərazilərdə yerləşir
və müəssisələrin infrastrukturu qənaətbəxşdir
ki, bu da transformasiya üçün əlverişli zəmin
yaradır.
Planda
pensiya yaşlı işçilər istisna olmaqla, qalan
işçi heyətin yaradılacaq alternativ qayğı xidmətlərinin
təşkilinə cəlb edilməsi nəzərdə
tutulmuşdur. Bütün müəssisələr təhsil və
sosial yönümlü müəssisələrə qısa
(1 il), orta (3 il), uzun müddət (5 il) ərzində
transformasiya olunmalıdırlar. Uşaqların daimi olaraq
yaşamadığı müəssisələr isə
qısa müddət ərzində ümumtəhsil məktəblərinə
transformasiya olunacaqlar.
Qiymətləndirmə
nəticəsində məlum olmuşdur ki, respublikanın
ucqar rayonlarında həmin rayonun kəndlərindən gələn
uşaqların əksəriyyəti həftə ərzində
müəssisələrdə nəqliyyatın (avtobusun)
olmaması səbəbindən qalırlar. Beləliklə,
müəssisələrin avtobusla təmin edilməsi ailəsində
gecələyən uşaqların sayının artmasına gətirib
çıxaracaqdır.
Baş
Plan çərçivəsində 30 dövlət uşaq
müəssisəsinin 3 il ərzində transformasiya
olunması nəzərdə tutulmuşdur. Bu müəssisələrin
əksəriyyəti ümumtəhsil internat məktəbləridir
və məlum olmuşdur ki, bu müəssisələrdə
uşaqlar, əsasən, yaşamır, müəssisənin
yalnız təhsil xidmətlərindən istifadə edirlər.
Eyni zamanda bu uşaqların müəssisələrin yerləşdiyi
ərazidə yaşayan bioloji və ya genişlənmiş
ailələri var və onlar hər həftənin sonu ailələrinə
baş çəkirlər. Transformasiyası 5 il və daha
artıq müddətə nəzərdə tutulan müəssisələr
əsasən foster (alternativ qayğı), günərzi
qayğı, reabilitasiya və digər xidmətləri
göstərən kiçik tərkibli müəssisələrə
transformasiya olunmalıdırlar.
Bu istiqamətdə
artıq bir sıra işlər görülmüşdür.
Hazırda hər bir müəssisə üzrə tələb
olunan maliyyə vəsaitləri də hesablanmaqla ətraflı
plan hazırlanır. Bu məqsədlə YUNİSEF tərəfindən
iki beynəlxalq və bir milli ekspert ayrılmışdır.
Baş
Plana əsasən Qazax şəhəri Mehdi Hüseyn adına
internat orta ümumtəhsil məktəbi transformasiya olunaraq
Humanitar fənlər təmayüllü liseyə, Bakı
şəhərindəki Süleyman Rüstəm adına
xarici dillər təmayüllü ümumtəhsil internat məktəbi
Xarici dillər təmayüllü gimnaziyaya
çevrilmişdir. ümumilikdə, transformasiya olunacaq müəssisələrin
yerləşdiyi rayonun sosial xəritəsi hazırlanacaq,
burada respublikanın rayonlarında uşaqlar və ailələrə
göstərilən xidmətlər, həmin rayonlarda
uşaqlar və onların ailələri ilə işləyən
fəal QHT-lər haqqında məlumatlar əks olunacaqdır.
De-institutlaşdırma
Proqramında uşaqların dövlət uşaq müəssisələrinə
düşməsinin qarşısını almaq
üçün risk qrupuna daxil olan uşaq və ailələrə
alternativ xidmətlərin göstərilməsi də nəzərdə
tutulur. Qeyd etmək lazımdır ki, Azərbaycanda alternativ
xidmətlərin təşkili sahəsində ilk addımlar
1997-ci ildə QHT-lərin təşəbbüsü ilə
atılmışdır. Təhsil Nazirliyi alternativ xidmətlərin
yaradılması sahəsində QHT-lərlə səmərəli
əməkdaşlıq edir. Son illərdə xüsusi
qayğıya ehtiyacı olan və risk qrupuna daxil uşaqlar
üçün alternativ xidmətlərin yaradılmasında
bəzi müvəffəqiyyətlər də əldə
edilmişdir.
