Azərbaycan
təhsili: yaxın keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən
saylarında)
Hörmətli oxucular, ötən məqalədə özəl
ali təhsil müəssisələrinin yaranması mərhələləri,
bu sahədə çətinliklər, onların aradan
qaldırılması istiqamətində Təhsil Nazirliyi tərəfindən
atılan addımlar, o cümlədən 1999-2003-cü illərdə
özəl ali təhsil
müəssisələrinə tələbə qəbulu sahəsində
mövcud olan problemlər barədə fikirlərimi
bildirmişdim. Vəziyyətin təhlili göstərir ki, son
5 ildə bu sahədə müəyyən müsbət meyillər
müşahidə olunsa da, fəaliyyət hələ də
ürəkaçan deyildir. Faktları nəzərdən
keçirək. Belə ki, özəl ali təhsil
müəssisələrinə qəbul planı 2004-cü ildə
1751 nəfər, 2005-ci ildə 294 nəfər, 2006-cı ildə
437 nəfər, 2007-ci ildə 680 nəfər, 2008-ci ildə 299
nəfər kəsirlə yerinə yetirilmişdir.
ümumilikdə, 2004-cü ildə qəbul planı 69, 2005-ci
ildə 95, 2006-cı ildə 86, 2007-ci ildə 82, 2008-ci
ildə 92 faiz yerinə yetirilmişdir. Belə vəziyyət
özəl ali təhsil müəssisələrinə qəbul
planları hazırlanarkən tərəddüdlərə, yəni
artma və azalma tendensiyalarına səbəb olmuşdur.
Məlumdur
ki, ali təhsil müəssisələrində təhsilin
keyfiyyəti və rəqabətqabiliyyətli kadr
hazırlığı bir sıra amillərdən
asılıdır. Həmin amillər içərisində
müasir tələblərə cavab verən maddi-texniki baza və
infrastruktur, o cümlədən kitabxanalar və laboratoriyalar,
cəmiyyətin inkişaf tələblərinə uyğun məzmun,
həmin məzmunu özündə əks etdirən dərslik
və dərs vəsaitləri, çevik idarəetmə
və ən başlıcısı isə yüksək
peşəkarlığa malik professor-müəllim heyəti
daha əhəmiyyətli yer tutur.
Özəl ali təhsil müəssisələrinin
maddi-texniki bazasının vəziyyəti və mövcud
problemlər barədə ötən məqalədə məlumat
vermişdik. Müasir tələblər səviyyəsində
təchiz edilmiş kitabxana və laboratoriyalar sahəsində
isə özəl ali məktəblərimizdə vəziyyət
heç də ürəkaçan deyil, bu istiqamətdə
ciddi addımlar atılmalıdır. Dərslik və dərs
vəsaitləri ilə təminat məsələsi yalnız
özəl ali təhsil müəssisələrində deyil,
dövlət təhsil müəssisələri
üçün də həll edilməmiş problem olaraq
qalır.
Sadalanan əsas amillər içərisində,
şübhəsiz, ali məktəblərin
peşəkar və səriştəli elmi-pedaqoji kadrlarla təminatı
xüsusi yer tutur. Sübut
etməyə ehtiyac yoxdur ki, məhz bu amil keyfiyyətin əsas
qarantı kimi çıxış edir. Etiraf edək
ki, hələlik əksər özəl ali təhsil müəssisələrinin
elmi-pedaqoji kadrlarla təminatı istənilən səviyyədə
deyildir və keyfiyyətin aşağı olmasının əsas
səbəblərindən biri də məhz bununla
bağlıdır.
Cədvəldən
göründüyü kimi, özəl ali məktəblərdə
0,5 ştatla və saathesabı işləyən müəllimlər
üstünlük təşkil edirlər. Belə ki, Azərbaycan
İctimai Siyasi Universitetində professor-müəllim heyətinin
yalnız 3 nəfəri (3,0%), Bakı Asiya Universitetində 9 nəfəri
(16,6%), Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasında 15 nəfəri (24,1%), Azərbaycan Beynəlxalq
Universitetində 229 nəfəri (40,0%) tam ştatda işləyir.
