Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Hörmətli oxucular, bu məqalədən başlayaraq ölkəmizdə təhsilin digər pillələri üzrə mövcud vəziyyət, problemlər və inkişaf perspektivləri barədə fikirlərimi sizə çatdırmağa çalışacağam. İlk növbədə, hər bir ölkənin sosial-iqtisadi infrastrukturunun qurulmasında müstəsna əhəmiyyət kəsb edən texniki peşə təhsili barədə. Məlumdur ki, bu təhsil pilləsinin məqsədi ölkə iqtisadiyyatının bütün sahələri üçün əmək bazarının tələblərinə uyğun sənət və peşələr üzrə ixtisaslı kadr hazırlığını təmin etməkdir. Lakin etiraf etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, qlobal əmək bazarının yaranması müasir texnologiyalara yiyələnmiş ixtisaslı və genişprofilli işçi qüvvəsinə tələbatı artırsa da, indiki vəziyyətində peşə təhsili sistemimiz həmin vəzifənin öhdəsindən gələ bilmir. Əlbəttə, bunun bir sıra səbəbləri vardır və həmin səbəblər barədə bir qədər sonra məlumat veriləcəkdir. Əvvəlcə oxucuları cəmiyyətin inkişafında texniki peşə təhsilinin əhəmiyyəti və bu sahədə beynəlxalq təcrübə ilə tanış etmək istərdim.

Əgər inkişaf etmiş ölkələrin peşə təhsili sistemi təcrübəsinə nəzər salsaq görə bilərik ki, həmin ölkələrdə texniki peşə təhsili müəssisələri ilə müxtəlif dövlət və qeyri-dövlət təşkilatları arasında səmərəli əlaqələrin yaradılması sahəsində təkmil sistem formalaşmışdır. Belə əlaqələrin yaradılması, ilk növbədə, peşə təhsili müəssisələrinə cəmiyyətin inkişafında fəal iştirak etməyə, baş verən dəyişikliklərə uyğun inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan yaradır. Tərəfdaşlar isə ölkənin inkişafında xüsusi çəkisi olan peşə təhsili müəssisələrinin davamlı inkişafına və cəmiyyət üçün ixtisaslı kadr potensialının formalaşmasına yardım etmək imkanı qazanır. Beləliklə, peşə təhsilinin inkişafında dövlətin iştirakı ilə yanaşı, işəgötürənlər, həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti təmin olunur. Məhz belə əlaqələr nəticəsində texniki peşə təhsili sahəsində vahid siyasətin həyata keçirilməsi mümkün olur.

Təcrübə göstərir ki, texniki peşə təhsili bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial-mədəni və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir, onların ətraf mühitə təsir etmək imkanlarını artırır, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real köməklik göstərir. Müasir dövrdə inkişaf etmiş ölkələrdə texniki peşə məktəbləri yalnız ənənəvi "sənətkarlar və ustalar" hazırlamır, bununla yanaşı, daha yüksək bilik və bacarığa malik ixtisaslı mütəxəssis hazırlığını həyata keçirir.

Bəs müasir dövrdə əmək bazarında hansı mütəxəssislərə daha çox ehtiyac var? Təhlillər göstərir ki, cəmiyyət inkişaf etdikcə, yeni texnologiyaların tətbiqi genişləndikcə mütəxəssislərə olan tələblər də dəyişir. Təsadüfi deyil ki, yaşadığımız informasiya cəmiyyəti ondan əvvəl mövcud olmuş sənaye cəmiyyətinə nisbətən ixtisaslı kadrlara daha fərqli tələblər diktə edir. Bu gün işəgötürənlər işçinin peşəkarlıq xüsusiyyətləri ilə yanaşı, onun ünsiyyət mədəniyyətini, xarici dil və İKT sahəsində bacarıqlarını, yaradıcılıq imkanlarını da nəzərə alırlar.

