Naxçıvanda ilk kulinariya sərgisi

 

Naxçıvan Dövlət Universitetində təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə I kurs magistrantı Səyyarə Sadıxovanın kulinariya incəsənəti sərgisi təşkil olunmuşdu. Tədbiri giriş sözü ilə açan NDU-nun magistratura bölməsinin dekanı, tarix elmləri namizədi Elbrus İsayev magistrlərin elmin, təhsilin müxtəlif sahələrində qazandıqları uğurlardan, beynəlxalq elmi konfranslarda, sərgi və yarışlarda Azərbaycanı layiqincə təmsil etmələrindən danışdı.

Dekan 2007-ci ildən Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü olan tələbə Səyyarə Sadıxova haqqında məlumat verərək onun İstanbulda keçirilən beynəlxalq kulinariya incəsənəti festivalında gümüş medala layiq görüldüyünü, beynəlxalq kulinariya günü münasibətilə Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən xüsusi diplomla təltif olunduğunu, universitetin ictimai işlərində də fəallıq göstərdiyini qeyd etdi.

Sonra Səyyarə Sadıxova çıxış edərək sərgi haqqında ətraflı məlumat verdi, milli mətbəximizin zənginliyindən və rəngarəngliyindən danışdı. Kulinarist tələbə Azərbaycan mətbəxinin dünyada layiqincə tanıdılmasına zəruri ehtiyac duyulduğunu vurğuladı, İstanbulda keçirilən beynəlxalq kulinariya incəsənəti festivalında mənfur ermənilərin sahib çıxmaq istədikləri milli xörəklərimizdən olan "Ordubad dolması"nı təqdim etməsinin böyük maraq doğurduğunu xatırlatdı. O, gələcəkdə kulinariya tarixi ilə bağlı elmi tədqiqatlarını davam etdirəcəyini söylədi, ilk fərdi sərgisinin təşkili üçün universitet rəhbərliyinə dərin minnətdarlığını bildirdi.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Nacı Qədir Qədirzadə çıxışında qeyd etdi ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 2009-cu ilin fevral ayında "Naxçıvan Muxtar Resrublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi" haqqında imzaladığı sərəncam ilə bağlı olaraq regionda xalq sənətinin müxtəlif sahələrinin öyrənilməsinə və təbliğinə xüsusi diqqət və qayğı göstərilməkdədir. Tarixçi alim milli mətbəxin etnoqrafik mənşəyindən, qədimliyindən, milli mədəniyyətin digər sahələri, xalq təbabəti ilə əlaqələrindən bəhs etdi.

Rektor, akademik İsa Həbibbəyli sərginin Naxçıvan MR-də, Azərbaycan ali təhsil tarixində ilk kulinariya incəsənəti sərgisi kimi əhəmiyyətindən danışdı. O, xalqımızın milli varidatlarından olan kulinariyanın müxtəlif təsviri və tətbiqi incəsənət növlərini özündə təcəssüm etdirməsindən, Azərbaycanın zəngin flora və faunasını, qida mədəniyyətini təbliğ etməsindən söz açdı. Natiq magistr tələbənin milli mətbəxin elmi tədqiqi ilə bağlı araşdırmalarını yüksək qiymətləndirərək ona yaradıcılıq uğurları arzuladı.

Sonda sərgi ilə tanışlıq oldu. Tədbirdə Azərbaycan mətbəxini özündə əks etdirən slayd nümayiş etdirildi.

 

 

Mehriban Sultan

 

Azərbaycan müəllimi.-2009.-19 iyun.-S.5.