Övladlarına sərbəst şəkildə
qayğı göstərə bilməyən ailələrin və
onların uşaqlarının rifahının
yaxşılaşdırılması istiqamətində
atılmış əhəmiyyətli addımlardan biri yerlərdə
xidmətlərin təşkil olunmasıdır. Bununla əlaqədar
artıq 3 uşaq və ailəyə dəstək mərkəzi
və 2 günərzi qayğı mərkəzi
yaradılmışdır.
Alternativ
qayğının təşkilində Təhsil Nazirliyi ilə
fəal əməkdaşlıq edən QHT-dən biri də Azərbaycana
Birgə Yardım (UAFA) Təşkilatıdır. Təşkilatla
əməkdaşlığın əsas məqsədi
sağlamlıq imkanları məhdud uşaqların icma əsaslı
xidmətlərə cəlb edilməklə müəssisəyə
düşməsinin qarşısının alınmasıdır.
Təhsil
Nazirliyinin əməkdaşlıq etdiyi digər QHT "SOS -
Uşaq Kəndləri Assosiasiyası"dır ki, onun maliyyələşməsinin
35 faizi Təhsil Nazirliyi tərəfindən həyata
keçirilir. Uşaq kəndi 12 ailə evi, uşaq
bağçası və 6 yardımçı binadan ibarətdir.
SOS Uşaq kəndi uşaqların cəmiyyətə
adaptasiyasını təmin edən bir körpüdür. Belə
ki, valideyn himayəsindən məhrum olmuş uşaqların
müəssisələrə deyil, bu növ ailə tipinə
yerləşdirilməsi onların cəmiyyətdən təcrid
olunmasının qarşısını alır. Son zamanlar SOS
yetkinlik yaşına çatmış uşaqları evlə
təmin etmək işinə başlamışdır. Bu evlərdə
uşaqlar müstəqil şəkildə yaşamaq və sərbəst
qərar qəbul etmək bacarıqlarına yiyələnirlər.
Uşaqlar burada 4 il ərzində yaşayır və tərbiyəçi
nəzarətində olurlar. Bu müddətdə onlar təhsil
və ya işlə təmin olunurlar.
Qeyd etmək
lazımdır ki, Təhsil Nazirliyi tərəfindən də
alternativ qayğının təşkili istiqamətində
bir sıra addımlar atılmış, Suraxanı rayonunda
yerləşən 2 nömrəli uşaq evinin nəzdində
"Günərzi Qayğı Mərkəzi"
açılmışdır. Mərkəzin
yaradılmasında məqsəd uşaqların müəssisələrə
düşməsinin qarşısının
alınmasıdır. Belə ki, mərkəzə Suraxanı
rayonu ərazisində yaşayan və risk qrupuna daxil olan, aztəminatlı,
çətin yaşayış şəraitində olan ailələrin
uşaqları cəlb edilmişdir. Dövlət uşaq müəssisələrinə
alternativ model kimi yaradılan bu mərkəzin fəaliyyəti
genişləndikcə, tədricən uşaq evi
bütövlükdə "Günərzi Qayğı Mərkəzi"nə
çevriləcəkdir. Uşaq evinə yaşamaq
üçün gələn uşaqların qəbulu
dayandırılmışdır. Uşaqların evlərinə
daşınmasını təmin etmək məqsədilə
mərkəzə nəqliyyat vasitəsi
ayrılmışdır. Eyni zamanda mərkəzin
işçiləri tərəfindən həmin ərazidə
yaşayan, risk qrupuna daxil olan uşaqlar və onların ailələrinin
tələbatına uyğun iş aparılır, treninqlər
keçirilir, psixoloji xidmət göstərilir. Hazırda mərkəz
80 nəfər uşaq üçün nəzərdə
tutulmuşdur. Mərkəz tərəfindən göstərilən
bütün xidmətlər Təhsil Nazirliyi tərəfindən
maliyyələşdirilir.