Professor-müəllim heyətinin Azərbaycan İctimai Siyasi
Universitetində 93,8, Bakı Asiya Universitetində 59,2, Azərbaycan
Universitetində 47,5, Azərbaycan Beynəlxalq Universitetində
51,6 faizi 0,5 ştatla fəaliyyət göstərir.
Acınacaqlı haldır ki, hazırda bütün özəl
ali təhsil müəssisələrində
çalışan müəllimlərin yalnız 50 faizi tam
ştatda olan müəllimlərdir.
Təhlil
göstərir ki, özəl ali təhsil müəssisələrində
kadr siyasətinin düzgün aparılmaması səbəbindən
müəllim-tələbə nisbəti beynəlxalq
standartlardan xeyli aşağıdır. Belə ki, bu nisbət
Bakı Avrasiya Universitetində 5,2, Azərbaycan İctimai
Siyasi Universitetində 5,8, Azərbaycan Universitetində 6,2, Qərb
Universitetində 7,4, Xəzər və Azərbaycan Beynəlxalq
universitetlərində 7,8, Odlar Yurdu Universitetində 8,2,
Bakı Qızlar Universitetində 8,6 faiz təşkil edir. Maraqlıdır, düşünmək olardı ki,
dövlət ali məktəblərində bu nisbətin
aşağı olması universitetlərin rəhbərliyini o
qədər də narahat etmir, ona görə ki, müəllimlərin
əməkhaqqı büdcə vəsaiti hesabına ödənilir.
Bəs özəl təhsil müəssisələri hansı
səbəbdən müəllim-tələbə nisbətinin
optimallaşdırılmasına səy göstərmir və
onsuz da məhdud olan maliyyə vəsaitlərindən səmərəli
istifadə etmirlər. Fikrimcə, özəl ali məktəblərin
rəhbərləri kadr siyasətini formalaşdırarkən
bu barədə də düşünməlidirlər.
Ümid edirəm ki, özəl ali təhsil
müəssisələrinin rəhbərləri təhsilin təşkilinin
əsas komponenti olan sabit elmi-pedaqoji kadr potensialının
formalaşdırılması və inkişafı, müasir təlim
texnologiyalarına bələd olan və onları tətbiq edə
bilən yüksək ixtisaslı kadrların
hazırlanması istiqamətində ciddi addımlar atacaq, əsaslı
dönüşə nail olacaqlar.
Məlumdur
ki, ali məktəblərdə tədris prosesinin təşkilində
kafedralar aparıcı yer tutur. çünki ali məktəbin
elmi-pedaqoji kadr potensialı ayrı-ayrı kafedralarda cəmləşir
ki, bunun köməyi ilə təhsil müəssisəsində
tədrisin təşkili təmin olunur. Bu mənada özəl
ali məktəblərdə ən ağrılı problemlərdən
biri də kafedraların təşkili ilə
bağlıdır. Təhlil göstərir ki, kafedraların əksəriyyətinin
professor-müəllim heyəti ilə komplektləşdirilməsi
və onlar üçün normal iş şəraitinin
yaradılması vəziyyəti qənaətbəxş
deyildir. Belə ki, kafedralarda müdir də daxil olmaqla elmi dərəcəlilərin
və ştatda olanların sayı çox azdır. Bir çox hallarda kafedra müdirinin ixtisası
kafedranın profilinə uyğun gəlmir, elmi seminarlar
keçirilmir, magistrlərın elmi rəhbərlərinin təyin
olunması, bakalavr buraxılış işi və magistr
dissertasiyalarının mövzularının müzakirəsi
və təsdiqi, onların müdafiəyə
buraxılması ilə bağlı müzakirələr
təşkil edilmir, elmi, elmi-pedaqoji araşdırmalar
aparılmır, tələbələr elmi-tədqiqat işlərinə
fəal cəlb edilmir.