Hazırda dünya iqtisadiyyatında baş verən texnoloji inkişaf avtomatlaşdırılmış insan əməyinə olan ehtiyacı azaldır. Bu gün istehsal və emal prosesinin daha çox texnologiya, avtomatlaşdırılmış maşınlar tərəfindən idarə edildiyini nəzərə alsaq, insan resurslarından daha səmərəli istifadə olunması ehtiyacı yaranır. Beynəlxalq təşkilatların hesablamalarına görə, 2020-ci ilə qədər inkişaf etməkdə olan bir sıra ölkələrdə sənaye məhsuldarlığının ən azı iki dəfə artacağı, bu sahədə çalışan işçilərin sayının təqribən 10-15% azalacağı gözlənilir. Belə bir şəraitdə dəyişən tələbata və texnoloji yeniliklərə hazır olan ixtisaslı kadrların hazırlanması texniki peşə təhsilinin əsas missiyasına çevrilməlidir. Eyni zamanda bu prosesdə genişprofilli kadrların hazırlanması vacib şərtə çevrilir ki, belə kadrlar mürəkkəb məhsul istehsalını həyata keçirməklə yanaşı, əvvəllər bir neçə işçinin gördüyü işi yerinə yetirmək bacarığına malik olmalıdırlar. Bu isə məhsulun maya dəyərinin azalmasına və gəlirin artmasına imkan yaradır. Əlbəttə, genişprofilli kadr hazırlığı yüksək maddi-texniki bazaya və müasir texniki avadanlıqlara malik peşə təhsili müəssisələri şəbəkəsinin inkişafını da zəruri edir.

Peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafında roluna dair maraqlı bir təcrübəni də diqqətinizə çatdırmaq istərdim. Hindistan hökumətinin hesablamalarına görə, 2020-ci ilə qədər həmin ölkədə 20 milyondan artıq əlavə işçi qüvvəsi formalaşacaq. Bu problemin həlli istiqamətində hökumət indidən tədbirlər görməyə başlamış, hər region üzrə peşə tədris mərkəzləri yaradaraq, müəyyən peşə öyrətməklə yanaşı, əsas diqqəti ingilis dili və kompüter bacarıqlarının aşılanmasına yönəltmişdir. Xarici dil və İKT bacarıqları məzunun nəinki yerli, həm də beynəlxalq əmək bazarında iş tapmaq imkanlarını artırır, ünsiyyət problemini həll edir və yaşayıb-işlədiyi xarici ölkənin cəmiyyətinə daha tez inteqrasiya olunmasına şərait yaradır. ölkədə olan artıq işçi qüvvəsi beynəlxalq əmək bazarına daxil olaraq, müvafiq iş tapmaqla yanaşı, özünün və ailəsinin sosial problemini həll etməyə nail olur. Hesablamalara görə, hər bir genişprofilli kadr - miqrant gəlirinin 40%-ni vətəndə yaşayan ailə üzvlərinə göndərir və onların sosial inkişafına dəstək olur. Beləliklə, əhalisinin sayı bir milyardı ötüb keçmiş Hindistan hökuməti işsizlik və digər sosial problemlərin həllində texniki peşə təhsilinə effektiv vasitələrdən biri kimi baxır. Bu isə Hindistandan əmək miqrantı kimi getmiş və dünyanın bir çox potensial ölkələrinə, o cümlədən Azərbaycana gələ biləcək yüksək ixtisaslı kadrların yerli işçiləri iş yerlərindən məhrum etməsinə səbəb ola bilər. Hazırda respublikamızda da bir çox işəgötürən təşkilatlar kadrları işə qəbul edərkən xarici dil və İKT sahəsində bacarıqlara malik olmaq tələblərini irəli sürürlər. Bu amili və təbii miqrasiya proseslərini nəzərə alaraq, Təhsil Nazirliyi 2008-2009-cu tədris ilindən başlayaraq bütün peşə təhsili müəssisələrində xarici dil və İKT-nin öyrənilməsinin tədris proqramlarına daxil edilməsi haqqında qərar qəbul etmişdir.

