Təhsil naziri üç Asiya ölkəsində
səfərdə olub
Səfər
zamanı Malayziya, Sinqapur və Yaponiya ilə təhsil sahəsində əməkdaşlıq perspektivləri
müzakirə olunub
Azərbaycan
Respublikasının təhsil naziri, professor Misir Mərdanovun rəhbərliyi
ilə Təhsil Nazirliyinin nümayəndə heyəti bu il
mayın 20-dən iyunun 1-dək Malayziya, Sinqapur və Yaponiyada
rəsmi səfərdə olub. Nümayəndə heyətinin
tərkibinə təhsil nazirinin müavini E.Qasımov,
nazirliyin şöbə müdiri və Beynəlxalq əlaqələr
şöbəsinin bir əməkdaşı daxil idi. Səfər
Malayziyanın ali təhsil nazirinin dəvəti və Azərbaycanın
Yaponiyadakı səfirliyinin bu ölkənin Təhsil, Mədəniyyət
və İdman Nazirliyi ilə
razılaşdırılmış proqramı çərçivəsində
həyata keçirilmişdir.
Səfərin məqsədi göstərilən ölkələrin
təhsil sistemi ilə yaxından tanış olmaq, ali təhsil
müəssisələrinin rektorları və bu ölkələrdə
təhsil alan azərbaycanlı tələbələrlə
görüşmək, xüsusilə də "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
həmin ölkələrin ali məktəblərində həyata
keçiriləcək tədbirləri və əməkdaşlıq
perspektivlərini müəyyənləşdirmək idi.
Nümayəndə
heyətimiz öncə Malayziyada olub. Yeri gəlmişkən
deyək ki, Malayziya ən sürətlə inkişaf etməkdə
olan müsəlman ölkəsidir. Burada 27 milyon əhali
yaşayır. Nümayəndə heyətimiz bu ölkədə
olduğu üç gün ərzində - 21-24 may tarixlərində
bir sıra işçi görüşlər
keçirmişdir. Məlumat üçün
bildirək ki, Azərbaycan və Malayziya arasında təhsil
sahəsində əlaqələr 6-8 oktyabr 2008-ci il tarixlərində
İSESKO və Azərbaycan Respublikası Təhsil Nazirliyinin
təşkilatçılığı ilə Bakıda
keçirilmiş İslam ölkələrinin Ali və Elmi-Tədqiqat
nazirlərinin IV konfransı zamanı Bakıda səfərdə
olan Malayziyanın ali təhsil naziri Məhəmməd
Xalid Bin Nordinlə keçirilmiş görüşdən
sonra yeni mərhələyə qədəm qoymuşdur.
2008-ci ilin noyabrında Malayziya Ali Təhsil Nazirliyinin və
Bakı Təhsil Məlumat Mərkəzinin təşəbbüsü
ilə Bakıda Malayziya təhsil yarmarkası keçirilmişdir.
Yarmarkanın məqsədi bütün maraq göstərən
şəxsləri bir yerə toplayaraq onları Malayziya
universitetlərində təhsil almaq imkanları barədə
lazımi məlumatla təmin etmək idi. Onu da
qeyd edək ki, Malayziyanın beş ali təhsil müəssisəsi
yuxarıda göstərilən Dövlət Proqramı çərçivəsində
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən
təsdiq olunmuş "Azərbaycan gənclərinin xaricdə
təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil
müəssisələrinin siyahısı"na daxil
edilmişdir.
21 may
2009-cu il tarixində təhsil naziri Misir Mərdanov
Malayziyanın ali təhsil naziri ilə görüş
keçirmişdir. Görüşdə Ali Təhsil
Nazirliyinin müvafiq qurumlarının rəhbərləri ilə
yanaşı, bu ölkənin qabaqcıl ali təhsil müəssisələrinin
rektorları da iştirak etmişlər. Danışıqların
əsas mövzusu Malayziya tərəfindən təqdim
olunmuş "Azərbaycan Respublikası hökuməti və
Malayziya hökuməti arasında ali təhsil sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu" layihəsinin və Azərbaycan
gənclərinin Malayziya ali təhsil müəssisələrində
təhsil almaq imkanlarının müzakirəsi
olmuşdur. Görüş zamanı cənab Misir Mərdanov
Malayziyanın ali təhsil nazirinin diqqətinə
çatdırıb ki, hazırda qeyd olunan Anlaşma Memorandumu
razılaşdırılma məqsədi ilə Azərbaycanın
müvafiq dövlət qurumlarına göndərilmişdir. Görüşdə Malayziyanın ali təhsil
nazirinin müavini və bir sıra universitetlərin
rektorları tərəfindən bu ölkənin ali təhsil
sistemi, eləcə də xarici tələbələrin
Malayziyada təhsil alması ilə bağlı mövcud olan
şərait və şərtlər barəsində nümayəndə
heyətinə ətraflı məlumat verilib.