Özəl ali təhsil müəssisələrində
magistr hazırlığı sahəsində də ciddi
problemlər müşahidə olunur. Hazırda 4 təhsil
müəssisəsində (Azərbaycan İctimai Siyasi,
Bakı Asiya, Bakı Qızlar universitetləri və Azərbaycan
Əmək və Sosial Münasibətlər Akademiyası)
müvafiq baza və şərait olmadığından
ümumiyyətlə magistratura təhsili həyata
keçirilmir. Azərbaycan Kooperasiya Universitetində
3, Naxçıvan özəl Universitetində 7, Təfəkkür
Universitetində 14, Azərbaycan və Bakı Avrasiya
universitetlərində 17 nəfər magistrant təhsil
alır. ümumilikdə isə ölkəmizin bütün
özəl ali məktəblərinin magistratura pilləsində
təhsil alanların sayı cəmi 633 nəfərdir. Dünya səviyyəli universitetlərin reytinqinin
müəyyənləşdirilməsində magistrlərin
sayının əsas parametrlərdən biri olduğunu nəzərə
alsaq, bizim özəl ali təhsil müəssisələrimizdə
bu sahədə vəziyyətin nə qədər
acınacaqlı olduğunun bir daha şahidi olarıq.
Bu
gün özəl təhsil müəssisələrində
narahatlıq doğuran əsas problemlərdən biri də tələbələrin
yekun dövlət attestasiyasına buraxılmasında ciddi
nöqsanlara yol verilməsidir. Təhsil Nazirliyi
tərəfindən aparılmış monitorinqlər göstərmişdir
ki, mövcud qanunvericiliyin tələbləri pozularaq şəxsi
işlərində zəruri sənədlər olmadan, akademik
borclar ləğv olunmadan, başqa təhsil müəssisələrindən
köçürülərkən akademik fərqlər
düzgün hesablanmadan, xarici ölkə
təhsil müəssisələrindən köçürmələr
aparılarkən təlimati sənədlərin tələblərinə
əməl olunmadan, müvafiq ixtisaslar üzrə tədris
planlarında nəzərdə tutulmuş fənlər tam tədris
edilmədən tələbələr yekun dövlət
attestasiyasına buraxılırlar. Ona görə də
nazirliyin kollegiyası qərar qəbul etmişdir ki, yalnız
sənədlər nazirlikdə araşdırıldıqdan və
müvafiq razılıq verildikdən sonra tələbələr
yekun dövlət attestasiyasına buraxıla bilərlər.
Cari tədris ilində özəl ali təhsil müəssisələrində
yekun dövlət attestasiya imtahanlarına buraxılması nəzərdə
tutulan tələbələrin sənədləri
araşdırılarkən onların əksəriyyətinin
ümumiyyətlə istehsalat təcrübəsi keçmədikləri
və ya keçdikləri təcrübənin ixtisaslarına uyğun
olmadığı aşkar edilmişdir. Belə
ki, Azərbaycan, Asiya, Qərb, Avrasiya, Qafqaz universitetlərində
beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər
və politologiya ixtisasları üzrə təcrübə tələbələrin
ixtisaslarına uyğun olmamış,
hüquqşünaslıq, beynəlxalq hüquq və beynəlxalq
münasibətlər ixtisasları üzrə nə təcrübə
rəhbərləri, nə də tələbələr təcrübə
keçdikləri ünvan barədə heç bir məlumat
verə bilməmişlər. Azərbaycan Kooperasiya
Universitetində isə qiyabi şöbədə təhsil
alan tələbələrə ümumiyyətlə təcrübə
keçirilmir. Nazirlər Kabinetinin 19.09.2008-ci il
tarixli, 221 saylı qərarına zidd olaraq Asiya, Bakı
Qızlar, Qərb, Azərbaycan, Azərbaycan Beynəlxalq
universitetlərinin pedaqoji fakültələrinin qiyabi
şöbələrində təhsil alan tələbələri
hər hansı bir orta məktəbdə işlədikləri
barədə arayış təqdim etməklə təcrübədən
yayınırlar. Halbuki mövcud qaydalara əsasən,
onların diplom təqdim etmədən işləmək
ixtiyarları yoxdur. Bu vəziyyət təhsil
müəssisələrində birbaşa bu işə cavabdeh
olan şəxslərin öz vəzifələrinin öhdəsindən
gələ bilmədiklərinin, müəssisə rəhbərlərinin
isə belə bir ciddi işə məsuliyyətsiz
yanaşmasının göstəricisidir. Hesab edirəm
ki, ali məktəb rəhbərləri qanunvericiliyin tələblərinə
ciddi əməl etməli, belə hallara son
qoymalıdırlar.
