Dövlət Proqramının birinci ili
başa çatdı
İyunun 12-də "Gülüstan" sarayında
ölkə Prezidenti cənab İlham Əliyevin 2008-ci il 10
iyun tarixli sərəncamı ilə təsdiq edilmiş
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"nın illik iş fəaliyyətinə həsr
olunmuş "Müasir tədris texnologiyaları" mövzusunda konfrans keçirildi.
Konfransda Prezident Administrasiyası Humanitar siyasət
şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri
Misir Mərdanov, rabitə və informasiya texnologiyaları
naziri Əli Abbasov, təhsil nazirinin müavinləri, millət
vəkilləri və ali məktəblərin rektorları, təhsil
ictimaiyyətinin, ölkənin informasiya-kommunikasiya
texnologiyaları sektorunda çalışan qurumların,
müxtəlif beynəlxalq təşkilatların nümayəndələri
və kütləvi informasiya vasitələri təmsilçiləri
iştirak edirdi. Tədbirdə öncə təhsilin keyfiyyətinin
artırılmasında müasir tədris texnologiyalarından
bir vasitə kimi istifadə olunmasının əhəmiyyətindən
bəhs edən film nümayiş etdirildi.
Sonra Təhsil Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin rəisi
Samir Məmmədov Proqram çərçivəsində bir
il müddətində görülmüş işlər və
qarşıda duran vəzifələr haqqında geniş məruzə-təqdimatla
çıxış etdi.
Konfrans iştirakçılarını salamlayan Samir Məmmədov
xatırlatdı ki, təhsil sahəsində İKT-nin tətbiqi
ilə bağlı birinci Dövlət Proqramı icra
olunmağa başlamazdan əvvəl ölkədə məktəblər
üzrə kompüter-şagird nisbəti 1:1000, pedaqoji heyətin
hazırlığı 1 faiz, İnternet bağlantısı 1,5 faiz idi.
2004-cü ildə cənab Prezident İlham Əliyev tərəfindən
imzalanmış "Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci
illər)" çərçivəsində həyata
keçirilən tədbirlər nəticəsində məktəblərin
İKT ilə təchizatı yaxşılaşdırılmış və inkişaf etmiş
ölkələrin standartlarına yaxın səviyyəyə
çatdırılmışdır. 29 şagirdə 1
kompüter nisbəti təmin edilmiş, pedaqoji heyətin
hazırlığı 8 faiz (12000 nəfər) olmuş, Azərbaycan
dili, tarix, fizika, kimya və biologiya fənləri üzrə
elektron dərsliklər hazırlanmışdır.
2008-ci il
10 iyun tarixində dövlət başçısı cənab
İlham Əliyev "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" haqqında sərəncamı
imzalamışdır.
Məruzəçi konfrans
iştirakçılarının diqqətinə
çatdırdı ki, bu Proqramın əsas məqsədi təhsilin
bütün pillələrində İKT-nin səmərəli
tətbiqi və istifadəsi, vahid ümummilli təhsil
mühitinin formalaşdırılması, əhalinin
bütün təbəqələri üçün keyfiyyətli təhsilalma
imkanlarının təmin edilməsi və Azərbaycan təhsilinin
dünya təhsil məkanına inteqrasiyasının
reallaşdırılmasıdır. Proqramın
icrasında qarşıda duran əsas vəzifə təhsil
sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi, elektron
təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi,
təhsil sistemində idarəetmənin
informasiyalaşdırılması, kadr potensialının
gücləndirilməsi və normativ-hüquqi bazanın təkmilləşdirilməsidir.
İnfrastrukturun
inkişafı sahəsində aşağıdakı işlərin
görülməsi nəzərdə tutulub: İKT üzrə maddi-texniki bazanın təkmilləşdirilməsi;
kompüter və rəqəmsal avadanlıq təminatı;
texniki nəzarət və dəstək sisteminin
yaradılması; korporativ şəbəkə, şəbəkə
idarəetmə və nəzarət sistemi; İntranet xidmətləri
və İnternet şəbəkəsinə
çıxışın təmin edilməsi.