Hər bir dövlətin iqtisadi baxımdan inkişaf etmiş ölkəyə çevrilməsində rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması sahəsində düşünülmüş siyasət böyük rol oynayır ki, bu da elmi-texniki inkişaf və yüksək səviyyəli kadrların formalaşdırılması prosesi ilə birbaşa bağlıdır. Faktlara müraciət edək. II Dünya müharibəsindən sonra dağılmış iqtisadiyyatını bərpa etmək üçün Cənubi Koreyada qəbul edilən ilk qərarlardan biri müasir tipli peşə təhsili komplekslərinin təşkil edilməsi oldu. Məqsəd yeni yaradılan müəssisələrin ixtisaslı kadrlara tələbatının ödənilməsi və müasir təfəkkürlü işçi qüvvəsinin yetişdirilməsi idi. 50-ci illərdə 10-a yaxın peşə təhsili müəssisəsinin tikintisi üçün Koreya hökumətinin kifayət qədər vəsaiti yox idi. Bununla əlaqədar beynəlxalq maliyyə institutlarına müraciət edildi və alınmış kreditlər hesabına peşə təhsili kompleksləri istifadəyə verildi. Təbii resurslar baxımından zəngin olmayan bir ölkə qısa müddət ərzində məhz insan kapitalı hesabına yüksək inkişaf yolu keçdi. Müqayisə üçün qeyd edim ki, əgər Cənubi Koreyada 1950-ci ildə adambaşına düşən milli gəlir 100 ABŞ dolları təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 20 min dollara qədər yüksəlmişdir. İki il bundan əvvəl Azərbaycanda rəsmi səfərdə olan Cənubi Koreyanın baş nazirinin müavini, təhsil və insan ehtiyatları naziri Kim Şen El Təhsil Nazirliyində görüş zamanı qeyd etdi ki, bugünkü inkişafına görə ölkəmiz texniki peşə təhsilinə borcludur.

Hazırda Cənibi Koreya texniki peşə təhsili sahəsində təcrübəsini digər ölkələrdə də tətbiq edir və dünyanın bir sıra ölkələrində "Koreya modeli" əsasında yaradılmış peşə təhsili müəssisələri uğurla fəaliyyət göstərir. ümid edirəm ki, Cənubi Koreyanın "DAEWOO" beynəlxalq şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakıda yaradılacaq Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzi ixtisaslı kadrlara olan tələbatın ödənilməsində, peşə təhsilinin ictimai statusunun yüksəlməsində və xarici sərmayənin ölkəmizə cəlb edilməsində mühüm rol oynayacaqdır.

Texnologiyaların sürətli inkişafı, avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması və müasir informasiya cəmiyyəti insanlarda öz bilik və bacarıqlarının səviyyəsinin artırılmasına zəruri ehtiyac yaradır. Belə olduğu təqdirdə təhsil sistemi də bu dəyişikliklərə çevik reaksiya verməlidir. Sübut etməyə ehtiyac yoxdur ki, məhz keyfiyyətli təhsil vasitəsilə müvafiq bilik və bacarıqlar əldə etməklə şəxsiyyət inkişaf edir, onun əmək məhsuldarlığı və gəlirinin həcmi artır, eyni zamanda iqtisadi və sosial həyatda fəal iştirakı təmin olunur. Bu baxımdan dövlət və fərd tərəfindən təhsilə ayrılan vəsait "xərc" kimi deyil, gələcəyə "sərmayə qoyuluşu" kimi baxılmalıdır.

Müasir dövrdə texniki peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən əsas amil olması danılmazdır. Keyfiyyətli texniki peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir və onun mütəxəssis kimi formalaşmasına təkan verir. Bununla əlaqədar dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinə yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə sürətlə reaksiya vermək imkanı yaradır. Eyni zamanda müasir peşə hazırlığı sistemi hamının, xüsusən əhalinin aztəminatlı hissəsinin təhsil almaq imkanlarını genişləndirir.

Beynəlxalq təcrübədə peşə təhsili sistemi çoxşaxəli, çevik olmaqla yanaşı, həm də əhalinin bütün təbəqələri üçün əlçatandır, eyni zamanda işəgötürən təşkilatlarla sıx əlaqədə fəaliyyət göstərir. Məsələn, Almaniyada iki növ peşə təhsili müəssisəsi mövcuddur: müəssisələrlə müqavilə əsasında fəaliyyət göstərən peşə məktəbləri və tam peşə təhsili verən məktəblər. Birinci növ peşə təhsili müəssisələrinə qəbul olmaq üçün hər bir gənc gələcəkdə işləyəcək müəssisə və təşkilatla müqavilə imzalayır. Müqavilənin şərtlərinə əsasən müəssisə gəncin təhsil xərcini ödəməklə yanaşı, peşə təliminin praktik hissəsinin müəssisədə keçməsinə şərait yaradır. Həftə ərzində gənc iki gün peşə təhsili müəssisəsində nəzəri biliklərə yiyələnir, üç gün isə müəssisədə təcrübə keçir və təcrübə keçdiyi dövrdə əməkhaqqı formasında müəyyən gəlir də əldə edir.

