Məktəb və pedaqoji fikir tariximizdən səhifələr
Zaqafqaziya (Qori) Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsində
aparılan sinifdənkənar tədbirlər
VI məqalə
Qori Müəllimlər Seminariyası təşkil olunarkən dövlət tədris planlarında və proqramlarında sinifdənkənar tədbirlərin keçirilməsi cüzi miqdarda nəzərdə tutulurdu. Sinifdənkənar tədbirlərin geniş miqyasda həyata keçirilməsini ilk dəfə seminariyanın mütərəqqi müəllimləri irəli sürmüşlər. Burada xüsusilə XIX əsrin 70-ci illərinin axırlarında və 80-ci illərin əvvəllərində Zaqafqaziya Müəllimlər Seminariyasının direktoru D.D.Semyonov və 1879-cu ildən 1896-cı ilədək Azərbaycan şöbəsində inspektor olan A.O.Çernyayevskinin rolu böyük olmuşdur.
Onlar sinifdənkənar tədbirlərin labüdlüyünü dərindən başa düşərək bu tədbirləri məktəbin təlim-tərbiyə işlərinin ayrılmaz hissəsi hesab etmişlər. A.O.Çernyayevski sinifdənkənar tədbirlərin labüdlüyü barədə seminariyanın pedaqoji şurasına "Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində tərbiyə işlərinin təşkili haqqında qeydlər" adı ilə 11 səhifədən ibarət məktub yazmışdır: "...mən necə bir inspektor-tərbiyəçi, Azərbaycan şöbəsindəki tərbiyə işlərində bir sıra dəyişikliklər aparılmasının labüdlüyü haqqındakı fikrimi çatdırmağı özümə qəlbən borc hesab edirəm. Azərbaycanlı tələbələrin həyatına yaxın olmağım və eləcə də azərbaycanlıların məişəti, dünyagörüşü və adət-ənənələri ilə işlərin indiki vəziyyəti qeyri-qənaətbəxşdir. Əgər tələbələr bundan sonra da belə vəziyyətdə qalsalar, onda tələbələrin mənəvi və fiziki qüvvələrinin hərtərəfli inkişaf etdirilməsi mümkün olmayacaqdır".
Bu məsələdə D.D.Semyonov bir az da irəli getmişdir. Hələ Kuban Müəllimlər Seminariyasından zəngin təcrübəsi olan D.D.Semyonov Qafqaz tədris okruqunun rəhbərinə "Müəllimlər seminariyaları nəzdində aqronomik və meteoroloji stansiyaların düzəldilməsi barədə" iki məktub yazmışdı. Orada göstərirdi ki, gərək hökumət və ictimaiyyət tələbələrin tərbiyəsinə ciddi təsir göstərən bağçılıq, bostançılıq, tarlaçılıq, arıçılıq, ipəkçilik və s. kənd təsərrüfatı işlərinə ciddi fikir versinlər. D.D.Semyonovun dərin düşüncəsinə görə, müəllimlər seminariyaları nəzdindəki aqronomik və meteoroloji təcrübə stansiyaları öz mənəvi tərbiyə təsirləri ilə birlikdə, kənd təsərrüfatında aşkara çıxan və mövcud hadisələri öyrənmək, elmi materiallar əldə etmək, kənd təsərrüfatında əmək məhsuldarlığının artmasına bilavasitə kömək göstərmək, nəzəriyyə ilə təcrübəni əlaqələndirmək və s. məqsədləri izləməli idi.
Qori Müəllimlər Seminariyasının qabaqcıl pedaqoq və mütərəqqi xadimləri sinifdənkənar tədbirləri bacarıqla həyata keçirmişlər. Onlar bu tədbirləri məqsədəuyğun şəkildə təşkil etməklə seminaristlərin tərbiyəsinə müsbət təsir göstərmiş və bu tədbirlər vasitəsilə gələcək xalq müəllimlərinin nəzəri və praktiki hazırlığının çərçivəsini xeyli genişləndirməyə çalışmışlar.