Əksər özəl ali təhsil müəssisələrini
bitirən məzunların işlə təminatında da ciddi
problemlər vardır. çünki bəzi istisnalar olmaqla, həmin
məzunların ixtisas üzrə hazırlıq səviyyəsi
qaneedici olmur, rəqabətdə asanlıqla uduzurlar. Məlumdur ki, özəl ali təhsil
müəssisələrinin bir çoxu pedaqoji kadr
hazırlığı ilə də məşğul olur. Müşahidələr, rayon təhsil şöbələri
və ümumtəhsil məktəbləri rəhbərlərinin
rəyləri göstərir ki, həmin ali təhsil müəssisələrini
bitirmiş və müəllim ixtisasına yiyələnmiş
məzunlar nəinki öz ixtisası üzrə, hətta
elementar pedaqoji, psixoloji və metodik hazırlığa
belə malik olmurlar. ümumilikdə belə bir təsəvvür
yaranır ki, onlar ixtisasları üzrə təhsil
almamışlar. Təxmin etmək olar ki, digər sahələr
üzrə hazırlanan kadrların əksəriyyəti də
bu səviyyədədir.
Azərbaycanın Boloniya prosesinə qoşulması ilə
əlaqədar bir neçə özəl ali təhsil müəssisəsi
istisna olmaqla, ümumilikdə bu istiqamətdə aparılan
işləri qənaətbəxş hesab etmək olmaz. Əslində,
özəl təhsil müəssisələri bu prosesdə
daha fəal iştirak etməli, Avropa məkanına inteqrasiya, rəqabətqabiliyyətli
kadr hazırlığı sahəsində səylərini
artırmalıydılar. özəl təhsil müəssisələrinin
nazirliyə təqdim etdikləri məlumata əsasən,
Boloniya Bəyannaməsinin əsas tələblərindən
olan tədrisin kredit sistemi ilə təşkili bütün
kurslar üzrə 7487 tələbəni əhatə
etmişdir ki, bu da ümumi tələbə kontingentinin 39,2
faizini təşkil edir. Azərbaycan İctimai Siyasi, Təfəkkür
universitetlərində və Azərbaycan Əmək və
Sosial Münasibətlər Akademiyasında ümumiyyətlə
kredit sisteminin tətbiqinə
başlanılmamışdır.
Əlbəttə, özəl təhsil müəssisələrində
kredit sisteminin tətbiqi ilə bağlı vəziyyət məlumatda
olduğu kimi olsaydı, bu sahədə müəyyən
uğurdan danışmaq olardı. Lakin Təhsil Nazirliyi tərəfindən
özəl təhsil müəssisələrində
aparılan sorğuların nəticələri bu sahədə vəziyyətin
ürəkaçan olmadığını göstərmişdir.
Belə
ki, "Oxuduğunuz ali məktəbdə kredit sisteminin tətbiqi
sizi qane edirmi" sualına Odlar Yurdu Universitetində
respondentlərin 59, Qərb Universitetində 77 faizi
"yox" cavabı vermişlər. "Kredit
sistemi ilə bağlı normativ sənədlərlə
tanışsınızmı" sualına verilən
cavablardan aydın olmuşdur ki, respondentlərin Odlar Yurdu
Universitetində 49,1, Qərb Universitetində 54,1, Azərbaycan
Universitetində 54,5, Bakı Qızlar Universitetində 76,4
faizi bu sahədə müvafiq normativ sənədlərlə
tanış olmadıqlarını qeyd etmişlər.