Onu da
qeyd etmək lazımdır ki, ölkəmizdə bu tip mərkəzlərin
yaradılması ilk təcrübədir. İndiyədək
ölkəmizdə belə mərkəzlər fəaliyyət
göstərməmişdir. Bununla əlaqədar monitorinq
mexanizmi də tətbiq edilir ki, bu modelin bütün
güclü və zəif cəhətləri aşkar edilsin və
gələcəkdə nəinki Bakıda, həm də
respublikamızın digər regionlarında belə mərkəzlər
yaradılsın.
Alternativ
qayğı mərkəzlərindən biri də Mingəçevir
şəhərində yerləşən "Uşaq və
Ailəyə Dəstək Mərkəzi"dir. Təhsil
Nazirliyinin "Uşaqların xilası" (Save the children) təşkilatı
ilə bağladığı müqaviləyə əsasən
həmin mərkəz nazirliyin tabeliyinə verilmişdir. Burada
sağlamlıq imkanları məhdud olan uşaqların
inkişafı, təhsili, cəmiyyətə adaptasiyası
üzrə tədbirlər keçirilir, həmçinin
uşaqların ailələrinə psixoloji, hüquqi dəstək
xidmətləri göstərilir, uşaqlar gündə iki dəfə
yeməklə təmin olunurlar. Mərkəzdə defektoloq və
loqoped xidməti də göstərilir, valideynlər
üçün təlim və seminarlar təşkil edilir.
Hazırda
Transformasiya Planının icrasını təmin etmək məqsədilə
QHT-lərlə sosial xidmətlərin təşkili barədə
müqavilələrin bağlanması təcrübəsinə
başlanmışdır. Müqaviləyə əsasən
"Uşaqların xilası" təşkilatı 3 internat
məktəbinin transformasiyası zamanı həmin müəssisələrdə
günərzi qayğı mərkəzlərinin
yaradılmasına dəstək göstərəcəkdir.
Baş
Plan çərçivəsində cari ilin sentyabr ayında 1
nömrəli yetim və valideyn himayəsindən məhrum
olmuş uşaqlar üçün Respublika
yardımçı internat məktəbinin nəzdində
reabilitasiya - inkişaf mərkəzinin açılması nəzərdə
tutulmuşdur.
Həmçinin,
Açıq Cəmiyyət İnstitutu "Əqli
sağlamlıq təşəbbüsü" təşkilatı
ilə Təhsil Nazirliyi arasında imzalanmış Anlaşma
Memorandumuna əsasən Suraxanı rayonu 7 nömrəli əqli
cəhətdən qüsurlu uşaqlar üçün
xüsusi internat məktəbində "Hər kəs
üçün icma təşəbbüsü" adlı
layihə həyata keçirilir. Layihə 2008-2012-ci illəri əhatə
edir. Layihə çərçivəsində müəssisədəki
şagirdlərin və onların ailələrinin vəziyyətinin
qiymətləndirilməsi başa
çatdırılmışdır. Hazırda müəssisədə
gecələyən hər bir uşağın ailəsinə
reinteqrasiyası məqsədilə fərdi qayğı
planı hazırlanır. Layihənin əsas məqsədi
Dövlət Proqramının həyata keçirilməsi və
uşaqların ailələrinə qaytarılması işini
sürətləndirməkdir.
