Təhsil Nazirliyində mətbuat konfansı

 

İyunun 2-də Təhsil Nazirliyində 2008-2009-cu dərs ilinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransı aparan təhsil naziri Misir Mərdanov media işçilərini salamlayaraq onlarla görüşməkdə məqsədinin başa çatmaqda olan dərs ilinin yekunları, orta ümumtəhsil məktəblərində keçirilən buraxılış, ali məktəblərdə semestr və dövlət imtahanları haqqında, eyni zamanda təhsil sahəsində görülmüş və görüləcək işlər barədə məlumat vermək olduğunu bildirdi.

Təhsil naziri öncə jurnalistlərin diqqətini ölkə Prezidentinin aprelin 22-də imzaladığı "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" sərəncama yönəldərək, qəbul olunmuş proqramın ali təhsilin inkişafında mühüm rol oynayacağını söylədi. Qeyd etdi ki, proqramda ali təhsillə bağlı mövcud vəziyyət təhlil olunub, problemlər açıqlanıb, görüləcək işlər qeyd edilib. Burada əsasən ali təhsilin keyfiyyəti, məzmunu, maddi-texniki bazasının möhkəmləndirilməsi, ali təhsil sistemində yeni maliyyələşmə mexanizminin hazırlanması, idarəolunma və digər məsələlər öz əksini tapıb.

Nazir proqramın həyata keçirilməsi ilə bağlı işlərin yeni dərs ilindən başlanacağını diqqətə çatdırdı.

Sonra nazir Misir Mərdanov jurnalistlərə təqdim olunan məlumatda öz əksini tapmayan bir məsələyə də toxunaraq bildirdi ki, bu yaxınlarda onun rəhbərliyi altında Təhsil Nazirliyinin nümayəndə heyəti Malayziyada, Sinqapurda və Yaponiyada səfərdə olub. Həmin ölkələrin təhsil sistemi ilə tanışlıq, Azərbaycanla Malayziya, Sinqapur və Yaponiya arasında təhsil sahəsində əlaqələr qurmaq məqsədi daşıyan səfər zamanı hər üç ölkədə təhsil nazirləri ilə, bir sıra təhsil müəssisələrində görüşlər keçirilib, faydalı fikir mübadiləsi aparılıb. Nazir səfər çərçivəsində Malayziyada, Sinqapurda təhsil alan azərbaycanlı gənclərlə də görüşdüklərini, Yaponiyanın peşə təhsili sahəsindəki təcrübəsi ilə yaxından tanış olduqlarını da söylədi.

Dərs ilinin yekunları haqqında məlumat verən nazir bununla əlaqədar hazırlanmış təqdimatı diqqətə çatdıraraq bildirdi ki, hazırda Azərbaycanda 4557 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 4540-ı dövlət, 17-si özəl orta məktəbdir. ümumtəhsil məktəblərində 1.431.515 şagird təhsil alır. Dövlət orta ümumtəhsil məktəblərində təhsil alanların sayı 1.424.353, özəl orta məktəblərdə oxuyanlar isə 7162 nəfərdir.

2008-2009-cu tədris ilində XI (XII) buraxılış siniflərini 113.186 şagird bitirəcək. Yeni dərs ilində orta ümumtəhsil məktəblərinin I siniflərinə 125.114 şagird qəbulu proqnozlaşdırılıb.

Nazir sonra orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanları haqqında məlumat verdi. Qeyd etdi ki, IX siniflərdə iki - ana dili və riyaziyyat, XI siniflərdə isə 8 - ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya, xarici dil - fəndən imtahan olacaq. Əsas təhsil kursu üzrə buraxılış imtahanları hər yerdə iyun ayının 5-də saat 10.00-da başlanacaq. İmtahanların sualları nazirlikdən təqdim olunacaq, lakin onlar yerlərdə keçiriləcək. Eksternat qaydasında əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarının iyunun 23-də saat 10.00-da 202 nömrəli məktəbdə keçirilməsi nəzərdə tutulub.