"Müəllim seçimində sizə müstəqillik
verilirmi" sualını cavablandıran respondentlərin Odlar
Yurdu Universitetində 74,3, Xəzər Universitetində 59, Qərb
Universitetində 96,2, Azərbaycan Əmək və Sosial
Münasibətlər Akademiyasında 73, Asiya Universitetində
46, Bakı Biznes Universitetində 53,4, Azərbaycan Universitetində
100, Bakı Qızlar Universitetində 88,2, Bakı Avrasiya
Universitetində
63,8 faizi "yox" cavabı vermişlər.
"Fərdi
planların tutulmasında iştirak etmisinizmi" sualına
cavablar zamanı da respondentlərin rəyi əsasən mənfi
olmuşdur. Belə ki, onların Odlar Yurdu
Universitetində 87,1, Xəzər Universitetində 64, Qərb
Universitetində 66,6, Azərbaycan Əmək və Sosial
Münasibətlər Akademiyasında 47,6, Asiya Universitetində
53,4, Bakı Biznes Universitetində 46,5, Azərbaycan
Universitetində 81,8, Bakı Qızlar Universitetində 91 faizi
həmin prosesdə iştirak etmədiklərini bildirmişlər.
"Növbəti dərs ilinə fərdi plan tərtib edilərkən
sizin fənn seçiminiz nəzərə
alınırmı" sualına da demək olar ki, əksər
universitetlərdə respondentlərin böyük hissəsi
inkar cavabı vermişlər.
"Təhsil aldığınız tədris müəssisəsində
akademik borcu olan tələbələr tərəfindən fənni
təkrar dinləmədən kreditlərin qazanılması
hallarına rast gəlmisinizmi" sualına respondentlərin
Odlar Yurdu Universitetində 30,1, Xəzər Universitetində 27,
Qərb Universitetində 14,8, Azərbaycan Əmək və Sosial
Münasibətlər Akademiyasında 10,7, Asiya Universitetində
23,2, Bakı Biznes Universitetində 81,3, Azərbaycan
Universitetində 11,3, Bakı Qızlar Universitetində 11,7,
Bakı Avrasiya Universitetində 13,8 faizi fənni təkrar dinləmədən
kreditlərin qazanılması hallarına rast gəldiklərini
bildirmişlər ki, bu da Boloniya prosesinin təməl prinsiplərinə
tam ziddir.
"Kredit sisteminin tətbiqi biliyinizin obyektiv qiymətləndirilməsinə
necə təsir göstərib" sualını
cavablandırarkən respondentlərin Odlar Yurdu Universitetində
37,9, Xəzər Universitetində 17,2, Qərb Universitetində
18,5, Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasında 12, Asiya Universitetində 16,2, Bakı Biznes
Universitetində 27,9, Azərbaycan Universitetində 15,9, Bakı Qızlar Universitetində
32,3, Bakı Avrasiya Universitetində 19,4 faizi yeni sistemin
onların biliyinin qiymətləndirilməsinə heç bir
təsir etmədiyini bildirmişdir. Eyni zamanda respondentlərin
Odlar Yurdu Universitetində 27,9, Qərb Universitetində 59,2,
Bakı Biznes Universitetində 37,2, Azərbaycan Universitetində
15,9, Bakı Qızlar Universitetində 14,7 faizi hətta yeni
sistemin qiymətləndirməyə mənfi təsir etdiyi qənaətində
olmuşdur.
"Tədris olunan fənlər üzrə metodik təminatınız
varmı" sualına respondentlərin Odlar Yurdu Universitetində
41,8, Xəzər Universitetində 24,7, Qərb Universitetində
48,1, Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasında 53, Asiya Universitetində 41, Bakı Biznes
Universitetində 37,2, Azərbaycan Universitetində 68, Bakı
Qızlar Universitetində 47, Bakı Avrasiya Universitetində 30,5 faizi təminatın
kifayət qədər olmadığını qeyd etmişlər.
