1 avqust - Azərbaycan əlifbası və
Azərbaycan dili günüdür
Hər
birimizin qürur mənbəyimiz
Ulu öndər
Heydər Əliyevin 2001-ci il avqustun 9-da "Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi
haqqında" verdiyi fərmandan 8 il ötür. Bu illər ərzində
Azərbaycan dili daha da inkişaf etmiş, səlisləşmiş,
görkəmli Azərbaycan dilçiləri sanballı əsərlər
yazıb ərsəyə gətirmiş, bir sözlə, xalq
öz dilinin təəssübkeşinə
çevrilmişdir.
Hamımıza yaxşı məlumdur ki, tarixən Azərbaycan ərazisində yaşayan albanların 52 hərfdən ibarət müstəqil əlifbası olmuşdur. Bu əlifbanı ilk dəfə 1938-ci ildə aşkara çıxaran gürcü alimi İ.Abuladze olmuşdur. Qafqaz xalqlarının yazısının formalaşmasında mühüm rol oynayan alban əlifbasında bizim ulu babalarımızın yazıları günümüzə qədər gəlib çatmamışdır.
Hazırda təkcə əzəli və əbədi Azərbaycan torpaqları deyil, həm də maddi mədəni abidələrimiz mənfur ermənilər tərəfindən işğala məruz qaldığı kimi, VII-VIII əsrlərdə də ərəblərin işğalına məruz qalmış və alban əlifbası ilə yazılan abidələr tamamilə məhv edilmişdir. O vaxtdan ərəb əlifbası dilimizin fonetik sisteminə uyğun gəlməsə də, xalqımız onu dini əlifba kimi çox həvəslə tətbiq etdi. Hətta ana dilimizdə olan ilk yazılı abidə "Dədə Qorqud" da ərəb əlifbasındadır.
XIX əsrdə M.F.Axundzadə yeni əlifba uğrunda ardıcıl mübarizə aparmış, amma layihəsini həyata keçirə bilməmiş, bu məsələ ömrü boyu onu narahat etmişdir.
Daha sonralar Ə.Haqverdiyev yazırdı: "Ərəb əlifbasının türk və fars dillərinə uyğun olması hamıya məlumdur. Həmçinin bu əlifbanın öyrənilməsi, onunla yazmaq, xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki cocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir".
C.Məmmədquluzadə 1895-ci ildə Moskva və Peterburqa səfər edərkən öz xalqını daha geniş miqyasda maarifə cəlb etmək üçün yollar axtarmış, latın əlifbasına keçmək barədə danışıqlar aparmışdır. Lakin bu danışıqlar da nəticəsiz qalmışdır. (C.Məmmədquluzadə "Yeni yol" qəzetinin redaktoru olduğu müddətdə respublikada latın əlifbasının tətbiq olunması yollarında əsl fədakarlıq göstərmişdir).
Nəhayət, 1920-ci il dekabrın 30-da Azərbaycan XKS N.Nərimanovun təşəbbüsü ilə yeni əlifbaya keçmək haqqında qərar qəbul etdi. Lakin yeni əlifbaya keçmək o qədər də asan deyildi. Dilimizin fonetik sisteminə uyğun əlifba yaratmaq üçün çox güclü dilçi-filoloq alimə ehtiyac var idi. Bu alim Simferopoldan dəvət edilmiş professor B.çobanzadə oldu. B.çobanzadə Bakıya gələn kimi dərhal Yeni Türk Əlifbası (YTƏ) elmi şurasının sədri kimi fəaliyyətə başladı.
Yeni türk əlifbasına keçmək üçün bütün türk xalqlarının alim və ictimai xadimlərinin toplaşaraq məşvərət keçirmələri vacib idi. Bu məqsədlə Bakıda 1926-cı il fevralın 26-da (martın 5-dək) I türkoloji qurultay çağırıldı. Qurultay yeni türk əlifbasını bəyəndi və ölkəmizdə yaşayan bütün türkdilli xalqlar, habelə Dağıstan xalqları üçün bu əlifbanı tətbiq etmək qərara alındı.
Lakin bu sevinc uzun sürmədi. Şəxsiyyətə pərəstiş dövrü başlandı. 1939-cu ildə məcburi surətdə rus qrafikasını, yəni kiril əlifbasını bizə qəbul etdirdilər. SSRİ dağılana qədər Azərbaycan xalqı bu bəladan yaxasını qurtara bilmədi.
Hazırda yeni latın qrafikalı Azərbaycan əlifbası 17 ildən artıqdır ki, istifadə edilməkdədir. Öz milli ideyaları uğrunda repressiyanın qurbanı olmuş dərin zəkalı alim B.çobanzadənin yeni latın əlifbasının bütün türk xalqları üçün ümumiləşdirilməsi (unifikasiya edilməsi) haqqında arzuları bu gün reallaşmışdır.
Ümummilli lider Heydər Əliyevin dil siyasətinin təntənəsi artıq göz qabağındadır. Bu gün ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə klassik və müasir Azərbaycan ədəbiyyatı, xarici ölkələr ədəbiyyatından edilmiş tərcümə əsərləri, elmi-kütləvi əsərlər və s. nəşr olunur və ölkə kitabxanalarına hədiyyə edilir.
Dünyanın bütün guşələrinə səpələnmiş azərbaycanlılar hansı ölkədə yaşamalarından, hansı dildə danışmalarından asılı olmayaraq öz ana dilini unutmur və bu dili hifz eləyib qoruyur, inkişaf etdirirlər. Bu, bütün türk dünyasının ümummilli lideri Heydər Əliyevin öz xalqının övladlarına etdiyi tövsiyələrdən biridir: hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Xalqın, millətin öz ana dilindən əziz heç bir şeyi ola bilməz".
Zəngin, ən incə hiss və duyğuları ifadə etmək imkanına malik, təxminən 50 milyonluq bir xalqın ana dili olan Azərbaycan dili hər birimizin qürur mənbəyidir.
Gültəkin TAĞIYEVA
Azərbaycan müəllimi.-2009.-31
iyul.-S.3.