Cənab Bin Nordin Azərbaycan gənclərinin Malayziya
universitetlərində təhsil alması təklifini dəstəkləyərək
qeyd etmişdir ki, Malayziya tərəfi bu təklifin həyata
keçirilməsi üçün lazımi tədbirləri
görməyə hazırdır.
Yeri gəlmişkən
qeyd edək ki, Malayziyada ali təhsil çox inkişaf edib.
ölkənin bir neçə universitetinin adı
dünyanın ən yaxşı universitetləri
sırasına daxildir.
Həmin
gün nümayəndə heyəti Kuala-Lumpurun Politexnik
Kollecində olmuşdur. Kollecin direktoru və rəhbərliyi
ilə aparılan müzakirələr zamanı bu ölkənin
orta ixtisas təhsili haqqında ətraflı məlumat
verilmiş və Azərbaycanın orta ixtisas təhsili müəssisələri
ilə Malayziya kollecləri arasında birbaşa əlaqələrin
yaradılması imkanları nəzərdən
keçirilmişdir.
Malayziyaya
səfər zamanı nümayəndə heyətimiz bu ölkənin
ali məktəblərində təhsil alan iki azərbaycanlı
gənclə də görüşüb. Onların biri
Bakı Avropa Liseyinin məzunu Rəşad Məmmədov
Malayziya Universitetinin magistraturasını bitirib. Hazırda
doktorantura təhsilini başa vurmaqdadır. Hələ təhsilini
başa vurmamış buradakı məşhur şirkətlərin
birində çalışır. Səfər zamanı
nümayəndə heyətimizə məlumat verilib ki, Cavad
xanın kötücələrindən biri Malayziyada məşhur
cərrahdır.
Sonra təhsil
naziri üç gün ərzində Sinqapurda olub. Səfər
zamanı nümayəndə heyəti bu ölkənin ali təhsil
müəssisələrində təhsil alan səkkiz azərbaycanlı
tələbə ilə görüşüb. Onlar
2005-2006-cı illərdə keçirilmiş beynəlxalq
olimpiadaların qalibləridir. Hazırda Sinqapur Universitetində
Sinqapur dövlətinin hesabına təhsil alan həmin tələbələrin
Dövlət Proqramı çərçivəsində təhsillərini
davam etdirmələri məsələsi görüş
zamanı ətraflı müzakirə olunub.
27-31 may
tarixlərində isə nümayəndə heyətimiz
Yaponiyada olub. Səfər zamanı bu ölkənin Təhsil,
Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi, Tokio
Milli Texnologiya Kolleci, Yaponiya Fondu və Tokio Universitetində
işçi görüşləri keçirilib. Yaponiyanın təhsil, mədəniyyət, idman, elm
və texnologiya naziri Ryu Şionoya ilə görüş
zamanı Yaponiya ilə Azərbaycan arasında təhsil sahəsində
əməkdaşlığın genişləndirilməsi,
iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq
haqqında sazişin imzalanması, eləcə də azərbaycanlı
gənclərin Dövlət Proqramı
çərçivəsində Yaponiyanın ali təhsil
müəssisələrində təhsil alması və
Yaponiya hökuməti tərəfindən azərbaycanlı gənclərin
bu ölkədə təhsil alması məqsədi ilə
qrantların ayrılması məsələləri müzakirə
edilib. Təhsil naziri Misir Mərdanov
görüş zamanı Azərbaycan Respublikası hökuməti
adından ölkəmizin təhsil sisteminə Yaponiya tərəfindən
göstərilən yardıma, azərbaycanlılar
üçün müvafiq təqaüdlərin
ayrılmasına, o cümlədən Azərbaycanın
müxtəlif rayonlarında məktəb
tikintisi və bərpası, orta məktəblərin
lazımi avadanlıqlarla təmin olunması sahələrində,
həmçinin Azərbaycanda İkinci Təhsil
İslahatı Layihəsinin hazırlanmasına maliyyə
yardımının edilməsi məqsədi ilə qrantın
ayrılmasında göstərilən dəstəyə
görə minnətdarlığını ifadə edib.