"Fikrinizcə, kredit sisteminin tətbiqi təhsildə
olan neqativ halların aradan qaldırılmasına xidmət
edirmi" sualını cavablandırarkən respondentlərin
Odlar Yurdu Universitetində 37,4 faizi, Xəzər Universitetində
80, Qərb Universitetində 22,2, Azərbaycan Əmək və
Sosial Müdafiə Akademiyasında 86, Asiya Universitetində 65,
Bakı Biznes Universitetində 50, Azərbaycan Universitetində 63,6, Bakı
Qızlar Universitetində 38,2, Bakı Avrasiya Universitetində
75 faizi müsbət cavablar vermişlər. Lakin bununla
yanaşı, respondentlərin təxminən
yarısının bu suala mənfi cavab verməsi narahatedici
amildir.
Ali təhsil müəssisəsində keyfiyyəti təmin
edən əsas amillərdən biri də daha çox sayda
abituriyentin həmin təhsil müəssisəsini seçməsi,
ciddi rəqabət şəraitində qəbul
imtahanlarında yüksək bal toplayan çoxlu sayda
abituriyentlərin həmin təhsil müəssisəsinə qəbul
olunmasıdır.
Təhlil göstərir ki, dövlət təhsil müəssisələri
ilə müqayisədə özəl ali məktəblərə
yüksək balla qəbul olunan tələbələrin
sayı kifayət qədər azdır. Belə ki, 2008-ci ildə
600-dən çox bal toplayanların ali məktəblər
üzrə paylanması da bunu sübut edir və heç də
özəl ali təhsil müəssisələrinin xeyrinə
deyildir. Qafqaz, Xəzər və Qərb universitetləri
istisna olmaqla digər özəl məktəblərin heç
birinə 600-dən çox bal toplayan bir nəfər
abituriyent belə qəbul olunmamışlar.
Qəbulun nəticələrinə əsasən, 400-dən
çox bal toplayanlar arasında ali məktəblərin
seçiminin təhlili göstərir ki, Qafqaz və Xəzər
universitetləri istisna olmaqla, digər özəl ali təhsil
müəssisələri belə abituriyentlər tərəfindən,
demək olar ki, seçilmir. Müsabiqə vəziyyətinin ən yüksək
həddi 3.565 olduğu halda, özəl ali məktəblər
üzrə bu göstərici 0.006-0.092 təşkil
etmişdir. Abituriyent ərizələrində ali məktəblərin
ixtisaslarının birinci yerdə rast gəlmə tezlikləri
təhlil edilərkən məlum olmuşdur ki, Qafqaz
Universiteti istisna olmaqla, burada da üstünlük dövlət
ali məktəblərinə məxsusdur.
Daha bir narahatlıq doğuran hal ondan ibarətdir ki, ali məktəblərə
qəbul olunan abituriyentlərin imtahan fənləri üzrə
orta statistik göstəriciləri bütün fənlər
üzrə özəl ali təhsil müəssisələrində
dövlət müəssisələrinə nisbətən
xeyli aşağıdır.
Əlbəttə, bütün bunlar son nəticədə
özəl ali təhsil müəssisələrində keyfiyyətə
mənfi təsir edən amillər kimi çıxış
edir. özəl ali təhsil müəssisəsi cəmiyyətdə
elə nüfuz qazanmalıdır ki, abituriyentlər ixtisas
seçərkən həmin təhsil müəssisələrini ilk olaraq
qeyd etsinlər. Sual olunur, əgər özəl təhsil
müəssisəsində hər hansı ixtisas üzrə
kadr hazırlığının keyfiyyəti dövlət təhsil
müəssisəsindən aşağıdırsa, onda onun fəaliyyətinə
ehtiyac varmı? Cavab birmənalıdır, əlbəttə
ki, yox.
Təcrübə
göstərir ki, ali məktəbin formalaşması,
inkişaf etməsi, ictimaiyyət arasında nüfuz
qazanması birbaşa rəhbərlikdən, onun idarəetmə
səriştəsindən, liderlik keyfiyyətlərindən və
nüfuzundan asılıdır. Düşünmək
olardı ki, dövlət ali təhsil müəssisələrinin
fəaliyyətinə müəyyən müdaxilələr
edilir, səlahiyyətlərin müstəqil həyata
keçirilməsi və qərarların qəbulunda bir
çox təsirlər mümkün ola bilir. Bəs
özəl ali təhsil müəssisələrində idarəetmə
sahəsində problemlərin mövcud olması nə ilə
bağlıdır. Axı onlar daha sərbəstdirlər, fəaliyyətlərinə
müdaxilələr, demək olar ki, yoxdur. Niyə özəl
ali məktəblərimiz dünya səviyyəli universitetlərlə
rəqabət aparmağa səy göstərmirlər. Təhlil
göstərir ki, həm "Tayms", həm də Şanxay
Universitetinin reytinq cədvəllərində ilk yerləri
tutan dünya səviyyəli universitetlər məhz özəl
ali təhsil müəssisələridir.