Verilən məlumatdan aydın oldu ki, peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları aprelin 24-də keçirilib. Orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları isə iyunun 3, 8 və 12-də əvvəlcədən müəyyən olunmuş qrafik üzrə bölgələrdə, iyunun 16-da isə Bakı və Sumqayıtda aparılacaq. Nazir orta məktəbi bitirənlərə attestatların iyunun 28-dək veriləcəyini söylədi.

Konfransda yeni məktəb tikintisi ilə bağlı fakt və rəqəmlər də KİV nümayəndələrinin diqqətinə çatdırıldı. Bu barədə məlumat verən təhsil naziri bildirdi ki, 1998-2008-ci illəri əhatə edən 10 il ərzində ölkədə bütövlükdə 1507 yeni məktəb və əlavə korpus tikilib. Məktəblər, əsasən, dövlət vəsaiti hesabına, Heydər Əliyev Fondunun, Yaponiya hökumətinin və s. maliyyə dəstəyi ilə aparılıb.

2008-ci ildə 150 yeni məktəb və əlavə korpus tikilərək istifadəyə verilib. ötən il təmir olunmuş məktəblərin sayı 121, istilik sistemi yenidən qurulmuş və təmir edilmiş ümumtəhsil məktəblərinin sayı isə 177 olub. 2008-ci ildə məktəbəqədər təhsil müəssisələrinin maddi bazasının möhkəmləndirilməsi də diqqət mərkəzində durub. Belə ki, il ərzində 19 körpələr evi-uşaq bağçası əsaslı təmir edilib. 16 uşaq bağçası üçünsə yeni bina inşa olunub. 2009-cu ildə 33 yeni məktəb və əlavə korpusun tikilməsi, 16 məktəbin isə təmir olunması nəzərdə tutulub.

Təhsil naziri Misir Mərdanov ali təhsil sahəsində görülən işlərə də öz məlumatında yer ayıraraq hazırda ali məktəblərdə semestr və dövlət imtahanlarının getdiyini, imtahanlarda şəffaflığı və obyektivliyi təmin etmək, neqativ halların qarşısını almaq üçün Təhsil Nazirliyində yaradılmış "Qaynar xətt"in öz fəaliyyətini davam etdirdiyini diqqətə çatdırdı.

Konfransda qeyd olundu ki, hazırda ölkədə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 36-sı dövlət, 15-i isə özəl ali təhsil müəssisəsidir. Ali məktəblərdə 116.521 tələbə təhsil alır.

Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali təhsil müəssisələrində 92.267 tələbə oxuyur ki, onların da 86.199-u bakalavr, 5992-si isə magistratura pillələrinin tələbəsidir. Bu il Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin bakalavr pilləsini 20.092, magistraturasını isə 2564 gənc bitirəcək.

KİV nümayəndələrinə bu il ali məktəblərə ayrılan plan yerləri barədə də məlumat verildi. Qeyd olundu ki, 2009-2010-cu tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali məktəblərinin magistratura pilləsinə tələbə qəbulu planı 3785-dir. Onun 1822-i dövlət hesabına, 1963-ü ödənişli əsaslarladır. Yeni dərs ilində həmin ali məktəblərə bakalavr pilləsi üzrə 9275-i dövlət hesabına, 12015-i ödənişli əsaslarla olmaqla 21290 tələbənin qəbul olunması nəzərdə tutulub. Konfransda başa çatmaqda olan dərs ilində dövlət və özəl ali məktəblərin hər iki pilləsinin tələbə tərkibini müxtəlif parametrlər üzrə səciyyələndirən digər fakt və rəqəmlər də diqqətə çatdırıldı.

Mətbuat konfransının sonunda təhsil naziri jurnalistləri maraqlandıran sualları cavablandırdı.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.-2009.-5 iyun.-S.3.