Seminariyalara məxsus dövlət proqramı bu pedaqoqları təmin etmirdi, çünki həmin proqramlar tələbələrə həyat üçün az əhəmiyyətli biliklər verir və elmi biliklərin dar çərçivə içərisinə alınmasını tələb edirdi. Sinifdənkənar tədbirlər Qori Seminariyasının qabaqcıl pedaqoqları üçün öz mütərəqqi məqsədlərinə nail olmaqda bir vasitə idi. Seminariyada aparılan sinifdənkənar tədbirlərdən biri sinifdənxaric oxu idi. Sinifdənxaric oxunun mövcud sistemi seminariyanın mütərəqqi pedaqoqlarını təmin etmirdi.
A.O.Çernyayevski şuraya təqdim etdiyi qeydlərində
yazırdı ki, əlbəttə, bəzi tələbələr
kitabxanadan aldıqları kitabları sistemsiz oxuyurlar, sistemsiz
oxu isə lazımi fayda verə bilməz. Sinifdənxaric
kitab oxusunda sistemsizlik, ümumi məqsədin olmaması, tələbələrin
yaş xüsusiyyətlərinin və bilik səviyyələrinin
nəzərə alınmamasının
qarşısını almaq və qiraətin maksimum məhsuldarlığını
təmin etmək məqsədilə müəllimlər,
seminariyanın pedaqoji şurası bu işlə bilavasitə
məşğul olurdu. Belə ki, hər tədris
ilinin başlanğıcında pedaqoji şura öz içərisindən
direktor və inspektordan sədr, sinif rəhbərlərindən
və müvafiq ixtisas müəllimlərindən ibarət
komissiya ayırırdı. Bu komissiya seminariyanın hər
sinfində tədris ili üçün oxu materialını
müəyyənləşdirirdi. Bu zaman
ayrı-ayrı tələbələrin imkanları,
onların fərdi xüsusiyyətləri, ümumi inkişaf
dərəcəsi, dərslərdəki müvəffəqiyyətləri
və s. nəzərə alınaraq məcburi və
könüllü, yəni minimum-maksimum ədəbiyyat müəyyənləşdirilirdi.
Sinif rəhbərləri öz ixtisası üzrə bu və
ya digər materialın oxunmasını yoxlamalı idi. Bu
yoxlamalar yalnız istirahət qabağı, yaxud başqa
günlərdə dərsdənkənar vaxtlarda
aparılmalı idi. Məcburi oxu
materialının yoxlanması yazılı hesabat vasitəsilə,
könüllü oxu materialı isə ötəri sorğu
ilə yoxlanılırdı. Yazılı məlumat
yoxlanılan zaman təkcə məzmun deyil, yazının
üslubuna, orfoqrafiya və kalliqrafiya qaydalarına
düzgün riayət edilməsinə fikir verilirdi.
Yoxlamanın formaca məzmunu bununla məhdudlaşmırdı.
Tələbəyə kitab, onun oxuduğunu yoxlayan müəllimdən
məktub təqdim etdikdə verilirdi. Coğrafiya, tarix, təbiyyat
kimi fənlərdən birinə aid olan kitablar isə bu sahədən
müəyyən faktları izah etdikdə verilirdi. Tələbələrə kitab
aşağıdakı qaydada verilirdi: tələbələrdən
biri kitabxanadan alıb oxuduğu kitabı yoldaşına
verdikdə yeni kitab alırdı. Birinci kitabı bütün
tələbələr oxuduqdan sonra yoxlama
aparılırdı. Bu yoxlamada həmin kitabı oxuyan tələbələr
arasında müəyyən fakt, hadisə və qəhrəman
barədə qızğın mübahisə gedirdi.
Aparılan mübahisələr protokola yazılırdı və
həmin fənn müəllimi tərəfindən
yekunlaşdırılırdı. Bəzən müəllim tələbələr
yığıncağına bir sıra suallar təqdim edirdi.
"Uşaq və böcək" adlı kitabın
oxunmasının suallarla yoxlanması aşağıdakı
qaydada aparılmışdır: 1. Kitabın məzmununu
hamı başa düşmüşdürmü? 2. Bu
kitabı oxuyarkən nə kimi çətin sözlərlə
qarşılaşmışsınız? 3. Kitabdakı
hansı hadisə kimin xoşuna gəlmişdir? 4. Kitabdan nə
kimi xeyirli şey götürmüşsünüz? Bunlardan əlavə,
kitabın məzmununu əhatə edən başqa suallar da
qoyulurdu. Həmin suallara tələbələr düzgün və
düşünülmüş cavablar vermişlər.
