Kurikuluma dair kurslardan keçən tələbələrə
sertifikatlar verilib
Artıq 2008-2009-cu tədris ilindən ibtidai siniflərdə fənn kurikulumları tədris olunmağa başlanılmışdır. Tədris prosesini yüksək peşəkarlıqla təşkil etmək üçün 9000 ibtidai sinif müəllimi Milli Kurikulum üzrə keçirilən xüsusi kurslara cəlb olunmuşdur. Lakin onlar kurslarda iştirak etmək üçün işdən ayrılırlar. Bu işin təşkili üçün çoxlu ezamiyyə xərcləri sərf olunur.
Bütün bunları nəzərə alaraq Azərbaycan Müəllimlər İnstitutunun səmərəli təklifi irəli sürülmüşdür. Burada ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alan axırıncı kurs tələbələrinə fənn kurikulumunun öyrədilməsinə dair 30 saatlıq kursların təşkili haqqında qərar qəbul edilmişdir. Respublikada ilk dəfə tətbiq olunan yeni fənn kurikulumu üzrə təşkil olunan birhəftəlik kursda institutun 142 tələbəsi iştirak etmişdir. Seminarın yekununda qiymətləndirmə aparılaraq onların Milli Kurikulumu mənimsəmə dərəcəsi yoxlanılmışdır.
Nəticədə 133 nəfər tələbəyə sertifikat verilmişdir. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov iştirak etmişdir. Sertifikatların təqdimat mərasimində bir neçə tələbə Milli Kurikuluma dair şərti dərs nümunəsi nümayiş etdirmişdir.
Yekunda təhsil naziri Misir Mərdanov bu təcrübənin bütün ali məktəblərdə tətbiq olunmasını əhəmiyyətli hesab etmişdir. Sonda kursdan keçən hər bir tələbəyə kurikuluma dair hazırlanmış metodiki materiallar qovluğu verilmişdir.
Azərbaycan müəllimi.-2009.-19
iyun.-S.2.