Dövlət Proqramında elektron təhsillə
bağlı fənlər üzrə elektron elmi-metodik vəsaitlər
kompleksi, İKT-nin tətbiqi üzrə məlumat və resurs
mərkəzi və vahid təhsil portalının
yaradılması, elektron təhsil (e-Learninq) resursları
bazasının təkmilləşdirilməsi və interaktiv tədris
imkanlarının genişləndirilməsi üzrə tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulub.
Dövlət Proqramında elektron idarəetmə sahəsində
görüləcək işlərə təhsilin idarəolunmasında
vahid informasiya infrastrukturunun yaradılması, TİMS-in
inkişaf etdirilməsi, "Elektron hökumət" prinsiplərinin
tətbiqi və idarəedici dövlət orqanlarının
İKT avadanlığı və proqram vasitələri ilə
təmin
olunması daxildir.
Proqramın ən mühüm hissələrindən biri
olan kadr potensialının gücləndirilməsi sahəsində
pedaqoji və inzibati-idarəetmə heyətinin İKT üzrə
savadlılığının artırılması, pedaqoji
heyətin hazırlanma və ixtisasartırma sisteminin təkmilləşdirilməsi,
bölgələrdə və ucqar rayonlarda İKT üzrə
kadr təminatının
yaxşılaşdırılması, yaradıcı və
innovativ müəllimlərin motivasiya sisteminin
yaradılması istiqamətində tədbirlərin icra edilməsi
nəzərdə tutulub. Dövlət
Proqramı çərçivəsində normativ-hüquqi
bazanın təkmilləşdirilməsi istiqamətində
görüləcək işlərə mövcud qanunvericilik
aktlarının, hüquqi normaların və normativ sənədlərin
monitorinqi, zəruri normativ və standartların işlənilməsi
və tətbiqi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi
daxildir.
Konfrans iştirakçılarına Dövlət
Proqramı çərçivəsində bir ildə
görülmüş işlər haqqında məlumat verən
Samir Məmmədov bildirdi ki, regionda analoqu olmayan Məlumat və
Resurs Mərkəzi yaradılmış və mərkəzin fəaliyyəti
tamamilə təhlükəsizlik qaydalarına uyğun qurulmuşdur. Dünyanın
aparıcı şirkətlərinin təqdim etdiyi müasir
texnologiyaların tətbiqi ilə yaradılan mərkəzin
funksionallığı olduqca genişdir və ən müasir
texnoloji standartlara cavab verir. Proqramın infrastruktur
inkişafının tərkib hissəsi olan "Elektron məktəb"
layihəsi üzrə 2008-ci ildə 10 pilot məktəb
seçilmiş və bu məktəblərdə elektron məktəb
modeli tətbiq olunmağa başlanmışdır. Layihənin
əsas məqsədi seçilmiş təhsil müəssisələrinin
nümunəsində informasiya-kommunikasiya
texnologiyalarının orta təhsil sahəsində sistemli tətbiqini
həyata keçirməkdir. Bu məktəblər fibro-optik
İntranet və İnternet bağlantısı ilə təmin
olunmuş, əksər sinif otaqlarında noutbuk proyektorlar yerləşdirilmiş,
elektron lövhələr verilmişdir. Həmin müəssisələrdə
elektron idarəetmə tətbiq olunmağa başlanmış
və elektron tədris üsuluna keçid üçün zəmin
yaradılmışdır. Bu məqsədlə 2009-cu ildə
əlavə 10 məktəb seçilmişdir.
Əvvəlkindən fərqli olaraq bu Dövlət
Proqramının təkcə ümumtəhsil məktəblərini
deyil, digər təhsil müəssisələrini də əhatə
etdiyini diqqətə çatdıran natiq, ilk növbədə,
pedaqoji kadr hazırlığı ilə məşğul olan
ali məktəblərdə (Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Azərbaycan Dillər Universiteti, Azərbaycan Müəllimlər
İnstitutu, Bakı Slavyan Universiteti və Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutu) iş aparıldığını bildirdi və
bir il ərzində həyata keçirilən tədbirlər
haqqında məlumat verdi.