Dövlət
Proqramı çərçivəsində BMT-nin İctimai
İnformasiya Departamenti və Təhsil Nazirliyi "BMT
uşaqların gözü ilə" adlı layihə həyata
keçirmiş, Dövlət Proqramının idarəolunması
üzrə İşçi Qrupu ilə İctimai
İnformasiya Departamentinin əməkdaşları Bakı
şəhərində yerləşən uşaq evləri və
SOS Uşaq Kəndinin sakinləri üçün seminarlar təşkil
edilmişdir. Seminarlarda BMT-nin, onun təşkilatı kimi
YUNİSEF-in fəaliyyəti, Uşaq hüquqları
konvensiyası və uşaqların bu konvensiyadan irəli gələn
hüquqları, hər bir uşağın ailə mühitində
yaşamaq hüquqları barədə təqdimatlar
edilmiş, BMT-nin yaranma tarixi və bugünkü fəaliyyət
dairəsini əks etdirən film nümayiş etdirilmişdir.
Seminardan sonra uşaqlar arasında "BMT uşaqların
gözü ilə" adlı inşa müsabiqəsi
keçirilmiş və 14 uşaq qalib adını
qazanmışdır. Müsabiqənin qalibləri BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi cənab Bruno Pueza ilə də
görüşmüşlər. Qaliblərə BMT-nin
müxtəlif fond və agentlikləri tərəfindən hədiyyələr
verilmiş, eyni zamanda onlara Təhsil Naziriyi və BMT rəhbərliyinin
birgə imzaladığı sertifikatlar təqdim olunmuşdur.
De-institutlaşdırma
və alternativ qayğı üzrə Dövlət
Proqramının həyata keçirilməsində mövcud
çətinliklərdən biri Azərbaycanda uşaq müdafiə
sisteminin olmamasıdır. BMT tərəfindən qəbul
edilmiş "Minilliyin məqsədləri"ndə, eyni
zamanda 2007-ci ildə BMT-nin Baş Katibi "Uşaqlara
qarşı zorakılığın öyrənilməsinə"
həsr edilmiş araşdırmanın nəticələri
barədə hesabatında qeyd etmişdir ki, uşaqlara
qarşı baş verən neqativ amillərin aradan
qaldırılması, onların müdafiəsini təmin etmək
və hüquqlarını qorumaq məqsədilə hər
bir ölkə Milli Uşaq Müdafiə Sisteminə malik
olmalıdır. Bu sistem risk qrupuna daxil olan ailələrdəki
uşaqların (valideyn himayəsindən məhrum olmuş,
dövlət uşaq müəssisələrində tərbiyə
alan, qanunla ziddiyyətdə olan, hərbi münaqişələrin
qurbanı və küçə həyatına düçar
olmuş uşaqlar) hüquqlarının təmin edilməsi,
təhsildən yayınmış uşaqların təhsilə
cəlb edilməsi, valideyn himayəsindən məhrum olmuş
uşaqların qayğı ilə təmin olunması, erkən
nikahların qarşısının alınması,
uşaqlara qarşı bütün zorakılıq
hallarının, kobud rəftarın və digər zərərli
təsirlərin profilaktikası, uşaqların təhsili,
sağlamlığı və müdafiəsi sahəsində
fəaliyyət göstərən bütün dövlət və
qeyri-hökumət təşkilatlarının, vətəndaş
cəmiyyəti qurumları və medianın səylərinin əlaqələndirilməsini
özündə ehtiva edir. Bu barədə Azərbaycan müəllimlərinin
XIII qurultayında da təkliflər irəli
sürülmüş və bu məsələ qurultayın qətnaməsində
öz əksini tapmışdı.
Uşaq
Müdafiə Sistemi qeyd edilən bütün hallardan
uşaqları müdafiə etməklə yanaşı, bu
cür hallarla qarşılaşa biləcək
uşaqların müdafiəsini təmin etməlidir. Uşaq
Müdafiə Sistemi ilə əlaqədar məsələlərin
həlli üçün, dünya təcrübəsində
olduğu kimi, xüsusi qurumun yaradılmasına ciddi ehtiyac
vardır. Uşaq Müdafiə Sistemi bu qurum vasitəsilə
icma, rayon və milli səviyyədə fəaliyyət
göstərməli və uşaqlara qarşı baş verən
hər hansı zorakılıq və hüquq pozuntusunun
qarşısını almaq imkanına malik olmalıdır. Həmin
sistem uşaqların düşdüyü vəziyyəti,
onların sosial durumunu və onlara təsir edən problemləri
vaxtında müəyyənləşdirməli və
bütün problemlərin kökünü axtarmalıdır.