Belə əməkdaşlıq həm təhsil müəssisəsinə, həm də sahibkara sərfəlidir. çünki təhsil müəssisəsi işəgötürənlə tərəfdaşlıq əlaqəsi qurur, nəzəri biliklərin praktik vərdişə çevrilməsi üçün lazım olan mühitdən istifadə etmək imkanı əldə edir, əlavə xərc çəkmədən istehsalat təcrübəsi sahəsi qazanır, işəgötürən isə sertifikatlaşdırılmış, rəqabətqabiliyyətli peşəkar kadra sahib olur. Maraqlıdır ki, Almaniyada məhz bu yolla peşə təhsili alan şəxslərin sayı daha çoxdur. Lakin son zamanlar bu növ peşə təhsili müəssisələri bir sıra problemlərlə üzləşmişdir. Beynəlxalq maliyyə böhranı nəticəsində bir sıra iri və orta müəssisələrin fəaliyyətində müəyyən durğunluq yaranmışdır və bu da nəinki yeni işçilərin götürülməsinə, əksinə, mövcud ştatların kəskin surətdə azalmasına səbəb olmuşdur. Ona görə hazırda müəssisələrlə müqavilə imzalayıb peşə təhsili almaq imkanları məhdudlaşmışdır. Odur ki, peşə təhsili sisteminin inkişafında ölkədaxili və beynəlxalq iqtisadi dəyişikliklərin təsir səviyyəsini də nəzərə almaq lazımdır. Fikrimcə, respublikamızda yenidən formalaşan texniki peşə təhsili belə gözlənilməz dəyişikliklərə çevik və ən əsası düzgün reaksiya verməyə hazır olmalıdırlar.

Tam peşə təhsili məktəblərində gənc bütün vaxtını təhsil müəssisəsində keçirir. Qeyd etməliyəm ki, peşə təliminin bu forması üzrə Almaniyada bir neçə tip məktəblər fəaliyyət göstərir və onlar təhsil müddətinə və verdikləri sertifikatlara görə fərqlənirlər.

Müəssisələrlə müqavilə əsasında fəaliyyət göstərən peşə təhsili növü Fransada da geniş yayılmışdır. Fransa peşə təhsilinin spesifik xüsusiyyətlərindən biri onun çevikliyi və əhatə dairəsinin geniş olmasıdır. Bu ölkədə müxtəlif yaş tərkibinə görə peşə təhsilinə cəlb olunanlar sayca Avropada ən yüksək hesab olunur. Bundan əlavə, Fransada tətbiq edilən qeyri-formal peşə təhsili vətəndaşlar üçün əlavə imkanlar açır. Belə yolla vətəndaşlar təhsil müəssisəsindən kənarda əldə etdiyi bilik və bacarıqları sertifikatlaşdırmaq üçün bu məqsədlə yaradılmış komissiyaya müraciət edərək imtahan verir və müvafiq təhsil sənədi alırlar.

Ümumiyyətlə, Avropada istənilən peşə təhsili auditoriyada əldə edilən nəzəri biliklərlə iş yerində qazanılan praktik təcrübənin vəhdəti əsasında həyata keçirilir. Kadr hazırlığı prosesinin 75%-dən çoxu auditoriyalarda keçirilərsə, belə təhsil müəssisələri sertifikatlaşdırılmır. İtaliya, Portuqaliya, Hollandiya və Böyük Britaniyada da peşə təhsili müəssisələrində bu tələb nəzərə alınır. Almaniyada olduğu kimi, Avstriyada da təhsilalanlar həftənin 3-4 gününü müəssisədə təlim keçir, 1-2 gunünü isə auditoriyada nəzəri biliklərə yiyələnirlər. Danimarkada isə analoji sistem "sendviç" adlanır. Belə ki, iş yerində ikihəftəlik təcrübədən sonra şagird iki həftə auditoriyada təlimini davam etdirir. Beləliklə, kadr hazırlığı prosesi növbəli rejim şəraitində həyata keçirilir.

Təcrübə keçilən müəssisələrdə hər bir təhsilalan üçün mütəxəssis ayrılır. Adətən bu şəxslər yüksək peşəkarlıqla yanaşı, pedaqoji təcrübəyə də malik ourlar. çünki təhsilalan praktik vərdişlərlə nəzəri biliklər arasında əlaqəni görməli və gələcəkdə öz fəaliyyətində bunu nəzərə almalıdır. Bundan əlavə, bu sistem təhsilalanlar üçün də çox cəlbedicidir. Belə ki, onlar peşə təhsili almaqla yanaşı, iş yeri də qazanır və əməkhaqqı formasında müəyyən gəlir əldə edirlər.