Samir Məmmədov
bildirdi ki, Dövlət Proqramı çərçivəsində
beynəlxalq standartlara uyğun olaraq yalnız lisenziyalı
proqram təminatından istifadə olunur. Həmin proqramlar həm
Məlumat və Resurs Mərkəzindəki serverlərdə,
həm də təhsil müəssisələrində
quraşdırılmışdır. Yüksəksürətli
və genişzolaqlı təhsil şəbəkəsi
qurulur, bunun vasitəsi ilə təhsil müəssisələrinə
verilən İnternet arzuolunmayan və zərərli məzmundan
qorunur.
2008-ci
ildə 200 təhsil müəssisəsinin İnternet
bağlantısı ilə təmin olunduğunu deyən məruzəçi
2009-cu ilin sonunadək onların sayının 500-ə
çatdırılacağını bildirdi. Qeyd olundu ki,
müəssisələrin İKT ilə bağlı problemlərini
həll etmək məqsədilə texniki dəstək sistemi
yaradılmış və mərkəzi "qaynar xətt"
(146) istifadəyə verilmişdir.
Elektron təhsil
sahəsində görülən işlər haqqında
danışan Samir Məmmədov artıq Milli Təhsil
Portalının yaradılması üzrə işlərin
birinci mərhələsinin başa
çatdığını dedi. Portalın Təhsil Nazirliyi
tərəfindən testləşdirilmiş hazır
funksionallarından dörd istifadəçi qrupu yararlana bilər:
müəllim, şagird, tələbə və valideynlər.
Hər bir istifadəçi qrupu üçün xüsusi
interfeys və funksionallar nəzərdə tutulub. Bu, onlara
rahat və operativ olaraq məhz konkret qrup üçün nəzərdə
tutulmuş məlumat və serverlərdən istifadə etməyə
imkan yaradacaq.
Tədbir
iştirakçılarının diqqətinə
çatdırıldı ki, Məlumat və Resurs Mərkəzində
qurulan sistemin əsas məqsədlərindən biri də təhsilin
idarəedilməsinə dəstək olmaqdır. Elektron idarəetmə sahəsində əsasən Məktəb
İdarəetmə Proqramı, Elektron Dərsləri İdarəetmə
Proqramı, Elektron Jurnal və Məktəb Xəritəsi
proqramlarından istifadə olunur və bunlar son nəticədə
təhsilin şəffaflığını və keyfiyyətini
artırmağa xidmət edir.
Dövlət Proqramı çərçivəsində
kadr potensialı sahəsində görülmüş işlərdən
bəhs edən məruzəçi pilot məktəblərin
seçimində pedaqoji kadrların hazırlıq səviyyəsinin
əsas meyar kimi götürüldüyünü, təhsildə
İKT-nin tətbiqinin müəllimlərin hazırlıq səviyyəsindən
birbaşa asılı olduğunu qeyd etdi və Təhsil
Nazirliyinin təchizatı əsasən peşəkar
kadrları olan müəssisə və regionlara yönəltməyə
çalışdığını vurğuladı. O,
artıq ölkədə hər 4 müəllimdən birinin
İKT təbliğatçısına çevrilə biləcəyini
dedi.
Bu biliklərin tətbiqi üçün xüsusi qiymətləndirmə
və motivasiya sisteminin yaradıldığını bildirən
Samir Məmmədov ötən il bir sıra müsabiqələrin
keçirildiyini xatırlatdı, inkişaf etmiş ölkələrin
təcrübəsinin xüsusi indikatorlar əsasında
qurulmuş sertifikatlaşma sisteminin müəllimləri
İKT-nin tətbiqinə
daha çox sövq etdiyini göstərdiyini nəzərə
çatdırdı.