Buna nail olmaq üçün bütün aidiyyəti dövlət
və qeyri-dövlət qurumları arasında əlaqələndirilmiş
şəbəkə qurulmalı, müvafiq təlimlərdən
keçmiş mütəxəssislər hazırlanmalı və
qanunvericilik bazasına dəyişikliklər edilməlidir.
Uşaqların
ehtiyaclarının ödənilməsi, onların
yaşadıqları ailə və ya müəssisədə
təhlükəsizliyinin təmin edilməsi həm ailənin
və icmanın, həm də dövlətin vəzifəsidir.
Əgər uşaqlara qayğı göstərən
böyüklər öz vəzifələrini yerinə
yetirmirsə, onları tələb olunan qayğı ilə təmin
edə bilmirsə, uşaqlara qarşı zorakılıq tətbiq
edir və ya kobud rəftar edirlərsə, bu zaman lazımi tədbirlərin
görülməsi də Uşaq Müdafiə Sisteminin
birbaşa müdaxiləsi əsasında həyata
keçirilməlidir. Uşaq Müdafiə Sistemi tərəfindən
həyata keçiriləcək tədbirlər və təklif
ediləcək xidmətlər uşağın və onun ailəsinin
üzləşdiyi problemdən, uşağa dəymiş zərərdən
və ya onun normal yaşamasına, inkişafına, habelə
ümumi təhlükəsizliyinə olan riskin həcmindən
asılı olaraq müxtəlif ola bilər. Uşaq və
onun ailəsinə təklif ediləcək xidmətlər
dedikdə, ilk növbədə, davamlı xidmətlər nəzərdə
tutulur. Xidmətlərin ümumi məqsədi
uşağın, onun ailəsinin üzləşdiyi problemlərin
və ya mövcud vəziyyətin yaranmasına gətirib
çıxarmış amillərin aradan
qaldırılmasıdır. Eyni zamanda xidmətlərin
göstərilməsi yaranmış vəziyyətin gələcəkdə
təkrar olunmamasına yönəldilməlidir.
Uşaq
Müdafiə Sistemi, ilk növbədə, uşağın məhz
ailə mühitində tam inkişaf edə biləcəyinə
əsaslanaraq, onun öz ailəsində böyüməsi
üçün bütün mümkün tədbirlərin
görülməsini nəzərdə tutur. Lakin ailə
mühitində uşağın təhlükəsizliyinə
və ya onun tam inkişafına zəmanət yoxdursa, onda
uşağın ailədən kənarlaşdırılması
zərurəti yarana bilər. Bununla əlaqədar Uşaq
Müdafiə Sistemində çalışacaq sosial
işçilərin hazırlanması vacib məsələ
kimi nəzərdən keçirilməlidir. Yeri gəlmişkən
qeyd edim ki, bu Proqram çərçivəsində 2005-ci ildən
etibarən Bakı Dövlət Universitetində sosial iş
üzrə magistr, 2008-ci ildən isə bakalavr səviyyəsində
sosial iş ixtisası üzrə mütəxəssislərin
hazırlanması işinə başlanmışdır.