Qeyd etmək lazımdır ki, Türkiyənin sosial-iqtisadi yüksəlişində, xüsusən ölkənin rəqabətqabiliyyətliliyinin artırılmasında peşə təhsili böyük rol oynamışdır. Məhz bu səbəbdən son illərdə peşə təhsili sahəsinə ayrılan maliyyənin həcmi artmışdır. Həmin ölkədə peşə məktəbləri qız peşə məktəbləri, oğlan texniki məktəbləri, ticarət və turizm məktəbləri, dini məktəblər və tibb məktəbləri olmaqla beş qrupa bölünürlər. Burada texniki və peşə təhsilinin özəlliyi ondan ibarətdir ki, bu məktəblərin məzunları ixtisaslaşdıqları sahələr üzrə ali məktəblərə qəbul zamanı bir sıra üstünlüklərə malik olurlar. Məsələn, texniki məktəblərin məzunları universitetlərin texniki, yaxud mühəndislik fakültələrinə qəbul zamanı hesablanan balların əmsalı humanitar təmayüllü liseylərdən gələn məzunların ballarından yüksək olur. Eyni zamanda texniki və peşə məktəblərinin məzunları ixtisaslaşdıqları sahələr üzrə yüksək peşə məktəblərinə imtahansız qəbul olunmaq imkanı qazanırlar. Bu isə texniki və peşə təhsilini daha cəlbedici edir, təhsilin davamlılığına təminat verir. Maraqlıdır ki, Türkiyədə çoxlu sayda peşə təhsili və xalq təhsili mərkəzləri də fəaliyyət göstərir ki, burada ibtidai təhsili başa vuran, lakin sonradan təhsillərini davam etdirməyən şəxslər üçün peşə təlimi keçirilir. Bu mərkəzlərin peşə məktəblərindən əsas fərqi ondan ibarətdir ki, burada yalnız peşə öyrədilir və daha çox istehsalat təcrübəsinə vaxt ayrılır. Belə ki, peşə mərkəzlərinin dinləyiciləri həftənin bir günü mərkəzdə nəzəri biliklər əldə edirlər, dörd gün isə müəssisələrdə təcrübə keçirlər. Belə mərkəzlərin məzunlarına usta yardımçısı və usta diplomları verilir. Xalq sənət mərkəzlərinə isə daha çox incəsənət, xalq milli adət-ənənələrinə xas olan qədim peşələrin öyrədilməsi və müxtəlif dərnəklər aid edilir.

Peşə təhsili müəssisələri məzunlarının işlə təmin olunması problemi digər ölkələrdə olduğu kimi, respublikamızda da mövcuddur. Şübhəsiz, planlı iqtisadiyyat dövründə işlə təminat mərkəzləşdirilmiş qaydada həyata keçirildiyindən, işlə təminat ciddi problem deyildi. Müasir dövrdə isə əmək bazarına sərbəst atılan gənclər öz peşələrinə, bilik və bacarıqlarına uyğun olaraq sərbəst iş tapmaq məcburiyyəti qarşısında qalmışlar. Şübhəsiz, bu zaman daha savadlı və bacarıqlı şəxslər tez iş tapa bilirlər. Onu da qeyd edim ki, inkişaf etmiş ölkələrdə peşə təhsili müəssisələri məzunlarının 60 faizi təhsillərini bitirdikdən sonra qısa müddət ərzində iş tapmaq imkanı qazanırlar. ölkəmizdə bu sahədə vəziyyət belədir ki, peşə təhsili müəssisələri məzunlarının 30%-i dərhal hərbi xidmətə gedirlər, bir hissəsi isə təhsillərini ali məktəblərdə davam etdirmək qərarına gəlirlər, qalan 25-30 faiz məzunların işlə təminatında ciddi problemlər olmur. Lakin bu o demək deyil ki, ölkəmizdə bu sahədə problem yoxdur, sadəcə onların həll edilməsinə həm dövlət orqanları, həm də qeyri-hökumət, işəgötürən təşkilatlar daha fəal qoşulmalıdır.