İdarəetmənin səmərəli təşkil edilməməsi
və kadr seçiminin düzgün aparılmamasının nəticəsidir
ki, əksər təhsil müəssisələrinin beynəlxalq
əlaqələri, beynəlxalq proqram və layihələrdə
iştirakı qənaətbəxş deyildir. Niyə özəl
universitetlər qazanılmış qrantlar hesabına müəssisəyə
vəsaitlər cəlb edə bilmirlər, ali məktəbin
büdcəsini yalnız tələbələrin ödədikləri
təhsil haqqı hesabına formalaşdırırlar. Əlavə
maliyyə mənbələrinin, investisiyaların cəlbi sahəsində
səmərəli iş aparmırlar. Nəticədə
isə universitetlərin inkişafına, innovasiyaların tətbiqinə,
professor-müəllim heyətinin bacarıqlarının
artırılmasına, müəllim və tələbə
mübadiləsinə vəsait tapa bilmirlər. Hesab edirəm
ki, özəl ali təhsil müəssisələrimiz bundan nəticə
çıxarmalı, beynəlxalq əlaqələrini
inkişaf etdirməlidirlər.
Hörmətli
oxucular, özəl təhsil müəssisələrinin fəaliyyətindən
bəhs edərkən daha çox problemlərdən danışırıq.
Bu da təbiidir, çünki cəmiyyətin ali məktəblərdən,
o cümlədən özəl ali təhsil müəssisələrindən
gözləntiləri yalnız yüksək keyfiyyətlə
bağlıdır. Bütün sadalanan və sadalanmayan
problemlərin fonunda bir uğurlu məqamı da diqqətinizə
çatdırmaq istəyirəm. TQDK-nın tərtib etdiyi cədvələ
nəzər salsaq, 1999 və 2008-ci illərdə özəl
ali məktəblərə qəbul olan abituriyentlərin orta
bal göstəricilərinin hissolunacaq dərəcədə
yaxşılaşmasını müşahidə edərik.
Demək olar ki, bütün özəl ali təhsil müəssisələrində
orta bal göstəriciləri yüksəlmişdir ki, bu da həmin
təhsil müəssisələrinin uğuru sayıla bilər.
Onu da qeyd etməliyəm ki, ölkəmizdə
fəaliyyət göstərən özəl təhsil müəssisələri
arasında uğurlu nəticələri ilə fərqlənən,
dövlət ali məktəbləri ilə rəqabət apara
bilənləri də vardır. Qafqaz, Xəzər, Qərb,
Odlar Yurdu universitetləri, son iki ildə isə Azərbaycan
Universiteti məhz belələrindəndir.
Qafqaz
Universiteti özəl ali təhsil müəssisələri
arasında ən yüksək reytinqə malik universitetdir. Təsadüfi deyildir ki, hər il qəbul
imtahanlarından yüksək bal toplamış abituriyentlər
məhz bu universiteti seçirlər, hətta bir sıra
dövlət universitetlərindən təhsil almaq
üçün tələbələr bu universitetə
köçürülməklə bağlı müraciətlər
edirlər. 2008-ci ildə ali məktəblərə qəbul
zamanı 600-dən çox bal toplayan 120 abituriyent məhz
Qafqaz Universitetini seçmişdir. Tələbə qəbulunun
yekunlarına əsasən, TQDK-nın
hazırladığı reytinq cədvəlində 37 dövlət
və özəl ali təhsil müəssisəsi arasında
bu universitet 12-ci yerdədir. Həmin universitetin
məzunları yüksək peşəkarlığı, rəqabətqabiliyyətliliyi
ilə fərqlənirlər və işəgötürənlər
tərəfindən həvəslə qəbul olunurlar ki, bu
da, ilk növbədə, universitetdə təhsilin keyfiyyəti,
idarəetmənin çevikliyi və peşəkar kadr
potensialının olması ilə bağlıdır.