Tədbir
iştirakçılarına bildirildi ki, 2008-ci ildə
artıq İKT-nin tətbiqi ilə bağlı
normativ-hüquqi baza üzrə müəyyən işlər
görülmüşdür. Bunlar, əsasən,
təhsil nazirinin müvafiq əmrləri ilə təsdiq
edilmiş "Təhsil müəssisələrinin
İnternet bağlantısının təşkili barədə",
"Sınaq Protokolu", "İnternetdən istifadə ilə
bağlı Nümunəvi Qaydalar", "Məzmunun
süzgəclənməsi üzrə Tövsiyələr"
və s. sənədlərdir.
Gələcəkdə
Dövlət Proqramı çərçivəsində
görüləcək işlərdən danışan Samir Məmmədov
növbəti illərdə əsas məqsədin gəncləri
XXI əsr qlobal bilik iqtisadiyyatına hazırlamaq olduğunu
dedi. Bunun üçün təhsilin təkamülünə
aparan istiqamətlər nəzərə alınmalı, XXI əsr
bacarıqlarını aşılayan layihələr həyata
keçirilməli, rəqəmsal və fərdiləşdirilmiş
tədris üçün şərait
yaradılmalıdır.
Məruzəçi bununla bağlı bir neçə
inkişaf etmiş ölkənin təcrübəsini konfrans
iştirakçılarının diqqətinə
çatdırdı, fərdiləşdirilmiş tədrisin
(1 şagird- 1 kompüter, 1 müəllim - 1 kompüter)
elektron kommersiyanın inkişafı, istehsalatın və
işçi qüvvəsinin artması, işsizliyin azaldılması və yeni iş yerlərinin
açılmasına səbəb olacağını dedi. Təqdimatını başa çatdıran Təhsil
Sisteminin İnformasiyalaşdırılması İdarəsinin
rəisi Samir Məmmədov çıxışının
sonunda gələcək nəslin intellektual
inkişafını şərtləndirən belə
proqramlara göstərdiyi diqqət və qayğıya görə
ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını
bildirdi.
Məlum olduğu kimi, "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən təsdiq edildikdən sonra icrası
üçün Nazirlər Kabinetinin qərarı ilə Təhsil
Nazirliyi yanında ayrıca qurum - Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsi və ULTRA,
İntel, Microsoft, HP, SİVECO şirkətlərinin, AZEDUNET və
"Mədəd" humanitar təşkilatının
iştirakı ilə beynəlxalq konsorsium yaradıldı.
Hazırda Dövlət Proqramı çərçivəsində
müxtəlif layihələr İKT sahəsində ən
aparıcı milli və beynəlxalq təcrübədən
istifadə etməklə bu konsorsium tərəfindən həyata
keçirilir. Konfransda ULTRA şirkətinin
prezidenti Tahir Mirkişili, AZEDUNET təşkilatının
direktoru Səməd Abbasov, "Mədəd" humanitar təşkilatının
direktoru Emil Məmmədov, Microsoft şirkətinin Azərbaycan
"Təhsildə Əməkdaşlıq
Proqramı"nın meneceri Emin Axundov və İntel
korporasiyasının Qazaxıstan, Mərkəzi Asiya və
Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri
Dmitri Kiselin təqdimatları oldu. Təqdimatlarda
bu qurumların Dövlət Proqramının icrası istiqamətində
gördükləri işlər və həyata keçirdikləri
layihələr haqqında ətraflı məlumat verildi, eyni
zamanda onların fəaliyyəti ilə bağlı filmlər
nümayiş etdirildi.
Tədbir
zamanı bir neçə təhsil müəssisəsi ilə
canlı videobağlantı yaradıldı.