Portuqaliyada bu sahədə maraqlı bir təcrübə mövcuddur. Peşə təhsili müəssisəsinin məzunu yarım il ərzində iş tapa bilmədiyi təqdirdə, ona ixtisasını artırmaq, yaxud dəyişmək üçün vəsait ödəmədən yenidən kurs keçmək imkanı yaradılır. Danimarkada isə işsiz məzunlar üçün xüsusi məktəblər mövcuddur. Gənclər orada daha bir il təhsil alırlar. Əgər təhsil müddəti ərzində gənc iş tapırsa, onda təhsilini bitirmədən ona işə başlamaq imkanı verilir.

Əksər ölkələrdə peşə təhsili dövlət tərəfindən maliyyələşdirilir. Dövlət təhsil müəssisələrini maliyyələşdirməklə yanaşı, təhsilalanlar üçün təqaüdlər müəyyənləşdirir, dərslik alınması, yemək və nəqliyyat xərclərinin ödənilməsi üçün də vəsait ayırır. Eyni zamanda peşə təhsili müəssisələrinə tədris emalatxanalarında müəyyən məhsul istehsal etmələrinə icazə verilir. Bu fəaliyyət növündən gələn gəlir müəssisənin saxlanılmasına və kadr hazırlığı səviyyəsinin yüksəldilməsinə sərf olunur. Adətən tədris emalatxanalarında istehsal olunan məhsuldan gələn gəlir ümumi təhsil xərclərinin 20%-dən çoxunu təşkil etmir. Avropada fəaliyyət göstərən peşə təhsili müəssisələrinin maliyyələşdirilmə mənbəyini yalnız dövlət büdcəsi təşkil etmir. Burada ictimai təşkilatlar, həmkarlar ittifaqları və ayrı-ayrı müəssisələr də peşə təhsili müəssisələrinin maliyyələşdirilməsinə cəlb oluna bilərlər.

İndi isə ölkəmizdə texniki peşə təhsilinin vəziyyəti barədə. Azərbaycanda texniki peşə təhsili qədim tarixə malikdir. Hələ 1843-cü ildə Şəkidə ipəkçiliyin inkişafı ilə əlaqədar təhsil müddəti 4 il olan "təcrübi ipəkçilik məktəbi"nin əsası qoyulmuşdur. Sonrakı dövrlərdə texniki peşə təhsili müəssisələri fabrik-zavod şagirdliyi, sənət məktəbi, fabrik-zavod təlim məktəbi, peşə məktəbi və peşə liseyləri adlandırılmışdır.

Respublikamızda peşə təhsilinin inkişaf dövrü ötən əsrin 70-ci illərinə təsadüf edir. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində ölkədə fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və orada təhsil alan şagirdlərin sayı bir neçə dəfə artmışdı. Biz indi Cənubi Koreya, Yaponiya, Almaniya, Türkiyə və sair kimi ölkələrin inkişafının texniki peşə təhsili ilə bağlı olduğunu biliriksə, Heydər Əliyev hələ XX əsrin 70-ci illərində dövlətin inkişafında bu sahənin vacibliyini nəzərə alaraq onun inkişafına ciddi əhəmiyyət verirdi.

Göründüyü kimi, 70-80-ci illərdə peşə təhsili müəssisələrində 100 minədək şagird təhsil almışdır, halbuki hazırda onların sayı 23 mindir. Həmin dövrdə respublikamızın hər bir bölgəsində peşə təhsili müəssisəsi yaradılmış, dövrün tələblərinə uyğun maddi-texniki və tədris bazası ilə təchiz edilmişdi, hər bir yeni müəssisə istifadəyə verilməzdən əvvəl bu müəssisə üçün kadr hazırlayan peşə təhsili müəssisələri yaradılırdı. Həmin illərdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışan ixtisaslı fəhlələrin 70-80 faizini texniki peşə məktəblərinin məzunları təşkil edirdi ki, bu da keçmiş SSRİ məkanında ən yüksək göstərici idi.