Azərbaycanın ilk özəl ali təhsil müəssisəsi
olan Xəzər Universiteti beynəlxalq əlaqələrin
qurulması, beynəlxalq layihə və proqramlarda iştirak,
dünyanın aparıcı universitetləri ilə müəllim
və tələbə mübadiləsi, Boloniya Bəyannaməsinin
tələblərinə uyğun olaraq Avropa təhsil məkanına inteqrasiya
və digər sahələrdə təsirli tədbirlər
görməklə kadr hazırlığı sahəsində əsaslı
nailiyyətlər əldə etmiş, böyük nüfuz
qazanmışdır. Onu da qeyd etmək lazımdır ki, bu
universitet qrantlar vasitəsilə əlavə maliyyə vəsaitləri
cəlb etməklə təhsildə müasir
texnologiyaların və innovasiyaların tətbiqi vasitəsilə
təhsilin inkişafına zəmin yaratmışdır. Ali məktəblərə tələbə qəbulunun
yekunlarına əsasən, reytinq və abituriyent ərizələrində
ali məktəblərin ixtisaslarının birinci yerdə rast
gəlmə tezliyi cədvəllərində Xəzər
Universiteti dövlət ali təhsil müəssisələri
ilə rəqabət apara bilir.
Qərb Universiteti beynəlxalq təcrübədən səmərəli
istifadə etməklə universitetdə idarəetmənin təkmilləşdirilməsi,
tədris prosesinin səmərə və keyfiyyətinin
yüksəldilməsi, professor-müəllim heyətinin
peşəkarlığının artırılması, tələbə
mübadiləsi, MBA proqramı üzrə kadr hazırlığı sahəsində
müsbət addımlar atmışdır.
Odlar Yurdu Universiteti dünyanın bir sıra aparıcı
universitetləri ilə səmərəli əməkdaşlıq
əlaqələri yaratmış, tədris prosesində
müasir metodların tətbiqi, müəllim və tələbə
mübadiləsi, təhsil mərkəzinin yaradılması və
digər sahələrdə uğurlar əldə etmişdir.
Son iki
ildə Azərbaycan Universitetinin fəaliyyətində ciddi
dönüş yaranmış, bir sıra keyfiyyət dəyişiklikləri
baş vermişdir. Mühüm dəyişikliklərdən
biri beynəlxalq mübadilə proqramlarında tələbələrin
iştirakıdır ki, bu da universitet tələbələri
üçün yeni imkanlar açmışdır. Bu
universitetdə Karyera Mərkəzinin yaradılması da təqdirəlayiq
hesab edilməlidir. Düşünürəm ki, belə Mərkəzin
yaradılması işəgötürənlərlə
universitet arasında səmərəli əməkdaşlığın
yaranmasına və məzunların işlə təminatı
məsələlərinin həllinə gətirib
çıxaracaq. Universitet Boloniya prosesi çərçivəsində
nəzərdə tutulan tədbirlərə də fəal
qoşulmuşdur.
Onu da qeyd etmək istərdim ki, müstəqil Azərbaycanda yeni sahə olan özəl təhsil müəssisələrində keyfiyyətin yüksəldilməsini milli mənafe tələb edir. İnanıram ki, ölkədə fəaliyyət göstərən özəl ali təhsil müəssisələrinin rəhbərləri qeyd olunan iradları və təklifləri səmimi qəbul edəcək, mövcud problemlərin tezliklə aradan qaldırılması istiqamətində əllərindən gələni əsirgəməyəcək, milli mənafe naminə təhsilin keyfiyyətinin yüksəldilməsində əsaslı dönüşə nail olacaqlar.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan
müəllimi.-2009.-19 iyun.-S.1, 3.