Misir Mərdanov görüşdə
Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və
texnologiya naziri Ryu Şionoya Azərbaycan tərəfindən
hazırlanmış və Yaponiya tərəfinə təqdim
olunmuş təhsil sahəsində əməkdaşlıq
haqqında sazişi imzalamaq üçün ölkəmizə
dəvət edib.
Təhsil
müəssisələrində növbəti
görüşlərdən biri Tokio Universitetində olub. Bu universitetin rektoru ilə aparılan
qarşılıqlı fikir mübadiləsi zamanı ali təhsil
müəssisələrinin maliyyələşdirilməsi, təhsilin
məzmunu, ali məktəblərin idarəolunması və tələbə
qəbulu, tələbələrin biliklərinin qiymətləndirilməsi
və universitetlərin reytinqinin müəyyənləşdirilməsi
sistemi ilə bağlı məsələlər müzakirə
olunub. Eyni zamanda azərbaycanlı gənclərin
Dövlət Proqramı çərçivəsində Tokio
Universitetində təhsil alması, yapon gənclərinin
ölkəmizin ali təhsil müəssisələrində Azərbaycanşünaslıq
üzrə təhsil proqramlarında iştirakı, müəllim
və tədqiqatçı mübadiləsi, eləcə də
İKT sahəsində Azərbaycan universitetləri ilə
birbaşa əməkdaşlığın həyata
keçirilməsi imkanları nəzərdən
keçirilib.
Təhsil
naziri Tokio Universitetində olarkən burada təhsilini davam
etdirən Kərimova soyadlı azərbaycanlı tələbə
ilə də görüşüb. Xəzər Universitetinin məzunu
olan həmyerlimiz Asiya İnkişaf Bankının elan etdiyi
proqramı udaraq Tokio Universitetində təhsilini davam etdirmək
imkanını qazanıb. İndi o, bu universitetdə Azərbaycan
üçün çox vacib olan ekologiya ixtisası üzrə
magistraturada təhsil alır.
Yaponiyada
olarkən nümayəndə heyətimiz bir peşə təhsili
müəssisəsinə baş çəkib, Yaponiyanın
ölkəmizdəki keçmiş səfiri Toşiyuki
Fucivara ilə görüşüb.
Səfər
çərçivəsində sonuncu görüş isə
Yapon Fondunda keçirilib. Fondun prezidenti cənab
Kazuo Oqoura onun fəaliyyəti haqqında nümayəndə
heyətimizə ətraflı məlumat verib və Azərbaycanla
Yapon Fondu arasında gələcək əməkdaşlığın
qurulması ilə bağlı bir sıra təkliflər irəli
sürüb. 1972-ci ildə Yaponiyanın Xarici İşlər
Nazirliyi nəzdində yaradılmış
və 2003-cü ildən müstəqil fəaliyyətə
başlamış Yapon Fondu dünyada beynəlxalq mədəni
mübadilə sahəsində müxtəlif layihələrin
hazırlanması və həyata keçirilməsi istiqamətində
geniş fəaliyyət göstərən ictimai təşkilatdır.
Təşkilat Yaponiya dövləti tərəfindən maliyyələşdirilir
və onun illik büdcəsi 1.130.000.000 ABŞ dolları həcmindədir.
Yapon dilinin, mədəniyyətinin və iqtisadiyyatının
öyrənilməsi ilə bağlı beynəlxalq layihələrin
maliyyələşdirilməsi və həyata keçirilməsi
Fondun əsas fəaliyyət istiqamətini təşkil edir.
Görüş zamanı Təhsil Nazirliyi ilə Yapon Fondu
arasında Fondun dəstəyi ilə Azərbaycan-Yaponiya
qardaşlaşmış məktəblər şəbəkəsinin
yaradılması və Azərbaycan məktəblərində
yapon dilinin tədrisinin təşkilində ekspert
yardımının edilməsi, Yaponiyanın mədəniyyəti
və iqtisadiyyatının öyrənilməsi məqsədi ilə bu
ölkə tərəfindən təqaüdlərin
ayrılması, eləcə də Fondun nəzdində fəaliyyət
göstərən təlim mərkəzlərində azərbaycanlı
müəllimlərin ixtisasartırma kurslarında iştirak
etməsi barədə razılıq əldə olunub.
Bütövlükdə
maraqlı keçən səfər Azərbaycanla qeyd olunan
ölkələr arasında təhsil sahəsində əməkdaşlıq
üçün geniş perspektivlərin olduğunu göstərib.
Y.ƏLİYEV
Azərbaycan müəllimi.-2009.-5 iyun.-S.2.