Azərbaycan dilini öyrənənlər üçün dərs vəsaiti

 

Son zamanlar Azərbaycanda yüksək templə inkişaf, Avropaya inteqrasiya ölkəmizin mədəniyyətinə, tarixinə, iqtisadiyyatına, dilinə olan marağı xeyli artırmışdır. Ölkəmizlə, buradakı insanlarla təmasda olmaq, ünsiyyətə girmək, hər hansı bir işbirliyi qurmaq istəyən xarici ölkə vətəndaşları, eləcə də ölkəmizin hüdudlarından kənarda yaşayanlar, hər şeydən əvvəl, bu xalqın dilini öyrənməyə böyük əhəmiyyət verirlər. Azərbaycan çoxmillətli ölkədir və burada müxtəlif xalqların nümayəndələri yaşayırlar. Respublikamızın Konstitusiyasına əsasən dövlət dili Azərbaycan dili hesab edilir. Belə olduğu halda, milliyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşları bu dili bilməli və bu dildə sərbəst ünsiyyət qurmağı bacarmalıdırlar.

Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanına uyğun olaraq Azərbaycan dilinin öyrənilməsi sahəsində müxtəlif vəsaitlər buraxılmaqdadır. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası fərmana uyğun olaraq Azərbaycan dilini öyrənmək istəyənlərə kömək etmək məqsədi ilə müvafiq vəsaitin hazırlanmasına təşəbbüs göstərmişdir. Bunun nəticəsi olaraq assosiasiyanın üzvləri - professor Nadir Abdullayev və dosentlər Atəş Abdullayev və Məmməd Əsgərov (elmi redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, professor Asif Hacıyev, rəyçi filologiya elmləri doktoru, professor Yusif Seyidovdur) tərəfindən "Azerbaydjanskiy yazık" adlı vəsait hazırlanmış və oxucuların istifadəsinə verilmişdir.

"Bakılı oğlanlar" Nəşriyyat Evində çap edilmiş ( Bakı, 408 s.) kitab fonetika, leksika, morfologiya, sintaksis hissələrindən, rusca-azərbaycanca danışıq, oxu mətnləri, azərbaycanca-rusca lüğətdən ibarətdir.

"Fonetika" bölməsi 7 paraqrafdan ibarətdir: Azərbaycan əlifbası;vurgu; Azərbaycan dilinin spesifik səsləri; heca; ahəng qanunu; qoşasaitli sözlərin yazılışı və tələffüzü; qoşasamitli səslərin yazılışı və tələffüzü.

"Leksika" bölməsinə 6 paraqraf daxildir: çoxmənalı sözlər; omonimlər; sinonimlər; antonimlər; Azərbaycan dili sözlərinin mənşəcə növləri; başqa dillərdən alınma sözlər.

"Morfologiya" bölməsi 57 paraqrafdan ibarətdir: sözün tərkibi; sözdüzəldici və sözdəyişdirici şəkilçilər; mürəkkəb sözlər; ixtisarla yazılan mürəkkəb sözlər; şəxs adlarını bildirən mürəkkəb sözlərin adı; nitq hissələri; isim; cəm isimlər; ismi xəbər; əvəzlik; xəbərlik kateqoriyası; isimlərin mənsubiyyətə görə dəyişməsi; isimlərin hallanması, yerlik hal; fel, felin məsdər forması; felin əmr forması, indiki zaman; indiki zaman fellərinin inkar forması; yiyəlik hal; təsirlik hal; yönlük hal; çıxışlıq hal; məsdərin hallanması; felin keçmiş zamanı; nəqli keçmiş zaman; gələcək zaman; qəti gələcək zaman; qeyri-qəti gələcək zaman; sifət; sifətin müqayisə dərəcələri; say; sıra sayları; vaxtın saatla təyini; uzaq keçmiş zaman; bitməmiş keçmiş zaman; zərf; feli sifət; feli bağlama; felin növləri; qarşılıq-müştərək növ; icbar növ; felin şəkilləri; felin gərəklik forması; köməkçi nitq hissələri; bağlayıcılar; ədat; modal sözlər; nida.

"Sintaksis" bölməsi 15 paraqrafdan ibarətdir: cümlə; cümlənin quruluşca növləri; cüttərkibli və təktərkibli cümlələr; tərkibli cümlələr; qeyri-müəyyən şəxsli cümlələr; ümumi şəxsli cümlələr; şəxssiz cümlələr; adlıq cümlələr; yarımçıq cümlələr; söz-cümlələr; cümlənin həmcins üzvləri; xitab; sadə cümlədə söz sırası; mürəkkəb cümlələr; vəsaitsiz və vəsaitli nitq.

Praktik nitq ilə bağlı olmayan bəzi qrammatik terminlər kitaba daxil edilməyib.

Oxucu əvvəlcə mövzunu hissələrlə oxuyub ümumi məlumat alır, sonradan hissələrin hər birini ayrı-ayrılıqda öyrənir. Hər bir mövzunun sonunda mətnin məzmununu və nümunə üçün verilmiş sözlərin mənasını başa düşmək üçün lüğət təqdim olunub.

Qrammatik terminlər iki dildə - Azərbaycan rus dillərində verilib. Dərslikdə hər mövzudan sonra müxtəlif praktik tapşırıqlar təqdim edilib, məsələn, düzgün tələffüz etmək, oxumaq, cümlə qurmaq, mənaca yaxın ya əks mənalı sözləri tapmaq, mətni danışmaq, mətn qurmaq, sözü ya mətni Azərbaycan dilindən rus dilinə tərcümə etmək ya əksinə. Hər bir tapşırıq öyrənilmiş mövzunun materialına əsasən seçilmişdir. Tapşırıqların çoxunu tərcümələr təşkil edir. Oxucunun işini asanlaşdırmaq üçün bəzi tərcümə mətnlərinə açarlar verilib. Açar, belə demək olarsa, müəllimi əvəz edir. öyrənən işinin nəticələrini açar vasitəsi ilə yoxlaya bilər.

"Rusca-Azərbaycanca danışıq" hissəsində nitqimizdə, müxtəlif situativ dialoqda işlənən söz kəlmələr öz əksini tapmışdır. Dilimizi, tariximizi, mədəniyyətimizi, folklorumuzu, vətənimizin gözəlliyini əks etdirən oxu mətnləri seçilmişdir.

Dərs vəsaitinin sonunda verilmiş azərbaycanca-rusca lüğətdə nitqimizdə tez-tez işlənən 2824 sözün tərcüməsi verilib. Sözlərin təkcə bir mənası göstərilib. Kitabda həmçinin frazeoloji lüğət, atalar sözləri məsəllər, müraciət formaları, diqqəti cəlb etmə formaları, qətiyyət qətiyyətsizlik bildirən formalar tərcüməsi ilə birlikdə verilmişdir.

Kitab ali məktəblərin rus bölməsi tələbələri, ümumtəhsil məktəblərinin müəllimləri şagirdləri, müxtəlif sahələrdə çalışan mütəxəssislər, eləcə Azərbaycan dilinə maraq göstərən hər bir şəxs üçün çox dəyərli mənbə olacaqdır.

 

 

Ş. MƏMMƏDOV,

 

L. ƏLİYEVA

 

Azərbaycan müəllimi.-2009.-19 iyun.-S.6.