Lakin hazırda bu pillənin inkişafı üzrə müəyyən işlərin görülməsinə baxmayaraq, kadr hazırlığı müasir tələbləri ödəmir. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Əsas səbəbləri isə, əlbəttə, Ermənistanın Azərbaycana təcavüzü və 20 faiz ərazimizi işğal etməsi nəticəsində təhsil infrastrukturuna ciddi ziyan dəyməsi, respublikamız müstəqillik əldə etdikdən sonra keçmiş Sovetlər Birliyinə daxil olan ölkələrlə əvvəlki əlaqələrin pozulması, bazar iqtisadiyyatına keçidlə bağlı kadr sifarişçiləri və istehlakçıları olan iri fabriklər, zavodlar, tikinti və digər sənaye müəssisələrinin, kənd təsərrüfatı sahəsində kolxoz və sovxozların fəaliyyətlərini dayandırması, özəlləşdirilməsi, iri sərbəst səhmdar cəmiyyətlərə çevrilməsi ilə bağlı olmuşdur. Digər tərəfdən isə son illərdə yeni yaradılan istehsal və xidmət sahələrində ən müasir texnologiyaların tətbiq olunması, texniki peşə təhsili müəssisələrinin isə müvafiq texnologiyalarla təchiz olunmaması təhsil müəssisələrində müasir tələblərə cavab verən ixtisaslı kadrların hazırlana bilməməsinə gətirib çıxarmışdır.

Hazırda bizim cəmiyyətimizdə belə bir tendensiya mövcuddur ki, orta təhsildən sonrakı təhsil dedikdə, bir qayda olaraq, ali təhsil diqqət mərkəzinə çəkilir. Əlbəttə, sosial-iqtisadi inkişafda ali təhsilli mütəxəssislərin rolu inkaredilməzdir. Lakin müasir dünya təcrübəsi, məsələn, Almaniya, Fransa, Yaponiya, Türkiyə kimi inkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, müxtəlif fəaliyyət sahələri üçün yeni texnologiyalara yiyələnən sənətkar kadrları hazırlamadan ölkənin dinamik inkişafından danışmağa dəyməz. Təhlil göstərir ki, həmin ölkələrdə və ümumilikdə dünya təcrübəsində ümumi orta təhsil pilləsi məzunlarının 40-60 faizi məhz texniki peşə məktəblərinə qəbul olunurlar. Təəssüf ki, respublikamızda ciddi tələbat olmasına baxmayaraq, məzunların yalnız 10 faizi texniki peşə təhsili ilə əhatə olunmuşdur. Bunun əsas səbəblərindən biri də "ali təhsil diplomu almaq" stereotipindən uzaqlaşa bilməməyimizdir. Fikrimcə, bu yalnış stereotipdən əl çəkməyin vaxtı çatmışdır. çünki müasir dövrdə orta təhsilli peşəkar mütəxəssislərin gəlir səviyyəsi ali təhsilli qeyri-peşəkarlardan qat-qat yüksəkdir.

Bu günün reallığı ondan ibarətdir ki, texniki peşə təhsili müəssisələrimizin bina şəraiti, maddi-tədris və texniki bazası müasir səviyyəli sənətkar kadrlarının hazırlanması baxımından beynəlxalq tələblərə qətiyyən cavab vermir. Texnoloji yeniliklərin ilbəil dəyişdiyi bir şəraitdə inkişaf etmiş ölkələrdə yüksək modifikasiyalı avadanlıq və vəsaitlər tətbiq olunduğu halda, bizim müəssisələrimizə müvafiq qurğu, dəzgah, texnika, alət və digər bu kimi vasitələrin sonuncu dəfə verilməsi ötən əsrin 70-ci illərinə təsadüf edir. Aşağıdakı cədvəldə peşə təhsili müəssisələrində mövcud olan bir sıra avadanlıqların istirmar dövrü barədə məlumat verilmişdir.

Bəzən şikayət edirlər ki, bizim texniki peşə məktəblərində hazırlanan mütəxəssisləri yeni yaranan istehsal və xidmət sahələrində, xüsusən xarici şirkətlərdə işə götürmürlər. Əgər bizim məzunlarımız həmin sahələrdə istifadə olunan texniki vasitələrin və avadanlıqların heç üzünü belə görməyiblərsə, onları necə işə götürmək olar?

Bundan əlavə, müasir təlim texnologiyalarına yiyələnmiş mühəndis-pedaqoji heyətin çatışmazlığı və fəaliyyət göstərənlərin hazırlıq səviyyəsinin qənaətbəxş olmaması, müəssisələrin maliyyələşmə mexanizminin çevik olmaması, normativ-hüquqi bazanın dövrün tələblərinə cavab verməməsi, müəssisələrin 69 faizinin tədris və yataqxana binalarında 14 minədək məcburi köçkünün məskunlaşması, ixtisas fənləri üzrə dərslik və dərs vəsaitlərinin çatışmaması, mövcud kurikulumların müasir tələblərə cavab verməməsi, texniki peşə təhsili müəssisələrinin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi üzrə mexanizmlərin tətbiq edilməməsi, təhsil müəssisələrində marketinq xidmətinin yaradılmaması, şəxsiyyətin və cəmiyyətin sifarişlərinə uyğun olaraq əmək bazarının tələbatlarının uzunmüddətli elmi əsaslandırılmış proqnozlaşdırılması sisteminin olmaması keyfiyyətli kadr hazırlığı prosesinə mane olan əsas amillərdir.