Onu da
qeyd edim ki, Uşaq Müdafiə Sisteminin yaradılması
istiqamətində müəyyən işlər
görülmüş, YUNİSEF-in uşaq hüquqlari üzrə
beynəlxalq eksperti Karolina Hameltonun "Azərbaycanda
uşaqların müdafiəsi sisteminin hüquqi təhlili"
adlı tövsiyə sənədi nəzərə
alınaraq, "Uşaqların ailələrə verilməsi
və alternativ qayğıya cəlb edilməsi" və
"Uşaqlar üçün sosial xidmətlərin təşkili
mexanizmləri (konsepsiyası)" işlənib
hazırlanmış və cari ildə onların sınaqdan
keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə
"Müəssisədə yaşayan uşaqların ailələrə
verilməsi və alternativ qayğıya cəlb edilməsi"
pilot layihəsi hazırlanmışdır. Təhsil Nazirliyi, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi və YUNİSEF tərəfindən layihənin
birgə həyata keçirilməsi üçün
razılaşma əldə edilmişdir. Layihənin məqsədi
seçilmiş pilot rayonda uşaqların bioloji və ya
alternativ ailələrə verilməsi və alternativ
qayğıya cəlb edilməsi, risk qrupuna daxil olan
uşaqların müəssisəyə düşməsinin
qarşısının alınması üçün
uşaqların müdafiəsinin təmin edilməsidir. Pilot
layihədən gözlənilən nəticələr
aşağıdakılardan ibarət olacaqdır:
1.
Uşaqların müəssisələrə düşməsinin
qarşısı alınacaq (gatekeeping) və müdafiə
sistemi yaradılacaq;
2.
Alternativ ailə qayğı sistemi və icma əsaslı
sosial xidmətlər yaradılacaq;
3.
övladlığa, qəyyumluğa və himayəyə veriləcək
uşaqlar və namizəd ailələr üzrə məlumat
bankı yaradılacaq.
Dövlət
Proqramının icrasının təmin edilməsi məqsədilə
Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericiliyin təhlil
olunması və uşaqların müdafiəsi ilə
bağlı müvafiq dəyişikliklərin edilməsi
üçün təkliflərin hazırlanmasına ekspertlər
cəlb edilmişdir. Qanunvericiliyə müvafiq dəyişikliklər
barədə təkliflər hazırlandıqdan sonra
müzakirə üçün əlaqədar qurumlara təqdim
olunacaqdır.
Proqramda
nəzərdə tutulan məsələlərdən biri də
de-institutlaşdırma ilə bağlı əhalinin məlumatlandırılmasıdır.
Bu istiqamətdə "Uşaqlar üçün keyfiyyət
standartları", "Düşüncələrin, prinsiplərin
və həyat tərzinin dəyişdirilməsi (3 cilddə)"
adlı kitablar tərcümə və nəşr olunmuş,
"Uşaqlar ailədə böyüməlidir" adlı
buklet çap edilərək dövlət uşaq müəssisələrinə,
əlaqədar dövlət strukturlarına, beynəlxalq təşkilatlara,
QHT-lərə paylanmışdır.
YUNİSEF
və Təhsil Nazirliyi transformasiyası yaxın müddətdə
nəzərdə tutulan müəssisə rəhbərləri,
tərbiyə işləri üzrə direktor müavinləri,
psixoloqlar və Dövlət Proqramının idarəolunması
üzrə İşçi Qrupu üçün təlimlərin
təşkilini nəzərdə tutmuşdur. Təlimlər
sosial iş, onun ümumi nəzəriyyələri, layihələrin
yazılması, strateji planlaşdırma, idarəetmə
bacarıqlarının aşılanması, ilkin tədqiqat
bacarıqları və sair mövzuları əhatə edəcək
və ilin sonuna kimi davam edəcəyi nəzərdə
tutulur.
Ümid edirəm ki,
De-institutlaşdırma və alternativ qayğı Dövlət
Proqramının reallaşdırılması və Uşaq
Müdafiə Sisteminin yaradılması nəticəsində dövlət
himayəsində olan uşaqların ailə mühitində
inkişafı, hüquqlarının qorunması və sosial
müdafiəsi, dövlət uşaq müəssisələrində
olan uşaqların və belə müəssisələrin
sayının azalması, uşaq evləri və internat tipli
müəssisələrin uşaqlar üçün ailə əsaslı
sosial xidmətlər sistemi ilə əvəz olunması
mümkün olacaqdır.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan
müəllimi.-2009.-31 iyul.-S.1, 2.