Sonra
söz Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova
verildi. Tədbir
iştirakçılarını salamlayan təhsil naziri
ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsinin
prioritet olduğunu və məhz bunun nəticəsində indi
Azərbaycanın bütün ümumtəhsil məktəblərində
müəllim və şagirdlər arasında İKT-yə
çox böyük həvəs və maraq
formalaşdığını dedi. Qeyd etdi ki, bir
neçə il əvvəllə müqayisədə fərqli
vəziyyəti asanlıqla müşahidə etmək
mümkündür. Təhsil müəssisələrinin əksəriyyətində
çox sayda kompüter və noutbuklar var və təhsil
sistemində İKT-nin tətbiqi yüksək səviyyədə
inkişaf edir.
Təhsil naziri Misir Mərdanov konfransı keçirməkdə
əsas məqsədin "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində 1 il müddətində
görülmüş işlər haqqında məlumat verməklə
yanaşı, həm də respublika ictimaiyyətinin diqqətini bu sahəyə cəlb
etmək olduğunu vurğuladı.
Nazir
artıq regionlarda təhsil sistemində İKT-nin tətbiqi ilə
bağlı çox sayda təlim mərkəzlərinin fəaliyyət
göstərdiyini çox əhəmiyyətli bir fakt kimi dəyərləndirdi.
Digər sevindirici məqam isə Təhsil Nazirliyinin
bazasında yüzə yaxın təlimçi-müəllimin
hazırlanmasıdır. Nazir gələcəkdə regionlarda
bu işi yaymaq məqsədilə həmin təlimçi-müəllimlərin
gücündən geniş istifadə ediləcəyini
bildirdi. Respublikada İKT sahəsində fəaliyyət
göstərən bütün beynəlxalq qurumların bu
işə cəlb olunmasının zəruri olduğunu deyən
nazir Misir Mərdanov Dövlət Proqramının çox
böyük uğurla icra ediləcəyinə əmin
olduğunu söylədi və bu yolda bütün təhsil
işçilərinə müvəffəqiyyətlər
arzuladı.
Rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasov son illər Azərbaycanda İKT sahəsində
böyük irəliləyişlərin beynəlxalq səviyyədə
diqqəti cəlb etdiyini və təhsil sistemində bu
texnologiyaların tətbiqinin inkişaf etmiş ölkələrin
göstəricilərinə
yaxınlaşdığını bildirdi.
Artıq
təhsil sistemimizin dünyaya
açıldığını deyən nazir informasiya
texnologiyalarının qlobal yayılmasının virtual tədris
sisteminə gətirib çıxardığını və
bunun böyük bir rəqabət yaratdığını
qeyd etdi. Əli Abbasov daha sonra dedi: "Təhsil naziri Misir Mərdanov
təhsil sistemində mövcud olan bütün problemləri
daim cəmiyyətin diqqətinə çatdırmağa və
ictimaiyyətin köməyi ilə həll etməyə
çalışır. Bu mənada informasiya-kommunikasiya
texnologiyaları çox böyük imkanlar yaradır. Mən
Misir müəllimə bu istiqamətdəki fəaliyyətində
uğurlar arzulayıram".
Prezident Administrasiyası Humanitar siyasət şöbəsinin
müdiri Fatma Abdullazadə müasir dövrdə
informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə
müxtəlif sahələr üzrə biliklərə dərindən
yiyələnmək və daha çox öyrənmək istəyənlər
üçün böyük imkanların
yarandığını dedi. O, ayrı-ayrı nazirliklər, beynəlxalq
şirkətlər və özəl qurumların bu
Proqramın həyata keçirilməsində fəal
iştirakının fərəhləndirici hal olduğunu
vurğuladı.
Bu konfransın ölkədə İKT ilə bağlı
görülən işlərin diqqətə
çatdırılmasında böyük əhəmiyyətini
qeyd edən Fatma Abdullazadə Dövlət Proqramının
icrası istiqamətində qarşıda duran vəzifələrin
yüksək səviyyədə yerinə yetiriləcəyinə
əmin
olduğunu bildirdi və bu işdə hamıya uğurlar
arzuladı.
Bununla da
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"nın birillik fəaliyyətinə həsr
olunmuş konfrans başa çatdı.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2009.-19
iyun.-S.2.