Hesab edirəm ki, texniki peşə təhsilinə cəmiyyətdə yaranmış münasibəti dəyişmək, bununla əlaqədar təbliğat və maarifləndirmə işlərini genişləndirmək lazımdır. Uzun illərdən bəri elə vəziyyət yaranıb ki, insanlar peşə təhsili ocaqlarına orta məktəblərdə zəif oxuyan, dərslərdən yayınan, nizam-intizama riayət etməyən uşaqların cəlb olunduğu müəssisələr kimi baxırlar. Hətta məktəb direktorları, müəllimlər "ipə-sapa yatmayan" şagirdləri həmin müəssisələrə göndərəcəkləri ilə qorxudurlar. Bütün bunlar onun nəticəsidir ki, yerli təhsil orqanları, məktəb rəhbərləri texniki peşə təhsili müəssisələri ilə heç bir əlaqə yaratmır, uşaqların peşəyönümü işinin təşkilində onların imkanlarından lazımınca yararlanmırlar. Etiraf edək ki, orta məktəb şagirdlərinin, valideynlərin əksəriyyəti həmin müəssisələrdə öyrədilən peşələrdən xəbərsizdirlər. Peşə təhsilinin vacibliyi, insanın gələcək həyatının qurulmasında istedadı və qabiliyyəti çatan peşələrə yiyələnmənin əhəmiyyəti barədə şagird və valideynlər arasında heç bir təbliğat-təşviqat işləri aparılmır. ümumtəhsil məktəbləri məzunlarının potensial imkanları çatdı-çatmadı bilavasitə ali məktəblərə istiqamətlənməsi də, əsasən, bu amillərlə bağlıdır. Hesab edirəm ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin nümunəsində texniki peşə təhsilinin cəmiyyətdə rolu və imkanları haqqında ictimaiyyəti geniş məlumatlandırmaq, həm də bu ölkələrdəki təcrübəni öyrənmək yaxın gələcək üçün əsas vəzifələrimizdəndir.

Unutmamalıyıq ki, peşə təhsili müəssisələrinin məzunları əmək bazarında rəqabətqabiliyyətli olmalı və əmək fəaliyyəti dövründə müasir texnologiyalardan istifadə etməyi bacarmalıdırlar. Əgər peşə təhsili müəssisələri əmək bazarında baş verən tendensiyaları nəzərə almazsa və dəyişikliklərə çevik reaksiya verə bilməzsə, onda hazırlanan mütəxəssislərin səviyyəsi də, təbii ki, qənaətbəxş olmayacaqdır.

Lakin ixtisaslı və genişprofilli kadrların hazırlanması üçün yalnız müvafiq maddi-texniki bazanın olması kifayət deyildir. Bunun üçün dövrün tələblərinə uyğun hazırlanmış kurikulumların, müvafiq dərslik və dərs vəsaitlərinin, təhsilalanlara bilik və bacarıqları aşılamağı bacara bilən peşəkar mühəndis-pedaqoji heyətin olması da vacib şərtlərdəndir. Real vəziyyət ondan ibarətdir ki, son 15 ildə peşə təhsilinin məzmununda, mühəndis-pedaqoji heyətin hazırlanmasında və müasir təlim metodlarının tətbiqi sahəsində çox az iş görülmüşdür. Bu gün ali təhsil müəssisələrimizdə bir çox peşələr üzrə texniki peşə təhsili müəssisələri üçün mühəndis-pedaqoji heyətin hazırlanmaması ixtisaslı kadr hazırlığı prosesinin inkişafına mane olur. Bu gün peşə təhsili müəssisələrində çalışan ixtisaslı kadrların əksəriyyətinin yaşlı olması və onların müasir texnologiyalardan, o cümlədən İnternet, interaktiv multimedia materiallarından istifadə etmələrində problemlərin olması bu sahədə ciddi tədbirlərin həyata keçirilməsini zəruri edir.

 

 

(Ardı var)

 

Misir MƏRDANOV

 

Azərbaycan müəllimi.-2009.-26 iyun.-S.3.