Müzakirənin sonunda tələbələrə yazı
işi üçün "Müəllimin uşağa
qarşı münasibəti" mövzusu təklif
edilmişdir. Tələbələr tərəfindən
oxunmuş M.Y.Lermontovun "Tacir Kalaşnikov haqqında
mahnı" poemasının müzakirəsi də maraqlı
keçmişdir. Əsərə aid maraqlı suallar
verilmişdir. Sinifdənxaric oxunmuş kitabın təhlilinin
gedişi müəllimlərin işə, özlərinə
və tələbələrinə qarşı nə qədər
ciddi, tələbkar olduqlarını aydın göstərir. Sinifdənxaric oxunun seminariyada bu cür qoyuluşu
özünün böyük tərbiyəvi əhəmiyyətilə
birlikdə ciddi elmi əhəmiyyət də
daşıyırdı. Bu iş tələbələrin
ümumi görüş dairəsini artırır, onların
nitq və yaddaşını inkişaf etdirir və zənginləşdirirdi.
Ətraf mühitə şüurlu münasibət bəsləmələrinə,
real həyatla bədii ədəbiyyat arasındakı əlaqəni
başa düşmələrinə imkan verirdi.
Tələbələrdən
sinifdənxaric oxu üçün qeyd dəftəri düzəltmək
tələb olunurdu. Bu dəftərə
oxunmuş kitabın adı, müəllifi, harada və nə
vaxt nəşr olunduğu, oxunma tarixi (başlanğıc və
sonu), qısaca məzmunu (yaxud məzmunu əks etdirən
plan), əsas ideya, hadisəni, qəhrəmanı xarakterizə
edən və tələbəni ən çox maraqlandıran
seçmə parçalar, nəhayət, çətin
sözlər və ifadələr qeyd olunurdu. Qiraət, onun
müzakirəsi bəzən tarixi günlərlə,
yazıçıların yubileyləri və bayramlarla əlaqələndirilirdi.
Sinif rəhbərləri bu dəftərləri ardıcıl
yoxlayırdılar, onlara faydalı məsləhətlər və
düzgün istiqamət verirdilər. Onlar
apardıqları bu ardıcıl yoxlamalardan əlavə,
müxtəlif müddətlərdə (dərs ilinin hər
rübündə, birinci yarısında və sonunda) qeyd dəftərlərindəki
qeydləri yekunlaşdırır, tələbələrin
hansı müəllifin əsərləri ilə, ədəbiyyatın
hansı janrı, elm və mədəniyyətin
hansı sahəsi ilə daha çox
maraqlandıqlarını müəyyənləşdirirdilər.
Bunun nəticəsində sinifdənxaric oxunun təşkilinin
daha da yaxşılaşdırılması üçün
lazımlı tədbirlər görülürdü.
Kitabxanalar zənginləşdirilir, pedaqoqların tələbələrə
köməyi gücləndirilir, təcrübə mübadiləsi
aparılırdı. Seminaristlərə oxumaq
üçün təklif olunan məcburi ədəbiyyata
dini xarakter daşıyan kitablar da daxil edilirdi, lakin tələbələr
çox zaman bu kitabları oxumaqdan boyun
qaçırırdılar. Belə halda bəzi mürtəce
sinif rəhbərləri bu kitabları sinifdə tələbələrin
qarşısında özləri oxuyurdular.
Müəllimlər
seminariyasında sinifdənxaric oxunun təşkilində və
aparılmasında bir sıra qüsurların olmasına
baxmayaraq, bu tədbirlər maraqlı və müsbət təcrübəvi
əhəmiyyət daşıyırdı.
Seminaristlər oxuduqları
müddətdə elm və mədəniyyətin müxtəlif
sahələrinə aid 340 məcburi və digər kitab
oxumalı idilər. Məhz buna görə də onlar qiraətə
böyük həvəs göstərir, müxtəlif sahələrə
aid çətin mətnləri asanlıqla başa
düşürdülər.
(Ardı var)
Fikrət SEYİDOV
Azərbaycan müəllimi.-2009.-31 iyul.-S.4.